Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:48

Tərtərdə nə baş verib?


Şotlanlılar deyirlər ki, qarşıdurma zamanı onların Tərtərdəki çayxanası, ət dükanı dağıdılıb
Şotlanlılar deyirlər ki, qarşıdurma zamanı onların Tərtərdəki çayxanası, ət dükanı dağıdılıb
«Düşüblər bu 5 nəfərin üstünə. Ordan zəng gəldi ki, ay ödürdülər, döydülər. Uşaq buradan tökülüşüb getdi ora. Orada da kütləvi dava düşüb. İndi də hər iki tərəfdən xəstəxanaya düşənlər var».

Bu, Tərtər rayonunda məskunlaşan Ağdam rayonunun Şotlanlı kənd sakinlərinin dedikləridir.

İyulun 6-da Tərtər rayonunun mərkəzində yerli sakinlərlə şotlandlılar arasında qarşıdurma yaranıb, xeyli xəsarət alan, xəstəxanaya düşənlər olub. Şahidlərin dediyinə görə, qarşıdurmada yüzdən çox adam iştirak edib.

ELƏ BİLDİK MÜHARİBƏ BAŞLAYIB

Hadisə yerinə yaxın olan Səməd Vurğun küçəsinin sakinləri mikrafona danışmaq istəməsələr də, baş verənləri ətraflı izah edirlər. Adının çəkilməsini istəməyən bir xanım bildirdi ki, həmin gün yaranan səs-küydən, polis və təcili yardım maşınlarının siqnallarından elə zənn ediblər ki, müharibə başlayıb. Bayıra çıxıb görüblər ki, onların küçəsindən müxtəlif məişət əşyaları ilə silahlanmış yüzə qədər adam keçir. Əlində bir şey olmayanlar isə küçədəki ağacların budaqlarını qırıb götürürmüş. Sonradan mərkəzdən və bazardan adamlar qaçıb dağılışmağa başlayıblar. Məlum olub ki, şotlanlı camaatı ilə yerlilər arasında dava düşüb.

Tərtər-Ağdam yolunun üstündə, İsmayılbəyli kəndinin yaxınlığında məskunlaşmış şotlanlılar isə deyirlər ki, baş verən qarşıdurmanı Tərtərdə vəhhabi təriqətinə mənsub şəxslər yaradıb:

Qarşıdurma zamanı çayxana da dağıdılıb
«Bunun hamısını edən o üzü tüklü adamlardır. Vəhhabilər. Onlarla bizim şotlanlı camaatının sözü düz gəlmir. Yola getmirlər. Bizim uşaqlar da məscidə gedirlər. Onlar bizim gəncləri də vəhhabiliyə cəlb etmək istəyirlər, bizimkilər də razı olmur. Buna görə də arada narazılıq düşür. Gedəndə söz toxuyurlar, sataşırlar, dava düşür. Kəndlə rayonun arasına söz-söhbət salırlar».

YARALILAR AĞDAM XƏSTƏXANASINDADIR

Şotlanlılar deyirlər ki, qarşıdurma zamanı onların Tərtərdəki çayxanası, ət dükanı dağıdılıb. Hər iki tərəfdən yaralananlar var. Onların yaralıları Quzanlıda, Ağdam xəstəxanasındadırlar.

Tərtərin mərkəzində dağıdılmış ət dükanı və çayxananı biz də gördük.

Şotlanlıların məskunlaşdığı ərazinin icra nümayəndəsi Möhlət Nəzərov deyir ki, Tərtər ərazisində şotlanlılar 300 ailədir. Onlardan 121 ailə həmin bu yol kənarında məskunlaşıb:

«Onlardan 3 nəfərin rayonda obyektləri var idi. Həmin davada o obyektlərin 3-ü də dağıdılıb. Rayon rəhbərliyinin də xəbəri var. İstintaqdan sonra yəqin ki, obyektlər bərpa olunacaq. Bu adamların dolanışıq yeridir o obyektlər. Həmin o qrupun üzvləri dağıdıb obyektləri. Amma kimlər olduğunu dəqiq bilmirəm».

Şotlanlıların məskunlaşdığı ərazinin icra nümayəndəsi Möhlət Nəzərov
Ağdam rayon Nəmirli kənd ərazisi üzrə icra nümayəndəsi Qurban Tanrıverdiyev isə deyir ki, baş verən hadisə Ağdam-Tərtər söhbəti deyil, sadəcə bir qrup adamın mübahisəsidir. Tərtər və Ağdam rəhbərliyi birlikdə hər şeyi yoluna qoyurlar:

«DEYİRLƏR VƏHHABİLƏRLƏ UŞAQLAR DALAŞIB»

«Mən orda olmamışam. Deyirlər vəhhabilərlə uşaqlar dalaşıb. Bu, bir qrupun davasıdır. Bizdən 8 nəfər ciddi yaralanan var. Hər nədirsə istintaq üzə çıxaracaq».

Hazırda şotlanlıların məskunlaşdığı ərazi polisin nəzarəti altındadır. Bu yerin həm Ağdam, həm də Tərtər istiqamətindən giriş-çıxışında post yaradılıb. Polis maşını növbədə dayanır.

Şotlanlılar deyirlər ki, polis burada onları qoruyur. Ehtiyatlanırlar ki, birdən kimsə bura hücum edər. Yaxınlaşıb polislərdən kimi, nədən qoruduqlarını öyrənmək istədik. Dedilər bu işlə maraqlanmasan yaxşıdır.

