Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 06:47

Bloqlar / Qorxmaz Əsgərov

«Öz millətimin diktatoru»

x
Şriftin ölçüsünü dəyiş - +
Rasim Ocaqovun «Həm Ziyarət, Həm Ticarət» filmində maraqlı bir epizod var: Sadəlövh coğrafiya müəllimi Mustafa İstanbul küçələrində onu aldadıb hər şeyini əlindən almış fırıldaqçı Davudu tutur və oğurlanan mallarını ondan tələb edir. Dava düşür və səsə Türkiyə polisi özünü yetirir. Davud Mustafanı inandırır ki, «milləti biyabır etməmək» naminə Türk polisinə desin ki, heç bir problem yoxdur, onlar zarafat edirlər. Mustafa müəllim də «vətənpərvərlik» nümayiş etdirib oğrunu cəzalandırmaq imkanını əlindən qaçırır.

«MUSTAFA MÜƏLLİM» DİLEMMASI

Bu epizodu ona görə yada saldım ki, Azərbaycandakı rejimin fəsadları barədə xarici auditoriya qarşısında danışan hər bir azərbaycanlı, Mustafa müəllimin dilemmasını həll etməli olur.

Bu gün Azərbaycanda baş verənlər xeyli mənada millətimizin içindəki naqislikləri açıq deyənlərlə bu naqislikləri ört-basdır etmək istəyənlərin mübarizəsidir
Azərbaycanla fəxr etmək istəyən, onunla qürur duymaq istəyən bir adam kimi Azərbaycanda baş verən iyrəncliklərdən danışmaq və bu işi dünya millətlərinin qarşısında etiraf etmək doğrudan da ağrılıdır.

Lakin Mustafa müəllimin təcrübəsi onu da göstərir ki, bu işi görməyəndə də oğru aradan çıxır.

NAQİSLİKLƏRİ GÖRƏNLƏRLƏ ONLARI ÖRT-BASDIR EDƏNLƏRİN MÜBARİZƏSİ

Başqa bir epizod: Vaxtanq Kikabidze Rusiya televiziyasına müsahibə verərkən rus jurnalist qürurlu gürcünü «sındırmaq» üçün ona sual verir: Məşhur gürcü ziyalılarının bir deyimi var: «Gürcüstan, sən tüpürülməyə layiqsən». Siz bu sitatı necə şərh edərdiniz? Halını heç pozmayan Kikabidze deyir ki, bu fikir bir neçə axmaq gürcünün məşhur ziyalı İlya Çavçavadzeni qətlə yetirdiyi münasibəti ilə deyilib. Və dərhal da əlavə edir: Özünə kənardan baxa bilən, öz içində olan iyrəncliklərə tüpürərək mövcud miskinliyinə qarşı üsyan edə bilən millət böyük millətdir. Rusiyalı jurnalist bir daha bu mövzuya qayıtmır.

Bu gün Azərbaycanda baş verənlər xeyli mənada millətimizin içindəki naqislikləri açıq deyənlərlə bu naqislikləri ört-basdır etmək istəyənlərin mübarizəsidir. Açıq danışanlar, müəyyən mənada Mirzə Fətəli Axundovun, Cəlil Məmmədquluzadənin və Mirzə Ələkbər Sabirin davamçılarıdır. Müasir dövrdə bu düşərgənin ən parlaq simalarından biri qətlə yetirilmiş jurnalist Elmar Hüseynovdur. «Azərbaycanlılar – XXI Əsrin Milləti» məqaləsi ilə tanınmış Elmar Hüseynov öz yazısında elə məqamlara toxunurdu ki, həmin məsələlərə bu gün də çoxları toxunmağa cürət etməzlər.

«Ört-basdır» düşərgəsində isə vəziyyət qəlizdir. Bu düşərgədə bir qisim öz mövqeyini səmimi olaraq ifadə edir və şərti olaraq «Mustafa müəlim»in mənəvi davamçılığını edir.

