Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:35

Vaqif Səmədoğlu hansı məqamda özünü dahi sayıb?


Azərbaycan Yazıçılar Birliyinin (AYB) Ağsaqqallar Şurasının sədri, xalq şairi Vaqif Səmədoğlunun Milli.Az xəbər portalına müsahibəsi


"Qabil ölən kimi, vəzifəni sırıdılar mənə"

– Vaqif bəy, müsahibənin bir müsahibəyə qədər olan hissəsi maraqlı olur, bir də müsahibə bitəndən sonrakı hissəsi...

– Məncə, müsahibənin ən maraqlı hissəsi müsahibə başlayana qədər olan hissədi.

Ofisiant pivələri gətirir...

(rusca) – Mən alman pivəsindən çex pivəsini üstün tuturam. Bu pivə əladır.

Doğurdanda çex pivəsi alman pivəsindən yaxşıdır. Almaniyada pivə içmək üçün kafelərdə seçim boldur.

Girirsən pivə içməyə, hər tərəf pivə boçkasıdı, hansını istəyirsən seç. Yenə də Fransada kafelərdə hap-gop eləmək olur.


"Müharibə vaxtı, hardasa 1943-cü ildə. Səməd Vurğun, Ənvər Məmmədxanlı, bir də adını deməyəcəyim bir yazıçı oturub “İnturist”də vururmuşlar. Üçüncü yazıçı “oranın” adamı imiş. Səməd Vurğun içib keflənir, başlayır müharibədən danışmağa ki, bu nədi Hitleri gah meymun kimi, gah da donuz kimi çəkirlər. Bəyəm biz meymunla, donuzla vuruşuruq? Ənvər Məmmədxanlı deyir, stolun altından Səmədin ayağına vururam, o isə daha da coşur..."

Restoranlarda ofisiant seçim üçün çaxırları gətirir masaya, kim daha yaşlıdı ona (adətən mənə) təklif edirlər seçim eləməyi.

Bakala bir dəfə süzür, təqdim edir mənə.

Bir artistlik edirəm orda... əvvəlcə qoxlayıram, sonra dadına baxıb başımı bulayıram, yəni ki, yaxşı deyil (gülürük). Sonra ikincisini verir, deyirəm bu da yox.

Üçüncüsünü verəndə başımla təsdiqləyirəm ki, bax bu, əla. Fransız ofisiant deyir, maşallah bilicisiniz. Hansı ki, mən gopa basıram. Zarafat eliyirəm...

Bir nəzakət göstərirlər ki, gəl görəsən. Daha demirlər ki, mənim bundan başım çıxmaz. Arağa, duzlu xiyara öyrənmiş adamlarıq.

– Yenə içirsiniz əvvəlki kimi?

– Yox, yox... Əvvəlki kimi yaşamıram, heç əvvəlki kimi nəfəs ala bilmirəm.

– Bir dəfə demişdiniz ki, içkinin yaradıcılığa heç bir ziyanı, heç bir təsiri yoxdur.

– Yaxşı mənada?

– Əlbəttə.

– Narkotiklərin, içkinin təsiri altında dünya miqyasında şedevr əsərlər yaranıbsa da, bu çox az faiz təşkil edir.

Hardasa 100 faizin cəmi 3 faizi. Xüsusi istedad keyfiyyətidir sərxoş vəziyyətdə yazmaq.

Mən bir dəfə bağda tək qalırdım. Yaxşı bahalı konyakım var idi. Götürdüm bir şüşə konyakı içdim.

Həm tək idim, həm də oktyabr ayı... bir şüşə konyakı içdim, oturdum bir şeir yazdım...

Yaza-yaza ağladım. Düşünürdüm ki, bu nə millətdi, bu nə dövlətdi, bu boyda dahi şairi tək qalıb, payızın altda, tənha, köhnə bağda, xəbəri yoxdu.

Şeiri yazdım qurtardım, o biri şüşəni də açdım. Yüz qram vurandan sonra ikinci dəfə ağladım.

Bu dəfə düşündüm ki, necə xoşbəxt xalqdı ki, bu xalqın mənim kimi dahi şairi var.

Yıxıldım yatdım. Səhər durdum, şeiri oxudum, Allaha şükür elədim ki, nə yaxşı bunu görən olmayıb. Tez cırıb atdım. Çox əttökən bir şeir alınmışdı.

Məsələn, 5-6 yerdə ümman sözü var idi. “Ümman” hardan mənim yadıma düşmüşdü bilmirəm.

Amma şairlər var içəndə yaza bilir. Mən cəmi bir nəfər tanıyıram içib yazanlardan: Əliağa Vahid. Onun haqqında deyirlər ki, çox içən olub, amma belə deyil.

