Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:10

Adil Qeybulla: «Artıq birgə işləmək mümkün deyildi»


Adil Qeybulla
«BU, MƏNİM ÜÇÜN SON DƏRƏCƏ AĞIR QƏRARDIR»

«Müsavat Partiyasından istefa barədə qərarım mənim üçün son dərəcə ağır qərardır».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında Müsavat Partiyasından istefa vermiş Adil Qeybulla deyib. Onun sözlərinə görə, artıq münasibətlər bunu diktə edir:

«Müəyyən mənəvi-etik səbəblərdən istefanın səbəbləri üzərində dayanmaq istəmirik. Bunu zamanın və tarixçilərin öhdəsinə buraxırıq. Çünki biz hər hansı bir səbəb göstərdikdə dərhal bu müəyyən yerlərə, müəyyən maraqlara yozulur. Bunu nəzərə alaraq qurulmasında bilavasitə iştirak etdiyim və yolunda xeyli məhrumiyyətlər yaşadığım bir partiyadan istefa vermək zorundayam. Bu, mənim üçün son dərəcə ağır qərardır. Mən sizi inandırım ki, mən heç vaxt sarsılmamışam. Mənim üçün psixoloji baxımdan son dərəcə ağır bir qərardır. Mən təxminən 20 günə yaxındır ki, bu məsələni daxilimdə həzm eləmək üzrəyəm. Çünki münasibətlər elə bir səviyyədədir ki, artıq birgə işləmək mümkün deyil».

«MÜSAVAT PARTİYASI BUNU İNHİSARA ALA BİLMƏZ»

Adil Qeybulla deyib ki, Müsavat Partiyasından getsə də, müsavatçılıq yolundan dönməyəcək, Məmməd Əmin Rəsulzadənin ideyalarına sadiq olacaq:

«Müsavatçılıq bu millətin ideologiyasıdır və Müsavat Partiyasından geniş anlayışdır. Müsavat Partiyası bunu inhisara ala bilməz. Ona görə biz müsavatçılıq yolunda qalırıq. Siyasi fəaliyyətimizi də bu istiqamətdə davam etdirəcəyik. Partiya müəyyən qrupun mənafelərini müdafiə edən bir qurumdur. Bu partiyada bizim mənafelərimiz, müəyyən maraqlarımız toqquşmadığından biz burdan istefa vermək zorundayıq».

Adil Qeybulla deyir ki, onların ünvanına deyilən ittihamlar onu bu addımı atmağa sövq edib:

«BAŞQA YOL YOX İDİ»

«Partiyada müəyyən fikir ayrılıqları vardı. Amma bu bizim partiyadan getməyimiz üçün əsas vermirdi. Müəyyən hadisələr, Məclisdə bizim ünvanımıza ittihamlar və sair məsələlər artıq bizi qərar verməyə birbaşa sövq etdi. Təxminən 10 günə yaxındı ki, biz bu barədə ciddi şəkildə düşünürdük. Bu, çox çətin qərardır bizim üçün. Amma başqa yol da yoxdur».

Adil Qeybulla bildirib ki, siyasi mövqeləri bundan sonra da dəyişməyəcək:

«MÖVQEYİMİZ MÜXALİFƏT MÖVQEYİDİR»

«Biz cəmiyyətdə müsavatçılığı təbliğ etmək, ziyalı imicimizi saxlamaq niyyətindəyik. Təbii ki, siyasi mübarizəni də Azərbaycan Konstitusiyasının, qanunların imkan verdiyi çərçivədə aparacağıq. Mövqeyimiz müxalifət mövqeyidir».

XS
SM
MD
LG