Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:08

Qadın soyadlı əsl kişi


Kamandar Şərifli
Kamandar Şərifli
Soyadları ulu babaların adını yaşadar. Keçmiş zamanlar kişi cinsinə üstünlük tanıyıb, axı. Amma bəlkə Şəkidə deyil, Azərbaycanda deyil, bütün dünyada istisna bir soyadı da var—qadın adından başlanğıcını götürən Xalisəqarızadə soyadı.

Bu radiodastanda Xalisə qarının izinə düşdük. Amma dastanı onun ulu nəvəsinin—üləma, müəllim, kitabşünas kimi ad çıxarmış Əbdülqəni Əfəndinin adına bağladıq. Beləliklə, AzadlıqRadiosunun efirində yeni dastan səslənir. Bu «İz» Xalisəqarizadə, yəni Xalisə qarı soylu Əbdülqəni Əfəndinin olsun dedik və «Qadın soyadlı əsl kişi» dastanını hazırladıq.

Xalisəqarızadə irsinin araşdırıcısı M.Füzuli adına Əlyazmalar İnstitutunun ərəbdilli əlyazmalar şöbəsinin müdiri, tanınmış mətnşünas, filologiya doktoru Kamandar Şərifli bu «İz»də yardımçımız oldu.

--Kamandar müəllim, bu nəslin kökü haradan gəlir?


-- Bu nəslin kökü Şəkidəndir. Özü də, çox ziyalı nəsil olubdur. Ziyalı kimi yetişməsində əvvəlki nəsillərin rolu olub. Xüsusən, Xalisə qarının bu nəslin inkişafında, elmə yiyələnməsində və ziyalı kimi ortaya çıxmasında əməyi böyükdür. Ona görə də, bu xanımın adını özlərinə soyad götürüblər. Xalisə 8 yaşında olarkən, atasının Şamaxıdan qonaqları gəlibmiş. O da, atasının yanında oturubmuş. Qonaqlardan birisi kiminsə etibarsızlığından şikayətlənəndə, uşaq qayıdır qonaqlara Aşıq Qurbaninin bir şeiri ilə cavab verir:

Söylə dərdin bilənlərə,
Dərd başına gələnlərə,
Hər üzünə gülənlərə
Etibar eyləmək olmaz!

Uşaqdan bu şeirləri eşidən qonaqlar mat-məəttəl qalır. Qonaqlardan biri qalxıb uşağın üz-gözündən öpür və atasına məsləhət görür ki, ona müəllim tutsun, təhsi versin, çünki çox istedadlı qızdır. Atası elə də edir. Ona yaxşı təhsil verir. Xalisə aşıq poeziyası ilə çox maraqlanırmış. Hətta «Anamın kitabı» deyilən bir kitab tərtib edibmiş, orada aşıq şeirlərini toplayıbmış. Təəssüf ki, o əlyazma bizə gəlib çatmayıb. Xalisə qarı yaşadığı müddətdə çoxlu kitablar toplayıb. Ailə quranda, kitablarını da özüylə aparıb. Sonralar onun kitabxanasını nəvəsi Əbdülqəni Əfəndi Xalisəqarızadə inkişaf etdirib və böyük bir xəzinə yaradıb.

--Kamandar müəllim, kitabınızda Aleksandr Dümanın Əbdülqəni Əfəndiylə görüşündən də yazmısınız. O görüşü danışın dinləyicilər eşitsin.