Səməd Vurğun

O da çox az içirdi, içən kimi də halı dəyişirdi.

– Deyirlər ki, Hüseyn Arif də çox içən olub...

– Hüseyn Arif heç vaxt içib bir cümlə də yazmayıb. Sadəcə məclis adamı idi. İçirdi Əli Kərim. (İçirik)

– Görünür, o vaxt burda siyasi rejimin də təsiri vardı...

– Sən yəqin qorxunu deyirsən. O baxırdı oturduğun adama. Hər adamla oturmurduq axı.

– Hamını tanımaq da olmurdu, eləmi?

– Müharibə vaxtı, hardasa 1943-cü ildə. Səməd Vurğun, Ənvər Məmmədxanlı, bir də adını deməyəcəyim bir yazıçı oturub “İnturist”də vururmuşlar. Üçüncü yazıçı “oranın” adamı imiş. Səməd Vurğun içib keflənir, başlayır müharibədən danışmağa ki, bu nədi Hitleri gah meymun kimi, gah da donuz kimi çəkirlər.

Bəyəm biz meymunla, donuzla vuruşuruq? Ənvər Məmmədxanlı deyir, stolun altından Səmədin ayağına vururam, o isə daha da coşur.

Axırda döndü mənə ki, “Sən də bəsdi də, ayağıma az vur!”. Yəqin Səməd Vurğun içməsə, o cür söhbət eləməzdi.

İçki yaradıcı adamın bir az dilini açır. Həm də içki tənhalıqdan, yalqızlıqdan çıxış formasıdı bir az.

Deyirik, ölüm qorxusu. Amma qorxu ölümdən də dəhəşətlidi.

Dəhşətli inistiktdi insanda. Ölümdən o tərəfə heç nə yoxdu. Amma qorxudan milyolarla insan özünü öldürür.

Qorxu ölümdən daha qəddardır. Yalqızlıq isə hər ikisindən qəddardır.

– Cəmil Meriçin bir fikri var “Hər bir böyük insan qucağında yaşadığı cəmiyyətin ögey övladıdı”. Siz yalnızlıqdan danışdıqca bu həqiqəti anlayırıq.

– Mən həmişə ümumiləşdirilmiş məhfumlardan qaçmışam. Ümumi fikirlərdən uzaq olmuşam.

Düzdü, ögey övladı ola bilərsən cəmiyyətin. Əlbəttə, cibində pulun olmayanda, ac olanda cəmiyyətin ögey övladı olursan.

Amma cibində pulun olanda, yeyib içəndə özünü cəmiyyətə çox doğma sayırsan. Hər şeyi unudursan.

Məncə, qaçın bu ümumiləşdirilmiş fikirlərdən. İnsan gündə min hala düşür. Bir gündə mələk də ola bilir, peyğəmbər də, şeytan da.

Əla insan ola bilir, qəddar insan ola bilir bir fərd.

Əgər sən Əsədlə bir gündə bir neçə dəfə rastlaşsam, hər dəfəsində keyfini soruşsam və sən səmimi adamsansa, hər dəfəsində müxtəlif cavablar verəcəksən.

Çox qəribədi insan. Çox sirlidi.

– Doğurdan maraqlıdır ki, bütün peyğəmbərlərdə qadındır. Amma yaradılışda kişi-qadın bir yerdə iştirak edir...

– İslam da Həzrəti Məryəmi müqəddəsləşdirir. Peyğəmbər səviyyəsində. Qaldı ki, sualın başqa tərəfinə.

İsi Məlikzadənin atası çox baməzə kişi idi. İsi Məlikzadənin əsərlərində nə qədər baməzə detallar var, bilin ki, atasından gəlib.

Bir gün atası İsi Məlikzadə ilə söhbət edirmiş. Deyir ki, “ə, İsi, nənən (qarabağlılar anaya nənə deyir) səndən şikayət edir. Deyir ki, sən Allaha inanmırsan.

Deyirsən ki, cənnət-cəhənnəm yoxdur”. İsi Məlikzadə də cavab verir ki, “bəli, deyirəm ki, cənnət-cəhənnəm yoxdur.

Atası başa salmaq istəyir, görür mümkün deyil. Görün nə deyir: “Ə, sən denən var. Ölüb gedərik, görərik. Olar lap yaxşı, olmaz ... kimi” İndi, ay Cəlil, ölüb gedərik, görərik (gülürük).

Hər halda bütün təkallahlı dinlər Allah, Yaradan axtarışından yaranıb. (Susuruq)

– Nə oldu, susursunuz. Bəlkə özüm sual verim özümə, hə?

– Bəy, AYB-yə gedib gəlirsiz?

– Əlbəttə. Mənim axı AYB-də vəzifəm də var.

– Doğurdan?

