Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:14

Müxalifətin yeni birlik formatı uğur qazanacaqmı?


Əli Kərimli, İsa Qəmbər və Yusif Bağırzadə
Əli Kərimli, İsa Qəmbər və Yusif Bağırzadə
«Təxminən 25 nəfər çıxış elədi. Hamısı da bu sənədlərin müdafiəsi istiqamətində. Ona görə də mən İctimai Palatanın yaradılması haqqında bəyannaməni səsə qoyuram. Yekdilliklə qəbul olundu. Hamınızı təbrik edirəm. Çox tarixi bir qərar oldu. Bu tarixi bir gün olacaq. Və tarixi dəyişikliklərin də əsasını birlikdə qoyacağıq».

Müsavat Partiyasının başqanı İsa Qəmbər dekabrın 28-də müxalifətin üçüncü forumunda belə dedi.

Dekabrın 28-də Müsavat, Milli İstiqlal, Xalq Cəbhəsi, Klassik Xalq Cəbhəsi, Xalq və başqa partiyalar, eləcə də bir sıra QHT və vətəndaş cəmiyyətinin təmsilçiləri, deputatlığa keçmiş namizədlərin iştirakı ilə İctimai Palata təsis edildi.

İctimai Palatanın yaranması haqda bəyannaməni dəstəkləyən qüvvələr, vətəndaşların, cəmiyyətin və dövlətin siyasi həyatında və idarə olunmasında iştirakı haqda konstitusion hüquqlarını təmin etmək, bu işə ən geniş kütlələri cəlb etmək, bunun üçün seçki islahatına nail olmağı bəyan edir.

İctimai Palata Azərbaycan müxalifətinin üçüncü forumunda yaradıldı. Əvvəlki iki iclası bu qurumun yaradılmasına hazırlıq adlandıran AXCP sədri Əli Kərimli hesab edir ki, nəticə üç toplantının boşa getmədiyini söyləməyə əsas verir.

İctimai Palata təsis edildi
KOORDİNASİYA ŞURASI HEÇ OLMASA BİR İLLİK FƏALİYYƏT PLANI İLƏ ORTAYA ÇIXMALIDIR

Əli Kərimli təşkilati məsələlərin 2010-cu ildə başa çatmasını müsbət dəyərləndirir. O, yeni ili xüsusi fəaliyyət proqramı ilə başlamağa imkan yarandığını deyir:

«Seçki islahatı, Neft Fondu, büdcə, referendum, alternativ konstitusiya ilə bağlı, bütövlükdə İctimai Palatanın alternativ quruma çevrilməsi ilə bağlı ciddi bir iş planı olmalıdır. Koordinasiya Şurası heç olmasa bir illik fəaliyyət planı ilə ortaya çıxmalıdır. Hamıya, həm xalq hərəkatı iştirakçılarına, həm də hər bir azərbaycanlıya təşkilatlanmağımızın məramını catdırmalıyıq».

İctimai Palatanın yaradılmasında məqsəd Azərbaycan cəmiyyətinin və dövlətinin mövcudluq və inkişaf strategiyası sahəsində tədqiqatlar aparmaq, layihələr (o cümlədən qanun layihələri), proqramlar, konsepsiyalar, doktrinalar hazırlamaq və ictimai müzakirələrə çıxarmaqdır.

SÖNMƏKDƏ OLAN ŞAMIN SON İŞARTILARI...

Fəzail Ağamalı
İqtidaryönlü Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı İctimai Palatanın uğurlu bir quruma çevriləcəyini düşünmür. Onun fikrincə, parlament seçkilərində nüfuzunun olmadığı aydın şəkildə özünü büruzə verən müxalifətin radikal qanadı bu cəhdi ilə özünü son dəfə sınamaq istəyir. Amma belə bir sosial şifariş olmadığı üçün nəticə də mümkün deyil:

«Düşünürəm ki, bu cür addımlar sönməkdə olan şamın son işartılarının ifadəsindən başqa bir şey deyil. Bu artıq radikal müxalifətin cəmiyyətdə nüfuzunun son dərəcə aşağı düşməsinin qarşısını ala biləcək axırıncı şanslarıdır və bu şanslar da onlara hər hansı uğur gətirməyəcək».

Fəzail Ağamalı deyir ki, bir vaxtlar radikal müxalifət birləşib SİDSUH adlı belə bir təşkilat yaratmışdı. İctimai Palatanı da həmin təşkilatın taleyi kimi uğursuzluqdan başqa heç nə gözləmir.

Yeni təsis edilən qurumun nizamnaməsində qeyd olunur ki, «İctimai Palatanın yaradılması hakimiyyətin səlahiyyətinin həyata keçirilməsi və mənimsənilməsi kimi başa düşülə və şərh edilə bilməz».

YAXŞI FORMADIR, AMMA...

Zəfər Quliyev
İndidən İctimai Palatanın taleyinin necə olacağı barədə proqnoz vermək istəməyən siyasi şərhçi Zəfər Quliyev isə deyir ki, Azərbaycanda ilk dəfədir belə bir qurum yaradılır. Burada yalnız siyasi partiyalar yox, QHT-lər, vətəndaş cəmiyyətinin təmsilçiləri də birləşirlər:

«Bu, yaxşı formadır. Ona yaxşı bir yeni məzmun əlavə olunsa və bu qurum partiyaların inhisarına keçməsə, gələcək fəaliyyətdə geniş spektr saxlanılsa, əvvəlki müxalifətin fəaliyyətindən fərqli bir konstruktivlik olsa, yeni konsepsiyalar, layihələr, proqramlar, ümumiyyətlə Azərbaycan cəmiyyətinə yönəlik faydalı işlər görülsə, mən faktiki olaraq bunu uğurlu sayardım. Amma hələlik tələsmirəm».

Zəfər Quliyev hesab edir ki, heç bir qurum təkbaşına Azərbaycan reallığında nəyəsə nail ola bilmədiyi zamanda bütün qüvvələrin bir araya gəlməsi daha effektiv iş görülməsinə gətirib çıxara bilər. Amma əlbəttə ki, hamı bu işin ciddiliyini dərk eləsə.
XS
SM
MD
LG