--Aleksandr Düma XIX əsrdə Qaqaza gələrkən, bu kitabxanada da olub. Amma nədənsə, bunu «Qafqaza səyahət» əsərində yazmayıb. O kitabxanadan hətta 4 əlyazma kitabı da götürübdür. Əbdülqəni Əfəndi əvvəlcə kitabları vermək istəmir, ancaq Şəkinin kitab ticarəti ilə məşğul olan tacirləri öz dillərindən kağız verirlər ki, əlyazmalar istifadə olunduqdan sonra geri qaytarılacaqdır. Kitablar, təbii ki, bir də qayıtmır... Dəqiqləşdirdiyimizə görə, o kitabların içində «Kitabi-Dədə Qorqud»un bir nüsxəsi də olub. Əbdülqəni Əfəndi onu Dümaya verməyib. Deyib ki, o yeganə nüsxədir, verə bilmərəm. Mən araşdırma apardım, öyrəndim ki, həmin nüsxə kitabxanada qalıbmış. Sonradan bu kitabı oradan Salman Mümtaz götürüb. Ümumiyyətlə, bu kitabxanadan Vəli Xuluflu və Salman Mümtaz çoxlu kitablar aparıblarmış təsqiqat məqsədi ilə. Təəssüflər olsun ki, onların başına gələn müsibətlər nəticəsində (hər ikisi 1937-də güllələnib-S.İ.), özləri kimi, topladıqlarıl da məhv olub...

-- Belə çıxır «Kitabi-Dədə Qorqud» itib... Kaş Dümaya verəydi!

--Mən bir vaxtlar məqalə yazmışdım, orada elə siz deyən kimi deyirdim ki, kaş o kitabı Aleksandr Düma aparaydı! Aparsaydı, o qalardı...

--Görəsən apardıqlarından qalan varmı?

--Adları məlum olmadığı üçün taleyi də məlum deyil. «Dədə Qorqud»a gəlincə, hələ 1974-cü ildə Əbdülqəni Əfəndinin nəticəsi sağ idi—Əbdülkərim İmanzadə--o mənə bunları danışmışdı. Ümumiyyətlə, bu zəngin kitabxanada olan çox şeylər bizə çatmayıb. İki onillik ərzində mən ölkə ərazisində axtarış aparmışam, ili min əlyazmasını toplamışam. Çünki Əbdülqəni Əfəndinin kitabxanası ümumi kitabxana kimi fəaliyyət göstərib. Heç kəsdən də buna görə heç nə almazmış. Görün, nə qədər maarifpərvər insan olub ki, öz puluna topladığı kitabları başqaları ilə paylaşırmış. Onun kitabxana dəftərini tapmışam. Orada ilbəil qeydlər aparırmış ki, kimə hansı kitabı verib.

--Dümanın adı varmı orada?

-- Dümanın adı? Yox, yoxdu...Yerli oxuculardan söhbət gedir.

--Nələr var kitabxana dəftərində?

-- Oxucu götürdüyü kitabı geri qaytardıqdan sonra, Əbdülqəni Əfəndi onun adının üstündən xətt çəkib. Əgər kitabxana dəftərində kiminsə adı qaralanmayıbsa, demək o kitabı qaytarmayıb. Əbdülqəni Əfəndi oxucuların səhlənkarlığı nəticəsində onun bəzi nəfis və qiymətli kitablarının itirilərək geri qaytarılmadığından, bəzilərinin isə bərbad hala salındığından şikayətlənib. Ona görə də, kitabçı yazdığı şeirlərdə öz oxucularından kitabı sevməyi, mühafizə etməyi, onu nadan əlinə verməməyi xahiş edib. Bu adam elə bil gecələr də yatmırmış. Əlyazmalarının birində yazır ki, qələmimi saxlayıb başımı qaldırdım ki, artıq gecəyarıdan çoxdan keçib. Baxdım ki, oğlum Abdulla da oturub yazır...Yəni bu insan ömrünü bu işə həsr etmiş fanatik olub. Həm də, bu kitabları xalq üçün toplayırmış. Əbdülqəni Əfəndi Şəkinin məktəblərində, mədrəsələrində dərs deyib. Onun dərslikləri var. Çox şükür ki, onu tapmışıq. Dərsliklər indi bizim Əlyazmalar İnstitutunun Fondunda saxlanılır. Çox dəyərli dərsliklərdir. Elmin müxtəlif sahələrinə aid məlumatlar toplanıbdır. O bir sıra əsərlər də yazıb, birbaşa təhsillə bağlı.

--Düma kitabına salmayıb, bəs müasirlərindən kimlər xatırlayır Əbdülqəni Əfəndini?

--1843-cü ildə Əbdülqədir Əfəndi A.A.Bakıxanovla görüşüb. Onda hələ cavanmış. Görün, nə qədər nüfuz qazanıbmış ki, Bakıxanov onunla tanış olmaq istəyib. Onunla Azərbaycanda təhsili, məktəblərin-mədrəsələrin vəziyyətini müzakirə edibdir. Əbdülqəni Əfəndi Abbasqulu Ağanın «Qanuni-Qüdsi» əsəri barədə fikirlərini, hətta tənqidi qeydlərini söyləyib və Bakıxanov bunları məmnunluqla dinləyib, qəbul edib.

--Daha hansı sahələrlə maraqlanıb Əbdülqəni Nuxəvi-Xalisəqarızadə?

--Marifçilikvə elmi fəaliyyətlə yanaşı, Azərbaycanda mətnşünaslıq elminin formalaşmasında böyük rolu olub. Onun və Mirzə Kazım bəyin fəaliyyəti sayəsində Azərbaycanda mətnşünaslıq bir sahə kimi formalaşıb. Bir tərəfdən alıb toplayırmış. Şərqölkələrinə səfər edirmiş. 1872-ciildə Həcc ziyarətinə getdiyi zaman, Məkkədən, Mədinədən, Qahirədən, İskəndəriyyədən, İstanbuldan külli miqdarda kitab alıb gətiribmiş. Kitabları toplamaqla, almaqla, yığmaqla bərabər, həm də üzünüğzü köçürümüş. Kitabxanasın zənginləşdirmək üçün. Eləcə də mübadlə yolu ilə kitabxanasını zənginləşdirirmiş. Kitab çapçılığı işi ərəb qrafikası ilə bizdə əsasən X1X əsrdən başlayıb. XVIII əsrdə çıxan bir neçə kitabı saymasaq. Kitablar litoqrafiya üsulu ilə məhdud şəkildə çap olunurdu. Odur ki, əlyazmaya böyük ehtiyac var idi. Əbdülqəni Əfəndi də, köçürməklə, toplamaqla, mübadilə ilə çalışıb ki, çoxlu kitablar əldə etsin. Xalq onlardan istifadə edib maariflənsin. Əbdülqəni Əfəndi kitab oxumayan, elm öyrənməyən, vaxtını eyş-işrətlə, boş danışıq və qiybətlə keçirənləri tənqid edər, onları «cahillər» adlandırardı...

--Kamandar müəllim, biz qoruya bildikmi bu müdrik kişinin kitabxanasını?

--Qoruya bilmədik! Nəinki Xalisəqarızadənin irsinə, ümumiyyətlə 20-30-cu illərdə Azərbaycanın kitab mədəniyyətinə elə bir yara vurulub ki, sağalmaz bir yaradır. Bizim ziyalılarımızı repressiya elədilər. Əlyazmaları məhv elədilər. Onları itirdik. Bizim elə abidələrimiz var ki, tarixi mənbələrdə oxuyuruq ki, belə bir şey olub, amma indi yoxdur. Nə yaxşı ki, klassiklərimizin əsərləri ancaq Azərbaycan ərazisi ilə məhdudlaşmayıb. Şərqə, Avropaya, Amerikaya yayılıb. Bu bizim xoşbəxtliyimizdir.

--Əbdülqəni Əfəndi nə vaxt dünyasını dəyişib?

