Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 07:02

Verilişlər / Kontekst

Prezident Administrasiyasının şöbə müdiri məhkəməyə verilib

Multimedia

Səs
Podkast
Abunə olGoogle reader
Şriftin ölçüsünü dəyiş - +
Prezident Administrasiyası
Gəncə şəhər İcra Hakimiyyətinin başçısından tutmuş ədliyyə nazirinəcən bir neçə vəzifəli şəxs barədə məhkəmə iddiaları qaldırmış Gəncə şəhər sakini Failə İbrahimovanın növbəti hədəfi Prezident Administrasiyasıdır.

F.İbrahimova indi də Prezident Administrasiyasında sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovu məhkəməyə verib. Səbəb S.İsmayılovun Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov barədə Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın rəhbəri Ramiz Mehdiyevə ünvanlanmış şikayəti yenidən Gəncəyə göndərməsi olub.

PREZİDENT ADMİNİSTRASİYASINDAN GÖZLƏNİLƏN CAVAB GƏNCƏDƏN GƏLİB

Failə İbrahimova bildirir ki, «Vətəndaşların müraciətlərinə baxılması haqqında» qanuna görə, onun müraciəti şikayət etdiyi ünvana göndərilməməli idi. Ancaq qanunun 7-ci maddəsinin ziddinə olaraq, şikayət ərizəsi Gəncə şəhər İcra Hakimiyyətinə göndərilib.

Gün ərzində nə qədər müraciət etsək də, Prezident Administrasiyasının şöbə müdiri Süleyman İsmayılovun məsələyə münasibətini öyrənə bilmədik.

Failə İbrahimovanın şikayəti Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovdan olub. O iddia edir ki, 2008-ci ildə Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzindən işdən çıxarılmasında və sonradan işə bərpa oluna bilməməsində Eldar Əzizov günahkardır. Gəncə şəhər İcra Hakimiyyətindən ona göndərilən məktubda isə bildirilir ki, əgər şikayətçi işə qəbulla bağlı keçirilmiş müsabiqənin nəticələrindən razı deyilsə, Səhiyyə Nazirliyinə və məhkəməyə müraciət edə bilər.

Süleyman İsmayılov
Failə İbrahimova elə bu cavabı sübut kimi götürərək Səbail rayon Məhkəməsinə müraciət edib.

SƏBAİL RAYON MƏHKƏMƏSİ İDDİANI NİYƏ RƏDD EDİB?

Səbail rayon Məhkəməsi həm Süleyman İsmayılova, həm də Gəncə şəhər icra başçısına qarşı iddianı rədd edib. Məhkəmə qətnaməsində bildirilir ki, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyaya müraciətdə Eldar Əzizovun adı çəkilsə də, onun hərəkətlərinin qanunsuzluğunun nədən ibarət olması göstərilməyib. Bu səbəbdən də məhkəmə hesab edib ki, Failə İbrahimovanın iddiasının məzmunu öz vəzifəsindən qanunsuz azad edilməsi və işə bərpa olunmamasından ibarətdir.

Qətnamədə bildirilir ki, həmin müraciətdə irəli sürülən məsələlərin həlli Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının səlahiyyətlərinə aid olmadığından qanunvericiliyin tələblərinə uyğun olaraq bu məsələnin həllinə bilavasitə köməklik göstərə bilən orqana göndərilmişdir, yəni Gəncə şəhər İcra Hakimiyyətinə.

Qətnamədə Prezident Administrasiyasına ünvanlanan məktubun Gəncə şəhər İcra Hakimiyyətinə göndərilməsini təsdiq edən sənədin məhkəməyə təqdim olunmadığı bildirilir. Amma iddiaçı Failə İbrahimova məhkəmə qətnaməsi ilə razılaşmır. Hesab edir ki, ona Gəncə şəhər İcra Hakimiyyətindən verilən cavabı məhkəmə çox asanlıqla əldə edə bilərdi.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov
O iddia edir ki, sadəcə işə baxan Səbail rayon Məhkəməsinin hakimi Kəmalə Əmirxanova Prezident Administrasiyasının əleyhinə getmək istəmədiyindən iddianı rədd edib.

QANUNVERİCİLİYƏ UYĞUN İDDİA RƏDD EDİLİB

Hakim Kəmalə Əmirxanovanın katibi Vasif İsrafilov isə iddiaçının dedikləri ilə razılaşmır. Hesab edir ki, məhkəmə tam əsaslı qətnamə çıxarıb:

«Məhkəmə heç kimin tərəfini tutmayıb. Biz nə o tərəfi tanıyırıq, nə də bu tərəfi. Bundan başqa heç iddiaçı özü məhkəmədə iştirak etməyib. Qanunvericiliyə uyğun iddia rədd edilib».

Failə İbrahimova prosesdə iştirak edə bilməməsinin günahını da məhkəmədə görür. Deyir ki, ona göndərilən bildirişi proses başa çatandan sonra alıb. Məhkəmə katibi Vasif İsrafilov isə deyir ki, onlar iddiaçıya prosesin vaxtı ilə bağlı əvvəlcədən həm yazılı və şifahi də müraciət ediblərmiş. Katibə görə, ola bilsin yazılı müraciətin iddiaçıya gec çatması poçtda yaranan problemlə bağlı olsun.

Ənnağı Hacıbəyli
Hazırda iş Bakı Apelyasiyaya Məhkəməsindədir.

«MƏHKƏMƏ İCRA HAKİMİYYƏTİNƏ QARŞI ÇIXMAQ İSTƏMƏYİB»

Hüquqşünas Ənnağı Hacıbəyli deyir ki, məhkəmə qərarı ilə tanış olmadığından bu barədə konkret fikir söyləməkdə çətinlik çəkir. Şikayətçinin ərizəsinin hərəkətindən şikayət edilən şəxsin özünə göndərilməsinə gəlincə, hüquqşünas bunu qanun pozuntusu sayır:

«Bu halda əslində Prezident Administrasiyası özü hansısa tədbir görməli idi, yox əgər şikayətdə məhkəmə qaydasında mübahisə varsa, onda iş məhkəməyə göndərilməli idi. Bu baxımdan vətəndaşın hüquqları pozulub».

2006-cı ildə Gəncə şəhər 14 saylı orta məktəbin bir qrup müəllimi Failə İbrahimovanın işlədiyi Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinə müraciət edərək onun məktəbdən rüşvət istədiyini bildiriblər. Bundan sonra Failə İbrahimova şərəf və ləyaqətinin təhqir olunması iddiasıyla yerli məhkəməyə, qəbuluna düşə bilmədiyi üçün Gəncə icra İcra Hakimiyyətinin başçısı Eldar Əzizova, vəzifəli şəxslərin hərəkətsizliyi iddiası ilə ədliyyə naziri Fikrət Məmmədova qarşı məhkəmə iddiaları qaldırıb.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Aydın Haradan: Şəki
01.09.2010 05:31
Bizim məhkəmələr ağır cinayətləri asanlıqla ört-basdır etmək mexanizminə malikdir, məsələn, lazım gələndə, adam öldürən şəxsə xuliqanlıq maddəsi ilə iş açırlar, sonra, lazım gələndə, cani hadisəni qəsdən və bilə-bilə törətdiyini, peşiman olmadığını məhkəmədə nümayişkaranə surətdə etiraf etdiyi halda bizim hakimciyəzlər, qərar qəbul edirlər ki o cinayəti törədərkən ağlı başında olmayıb... Sonra isə apelyasiya şikayəti edilməsin deyə yekun qərarı zərər çəkənə göndərmirlər, vəssəlam...

Ağır cinayətlərin Azərbaycanda "məhkəmə", bağışlayın, məzhəkə yolu ilə ört-basdır edilmə mexanizmi barədə bir link:

https://sites.google.com/site/ipekchi/99/1001

(Moderatordan da xahiş edirəm orada yazılanları həm də, "Azadlıq" radiosunun redaktorlarının nəzərinə çatdırsın, əgər imkan varsa bu radio tərəfindən də yayılsın)

Kimdən: Elnur Haradan: Ahmedli
29.08.2010 15:12
Guya bunu hech kim bilmir ki, bizim Azerbaycanda mehkemeler ve ya diger bashqa organlar nece ishleyirler?? Size eminlikle soz verirem ki, o shikayetchini ya cherledib oldurecekler ya da ki, rushvat, narkotik kimi standart "tablet"lerden istifade ederek icheri basacaqlar...

Kimdən: Akif Haradan: Bakı
27.08.2010 20:58
Hörmətli hüquqşünas Ənnağı müəllimin fikri ilə tam razıyam. Ümumiyyətlə isə buhal prezident administrsiyasının iş metodudur. Halbuki vətəndaşların ərizə və şikayətlərini prezident administrasiyasının müvafiq şöbəsi araşdırmalıdır və sonra tədbir görməlidir. Bu onu göstərir ki, prezident administrsiyası vətəndaşların problemlərinə laqeyd münasibətlə yanaşır.