Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:36

Ayətullahın bəyanatı Azərbaycanı qarışdırdı


Ayətullah Məkarim Şirazi
«İnsanların, möminlərin zəkatı, pulları hesabına məscidlər tikilir, sonra da qeyri-qanuni damğası vurub onu sökürlər, yer üzündən silirlər. Bu da ilk növbədə İslama, müsəlmançılığa, həmçinin də Azərbaycanın adına böyük ləkədir. Bütün bunlar xarici qüvvələrin, Azərbaycanı istəməyənlərin əlinə bəhanə verir».

Bu, 2009-cu ilin avqust ayında - Qafqaz Müsəlmanları İdarəsinin qurultayında məscidlərin sökülməsi ilə bağlı səslənən fikirlərdən idi.

İndiyə qədər artıq ölkədə bir neçə məscid sökülüb, yaxud bağlanıb. Bu yaxınlarda isə Ali Məhkəmə «Fatimeyi-Zəhra» məscidinin sökülməsi barədə Apelyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Azərbaycan rəsmiləri dövlətin məscidləri deyil, qeyri-qanuni tikililəri sökdüyünü bəyan edir. Bu günlərdə isə İrandan Ayətullah Məkarim Şirazi Azərbaycan hökumətinə xəbərdarlıq edib ki, məscidlərin dağıdılması davam edərsə, müqavimət fətvası verəcək və bu yolda həlak olanları «şəhid» elan edəcək.

ŞİƏ MÜSƏLMANLARI AYƏTULLAHLARA İTAƏTDƏDİRLƏR

«Tehran Times» qəzeti bildirir ki, Ayətullah Məkarim Şirazi məscidlərin dağıdılmasının dayandırılması ilə bağlı Azərbaycan hökumətinə rəsmi müraciət edib.

Azərbaycanda dini saytlarda və sosial şəbəkələrdə yayılan müraciətdə deyilir:

«Azərbaycan bilməlidir ki, Şiə müsəlmanları «mərceyi təqlidilərə» - yəni şiələrə yol göstərmək haqqı qazanan Ayətullahlara itaətdədirlər və onların qərarlarına uyğun hərəkət edirlər».

HEÇ KİM BAŞQA ÖLKƏLƏRİN DÖVLƏT-DİN MÜNASİBƏTLƏRİNİ AZƏRBAYCANA İDXAL ETMƏK FİKRİNƏ DÜŞMƏMƏLİDİR

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi artıq Ayətullanın fikirlərinə münasibət bildirib. Qurumun mətbuat xidmətinin yaydığı məlumatda deyilir:

«Ayətullah Nasir Məkarim Şirazinin Azərbaycanda məscidlərin sökülməsi ilə bağlı əsassız fikirlər söyləməsi çox təəssüf doğurur. Din xadiminə yaraşdırılmayan və böhtan xarakterli olan bu cür fikirlər qəbuledilməzdir. Məscid adı altında aparılmış qanunsuz tikililərin sökülməsi ilə bağlı qərarlar məhkəmələr tərəfindən qəbul edilib. Bu qərarlara siyasi don geyindirmək yolverilməzdir. Hər kəs bilməli və qəbul etməlidir ki, Azərbaycan dünyəvi dövlətdir və dünyəvi qanunlarla idarə olunur. Eyni zamanda, heç kim başqa ölkələrin dövlət-din münasibətlərini Azərbaycana idxal etmək fikrinə düşməməlidir. Müsəlmanları məzhəblərə bölmək, onları üz-üzə qoymaq heç kimə başucalığı gətirməz».

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
Qafqaz müsəlmanlarının şeyxi Hacı Allahşükür Paşazadə keçən il ədalətin bərqərar olması üçün qanunsuz tikili adlandırılan məscidlərin inşasına icazə vermiş məmurların da cəzalandırılmasını Dövlət Komitəsinin rəhbəri Hidayət Orucovdan xahiş etmişdi. O vaxtdan məscid sökülməsi və bağlanması davam edib. Bu məsələlərlə bağlı məmur cəzalandırılması halları isə müşahidə olunmayıb.

SAFİ GÜLPAYİQANİNİN PREZİDENTƏ MÜRACİƏTİ

Bu yaxınlarda İslam aləminin nüfuz sahiblərindən biri adlandırılan Ayətullahül-üzma Safi Gülpayiqani də Azərbaycan prezidenti İlham Əliyevə müraciət etmişdi. Amma o müraciət Ayətullah Şirazinin müraciəti kimi özündə xəbərdarlıq deyil, daha çox ümid, tövsiyə ehtiva edirdi.