«ÖRT-BASDIR» DÜŞƏRGƏSİNİN SƏMİMİLİYİ

Digər bir qisim öz arqumentlərində qeyri-səmimidir. Azərbaycandakı mövcud vəziyyətdən faydalananlar, yaxud onlara qulluq edənlər demokratiya tərəfdarlarının qarşısına arqument qoymaq üçün Qərb dünyasında baş verən və bəzən heç baş verməyən, lakin uydurulan, bütün assortimenti ortaya qoyur.

Məsələn, deyəndə ki, demokratik ölkələrdə vətəndaşlar insan kimi yaşayırlar, qanun var, qayda var, hökumət camaatı soymaq üçün yox, onun rifahına xidmət etmək üçün fəaliyyət göstərir, cavab özünü ləngitmir:

Amerika ərəbləri qırır, İsveçrə məscid minarələrini qadağan edir, Almaniyada bir neçə neo-faşist müsəlman qadını təpikləyib öldürdü və s.

Naqislikləri tutmaq lazımdır, ifşa etmək lazımdır. Asan iş deyil bu. Gizlənməyə çalışacaqlar və bunu edərkən hər bir azərbaycanlının ən müqəddəs hesab etdiyi mənəvi dəyərlərin arxasına sığınmağa çalışacaqlar
Bu qisim müəyyən mənada SSRİ ideoloqlarının mənəvi varisləridir. Soyuq müharibə dönəmində SSRİ-də azadlığın yoxluğu arqumentinə qarşı qoyulan arqumentlər sırasında Fələstin məsələsindən tutmuş, Amerikanın qaradərili əhalisinin hüquqlarına qədər bütün məsələlər yer alırdı. SSRİ qeyri-effektiv idarəçiliyi ucbatından dağıldı, ABŞ isə durur və inkişaf edir. Bu qismi ciddi polemikaya cəlb etmək mənasızdır. Mükalimədən həqiqət axtarışı yox, öz sistemlərinin müdafiəsi məqsədi ilə yararlananları heç bir arqument heç nəyə inandıra bilməz.

DANIŞA-DANIŞA SUSAN «VƏTƏNPƏRVƏRLƏR»

Əhəmiyyət verilməsi mənasız olan daha bir qisim mövcud reallıqlara qarşı çıxmaqdan qorxanları əhatə edir. Onların «vətənpərvərliyi» öz qorxularını maskalayan bir vasitədir. Dəyərli Azərbaycan jurnalistlərindən biri bu qisim adamların hərəkətlərinə yaxşı bir ad qoyub – «danışa-danışa susmaq».

Doğrudan da görürsən ki, cəmiyyətdə baş verən ədalətsizliklər fonunda biri televiziyaya çıxıb asır-kəsir və danışır ... Cənubi Azərbaycan barədə, yaxud «Borçalı dərdi», milli soyadlar məsələsi və s. bu kimi mövzularda. Adam güya danışır və güya hətta nəyəsə etiraz edir, amma əslində danışmır, susur, çünki danışmağa qorxur.

Onları «vətənpərvər» edən səbəb qorxu olduğundan, həmin səbəb aradan qalxmayınca onları hansısa arqument inandıra bilməz ki, cəmiyyətimizdə ədalətsizliklər var, onlar anormal həddə gəlib çatıb, buna qarşı mübarizə aparmaq lazımdır və s. Axı bu adam çaşıb arqumentləri qəbul etsə, sonra gərək vuruşa. Bəs qorxu hissi necə olsun?

MİLLƏTÇİ «MUSTAFA MÜƏLLİM»LƏR


Mustafa müəllimin davamçıları isə başqa məsələ. Onlarla söhbət etməyə dəyər və onlarla söhbət etmək lazımdır.

«Millətçilik rəzil adamların ən son sığınacağıdır» deyiminə qarşı uzun müddət bir daxili müqavimət olub içimdə.

Axı millətçiliyin nəyi pisdir? Ən azı bir insanın özündən başqa da kimisə düşünməsini ifadə edən bu ideya niyə görə rəzil adamların sığınacağına çevrilməlidir? Məgər vətənini sevmək pis şeydir?

Yox, bu ideya pis olduğuna görə onun arxasında gizlənmirlər, əksinə məhz yaxşı olduğuna görə belə olur.

Azərbaycanda seçki saxtakarlığı baş verəndə, insanların seçmədikləri adamlar onlara rəhbərlik edəndə, həmin rəhbərlik xalqın malını-pulunu mənimsəyəndə və həmin xalq da bu adamlardan onun hesabını istəyəndə bu adamlar nəsə deməlidirlər. Və deyirlər də.

QƏRBİ TƏNQİD ETMƏKLƏ ACI REALLIQLARI GİZLƏDİRLƏR


Niyə biz gözümüzün önündəkiləri görə-görə «vətən naminə» barışdırıcı ton tutmalıyıq?
Deyirlər ki, Qərbin bizi gözü götürmür, çünki müstəqilik; xristian dünyası üstümüzə hücum çəkib bizi yıxmaq istəyir ki, Qarabağı ermənilərə versin; bizi yıxmaq istəsəniz ortaya qarışıqlıq düşər və ermənilər hücum edib torpqlarımızı əlimizdən alarlar; Azərbaycanda demokratiya qursanız, milli adət-ənənə ayaqlar altına düşər və homoseksuallar ölkəni bürüyər; bizə Qərb dəyərləri lazım deyil, biz müsəlmanıq və s. Bu adamların deyə biləcəklərinin sərhədi yoxdur.

Məqsəd isə reallıqları gizlətməkdir. Reallıq isə budur ki, ölkə uzun müddətdir ki, xalqın seçmədiyi hakimiyyət tərəfindən idarə olunur; ölkə korrupsiya burulğanındadır; məmur-oliqarxlar Azərbaycan xalqının səfaləti üzərində milyardlar toplayıblar; haqqında geniş demaqogiya gedən Qarabağ torpaqlarının isə bir qarışı belə geri qaytarılmayıb; məscidlərə ən əcaib qadağalar məhz Azərbaycanda qoyulur; Avropa Şurasının tələbləri içində Azərbaycan hökumətinin qəbul etdiyi hüquqi islahat homoseksuallığın leqallaşdırılması olub, rədd etdiyi hüquqi islahat isə seçki komissiyası islahatları olub. Siyahını artırmaq da olar.

Niyə biz gözümüzün önündəkiləri görə-görə «vətən naminə» barışdırıcı ton tutmalıyıq?

TƏNQİD VƏ DİALOQ

Azərbaycanın müxalif yönümlü qəzetlərinin birində bir neçə ay öncə maraqlı material oxumuşdum. Qəzet səhifələrində Azərbaycan hökumətini bütün sadalanan naqisliklərdə suçlayan müəlliflərdən biri yazırdı ki, yeri gəlsə, həmin bu hökumətin əmrində Qarabağ uğrunda döyüşməyə hazırdır. Mustafa müəllimin şəkli canlandı gözümün önündə.

Azərbaycanın ana müxalifəti belə, ölkədə korrupsiya piramidasının olduğunu, ölkənin bütün siyasi rəhbərliyinin bu piramidaya başçılıq etdiyini idda edir və... deyir ki, həmin bu hökumətlə ümummilli məsələlərdə dialoqa hazırdır. Mən sadəcə həmin bu dialoqu təsəvvürümdə canlandırmaq istədim və yenə də Mustafa müəllimlə Davudun məşhur dialoqundan başqa bir şey gəlmədi ağlıma.

Naqislikləri tutmaq lazımdır, ifşa etmək lazımdır. Asan iş deyil bu. Gizlənməyə çalışacaqlar və bunu edərkən hər bir azərbaycanlının ən müqəddəs hesab etdiyi mənəvi dəyərlərin arxasına sığınmağa çalışacaqlar, Qarabağ məsələsindən tutmuş, Azərbaycanın təhlükəsizliyi və hətta islami dəyərlərə qədər. Azərbaycan bu gün onun adından danışıb hər cür əyri işlərdə adı keçən 5-10 nəfərlə eyniləşdirilməməlidir. Həmin adamlara qarşı çıxmaq da Azərbaycana yox, məhz həmin adamlara zərbə vurur.

NAXÇIVAN VASİF TALIBOVDUR, YOXSA HÜSEYN CAVİD?

Daha kiçik müstəvidə eyni məntiq regionçuluq söhbətinə də aiddir. İstəyirlər ki, naxçıvanlı deyəndə göz önünə 50-60 məlum tip adamlar gəlsin. Lakin naxçıvanlılar Vasiv Talıbov, yaxud Azərbaycanın müxtəlif rayonlarına cəza aparatı rəhbərləri qismində göndərilən bir ovuc Naxçıvanda anadan olmuşlarla eyniləşdirilə bilməzlər.

Naxçıvan böyük Hüseyn Caviddir, Əbülfəz Elçibəydir və ən nəhayət Rza Nuriyevdir. O Rza Nuriyev ki, ağsaqqal yaşında özündən güclü zülm aparatına qarşı illərlə döyüşdü, Bənənyar hadisələrinə görə şərlənərək həbs olundu, həbsdən buraxılandan bir ay sonra isə aldığı zədələrdən dünyasını dəyişdi və son mənzilə Azərbaycan bayrağına bürünmüş tabutda getdi.

Vətəni sevməkdə qəbahət yoxdur. Söhbət vətəni «vətənpərvərliyi» biznesə çevirmişlərdən xilas etməkdən gedir.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (3)
    Növbəti 
Kimdən: Bakir Haradan: baki
13.04.2010 21:37
Cox gozel deyirsen

Kimdən: kanadali Haradan: canada
13.04.2010 20:45
Chox sag ol Qorxmaz, ureyimizden xeber verdin. biz de galmishiq bele bir dillema qarşısında. Azərbaycanı tənqid edən kimi özümüzünkülər bizə pis baxır ki, bəs Azərbaycanın adını biyabır edirsiniz.

Kimdən: Qızılüzən Haradan: Bakı
08.04.2010 12:04
Bu yazını yazanın beyninin surətini çıxarıb təcili Azərbaycana yaymaq lazımdır. İkicə günə bütün problemlərdən xilas olarıq.

Kimdən: Gumrah Haradan: Moskva
07.04.2010 23:30
Fikirlerinizle tamamile raziyam ,Qorxmaz bey! Deyirler her bir xalq oz hakimiyyetine layiqdir. BIZIM XALQ bu hakimiyyetemi layiqdir? Xeyr!!! Hec olmasa ona gore ki menim xalqimin seviyyesi genis menada bu hakimiyyetin seviyyesinden yuksekdir. Bes Ne etmeli? Beli, susmamaliyiq! Naqisliklerin, eybecerliklerin ustune getmeliyik.

Kimdən: loyal Haradan: Baku
06.04.2010 11:07
Ele bilirsiniz ki, xarici qurumlara shikayet etdinizse, her shey duzelecek??? 15 ilden coxdur xaricilerle ishleyirem. onlarin hec vecine de deyil ki, Azerbaycanda kim-kimin haqqini yeyir. Her dovletin oz maragi var burda ve onlar da sabitliyin terefdaridir. Gelin bir az da burnumuzdan uzagi gorek. Bele chixir ki, sen oz evinde qayda-qanun yarada bilmirsen ve dogma qardashindan qonshuya shikayet edirsen. Hech vaxt ola bilmez ki, qonshu senin qardashini sen istediyinden chox istesin. Bacarirsansa, ireli dur, liderlik et, inandirmagi bacar ve gel hakimiyyete, idare et. Bacarmirsansa, kenarda qeybet edib, shikayet etme.

Kimdən: Haciali Salayev Haradan: Norvech
05.04.2010 13:24
Dogru fikilerdir.Lakin Milletchilik yaramaz adamlarin axirinci siginacagidir.fikrini men bele gebul edirem.Dahi Nizami Gencevinin dediyi kimi demesemde fikirlerini chatdiracagam.Hetta mualicevi suda artig ichildikde zerer verir.Her bir insan oz milli maraglarini nezere alarag o birilerinin milli maraglarina zerer vermemelidir.Bunu bashga analogiyasinin da mesel getirerdim.I.Aliev oz xoshbextliyini bashgalarinin bedbextchiliyi ustunde gurur.Deyirler Bashina gelen bashmakchi olar.Bu milletin Alievden gordukleri bashlarina gelibse,haggsizligi ozlerinde hiss ediblerse,o biri milletlerin zererine oz milletchilik siyasetini aparmamalidir.Onlarda insandir.Lakin hech kime de imkan vermemeliyik ki, bizim millete garshi oz menfur milletchilik siyasetlerini gursunlar.Bele olan halda axirinci megam hugugundanda istifade etmek olar!
Cavab

Kimdən: mode Haradan: bakidan
25.04.2010 01:59
Milletciliyi qebul etmeyen insanin ne veteni, ne milleti olmaz. Hemen adam manqurt olar. Sizin kimi adamları ermeniler soyqırım üçün "şüursuz ət" sayırlar.

Kimdən: Abdul Haradan: norvec
05.04.2010 12:14
Yaziya gore tesekkurler. Amma ``ne etmeli?`` suali yene aciq qalir. Men bir nece defe milletin maariflenmesi ucun xaricde peyk telekanali yaratmaq teklifini vermisem, amma nedense hec bir reaksiya yoxdur. Nezere almaq lazimdirki, televiziya goren isi hec bir basqa KIV ede bilmir. Milletin boyuk bir hissesi eyri yasamagi normal qebul edir. Hazirliqsiz millete demokratiya catmir, Elcibey donemini niye xatirlamirsiniz. Deselerki TV acmaq mumkun deyil, onda kurdler ne cur aciblar bir nece kanal Turkiyeye qarsi tebligat aparirlar.

Kimdən: Fuad Haradan: UAE
05.04.2010 11:03
Teshekkurler Qorxmaz bey.Bes xilaskar kim olmalidir?Daha dogrusu biznesi "vetenperverliyi" yeni vetene qaytarmagin yollari nedir?
Cavab

Kimdən: Qorxmaz Əsgərov Haradan: Vaşinqton
05.04.2010 12:49
Soljenitsın deyirdi ki, hərə bir az vicdanlı olmağı bacarsa bəsdir. Fikrimcə, haqqla nahaqqın sərhədinin itdiyi yerdə birinci addım maskaların yırtılmasıdır. Qoy hamı görsün ki, kim kimdir. Qalanı asandır. İndi cəmiyyətimizi bürüyən nahaqqın özünümüdafiə forması öz aramızda gizlənməkdir. Guya bunlar da bizim dostlarımızdır, sadəcə fərqli düşünürlər. Yenə də hər şey qayıdır maska söhbətinə :-)

Kimdən: beneniyarli Haradan: london
05.04.2010 10:02
Cox sag olun ki Beneniyarlilari yaddan cixarmirsiniz.
Teesufler ki insanlar bilmir Riza bey gillere ne zulumler edilib. XX1-ci esirde insanlarla hansi motivlerle ve hsnsi metodlarla is genceler verilir. Bunlarin fikrince bunlar bu torpaga sahibdir bizse ozunu yaxshi aparmajan qullar....

Kimdən: On doqquz Haradan: Bakı
05.04.2010 09:16
Yenə də Qorxmaz bəy! Son vaxtlar mədhiyyə demək o qədər adi hal olub ki insan kiminsə hərəkətinə, fikirlərinə içindən gələn müsbət münasibətləri bildirmək istədikdə bir az ehtiyat edir. Ölkədə tərif ikrah səviyyəyə çatdığı üçün. Sag olun ki, həmişə yazılarınızla əslində insanları narahat etməli məsələlərdən yazırsınız, bəzilər kimi dini, milləti pisləməklə kim(lər)insə xoşuna gəlmək xətrinə yox.(məddahlığın digər forması)
Səhifə (3)
    Növbəti