Hazırda şotlanlıların məskunlaşdığı ərazi polisin nəzarəti altındadır.
Ordan getdik Tərtər rayon xəstəxanasına. Davada xəsarət alanlardan hadisə barədə fikirlərini öyrənmək istədik. Xəstəxananın 3-cü mərtəbəsinin eyvanında 2 polis gözə dəyirdi. Anlamaq çətin deyildi ki, yaralılar məhz bu mərtəbədə yerləşdirilib. Bu polislərdə nəyi nəzarətə götürdüklərini, kimi kimdən qoruduqlarını demədilər:

1 YARALI BAKIYA GÖNDƏRİLİB

«Bir dəqiqə gözləyin, rəhbərlikdən icazə alaq, sonra yaralıların palatasına gedərsiniz».

Onlar rəhbərliklə danışdığı vaxt biz həkimlə görüşdük. Adının çəkilməsini və səsinin yazılmasını istəməyən cərrah dedi ki, qarşıdurmada yaralananlardan 2 nəfər hazırda xəstəxanada müalicə olunur. 1 nəfər isə – Məmmədov Bəhruz ağır vəziyyətdə olduğu üçün onu Bakıya göndəriblər.

Mikrafonu və fotoaparatı həkimin otağında qoymaq şərti ilə bizə yaralıların palatasına keçməyə icazə verdilər. Onlardan biri – Bədəlov Zamin yatdığı üçün yalnız digər xəsarət alan İlqar İbrahimovla söhbət etməli olduq. Dedi ki, şotlanlıların din, vəhhabilik barədə söylədikləri bəhanədir. Davanın əsas səbəbi onların Tərtər rayonunda özbaşınalıq etmələri, heç bir qayda- qanuna məhəl qoymamalarıdır.
Tərtər rayon xəstəxanası
Üstəlik, kiminlə necə istəyirlər, elə də rəftar edirlər:

«BUNLAR DA ZƏNG EDİBLƏR KƏNDƏ, BÜTÜN KƏND ARVADLI-KİŞİLİ HÜCUM EDİBLƏR RAYONA»


«Şəhərdə azğınlıq ediblər. Rayon camaatından da götürməyən olub, irad tutub. Bunlar da zəng ediblər kəndə, bütün kənd arvadlı-kişili hücum ediblər rayona. Qarşıdurma yaranıb, 100-ə qədər adam da rayon camaatı yığışıb qarşıların alıblar. Sonra hücum edib obyektləri dağıdıblar onlar. Eşitdim qardaşımın obyektini dağıdırlar. Ora getdim, istədim mane olam. Məni vurdular. Polisləri, işçiləri, kimi gəldi vururdular. Sonra camaat da qarışdı işə, belə vəziyyət yarandı».

İlqar İbrahimov deyir ki, şotlanlıların vəhhabilik barədə dedikləri cəfəngiyyatdır. Onlar bu fikri ortaya ona görə atıblar ki, diqqəti öz əməllərindən yayındırsınlar.

Onu da deyim ki, İlqarın qardaşı Zülfüqar İbrahimovun tikinti materialları satılan dükanında dağıntının izləri hələ də qalmaqdadır.

Tərtər rayon Polis Şöbəsi
Tərtər rayon İcra Hakimiyyətində ümumi şöbənin müdiri İsgəndər İsmayılov deyir ki, baş verən adi iki adamın söhbətidir. Ona görə də burada münasibət bildiriləsi bir şey görmür. Hüquq-mühafizə orqanları məsələni aydınlaşdırırlar.

XALİQANLIQ İTTİHAMI İL CİNAYƏT İŞİ AÇILIB

Rayon polis şöbəsindən isə bildirdilər ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumatla kifayətlənməli olacaqsınız. Əlavə heç nə deyə bilməzlər. DİN məlumatında isə qısa statistika ilə kifayətlənilir və faktla bağlı xuluqanlıq ittihamı ilə cinayət işinin açıldığı bildirilir.

Tərtər Cümə məscidində də bizi maraqlandıran bir sıra suallara cavab tapa bilmədik. Məscidin axundu Hacı Sadiq orada yox idi. Qapıdakı yaşıl lövhədə isə yazılmışdı ki, məclisə axundun icazəsi olmadan gedən mollalara görə axund məsuliyyət daşımır. İbadət edən gənc bir oğlan isə dedi ki, vəhhabilik barədə deyilənləri bölüşmür. Məscidə gələnlər arasında heç bir ayrı-seçkilik hiss etməyib.

«BURADA DİN SÖHBƏTİ YOXDUR»

Tərtər Cümə məscidi
Sonda baş verənlərə Tərtər sakinlərinin fikrini soruşduq. Dedilər ki, şotlanlılar rayonda yerlilərin əkin sahələrini özbaşına istifadə edir, heyvanlarını otarırlar. Bir şeydən narazı olanda yolu kəsirlər. İndi də obyektləri dağıdırdılar qarşıdurma yarandı. Burada din söhbəti yoxdur. Tərtər camaatının çoxu elə namaz qılır, ibadət edir. Sadəcə obyektlər dağıdılanda camaatda bunun qarşılığın verib.

Sakinlər deyirlər ki, indiyə qədər də rayonda şotlanlılarla digərləri arasında belə problemlər az olmayıb. Sadəcə bu dəfə qarşıdurma böyük olub. Ona görə də hökumət bunun üstünə ciddi düşməlidir ki, belə şey bir də təkrarlanmasın.

İndi Tərtərdə hamı bu hadisədən danışır. Sakinlər deyirlər ki, onları daha çox düşündürən qarşıdurmada ağır xəsarət alan Bəhruz Məmmədovun vəziyyətidir. Əgər ona bir şey olsa, rayonda gərginliyin yenidən artacağından narahatdırlar .
XS
SM
MD
LG