– Əlbəttə. AYB-nin Ağsaqqallar Şurasının sədriyəm. Məsələ burasındadır ki, Ağsaqqallar şurasında bir mən varam, yəni, sədr. Məndən başqa heç kəs yoxdu orda. Bütün üzvlərimiz rəhmətə gedib.

– Axı AYB-də xeyli ağsaqqal var. Fikrət Qoca, Anar, Fikrət Sadıq...

– Onları öldür, özlərinə ağsaqqal deməzlər. Onların rəsmi vəzifələri var axı (gülüşürük). Qabil ölən kimi, vəzifəni sırıdılar mənə.

– Onda sizə qarşı haqsızlıq olunub AYB-də.

– Nə üçün?

– Deyirsiniz sırıyıblar mənə...

– Tələffüzdə durğu işarələri olmur axı. Sırımaq sözü dırnaqda idi.

– Axı dediniz ki, cəmi 1 nəfərdən ibarətdi Ağsaqqallar Şurası, o da özüməm.

– Nə olacaq ki, bizdə bu cür siyasi partiyalar da var. Təkcə sədrdən ibarət. Belə QHT-lər də var.

- Nə üçün AYB-nin üzvü olmayanlara təqaüd verilmir?

– Bu, Anarın günahıdır?

– Bəs kimin günahıdı?

– Dövlət gərək...

Bu məqamda Nigar Köçərli gəlir. Vaqif bəylə görüşürlər. Birlikdə şəkil çəkdirirlər.

V.S. – Uşaqlar deyirdi başqa yerə gedək, amma mən buranı seçdim ki, xeyiri sizə verim (gülür).

– Biz istəyirdik ki, küçədə gəzişək. Hərə öz imkanına uyğun təklif edir.

Nigar Köçərli (N.K) – Həmişə telefonla danışanda qocalıqdan, xəstəlikdən şikayətlənirsiniz. Yaxşısınız.

V.S. – Nigar xanım, nə oldu kitab mükafatı?

N.K. – Martın 27-si münsiflərə təqdim olunacaq.

Nigar kitab dükanının bağlanmasından şikayətlənir.

Vaqif Səmədoğlu OMON-çuların əfvi ilə bağlı Ramil Usubova müraciət etdiyindən danışır.

N.K. – Mən sizi çox sevirəm, Vaqif bəy.

V.S – Mən də sizi, Nigar xanım. Amma İsmayılın qulağından iraq. İndi tərs kimi tapança da gəzdirmirəm. İsmayılı da şəkillərdən görmüşəm, maşallah çox möhkəm adamdı. Al Caponenin bu barədə bir fikri var: “Allah zəif və güclü adamları yaratdı. Kolt da 12 kalibirlik tapançanı kəşf elədi, şanslar bərabərləşdi”. İndi İsmayılın qarşısında mənim heç bir şansım yoxdur (gülürük).

Nigar müsahibələrində kasıbçılıqla bağlı olan məqamlardan anasının incidiyini bildirir.

N.K. – Kasıb sözünü pis qəbul edirlər. Anam deyir ki, “nə qədər də kasıb olsaq, biz evlənəndə sənin atan elmlər namizədi idi”.

Vaqif Səmədoğlu (sağda) və Azadlıq Radiosunun müxbiri Sevda İsmayıllı 14 aprel 2006

V.S. – Səməd Vurğun, yəni, mənim atam anamla evlənəndə bir dayımın pencəyini, o biri dayımın şalvarını geyinib. O vaxtlar da çox kasıbçılıq olub.

N.K. – Vaqif bəy çox iti ağla, çox parlaq yumor hissinə malik insandır. MKM (Milli Kitab Mükafatı red.) başlayanda biz universitetlərdə görüşlər keçirirdik. Çıxışlar olurdu. Hamı obyektivlikdən danışanda, təkcə Vaqif bəy bildirdi ki, “Mən bu müsabiqədə obyektiv yox subyektiv olacam”.

V.S. – Düzdü. Axı belə böyük bir müsabiqədə necə obyektiv olmaq olar ki?

– Keçən müsabiqədə obyektivlik çox az idi, məncə. Hətta münsiflərdən biri Rafiq Tağıya sıfır bal vermişdi. Rəşad Məcid bunu açıqlayanda bildirdi ki, həmin münsif deyib ki, “Rafiq Tağı mənim peyğəmbərimi təhqir edib, mən də ona 0 bal yazmışam”. Əgər belədirsə, obyektivlik yoxdursa, bu müsabiqəyə nə gərək var?

N.K. – Haqlı iraddı. Bu, çox pis haldır. Bu cür səbəblər bu il aradan qalxacaq məncə.

V.S. – Məncə, yazıçının ictimai mövqeyinə yox, statusuna yox, əsərinə qiymət verilməlidir. Hər halda bu, yenə subyektiv yanaşma olacaq.

