Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:33

Region teatrları ilə bağlı monitorinqin nəticələri açıqlandı


Sumqayıt Dram Teatrı, oktyabr 2009
Sumqayıt Dram Teatrı, oktyabr 2009
«Bəzən hər şeyi dövlətdən gözləmək düzgün deyil».

Bu sözləri Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyinin regionlarda fəaliyyət göstərən teatrların monitorinqinin nəticələri ilə bağlı keçirdiyi toplantıda millət vəkili Jalə Abbasova söylədi. «Gəlin baxaq görək o teatrın, aktyorların özündə bir təşəbbüs, inkişaf varmı? Repertuarları hansı vəziyyətdədir? Şərt deyil ki, teatrın zalı tamaşaçı ilə dolsun. Bunu başqa şəkildə də həll etmək olar. Məsələn, Milli bayramlar günündə, əhəmiyyətli dövlət bayramlarında o teatrın nümayəndələri özlərini göstərə bilirlərsə, yəqin ki, insanlar onların arxasınca gələcəklər».

DÖVLƏT ƏSƏR YARADA BİLMƏZ!

Millət vəkili region teatrlarının çatışmazlıqlarına cavab olaraq söylədi ki, «dövlət tərəfindən teatrlara qayğı var. Təmir məsələsini dövlət öz üzərinə götürüb həll edəcəkdir. Amma digər tərəfdən dövlət istedad yaratmır. Layiqli sənətkarların əməyini qiymətləndirə bilər. Amma dövlət əsər yaza bilməz, yarada bilməz. Gəlin görək, son dövrlər hadisə ola biləcək bir tamaşaya baxmışıqmı?».

SORĞU NƏYİ ÜZƏ ÇIXARDI?

Ötən dəfə «İz» proqramında monitorinqin nəticələri az-çox əhatə olunsa da, əhali və aktyorlar arasında keçirilən sorğunun nəticələri barədə danışılmamışdı. İB-in rəhbəri Xalid Kazımovun sözlərinə görə, əhalinin 83 %-i teatra getməməyinin səbəbini maddi problemlə və tamaşalar barədə məlumatsız olmaları ilə əlaqələndiriblər. «Aktyorlar isə müəyyən təkliflərlə çıxış etdilər. Birincisi, region teatrlarının maddi-texniki bazasının inkişaf etdirilməsi, ikincisi isə gənc kadrlarla təminat. Gənc aktyorların çoxu ötən əsrin əvvəlindəki kimi teatr fədaisi olmaq istəmir. Onlar hər yerdə bu sözü təkrarlayırdılar:

ACQARINA TEATR FƏDAİSİ OLA BİLMƏRİK!

Sorğunun nəticələrinə görə gənc aktyorlar regionlarda karyera qurmaq, iş tapmaq, yaşayış yeri ilə təmin olunmaq baxımından uğursuzluqla üzləşirlər. «O üzdən də bölgə teatrlarında işləməyə maraq azdır. Ümid edirik ki, mövzunu ictimailəşdirdikdən sonra müvafiq qurumlar problemin həllinə cəhd
Xalid Kazımov
göstərəcəkdir».

BİR AZ DA TEATRA DƏSTƏK OLSUNLAR

Müzakirəyə dəvət olunan Bakı Bələdiyyə Teatrının rəhbəri Amaliya Pənahova teatrlarla bağlı qəbul olunan onillik inkişaf proqramından danışdı. Bakı teatrlarının bərbad vəziyyətində olduğunu, bəzilərinin təmirə dayandığını, bəzilərinin isə artıq təmirdən çıxdığını diqqətə yetirdi. Region teatrlarından da söz açan xalq artisti bölgələrdəki icra başçılarını qınadı. «Abadlığı yaradırlar, bir az da mədəniyyətə, teatra dəstək olsunlar».

ARTİST GƏRƏK AC OLSUN?!

Amaliya Pənahova qeyd etdi ki, dəfələrlə toplantılarda aktyorların məvacibindən söz salanda, başbilənlər söyləyirlər ki, artist gərək ac olsun. O ac olmasa, yarada bilməz! «200 manat maaş alan xalq artisti necə dolansın?». Amaliya xanım rəhbəri olduğu Bələdiyyə Teatrından da danışdı. «Teatrımızda 25 nəfər istedadlı aktyor çalışır. Amma hamısı kirayədə yaşayır, Sumqayıtdan, Hövsandan, Mərdəkandan gəlirlər. Məvacibləri 150 manat...Ailələri, yolpulu...».

AZ QALDILAR TEATRI BAĞLASINLAR...

Böyükşəhər bələdiyyəsi olmadığı üçün ikitirəlikdə qaldıqlarını deyən teatr rəhbəri mədəniyyət nazirliyinin də onlara sahib çıxmadığını söylədi. «Nazirlik deyir ki, mənə tabe deyilsən, sənə status verə bilmərəm. İcra hakimiyyəti deyir, teatr qanunu çıxıb, nazirliyə tabe olmalısınız. Çox danışanda da, az qaldılar keçən il teatrımızı bağlasınlar». Səkkiz ildə teatrda heç kimin ad, təqaüd, ev almadığını vurğulayan direktor, «nə yaxşı ki, teatrımızın 10 illiyində ulu öndərimiz 23 nəfərə fəxri adlar verdi» - deyə özünə təsəlli etdi.

XALQ ARTİSTİNƏ 50 MANAT ƏLAVƏ, ƏMƏKDARA 30 MANAT

Amaliya Pənahova
Bələdiyyə teatrının direktoru bizim aktyorları Hollivud aktyorları ilə müqayisə etdi. «Onların fəxri adlara ehtiyacı yoxdur. Bir filmə çəkiləndə, hətta studiya aça bilirlər. Amma bizdə xalq artistləri 50 manat maaşa əlavə alırlar, 30 manat əməkdar artistlər».

Amaliya xanım paytaxt teatrlarının hər zaman bölgə teatrlarından kadrlar aldığını da söylədi. «Amma indi deyirlər ki, əvvəl mənim məvacibimi təyin et, evimi düzəlt, gəlim işləyim».

TOXUN ACDAN NƏ XƏBƏRİ?

Uzun zamandır ki, bu problemləri dilinə gətirdiyi üçün qınaqlarla üzləşdiyini söyləyən teatr direktoru «bəs bunu kim deyəcək, axı, toxun acdan nə xəbəri? Mən o göz yaşlarını görürəm, vəziyyətin içindəyəm» - dedi. «Gəlin elə edək ki, teatrlarımız paytaxtda da, regionlarda da inkişaf etsin» söylədi.

BELƏ GÖZƏL ÖLKƏDƏ...

Monitorinq keçirən İctimai Birliyin rəhbəri bildirdi ki, problemləri ictimaiyyətin diqqətinə çatdırmağa çalışıblar: «Bu 3 ay ərzində mətbuatda 45 dəfə yazı gedib, AzadlıqRadiosunda 25 dəqiqəlik veriliş («İz» - S.İ.) yayımlanıb. Problemi ictimailəşdirməyə çalışmışıq».

Lakin Amalya Pənahova hesab edir ki, problemləri çölə çıxarmadan, içəridə həll etmək lazımdır. «Mən onun tərəfdarı deyiləm ki, bizi xaric eşitsin (!). Heç kəsə bizim dərdimiz bizdən yaxın ola bilməz. Belə gözəl inkişaf edən bir ölkədə Qarabağ, qaçqın teatrlarımız varkən, problemin üstünə problem qoymayaq. Gəlin öz içimizdə bunu həll etməyə çalışaq. Aləmə car çəkməyək. Onsuz da, onlar bunu eşidib sevinəcəklər. Deyəcəklər, qırın bir-birinizi...».

Amalya Pənahova son mesajın kimin tərəfindən veriləcəyini dəqiqləşdirmədi...
XS
SM
MD
LG