Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:49

«Cəsədini götürsələr də, oğlumun ruhu bizimlədir…»


Mübariz İbrahimov
Bir aydır ki, Şamama ananın gözü yoldadır. Oğlunun torpağa tapşırılacağı günü, onunla son vida gününü gözləyir. Hər gün, hər saat.

«ƏVVƏL-AXIR VERƏCƏKLƏR MEYİTİ»


«Gözüm yoldadır. Dərdim yüngülləşər, dərdim azalardı…»

Milli Qəhrəman Mübariz İbrahimovun anası Şamama xaladır yol gözləyən. Səbrlə, dözümlə. Bir ayda oğlunun meyitinin qaytarılması ilə bağlı aparılan danışıqlar səmərə verməsə də, əsəb müharibəsində təmkinini pozmamağa səy göstərir. Dərdini də özü deyir, təsəllisini də özü verir.

«Əvvəl-axır verəcəklər də meyiti…»

Mübariz İbrahimov bu il iyunun 18-dən 19-na keçən gecə cəbhənin Tərtər istiqamətindəki döyüşdə həlak olub, özüsə dörd erməni yaraqlısını öldürüb. Onun cəsədi indiyədək Azərbaycana qaytarılmayıb.

Bununla belə, iki gün öncə – avqustun 2-də internetdə Mübariz İbrahimova aid olduğu iddia edilən şəkillər yayımlanmağa başlandı. Azərbaycan Müdafiə Nazirliyi hesab edir ki, bu şəkilləri yaymaqla Ermənistan tərəf beynəlxalq hüquq normalarına riayət etməyib.

İtkin Düşən və Girovların, Hərbi Əsirlərin axtarışı üzrə beynəlxalq qrupun keçmiş koordinatoru Əvəz Həsənov da razılaşır ki, meyitin geri qaytarılmaması beynəlxalq Cenevrə Konvensiyasına ziddir.

«HƏR İKİ DÖVLƏTİN TƏBLİĞATI VƏ YA QARŞILIQLI OYUN»


Əvəz Həsənov
Əvəz Həsənovun sözlərinə görə, hərb tarixində meyitlərin qaytarılması və ya dəyişdirilməsi həmişə olub. Hətta meyitlərin döyüş meydanından götürülməsi üçün müvəqqəti atəşkəs də elan olunub.

Elə 1990-cı illərdəki Qarabağ müharibəsində də bu qaydalara əməl olunub. Amma bu dəfə vəziyyət fərqlidir. Əvəz Həsənova görə, hər iki tərəf də vəziyyətdən təbliğat üçün istifadə etməyə çalışıb:

«Ermənistan mətbuatında Azərbaycanda hərbi ritorikanın güclənməsinə həmişə diqqət çəkirdilər. Deyirdilər ki, Azərbaycan atəşkəsi pozmaqla bu ritorikanı gücləndirməyə çalışır. Və Ermənistan mətbuatı maraqlıydı ki, belə bir faktı dünya ictimaiyyətinə göstərsin. Desin ki, Azərbaycan sülh danışıqları aparsa da, onun əsgəri bizim dörd döyüşçümüzü cəbhə xəttində öldürür. Yəni bu daha çox ermənilərə lazımıydı. Bundan təbliğat üçün istifadə etdilər. Azərbaycan da onun əksinə Mübarizi Milli Qəhrəman elan etdi. Qarşılıqlı oyun getdi».

Əvəz Həsənova görə, Ermənistan bu faktdan beynəlxalq təbliğat, Azərbaycan isə daxili təbliğat üçün yararlandı.

Onun qənaətincə, Azərbaycan Mübariz İbrahimovun meyitini almaq üçün dərhal intensiv danışıqlara başlamalıydı. Əsir, İtkin və Girovlarla İş üzrə Dövlət Komissiyası vaxt itirmədən Ermənistandakı eyni komitə ilə birbaşa danışığa getməliydi. Hətta bu işə ATƏT-in Minsk Qurpunun həmsədrlərini və başqa beynəlxalq qurumları cəlb etməliydi.

BQXK: «TƏRƏFLƏR RAZILIĞA GƏLMƏLİDİRLƏR Kİ…»


«Cəsədini götürsələr də, oğlumun ruhu bizimlədir…»
Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakıdakı nümayəndəliyində şöbə müdiri İlahə Hüseynova isə deyir ki, Azərbaycan hökuməti onlara bu məqsədlə müraciət edib. Və onlar da bu müraciəti Ermənistandakı nümayəndəlik vasitəsilə Yerevana çatdırıb. O ki qaldı meyitin qaytarlımasında vasitəçiliyə, İlahə Hüseynova deyir:

«Tərəflər öz aralarında razılığa gəlməlidirlər ki, sonra da vasitəçilik üçün Qızıl Xaç Komitəsinə müraciət etsinlər. İlkin addım odur ki, tərəflər razılığa gəlsinlər».

Şəkillərin internetdə yayılmasına gəlincə, İlahə Hüseynova deyir ki, Komitənin Bakı nümayəndəliyi bu haqda məlumatı həm Cenevrədəki qərargaha, həm də Yerevandakı nümayəndəliyə çatdırıblar. Amma bu haqda hər hansı rəy bildirməyəcəklər:

«Nümayəndəlik öz işini görür, amma bu haqda ictimaiyyətə açıqlama verməmək şərtiylə».

RƏSMİ QURUMLAR NEYLƏYİR?

Müdafiə Nazirliyi isə bəyan edib ki, Azərbaycan Mübariz İbrahimovun cəsədini Ermənistandan almaq üçün səylərini davam etdirəcək və bu məsələdə bütün imkanlarını səfərbər edəcək. Birbaşa bu işlə məşğul olan Əsir, İtkin və Girovlarla İş üzrə Dövlət Komissiyasından isə danışıqların nə yerdə olması haqda məlumat ala bilmədik.

ATA SÖZÜ


Mübariz İbrahimovun atası Ağakərim dayı isə deyir ki, oğlunun cismi girovdur, ruhu isə azaddır:

«Cəsəd girov götürülə bilər, ruh isə azaddır. Yəni onun ruhu bizimlədir, Allahın dərgahındadır. Ona görə də az fərq edir cəsədi versələr də, verməsələr də…»

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG