Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:15

«Kərəm əhlində dirhəm yox, dirhəm əhlində Kərəm»


Elxan Rzayev
Elxan Rzayev
«İşdən sonra» proqramının ikinci saatının ikinci hissəsində «gənc ədiblərin nəyi çatmır?» sualı müzakirə edilib. Proqramın qonaqları Kitab Klubunun direktoru Elxan Rzayev və yazar Pərviz Cəbrayıl Azərbaycanda ədəbiyyatın bu günündən danışıblar.

Pərviz Cəbrayıl:

- Kitabın çapı, əgər müəllifin birbaşa üzərinə maddi güc düşməsə, yaxşı nəticələnir. Kitab prosesi xeyli sonra gələn mərhələdir. Mən hesab edirəm ki, postsovet dövründə Şahbaz Xuduoğlunun «Yeni Nəsil» ədəbiyyat silsiləsi Azərbaycan kitab çapında ən böyük uğur, ən böyük addımdır. Yazarın inqilabi borcu yaxşı yazmaqdır. Yazan çoxdur, amma hamı kitaba düşməyib axı. Kitaba düşən yazıçılar bundan əvvəlki yazılarında, kitablarında nə isə ortaya qoyub ki, Şahbaz Xuduoğlu onu kitaba daxil edib. Özümüz də hər halda bilirik ki, kitabımız necədir.

Elxan Rzayevsə Kitab Klubu və kitab nəşri haqqında məlumat verib:

- Konkret kitab yaxud ümumi kitabdan danışsaq, kitab haqqında bir problem ortada durur – məlumat oxucu kütləsinə çatdırılmalıdır. Əgər kitab geniş kütləyə cəlbedici şəkildə çatdırılırsa, yazarın bundan sonrakı yazılarının oxunması və çapı üçün şərait yaranır. Kitab Klubu təkcə informasiya yaymaqla deyil, həm də sifarişləri qəbul etməklə məşğul olur. Sifarişlərin miqdarına görə söz deyə bilir. Kitab haqqında informasiyanın yazılması peşəkarlara verilməlidir. İndi sadəcə olaraq müəllifin vəsaiti varsa, hansısa qəzetlərdə, saytlarda məlumat verə bilir. Daha güclü maliyyə vəsaiti olan müəlliflər televizora çıxa bilir.
Pərviz Cəbrayıl
Biz dünya ədəbiyyatı kitabxanasına abunə məsələsinə başlayanda inanmırdıq ki, bu qədər abunə olacaq. İndi abunələrin sayı 600-ə yaxındır. Pis-yaxşı, biz abunə reklam kampaniyasını qura bilmişik. Bir kitabın reklamına 50-60 qəpik pul ayıra bilmişiksə, kitabın satılmasına daha geniş imkan yaranıb.

E.Rzayev müasir kitabların necə olması barədə də məsləhətlər verib:

- Birinci növbədə yazıçı səmimi olmalıdır. Sözsüz ki, hər səmimi yazanın kitabı da sevilə bilməz. Artıq uzun-uzadı yazılar söhbətini yığışdırmaq lazımdır. Hər bir fikir lakonik olmalıdır. Artıq biz elə cümlələr oxumağı xoşlayırıq ki, orda kifayət qədər dərin və bitkin fikir olsun. Avropaya çıxmaq istəyirsinizsə, nə qədər güclü əsər olur-olsun, onun arxasında maliyyə dayanmalıdır. Bu gün Kərəm əhlində dirhəm yox, dirhəm əhlində Kərəm.

AUDİONU DİNLƏYİN, MÖVZU BARƏDƏ DAHA ÇOX BİLİN.
XS
SM
MD
LG