--1879-cu ildə. Cəmi 62 yaş yaşayıb. Sovet dövləti qurulduqdan sonra 20-30-cu illərdə İslama və Qurana qarşı aparılan kampaniyalar zamanı ərəb əlifbası ilə çıxan nə var, hamısını məhv eləməyə başladılar. Bunun nəticəsində bizim bütün bölgələrdə, şəhərlərdə, ayrı-ayrı evlərdə olan kitabxanalardakı kitabları amansızcasına yandırıblar. Özü də, bu işdə xain qonşularımızın təmsilçiləri böyük rol oynayıb. Əbdlqəni Əfəndinin də kitabxanası yandırılıb. Fəqət, kitabların bir qismi əllərdə qalıb. Bir qismi isə evlərdə, mal damlarında gizlədilib. Mən o kitabların bəzisini mal damından, axurdan çəkib çıxarmışam. Bəzisini görkəmli dilçi Ə.Dəmirçizadənin kitabxanasından əldə etmişik. Bir qismini vaxtilə onun tələbəsi olmuş bir Migəçevirlidən götürmüşük. Şəkinin özündən ayrı-ayrı adamlardan, eləcə də onun nəslindən qalan adamların evlərində gizlətdiklərindən əldə etmişik.

--2008-ci ildə Əbdülqəni Əfəndinin «Qazıxana dəftəri» kitabını çap etdirdiniz, bu onun ilk kitabı idi?

--Bu, onun tərtib etdiyi «Qazıxana dəftəri»dir. Əbdülqəni Əfəndi Şəkinin Baş Qazısı olub. Həmin müddətdə Şəkidə rəhmətə gedənlərin hamısını qeydiyyata alıb. Hansı xəstəlikdən, neçə yaşında öldüyünü də qeyd edib. Nikaha girənləri də həmçinin. Bu kitab Şəkinin tarixini, səhiyyəsini, ailə hüququnu, əhalisini öyrənmək baxımından çox dəyərli statistik məlumat verən bir mənbədir. Burada Şəki xanları, onların övladları, nikahı haqqında hərtərəfli bilgilər qeydiyyata alınıb.

--İndi Şəkidə Xalisəqarızadələrdən kimlər qalıb?

--Səidə İmanzadə vardı, son dövrlər dünyasını dəyişdi, BDU-nun dosenti idi, tarixçi idi—onun nəslindəndi. Çövdət Hacıyev—görkəmli bəstəkarımız onun nəslindəndir. Şəkinskilər onlardandır. Bu nəsil böyük nəsildir, hər dövrdə görkəmli adamlar yetişdirib.

--Bəs onların arasında ulu nənələri kimi, ulu babaları kimi kitab yığanlar olubmu?

--Birini deyə bilərəm. Xarici İşlər Nazirliyində çalışır—Mübariz İmanzadə. Səidə xanımın oğludur. O da bu işlə maraqlanır, kitab toplayır.

--Daha nələri çıxıb-çıxacaq Əbdülqəni Nuxəvinin?


--Farsca-Azərbaycanca danışıq kitabçası var, onu nəşr edəcəyik. Sonra onun «Ruznamə»-yəni təqvim adlı maraqlı bir əsəri var, orta məktəb şagirdləri üçün nəzərdə tutulub, onu nəşrə hazırlayacağıq. Bir də onun kitabxanasından bizə gəlib çatmış X1V əsrə aid dəyərli bir əlyazması var—«Mehri və Vəfa», Ummu İsa adlı şairin məsnəvisidir, o da tədqiq olunub, çap olunub. Onun kitabxanasında belə abidələr çoxdur. Hamısının sırası gələcək.Ötən ilin sonunda isə Əbdülqəni Əfəndinin kitabxanasındakı kitabların kataloqunun 1-ci cildi çıxdı.

--Kamandar müəllim, mən sizə təşəkkür edirəm. Hər şeyə görə. Eşitdim ötən ay 70 illik yubileyiniz qeyd olunub. AzadlıqRadiosunun təbriklərini qəbul edin. Çox yaşayın!

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG