Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:21

Tərxis olunub orduda saxlanılan əsgərlər


«1500 manat rüşvət istəyiblər, o rüşvəti vermədikcə deyiblər ki, bir az da aşağı düşərik. Mən bu işin üstünə düşməzdim, əgər bilsəydim ki, uşağın həqiqətən də təqsiri var. Əgər bilsəydim uşağın təqsiri var, deyərdim eybi yox, sataq danamızı, qoyunumuzu, qızılımızı, gedək uşağı qurtaraq».

Xaçmaz rayon sakini İbad Babayev deyir ki, Müdafiə Nazirliyinin Ağcabədidəki N saylı hərbi hissəsində əsgərlik xidməti keçmiş və xidmət müddəti başa çatmış bacısı oğlu Aslan Fətəliyev hələ də hərbi hissədə saxlanılır. Bu ay hərbi xidmətini başa vurmuş Aslan 5 oktyabr 2010-cu il tarixli prezident fərmanı ilə ordudan tərxis olunub. Ancaq hərbi xidmətini başa vurmağa az qalmış o, cinayət məsuliyyətinə cəlb olunduğuna görə deyirlər ki, istintaq bitənə kimi onu evə buraxa bilməzlər.

ƏSGƏRLƏRİ SOĞAN QABIĞI KİMİ SOYUB SONRA EVƏ BURAXIRLAR


«Görüblər ki, uşağın yanına gəlib gedən var, «posılkalar» göndərirlər, fikirləşiblər, yəqin, varlı uşaqlardı. Evə buraxılana yaxın belə bir oyun qurublar, bunun orda bir aşpaz əsgərlə mübahisəsi düşüb, aşpazı itələyib, aşpaz heç yıxılmayıb da. Sonra yenə dostlaşıblar, evə buraxılana yaxın orda Bağıyev var, araşdırmaçıdır, pul yığan odur, gəlib deyib 1500 manat gətirirsən işin qurtarır, yoxsa materialları Beyləqan korpusuna təhqiqatçılara verirəm, sənin işin bitir».

İbad Babayev deyir ki, bacısı oğlu həmin hərbi hissədə eyni vəziyyətlə qarşılaşan ilk və son əsgər deyil. Xidmətini başa vuran başqa əsgərlər də var ki, onlara qarşı da bu cür addım atılıb. İbad Babayevin fikrincə, bu, hərbi hissədə son günlərini keçirən əsgərləri son dəfə soğan qabığı kimi soymaq məqsədi güdür:

«DEDİ HARA YAZIRSAN, YAZ»
Ələkbər Məmmədov


İbad Babayev deyir ki, onlar Müdafiə Nazirliyinə, prezidentə və başqa yerlərə şikayətlər göndəriblər, ancaq məsələnin həlli qalıb kənarda, indi daxili araşdırmaçı Elman Bağıyev hərbi hissədə saxlanılan Aslan Fətəliyevi hədələyir: «Uşağa deyib ki, hara yazırsınız yazın, onsuz da əlinizdən heç nə gələn deyil. Yazmağınıza özünüz peşman olacaqsınız».

Həmin hərbi hissədə əsgəri xidmətini başa vurub ordudan tərxis olunan Azər Məmmədova qarşı da cinayət işi başlanıb. Əsgər yoldaşı Aslan Fətəliyevdən fərqli olaraq Azər Məmmədovun anası Vəfa Babayevanın Müdafiə Nazirliyinə müraciətlərindən sonra onu oktyabrın 19-da hərbi hissədən evə buraxıblar. Vəfa Babayeva deyir ki, oğlu bu ay ordudan tərxis olunub. Ancaq buna bir neçə gün qalmış – sentyabr ayının sonunda bir əsgər yoldaşı ilə xırda insidenti olub.

«GƏTİR PUL VER, KAĞIZLARI CIRIM ATIM»


«Qatara mindim getdim Ağcabədiyə. Hərbi Hissədə «osobist» Elman Bağıyevlə görüşdüm, dedim ölüm-itim olmayıb ki, bu uşağı niyə buraxmırsınız evə? Ağır cinayət törətməyib, bir şey eləməyib, yetimdir, atasızdır. Dedi ay xanım, ağlayıb özünü öldürmə, 1500 manat gətir ver mənə, mən də tək yeməyəcəm ki, bu pulu, böləcəm, gətir pulu ver, kağızları cırım, heç Bərdəyə prokurorluğa göndərməyim işi. Ağladım, dedim, yoxumdur, heç məni saymadı».

Həmin hərbi hissənin bu əsgərlərlə bağlı araşdırma aparmış əməkdaşı Elman Bağıyev deyir ki, hər iki əsgər öz əsgər yoldaşını döyməkdə, təhqir etməkdə təqsirləndirilir və prokurorluqda cinayət işi başlanıb.

- Şikayət edirlər ki, sizin hərbi hissədə əsgərlər var ki, hərbi xidmət müddətləri başa çatsa da hələ də hərbi hissədə saxlanılırlar.
- Həmin əsgərlər cinayət məsuliyyətinə cəlb olunub sonra buraxılırlar, cinayət məsuliyyətinə cəlb olunana kimi onlar hərbi hissədə saxlanılır ki, sonradan onları axtarmaqda çətinlik çəkməsinlər.
- İndi o hərbi hissədə müddəti başa çatmış əsgərlər çoxdur?
- O, mənlik deyil.
- O hərbi hissədən və sizdən çox şikayət edirlər...
- Elə bilirlər onları mən saxlamışam, çünki tanıdıqları mənəm, ona görə də məndən şikayət edirlər.

BAŞQALARINA GÖRK


Elman Bağıyevin sözlərinə görə, indi hər iki əsgərlə bağlı başlanmış cinayət işi Qarabağ Prokurorluğundadır.

Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti Azərbaycan Mərkəzinin direktoru Ələkbər Məmmədov deyir ki, ötən il onun rəhbərlik etdiyi təşkilata oxşar hadisələrlə bağlı bircə şikayət də daxil olmadığı halda, təkcə bu il 10 belə şikayət olub. Onun fikrincə, bu da hərbi xidmətini başa vurmuş əsgərlərin müxtəlif bəhanələrlə həbs etmə hallarının məhz son vaxtlar çoxalmasından xəbər verir:

«Xidmət müddəti başa çatmış əsgərləri sındırmaqla, məsuliyyətə cəlb etməklə, hədələməklə onları məcbur edirlər ki, rüşvət versinlər, bundan sonra hərbi hissədən buraxsınlar. Bu hərəkətlərdən şikayət edənləri isə cinayət məsuliyyətinə cəlb edirlər ki, bu, başqalarına da görk olsun».

Ələkbər Məmmədov hesab edir ki, əsgərlərə verilən cəza onların törətdikləri əməlləri ilə müqayisədə çox ağır olur. İndi həbs olunan əsgərlərin sayı getdikcə artır. Xırda bir insident əsgərə həbsxanada oturmaqla başa gəlir.

Əsgər valideynləri isə ordudan tərxis olunmaq üçün günlərini saymaqla yanaşı həm də cinayət məsuliyyətinə cəlb olunan övladlarının problemini həll etmək üçün rəsmi qurumlara müraciət etməli olurlar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG