Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:27

Mərc oyunları da inhisara alınır?


Azər Məhərrəmov və Ahmet Sezer
Azər Məhərrəmov və Ahmet Sezer
Yanvarın 18-dən Azərbaycanda mərc oyunlarına rəsmən start verilib. Bu o deməkdir ki, əvvəllər “qara bazar”da keçirilən “bəxt oyunları” artıq leqallaşır.

Ancaq bir məsələ var ki, mərc oyunlarını yalnız bir şirkət həyata keçirəcək. Söhbət ondan gedir ki, Gənclər və İdman Nazirliyi nəzdində “Azəridmanservis” MMC ilə “İnteltek” Qapalı Səhmdar Cəmiyyəti “Topaz” markası altında oyunlara başlayıb.

İndiyə qədər deyilənə görə qeyri-leqal olsa da, müəyyən orqanlara “ödənişlər” əvəzində fəaliyyət göstərən bukmeker kontorlarının taleyi isə müəmmalıdır. Bu barədə bir az sonra.

250 MİN MANAT QAZANMAQ ŞANSI?

“Azəridmanservis”in baş direktoru Azər Məhərrəmovun dediyinə görə, mərc oyunları idmansevərlər üçün bizneslə yanaşı, həm də yeni üslubda idman kafeləri deməkdir:

“Məhz bu idman kafelərində insanlar bir araya gəlib, qazanır, bundan həm dövlət, həm də idmanımız faydalanır, vergi də verilir. Oynamaq istəyənlər hələlik Bakı və Abşeronla kifayətlənir. 1-2 ay ərzində həm Gəncə, həm də başqa şəhərlərə yayılacaq”.

Hələ ki, Bakı və Abşeronda 70-80 məntəqə fəaliyyət göstərir. Gələcəkdə isə bütün Azərbaycanı əhatə etməklə, bukmeker kontorlarının sayının minə qədər artırılması planlaşdırılır. Məlumat üçün bildirək ki, “Topaz”la “mərc əmsalı” yazmaq istəyənlər azı 3 oyun üçün proqnoz verə bilər. Gələcəkdə isə 1 və 2 oyuna da pul qoymaq mümkün olacaq. Hərçənd azarkeşlər hesab edirlər ki, proqnozlaşdırılan oyunların sayı az olduqca qazanmaq şansı daha yüksəkdir.

Oyunlara minimum 1 manat qoyula bilər, uduşun maksimal məbləği isə 250 min manatla məhdudlaşdırılıb.

GƏLİRİN 70 FAİZİ UDUŞ FONDUDUR

Azər Məhərrəmov totalizatordan əldə olunacaq gəlirin bölüşdürülməsinə də aydınlıq gətirib:

Oyunlara minimum 1 manat qoyula bilər, uduşun maksimal məbləği isə 250 min manatla məhdudlaşdırılıb
“İdman mərc oyunlarında 100 faiz biz qazanmırıq. Bu 70 faizi insanların qazandığı paydır. Yerdə qalır 30 faiz. 30 faizin 4.2 faizi idmana aiddir, 6 faizi vergitutma siyasətidir. Qalan da böyük bir şirkətin qurulması, maaşlardır, agentlərdir”.

MİLYARDLARIN DÖVRİYYƏSİ...

Azərbaycanda mərc oyunlarının təşkilinin texniki tərəfi Türkiyənin “İnteltek” şirkətinə tapşırılıb. Şirkətin baş direktoru Ahmet Sezerin bildirdiyinə görə, Türkiyədə idman mərc oyunları 7 ildir keçirilir. Əgər ilk illərdə dövriyyələri 17 milyon dollar olubsa, ötən il bu məbləğ 2.5 milyarda çatıb. Hərçənd Gənclər və İdman Nazirliyinin rəsmisi Azər Məhərrəmov Azərbaycanda mərc oyunlarının dövriyyəsini nə qədər proqnozlaşdırdıqlarını deməyib:

“Biz ancaq təxmindən danışa bilərik. Vergitutma siyasəti dövriyyədən 6 faizdir. Dövriyyə 1 milyon da, 10 milyon da ola bilər. Müəyyən subyektiv, obyektiv amillər var. Bunları nəzərə almaq lazımdır”.