Nigar Köçərli üzr istəyib qalxır.

– Vaqif bəy, deyirsiniz ki, insan neçə yaşda olur olsun yazanda qocalır. Yazıdan sonra yenə gəncliyinə qayıdır. İndi necə, bu yaşda da yazı yazandan sonra qocalıqdan gəncliyə qayıda bilirsinizmi?

– Gəlin, bir şeyi etiraf edək, hər üçümüz yazırıq. İnsan yazanda özündən qat-qat ağıllı olur... Bu qız çox xoşuma gəlir (Nigar Köçərliyə işarə edir). Çox işgüzar xanımdı.

– Aşıq Abbası necə, çox sevirsinizmi?

– Əlbəttə, ən çox sevdiyim şairdi. Çox maraqlı şeirləri var. Dilimizin təmizliyini qoruyub. Azərbaycan ədəbiyyatında ən çox sevdiyim şairdi.

– Eşitmişəm ki, onu "Azərbaycan gəraylısının tanrısı" adlandırmısınız...

– Azərbaycan gəraylısının yox, Azərbaycan poeziyasının. Çox modern şairdi.

Qaçaram hində, firəngə
Alınmaz sorağım mənim.
Deyilənlər gerçək olsa,
Sönübdür çırağım mənim.

Təmiz dissident poeziyasıdır. Qaçmaq, getmək. Dili çox canlıdır.

– Deyirsiz, yazarkən sənə qədər yazılanları, yazanları unutmalısan. Sizcə, bu, doğru ifadədirmi?

– Yazırsan. Xalq ya sevir, ya da sevmir. Bu, ümumiyyətlə, mümkün deyil.

Oturub 9 milyonluq Şimali Azərbaycan oxucusu üçün yazmaq texniki cəhətdən mümkün deyil. Hər yazar müyyən bir oxucu üçün yazır.

Ya sevgilisi, ya dostu, ya da uydurduğu bir oxucu üçün. 1500 illik poeziyamızda çox maraqlı şairlər var.

Ancaq ən əzbər şeiri S.Vurğun yazıb. Səməd Vurğun bunu düşünüb yazmamışdı ki...

Ümumiyyətlə, bütün bunlar yazılandan sonra həll olunur.

– Yəni, bu, özü-özlüyündə həll olunur?

– Əlbəttə... Məncə, bəs eliyər, hə?... Biz hərdən toplanırıq yaşıdlarla, köhnə dostlarla. 11-12 nəfər. Hesabı bir nəfərin ödəməsi çox çətin olurdu.

Dostlardan biri təklif elədi ki, keçək alman hesabına. Rüstəm İbrahimbəyov qayıtdı ki, “əla, bu gün “alman” Vaqifdir” (gülürük).

– Vaqif bəy, gənclərlə çox otursanız, həmişə “alman” olacaqsınız...

– Mən, ümumiyyətlə, hər zaman yaxşı qazanmışam.

Gəncliyimdə, ondan sonra da. Mahnılarımdan, pyeslərimdən hər zaman normal qonarar almışam.

Yaşıdlarımdan çox qazanmışam. Ümumiyyətlə, mahnı yazan şairlər həmişə yaxşı dolanırdı. Rusiyada da, bizdə də. Hər səsləndiriləndə qonarar alırdıq.

Həmişə yaxşı dolanmışam. Ancaq, kimsə yazmışdı ki, Vaqif Səmədoğlu deyir ki, mən ona görə parlamentə getdim ki, pulsuz çaxır içim (gülür).

Mən mahnılarımla yaxşı qazanmışam.

Bu yaxınlarda bir gənc efirdə müsahibə verir, deyir, mahnıları özüm bəstəliyib, özüm ifa edirəm. Aparıcı soruşur ki, bəs sözləri?

Oğlan cavab verir ki, sözləri mən yazmıram, Allaha şükür şair deyiləm. Qəribə münasibətdi.

– Bu, bəlkə “Bəxt üzüyü” filmindən sonra yarandı? Şairlərə qarşı münasibət dəyişdi?

– Əslində, filim tam olaraq əsər deyil. Əsər tamaşadır. 3 saatlıqdır. Bir də siz heç cəmiyyətimizdə Moşu görməmisiniz?

Vaqif Bayatlı Odər deyir ki, “adaş, əvvəl bulvarda rahat gəzirdik.

Əsərdən sonra barmaqla göstərib “Moşu” deyirlər” Amma Zəlimxan Yaqub Moşunun tərifini gözəl verib.

Deyir ki, “Moşuya niyə gülürsünüz? Moşu Mən!” (gülürük).

Əsəd Qaraqaplan
Milli.Az

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG