bazar, Avqust 31, 2014 Bakı vaxtı 05:31

Verilişlər / Kontekst

«Oxu məni» qəzeti dövlətçiliyi təbliğ edəcək

«Oxu məni» qəzeti«Oxu məni» qəzeti
x
«Oxu məni» qəzeti
«Oxu məni» qəzeti

Multimedia

Səs
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun növbəti qrant ayırmaları yenə qalmaqala səbəb olub. Müsabiqənin nə az, nə çox 28 qalibi var. Amma bu qaliblərin adını eşidəndə çoxları təəccüblənib.

Beş istiqamətdə elan olunan müsabiqənin qaliblərindən 14-ü qəzet redaksiyaları, 5-i informasiya agentlikləri, 9-u isə jurnalist təşkilatlarıdır. Müsabiqənin qaydalarına əsasən hər istiqamət üzrə ən çox bal toplayan beş layihə qalib hesab edilib. Qaliblər arasında «Yeni Azərbaycan», «Azadlıq», «Yeni Müsavat», «Zerkalo», «Oxu məni» və s. qəzetlər var.

«FOND BÜDCƏYƏ BAHA BAŞA GƏLİR»

«Şərq» qəzeti müsabiqədən qalib çıxmayanlardandır. Qəzetin baş redaktoru Akif Aşırlı deyir ki, layihələrə qrantların ayrılması zamanı ədalətli seçim aparılmayıb. Akif Aşırlı hesab edir ki, Fond büdcəyə baha başa gəlir.

«Fondda ədalətsiz seçimlər aparılıb. Daha əhəmiyyətli layihələrin maliyyələşdirilməsindən bəzi ictimai rəyə malik olan nəşrlər kənarda qalıb. Bu, bilərəkdən edilmiş və planlı həyata keçirilmiş bir siyasətdir. Bundan başqa fonda ayrılan 1 milyon 350 min manat vəsaitin 350 min manatı fondun aparatının saxlanılmasına sərf olunur. Bu vəsaitlə 6 ayda 10-15 qəzetin layihəsini həyata keçirmək olardı».

Demokratik jurnalistika məktəbinin sədri Rövşən Hacılı deyir ki, fondun qrantları obyektiv seçim əsasında ayırması şübhə doğurur.

«Açıq-aydın görünür KİV-ə Dəstək Fondunda təmsil olunanlara yaxın adamlara, qəzetlərə qrantlar ayrılıb. Elə qəzetlər var ki, cəmiyyətdə onu kim tanıyır, necə tanınır, bu qəzetin əhatə dairəsi nə qədərdir ki, elə layihələr həyata keçirsin. Fərdi jurnalist yazılarını izləmişəm mən jurnalist olaraq bu yazılara 100 manat qonorar vermərəm, həmin yazıya min manat veriblər».

QİYMƏTİ EKSPERTLƏR VERİR


«Şərq» qəzetinin baş redaktoru Akif Aşırlı
Prezident yanında KİV-ə Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədri Umud Rəhimoğlu deyir ki, qalib gələn layihələr ekspertlərin rəyi əsasında dəyərləndirilir və burada qeyri-qanuni heç bir hərəkətə yol verilə bilməz:

«Daxil olan layihələr ekspertlərə təqdim olunur və onlar tərəfindən dəyərləndirilir. Layihələrin qalib olması proseduranda müxtəlif ekspertlərin verdikləri rəy əsas rol oynayır».

Onun sözlərinə görə, ekspertlər media sahəsində tanınan Ramiz Əsbər, Cahangir Məmmədli, Müşfiq Ələsgərlidir.

Hüquqşünas İntiqam Əliyev isə deyir ki, qrantların ayrılması zamanı KİV-ə Dövlət Dəstəyi Fondunun nizamnaməsində, eləcə də Fondun fəaliyyətini tənzimləyən sənədlərdə qeyd olunanlar pozulur. Belə ki, Fondun saytında yalnız müsabiqədə qalib olan layihələr haqda qısa məlumatlar yerləşdirilib, ümumilikdə müsabiqəyə təqdim olunan layihələrin sayından başqa heç bir məlumatlar yoxdur. İntiqam Əliyev vurğuladı ki, ötən iki müsabiqə ilə bağlı heç bir məlumatın hələ də ictimaiyyətə açılmamağı Fondun nizamnaməsinin 1-ci və 5-ci bəndlərində göstərilənlərə ziddir. Onun sözlərinə görə, digər pozuntu isə:

«Mart ayında keçirilmiş qrant müsabiqəsində 9 jurnalist təşkilatına qrantlar ayrılıb. KİV-ə Dövlət Dəstək Fondunun nizamnaməsində, eyni zamanda onun fəaliyyətini tənzimləyən digər sənədlərdə söhbət KİV-ə dəstəkdən gedir. Hətta media sahəsində çalışan təşkilatlar belə KİV deyil, onlar ictimai birliklərdir».

PREZİDENT NECƏ, FOND DA ELƏ


İntiqam Əliyev deyir ki, vətəndaşların vergisi hesabına formalaşan dövlət büdcəsinin vəsaitləri ictimai ehtiyaclara sərf edilməli olduğu halda Azərbaycanda bu əksinədir.

İntiqam Əliyev
«Cəmiyyətdə nüfuzu olmayan, media sahəsində heç bir sözü olmayan, əksinə medianın prinsiplərinə zidd fəaliyyət göstərən qəzetlərin adlarının qrant alan qəzetlərin sırasında görəndə adam təəccüblənir. Bu bizim vergilərimiz hesabına formalaşan dövlət büdcəsinin vəsaiti ilə ölkə prezidentinin bir toyu 3 minə, 5 minə, 10 minə gedən müğənniyə mənzil verməsinə oxşayır».

DÖVLƏTÇİLİYİN TƏBLİĞİ…«OXU MƏNİ»...12 MİN MANAT

Müsabiqədən qalib çıxan «Oxu məni» qəzetinin baş redaktoru isə seçimdən razıdır. Qəzetə 12 min manat verilib ki, Azərbaycanın dövlətçilik tarixini, milli adət-ənənələrini, elm və mədəniyyətini təbliğ etsin. Amma sözügedən vəzifə qəzet üçün yeni olacaq. İndiyə kimi qəzetin mövzu dairəsi bir qədər fərqli olub.

«Oxu məni» qəzetinin baş redaktoru Natiq Qocamanlı:

«Bizim qəzet siyasətdən, elmi-iqtisadiyyatdan uzaq, fiziki şəxsin mənəvi, psixoloji cəhətdən formalaşması üçün, ailə-məişət, cəmiyyətdə olan problemləri əks etdirir. Yəni siyasətdən, elmi nəzəriyyələrdən, elmi iqtisadiyyatdan uzaq bütün sahələri əks etdirir».

«Oxu məni» qəzetinin qəzet köşkündən aldığımız son sayı hələ qrant müsabiqəsinin nəticələri elan olunmazdan əvvəl işıq üzü görmüşdü. Qəzet baş redaktorun dediyi kimi, həm siyasətdən, həm də elmdən uzaqdır. Oxu məni qəzetindən öyrəndik ki, şou biznesdə «Xoruz» sözü yenə dəbə düşüb», «Rəqqasə Sevda isə yenə iş başındadır». Bu qəzetdə həmçinin bir qoşa səhifə özünə dost, rəfiqə və ömür-gün yoldaşı axtaranların elanlarına həsr edilib.

«OXU MƏNİ» ETİMADI DOĞRULTMAQ ƏZMİNDƏDİR

O ki qaldı qəzetin Azərbaycanın dövlətçilik tarixini, milli adət-ənənələrini, elm və mədəniyyətini təbliğ etmək potensialına, Natiq Qocamanlının sözlərinə görə, qəzet dövlətin iqtisadi etimadını doğrultmaq üçün hətta fəaliyyət dairəsini genişləndirmək niyyətindədir.

«Azərbaycanın unudulmuş və ya davam etdirilən milli adət-ənənələrin yaşadılması üçün, nəsildən nəslə ötürülməsi üçün məqalələr yazmaq, broşuralar çıxarıb təşkilatlara, idarələrə, məktəblərə maarifləndirmək üçün təmənnasız paylamaq, konkret məsələləri müzakirəyə qoymaq və həllinə çalışmaq nəzərdə tutulub. Əsas olaraq təbliğat ədəbiyyatının nəşri olunacaq».

Bu, «Oxu məni» qəzetinin Dövlət Dəstəyi Fondundan aldığı ikinci qrantdır. Natiq Qocamanlı deyir ki, ötən müsabiqədə də ölkədəki olimpiya idman komplekslərinin qurğularının vəziyyətinin öyrənilməsi, problemlərin müəyyənləşdirilməsi üçün 15 min manat vəsait alıblar.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Moskva
27.03.2010 12:36
Gor bu hokumet 100 manata da goz dikir Deyilesi hec bir soz yoxdur

Kimdən: Ədalət Haradan: Baki
26.03.2010 14:18
Duzdu də belə iqtidarl ancaq "oxu məni" təbliğ edə bilər. Özləri də bilmədən özlərinə vedra bağlayırlar...

Kimdən: Teymur
24.03.2010 10:51
Respublikada məhşur nə qəzet nə peşakar nədəki məhşur redaktor olmuşdur.Məhşurlar göz qabağında olub bir qurub xalqın yerdə qalan sərvətini talan etdib yaradılan fondun əli ilə mənimsənilməsi təşkil edilir. Məhşur və peşakar fəkət AZADLIQ radiosudur.Belə olmasaydı bunlara qarşı həmişə təzyiqlər davam etməzdi.Kecmiş Sovetlər birliyi bu AZADLIQ qədər Medyaya qəddar münasibət bəsləmirdi.Bununla belə verlişlərində həmişə Sovetlər birliyini tənqid etməkdən cəkinmirdi.Gündəlik cıxan qəzetlərin Təsisciləri və baş redaktorları həqiqətən bəziləri jurnalistikanı qurtarmağına baxmayaraq İKİ EŞŞƏYİN ARPASINI BÖLƏ BİLMİR. Dövlətin səviyyəsidə belə qəzetlərlə ölcülməsini özü təsdiq etdi. Əhsən bu Dövlətə və onun Prezidentə..

Kimdən: Redaktor Haradan: Nəşriyyat
23.03.2010 21:46
Hələ uzaq 1999-cu ildə məşhur qəzetlədrən birinin məşhur redaktoru bu qəzeti "Soyundur məni" adlandırmışdı...

Kimdən: 80BAR Haradan: Baki
23.03.2010 19:37
"Oxu Meni " kimi ikinci seviyyesiz Qazet hele rastlmamadim...
Belke de ona gore ki, umumiyyetle bu tip qazetlerle maraqlanmiram...Bir defe qabagima necese cixmmisdi...