BUKMEKERLƏR “TOPAZ”DAN NARAZIDIR

“Topaz”ın bukmeker məntəqələrinə yollananda güman edirdik ki, orda izdihamla qarşılaşacağıq
Bəs görəsən bukmeker kontorları “Topaz”ı necə qarşılayıb? “Mərc əmsalları” hamını qane edirmi?

Əslində, Bakı Dövlət Universitetinin yaxınlığında yerləşən “Topaz”ın bukmeker məntəqələrinə yollananda güman edirdik ki, orda izdihamla qarşılaşacağıq. Qeyri-leqal fəaliyyət göstərən kontorlardan fərqli olaraq qanuni işləyən məntəqələrdə adamların daha çox olacağını gözləyirdik.

Ancaq gümanlarımızda yanılmışdıq. Gözləmədiyimiz halda “Topaz”ın məntəqələrində necə deyərlər, “gəmidə oturub gəmiçidən şikayətlənən” kontor idarəçiləri inhisarçılıqdan gileyləndilər. Onlar bildirdilər ki, qanunsuz kontorlarda mərc əmsalı daha yüksək olduğundan onlara maraq yoxdur, bu kontorlar onların fəaliyyətini mümkünsüz edir:

MƏRC DƏ İNHİSARA ALINIR

- Hansı monopolist bunu yaradıbsa bunda elə yenilik etməlidir ki, qara bazardan rəqabəti güclü olsun. Yaxud insanların marağı artsın. Burda isə əksinədir. Türk proqramını götürüblər, çox aşağı əmsallardır, insanların marağı olmayan əmsallardır. Belə proqramlar ancaq Türkiyədədir.

- Əvvəl vergi olmayıb. İndi monopoliyadır. Monopoliya da inkişafa gətirmir.

- Mən camaatı məcbur gətirib deyə bilmərəm ki, sən 5 dənə, 3 dənə variant yaz. Müştəri mənə verir ki, sən özün yaz, qəlizdir. Mən səhv yazsam öz cibindən gedir axı...

QEYRİ-LEQAL KONTORLARDA ADAMLAR DAHA ÇOX İDİ

“Variant” doldurulur
“Topaz” kontorlarından fərqli qeyri-qanuni fəaliyyət göstərən məntəqələrdə isə xeyli adam vardı. İdarəçilər danışmağa razılaşmasa da, 15-ə yaxın gənc masa arxasında oturaraq “variant” doldururdu. Hətta 18 yaşdan kiçiklərə icazə verilməsə də, bir neçə məktəbli də gözə dəyirdi.

Əslində, qeyri-rəsmi fəaliyyət göstərən kontorlarda da müəyyən narahatlıqlar sezilirdi. Görünür, gələcək taleləri onları da düşündürürdü. Sadəcə, bu barədə açıq danışmaq istəmirdilər.

Hər halda Gənclər və İdman Nazirliyinin rəsmiləri bildirirlər ki, qeyri-rəsmi fəaliyyət göstərən bukmekr kontorları ilə hüquq-mühafizə orqanları məşğul olacaq.

Nazirlikdən o da bildirib ki, xarici bukmeker saytlarına giriş 1-2 aya bağlanacaq. “Topaz”ın məntəqələrində çalışanlar isə narahatdırlar ki, müştəriləri bu dəfədə də “proxy” saytlar hesabına həmin ünvanlara girərək onlardan uzaqlaşacaq. Bununla da qara bazarda qazandıqları pullar bu dəfə xarici bazarlara axacaq...
XS
SM
MD
LG