Safi Gülpayiqani «Fatiməyi-Zəhra» məscidinin sökülmə təhlükəsinə toxunub bunun Azərbaycanın nüfuzuna xələl gətirə biləcəyini deyib, İlham Əliyevin ölkə başçısına xas siyasət və tədbirliliklə bu fitnənin qarşısını alacağı barədə əminliyini ifadə etmişdi.

Binəqədi dini icmasının rəhbəri Hacı Mirpaşa Bayramov deyir ki, Ayətullah Məkarİm Şirazi həmin fikirləri «Fatiməyi-Zəhra» məscidi ilə bağlı xahişə əməl olunmadığı üçün səsləndirib. Məqsəd məscid sökülməsinin qarşısını almaqdır:

DÖVLƏTİN QANULARINA MÜDAXİLƏ EDƏ BİLMƏZ

«Ayətullah Məkarim Şirazi müctəhid Ayətullah olmağına baxmayaraq hər halda Azərbaycan Respublikası daxilində bu dövlətin qanunlarına müdaxilə edə bilməz. Amma onun da bir müsəlman alimi kimi yəqin haqqı var ki, bu məsələyə münasibət bildirsin. O da birinci məktub, ikinci isə belə bir hökm formasında münasibət bildirib».

Mirpaşa Bayramov məsləhət görür ki, hökumət Allahın evini yıxmaqdansa, onun sənədinin qaydasına salınmasına çalışsın. Əgər əlbəttə ki, həqiqətən də məscidin sənədində problem varsa...

«Şərq-Qərb» Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Orucluya görə, İrandan səslənən bu fikirlər heç də din təəssübkeşliyindən deyil. Bu dövlətin siyasətində İslam amili alver predmetidir. Və Azərbaycanda da məscidlərin sökülməsi bu günün işi deyil.

«İRANLI AYƏTULLAH AZ QALA AZƏRBAYCANI CİHADLA TƏHDİD EDİR»

O deyir ki, Azərbaycan hakimiyyəti bir neçə ildir ki, Allahsızcasına qanunsuz tikili adı altında müntəzəm olaraq məscidləri sökməklə, bağlamaqla məşğuldur. Məscid sökülməsinin İran Ayətullahının yadına məhz indi düşməsi daha çox siyasətlə bağlıdır. Ərəstun Oruclu istisna etmir ki,
Ərəstun Oruclu
bu yaxınlarda Azərbaycanda səfərdə olan İranın daxili işlər naziri Bakıya hansısa konkret missiya ilə gəlibmiş və buradan istədiyini ala bilməyib. Ona görə də Tehran yenidən siyasi təhdidlərə başlayıb:

«İranın nüvə proqramı ətrafında beynəlxalq həlqə getdikcə daralmaqdadır. Və Azərbaycanı da bu koalisiyaya cəlb etmək israrları hələ də davamlı şəkildə gedir. İranda çox gözəl başa düşürlər ki, Azərbaycan gec-tez məcbur olacaq bu işlərə qoşulmağa. Bu baxımdan İran Azərbaycanı daim təhdid etməklə məşğuldur. Bu da həmin təhdidlərdən biridir və İranlı Ayətullah az qala Azərbaycanı cihadla təhdid edir».

Ərəstun Oruclunun fikrincə, bu təhdidlərin əsas səbəbi İranın Azərbaycan-İsrail münasibətləri, eləcə də ABŞ-ın təhlükəsizlik sahəsində Azərbaycana olan marağının durmadan artmasıdır. Ancaq o düşünmür ki, İran Azərbaycanda belə təhdidləri reallaşdıra bilər. Deyir, əgər İranın imkanı olsaydı, ölkənin bir yerində bunu nümayiş etdirib bəyanatını sonra verərdi ki, effekti olsun.

Cənab Oruclunun sözlərinə görə, Azərbaycandakı dini icmaları İranla bağlamaq, onların bu ölkənin sifarişi ilə hərəkət etmələrini düşünmək də düz deyil. O bildirir ki, Azərbaycan dindarları öz vətənlərinə xidmət edən adamlardır. İrana rəğbəti olan bəzi kiçik qruplar və yaxud dini icmalara yeridilmiş tək-tək adamlar ola bilər ki, onların da Ayətullanın fətvasına uyğun hərəkət etməsi mümkün deyil. Çünki Azərbaycan hakimiyyəti heç bir hüquqa, insan haqqına məhəl qoymadan belə hərəkətlərə adekvat cavab verməyi bacarır və bunu dəfələrlə sübut edib.

Hacı Mirpaşa Bayramov da düşünmür ki, Azərbaycanda belə fətvalar dindarları küçələrə çıxara bilər. Amma deyir ki, hər halda bu cür nüfuz sahiblərinin fətvası ilə hər cür fədakarlıq edə biləcək dindarlar da az deyil və bu ölkədə dini tolerantlığı laxlada bilər.
XS
SM
MD
LG