Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:44

Azərbaycan qazının «Ümid»i


İlham Əliyev "Ümid" yatağının açılması münasibətilə ARDNŞ rəhbərliyi ilə görüşür - 24 noyabr
İlham Əliyev "Ümid" yatağının açılması münasibətilə ARDNŞ rəhbərliyi ilə görüşür - 24 noyabr
Xəzər dənizinin Azərbaycan sektorunda yeni təbii qaz yatağı aşkar edilib. “Ümid” adı verilən yataq dənizin suyun dərinliyi 170 metr olan sahəsində qazılıb.

1953 və 1972-ci illərdə quyuda iki dəfə geofiziki işlər aparılıb. 1977-92-ci illərdə yataqda 9 quyu qazılsa da, onların heç biri təbii qaz olan laylara çatmayıb.

Prezident İlham Əliyev “Ümid” yatağındakı kəşfiyyat işlərinin məhz Azərbaycanın müstəqilliyi illərində nəticə verməsini “Azərbaycan xalqına Allahın hədiyyəsi” adlandırıb. Dövlət başçısının fikrincə, yataq SSRİ dönəmində kəşf edilsəydi, SSRİ-nin neft sənayesinə töhfə verəcəkdi. İndi isə yataq Azərbaycanın maraqlarına xidmət edəcək:

“ÜMİD” ÜMİDLƏRİMİZİ DOĞRULTDU

- Mən çox şadam ki, “Ümid” yatağı bizim ümidlərimizi doğrultdu. Bu çox gözəl, tarixi hadisədir. Yatağın kəşfi Azərbaycanın neft-qaz sənayesinin inkişaf etdirilməsi üçün çox önəmlidir. Mən ARDNŞ-i və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm.

YATAQDA ƏN AZI 200 MİLYARD KUBMETR QAZ EHTİYATI OLDUĞU EHTİMAL EDİLİR


ARDNŞ-in birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə isə bildirib ki, yataqda ən azı 200 milyard kubmetr qaz ehtiyatı olduğu güman edilir. Onun sözlərinə görə, “Ümid” yatağının qonşuluğunda yerləşən “Babək” yatağında da böyük təbii qaz ehtiyatının olduğu haqda ciddi proqnozlar var.

Xoşbəxt Yusifzadə deyib ki, yataqda ən azı 200 milyard kubmetr qaz ehtiyatı olduğu güman edilir
İlkin hesablamalara görə, Azərbaycanın 2 trilyon kubmetr təsdiq edilmiş qaz ehtiyatı varsa, yeni yataqların işlənməsi ilə ölkənin ən azı 2 trilyon kubmetr də perspektiv ehtiyatı olacaq.

“Ümid” yatağında kəşfiyyat işləri bütünlüklə ARDNŞ-in hesabına aparılıb. Yatağın işlənməsinə gəlincə, İlham Əliyev bildirib ki, bunun üçün Azərbaycanın həm daxili resursları, həm də beynəlxalq maliyyə qaynaqlarına çıxış imkanları var.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə deyir ki, hələlik yatağın tək, yoxsa əcnəbi şirkətlərlə bərabər istismar edilməsinin Azərbaycana daha çox gəlir gətirəcəyini demək tezdir. Ancaq təcrübə yataqların xarici şirkətlərlə işlənməsinin daha gəlirli olduğunu göstərir:

YATAĞI TƏK YOXSA BİRGƏ İŞLƏMƏLİ?


- Neft sənayesi üzrə dünya liderləri ilə bu sahədə işbirliyi daha cəlbedici görünür. Məsələn, Azərbaycan bir platformada 8 quyu qaza bilirsə, BP-nin texniki imkanları ən azı 48 quyunun qazılmasına imkan verir. Bir tərəfdən də İranın və Rusiyanın təcrübəsi göz qabağındadır. Məsələn, sadə hesablamalar göstərir ki, xarici şirkətləri daxili bazara buraxmayan Rusiya, ərazisindəki xeyli yatağın işlənməsində çətinlik çəkir.

İlham Şaban deyir ki, yaxın 3-4 ildə “Ümid” yatağında təbii qazın hasilatına başlana bilər. Ümumilikdə isə ekspert hesab edir ki, Azərbaycan iqtisadiyyatının post-neft dövrü birmənalı olaraq təbii qazla bağlıdır:

BÜTÜN PERSPEKTİVLƏR QAZA HESABLANIB

İlham Şaban
- Həm yerli, həm də Azərbaycanda çalışan xarici şirkətlərin geoloqları bildirirlər ki, artıq Azərbaycanda quruda, ya da dənizdə yeni neft yatağının aşkar edilməsi xülyadır. Ona görə də bütün perspektivlər qaza hesablanıb.

Ancaq İlham Şaban təbii qazdan gələn gəlirlərin neftdən gələn gəlirlər qədər iri həcmli olmayacağını proqnozlaşdırır. Onun fikrincə, neft tükənən illərdə gəlirlərin kompensasiyası üçün Azərbaycan iqtisadiyyatının neft-kimya sektorunun ciddi şəkildə inkişaf etdirilməsinə ehtiyac var.

İlham Şaban deyir ki, Azərbaycan hökuməti 2020-ci illərdə qaz kimyası, neft kimyası, yeni neftayırma texnologiyalarını inkişaf etdirəcəyini bəyan edib. Əgər bu işdə yaxşı menecment tətbiq edilsə, neft bumu dövründə neftin satışından gələn gəlirlərin yerini doldurmaq mümkün ola bilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG