Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:31

Azərbaycana gələ bilməyən azərbaycanlılar...


Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər artıq vizanı əvvəllər olduğu kimi Bakıda hava limanından ala bilməzlər
Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər artıq vizanı əvvəllər olduğu kimi Bakıda hava limanından ala bilməzlər
«Düzdü, qanun dəyişib və ona görə də indi əvvəlki kimi vizanı hava limanında vermirlər. Yalnız səfirlikdən ala bilərsən. Amma qəribə budur ki, əvvəl bundan ötrü 5 dəqiqə vaxt sərf edilirdi. İndi 5 gün gözləməlisən. Təcili vəziyyət idi. Mən də bunu bilmədən 2 gün əvvəl bilet almışdım. Bunlar veclərinə də almadılar və 500 manatlıq bilet batdı. Niyə vizanı 2 günə yox 5 günə verdiklərinin də səbəbini deyən yoxdur».

Hazırda Macarıstanda yaşayan, Azərbaycanın sabiq vətəndaşı Eldar Ələsgərov belə deyir. Bu günlərdə Bakıya gəlmək üçün bilet alıb Budapeştdəki Azərbaycan konsulluğuna müraciət edən Ələsgərov deyir ki, o azərbaycanlıdır və valideynləri də Azərbaycanda yaşayırlar. Pasportunda da Azərbaycan vizası yetərincədir. Bütün bunlar onun şübhəli birisi olmadığını deməyə əsas verir. Buna baxmayaraq, Azərbaycan konsulluğunda onu günlərlə gözlədib nəyisə aydınlaşdırmaq istəyiblər. Amma nəyi, deyən yoxdur. Dedikləri yalnız odur ki, qanun belədir və prezidentin bu barədə fərmanı da var. Bir sözlə, Eldar Ələsgərov bilmədiyi səbəbdən özü üçün kifayət qədər əhəmiyyət daşıyan vaxt və pul itkisinə məruz qalıb.

Bu il oktyabrın 15-dən Azərbaycanda viza dəyişiklikləri barədə prezident fərmanı qüvvəyə minib. Yeni qaydalara görə Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər artıq vizanı əvvəllər olduğu kimi Bakıda hava limanından ala bilməzlər. Bunun üçün hər kəs öz ölkəsində Azərbaycan səfirliyinə müraciət etməlidirlər (MDB ölkələrinin əksər vətəndaşları üçün Azərbaycana gələrkən viza almaq zərurəti yoxdur).

MÜXTƏLİF MEYARLAR ÜZRƏ QİYMƏTLƏNDİRMƏ APARILIR


Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elxan Poluxov isə deyir ki, konsulluqda vizanın verilməsi üçün hər bir müraciətə fərdi qaydada baxılır və hər kəs üçün ayrıca qərar qəbul olunur. Onun sözlərinə görə, hər halda qərar qəbul edilməzdən əvvəl müxtəlif meyarlar üzrə qiymətləndirmə aparılır ki, bu da vaxt tələb edir:

«Bu insan vaxtilə Azərbaycan ərazisində hansısa bir cinayət törədibsə, yaxud qanun pozuntusuna yol veribsə, miqrasiya qaydalarını pozubsa və sair hallarda konsul həmin şəxsə viza verilməsindən imtina qərarı qəbul edə bilər».

Bu dəyərləndirmənin niyə bir neçə gün çəkdiyi barədə sualımızı cavablandırarkən isə Elxan Poluxov yalnız onu dedi ki, bu artıq daxili prosedurdur.
Elxan Poluxov
Bu iş müxtəlif mərhələlərdən keçir.

XİN sözçüsü əslində Azərbaycanda viza ilə bağlı yeni qaydalarda təəccüblü bir şey görmür. Deyir ki, bunlar bütün normal, inkişaf etmiş Avropa ölkələrində qəbul olunmuş qaydalardır.

ELDAR ƏLƏSGƏROVUN TƏƏCCÜBÜ

Eldar Ələsgərovu isə təəccübləndirən odur ki, inkişaf etmiş Avropa ölkələrində vizanı cəmi bir neçə dəqiqəyə almaq mümkündür. Məsələn, İngiltərədə şəxsən o özü vizanı bir neçə dəqiqəyə alıb.

Bəs onda niyə Azərbaycana gələnin – özü də deyək ki, ata-anasının yanına gələnin kimliyi 5 günə aydınlaşdırılır. Özü də indiki texnoloji inkişafın fonunda.

Bu suala cavab tapmaq üçün Miqrantlara Hüquqi Yardım Mərkəzinin rəhbəri Əlövsət Əliyevə müraciət etdik. O dedi ki, əslində, hər hansı bir vətəndaşlığı olmayan şəxsin kimliyinin konsulluq tərəfindən ciddi yoxlanılmasında təəccüblü bir şey yoxdur. Vətəndaş müraciət edir, tələb olunan sənədləri təqdim edir. Onun getmək istədiyi ölkədə arzulanan, yaxud arzulanmayan şəxs olması, ictimai təhlükəliliyi araşdırılır və sonra viza verilir. O ki, qaldı bu işdən ötrü sərf olunan vaxta, Əlövsət Əliyev hesab edir ki, hazırda Azərbaycanda miqrasiya ilə bağlı normal məlumat bazası yoxdur ki, müraciət edən şəxslə əlaqədar dərhal istənilən informasiyaları əldə etmək mümkün olsun. Ona görə də bu işi həmin o inkişaf etmiş Avropa ölkələrindəki kimi sürətlə həyata keçirmək mümkün deyil. Özü də bundan bir çox hallarda təkcə ölkəyə gəlmək istəyən əcnəbilər yox, lap elə vətəninə qayıtmaq istəyən Azərbaycan vətəndaşları da əziyyət çəkirlər:

AZƏRBAYCAN KONSULLUQLARI YEGANƏDİR Kİ...

«Başqa ölkələrin vətəndaşları heç vaxt öz səfirliklərinin qarşısında uzun-uzadı gözləmirlər. Bütün ölkələrdə Azərbaycan konsulluqları yeganədir ki, Azərbaycan vətəndaşları, gözləməli, süründürməçiliyə, işgəncələrə məruz qalmalıdır öz ölkəsinə qayıdanadək. Çox təəssüf ki, istər Azərbaycan vətəndaşları, istərsə də Azərbaycana gəlmək istəyən əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə münasibətdə belə hal mövcuddur».

Əlövsət Əliyev
Əlövsət Əliyev düşünür ki, hər bir dövlət üçün istənilən halda inkişaf etmiş ölkələrin təcrübəsindən bəhrələnmək yaxşıdır. Ancaq bu işdə tələsmək olmaz.

GÜRCÜSTANDA CƏMİ 10 DƏQİQƏYƏ VİZA

Bəzi müşahidəçilər arasında isə belə bir fikir də var ki, Azərbaycan kimi inkişaf etməkdə olan ölkələr Avropa ölkələrindən fərqli olaraq viza məsələsinə daha liberal yanaşmalı, ölkəyə daha çox turist cəlb etmək üçün qaydaları sərtləşdirməməli, əksinə asanlaşdırmalıdır. Müqayisə üçün qeyd edək ki, Cənubi Qafqaz ölkələri sırasında Azərbaycan viza məsələsində dünya praktikasına qoşulan birinci ölkədir. Belə ki, qonşu Gürcüstanda vizanı elə aeroportdaca, özü də cəmi 10 dəqiqəyə almaq mümkündür. Ermənistanda da vəziyyət bu cürdür.

Mövcud qanunvericiliyin tələblərinə görə, qarşılıqlı qaydada vizasız gediş-gəliş haqqında razılaşma olan ölkələrin vətəndaşlarından başqa, bütün digər əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycana etibarlı şəxsi pasportları əsasında və rəsmiləşdirilmiş icazə - viza əsasında gələ və ölkədən gedə bilərlər.

Bunun üçün əcnəbilər və vətəndaşlığı olmayan şəxslər gəlişinin məqsədini və müddətini göstərməklə ərizə-anketlə olduqları xarici ölkədə Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluğuna müraciət etməlidirlər.

Əgər əcnəbi və vətəndaşlığı olmayan şəxsin ölkəyə səfəri özünün təcili müalicəsi, yaxud Azərbaycanda yaşayan qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlıdırsa, bu faktları təsdiq edən sənəd təqdim olunmalıdır və bu halda onların müraciətinə ən geci 48 saat keçənədək baxılır.
XS
SM
MD
LG