Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Kontekst

Oqtay Şirəliyev kənd xəstəxanalarını bağlayıb

Oqtay Şirəliyev

Oqtay Şirəliyev

01.02.2010
- Hörmətli prezidentimiz gündə bir yerdə xəstəxana açır, bizim kənddəsə xəstəxana bağlanır. Biz istəyirik ki, bizim xəstəxana bərpa olunsun. Bizə həkimlər göndərilsin. Ucqar kəndik, sanki bu kəndi yer üzündən silmək istəyirlər, bütün qanun-qaydalar elə bu kənddə pozulur. 60 kilometr rayon mərkəzindən kənarda yerləşən bir kənddə yaşayırıq. 35 çarpayılıq xəstəxanamız fəaliyyət göstərirdi. Heç kimi xəbərdar eləmədən xəstəxananı bağlayıblar.

Sabirabadın Moranlı, Azadkənd, Muğangəncəli, Çölbeşdəli, Ulacalı, Qasımbəyli, Quruzma, Qaralı və Cavad kəndlərindəki xəstəxanalar bağlanıb. Moranlı kənd sakinləri xəstəxanaların bağlanmasından narahatdırlar. Onlar hesab edirlər ki, Sabirabadın rayon mərkəzinə yaxın kəndlərin xəstəxanalarını saxlayıb ucqar kənddəki xəstəxanaları ləğv etmək düzgün deyil. Çünki kəndlilərin rayon mərkəzinə uzun yol qət etmək imkanları yoxdur:

- 60 kilometr aralıda olan xəstəxanalar bağlanır, rayona yaxın yerlərdə olan xəstəxanaların isə hamısı fəaliyyət göstərir.

«9 KƏNDİN XƏSTƏXANASINI BİR GÜNÜN İÇİNDƏ BAĞLADILAR»

Moranlı kənd xəstəxanasının baş həkimi Qara Qarayev deyir ki, bu barədə onlara yanvarın sonlarında məlumat verilib və bir günün içərisində 9 kəndin xəstəxanası bağlanıb. Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, kənd xəstəxanaları həkim məntəqələri ilə əvəz olunacaq. Xəstəxanalarda çalışanlardan bir neçə nəfəri həmin məntəqələrdə işləyəcək. Qalan işçilərin aqibəti isə hələlik qeyri-müəyyən qalıb:

- Yanvarın 1-dən xəstəxanalar bağlanıb. Gizlədiblər. Ayın axırında dedilər ki, sizin xəstəxanalar bağlanıb, özünüz məsləhətləşin, 5-6 nəfər saxlayın, qalanları qaldı çöldə. Məsələn, Moranlıda 17 nəfər işçi var idi, ondan 6-ı qalıb, 11-i gedib. Azadkəndin 22 işçisi var idi, 14-ü gedib, 8-i qalıb və sair. 70 nəfər saxlanılıb, 121 nəfər çıxıb.

«RAYON XƏSTƏXANASINA GETMƏYƏ NƏ YOLPULU VAR, NƏ DƏ YOL»


Baş həkim deyir ki, xəstəxanaları bağlanan kəndlər rayon mərkəzindən 60-70 kilometr aralıda yerləşir. Yol uzaq olduğundan həmin kəndlərdə yaşayanların demək olar ki, rayon mərkəzi ilə əlaqələri yoxdur. Kəndlilərin rayon mərkəzinə getmələri üçün nə yolpulları var, nə də asfalt yolları.

Qara Qarayev
Baş həkimin sözlərinə görə, təkcə Moranlının 3 mindən artıq əhalisi var. Digər kəndlərdə də əhalinin sayı bundan az deyil. Baş həkim də ucqar kəndlərdəki xəstəxanaların həkim məntəqələri ilə əvəz olunmasının əleyhinədir.

Moranlı kənd sakini Ənvər Təhməzov da deyir ki, bir neçə gün əvvəl gəlini Nüşabə Kərimovanı rayon mərkəzindəki xəstəxanaya çatdıra bilmədiklərindən o, bətnindəki 3 aylıq körpəsini itirib.

KƏNDDƏ XƏSTƏLƏNƏN RAYON MƏRKƏZİNDƏ SAĞALACAQ

Sabirabadın kəndlərindəki xəstəxanaların bağlanmasını Səhiyyə Nazirliyi də təsdiqləyir. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Məmmədova deyir ki, həmin kəndlərdə bağlanmış xəstəxanaları yaxın vaxtlarda ambulator mərkəzlər əvəz edəcək:

- Kənddə olan, lazımsız, uzun illər qalan çarpayı fondu ixtisara salınıb. Stasionar müalicə xidmətləri ləğv olunub, standartlara uyğun, müasir avadanlıqlarla təmin olunmuş ambulator mərkəzlər yaradılacaq.

- Həmin kəndlər rayon mərkəzindən kifayət qədər kənarda yerləşir. Xəstələrin vəziyyəti necə olacaq?

- Stasionara ehtiyacı olan adamlar mərkəzi rayon xəstəxanasında yatacaqlar.

KƏND HƏKİMLƏRİ İŞSİZ QALMAQDAN NARAHATDIRLAR

Moranlı kənd xəstəxanasının baş həkimi Qara Qarayev isə deyir ki, kənd xəstəxanasının maaş cədvəlində hazırda 17 işçidən yalnız 6 işçinin adı var. Digər 11 işçi isə işsiz hesab olunur. Onların işlə təmin olunub-olunmayacağı bilinmir. Ümumilikdə isə 9 kənd xəstəxanasının 70 işçisi saxlanılıb, qalan 121 işçinin aqibətinin necə olacağı isə sual altındadır.

Nazirlik sözçüsü Səfayə Məmmədova isə deyir ki, bağlanmış xəstəxanaların işçiləri ixtisar olunmayıb:

- Həkimlərin, tibb bacılarının ixtisarından söhbət gedə bilməz. Əgər belə bir şey varsa, məktubla müraciət etsinlər, araşdıraq.

Bağlanmış kənd xəstəxanalarının hazırda işsiz qalmış keçmiş əməkdaşları həmin xəstəxanaların əsasən sanitar və digər texniki işçiləridir. Onlara fevralın 20-dən sonra digər yerlərdə işlə təmin olunacaqları vəd edilib.

Xəstəxanasız qalmış kəndlilər isə Səhiyyə naziri Oqtay Şirəliyevə müraciət etməyə hazırlaşırlar.
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: pələng Şəhər: şirəxanadan
26.02.2010 15:43
Bu yaxınlarda azərbaycan səhiyyəsində nüfuz sahibi olduğundan oyundan kənar qoyulmuş bir alimin "Təbibsizləşən təbabətim ,sarsıdılmış səhiyyəmiz"məqalə başlığını gördüm .təəssüf ki alib oxumadım.adından görünür ki,sir-dən yox ,şirə -dən söhbət gedir bütün işıq üzü görə bilməyən yazılarda da.

Kimdən: Moshu Şəhər: Goyezen
02.02.2010 16:25
Qoy ne edir etsin,il onun ilidir Shir ili:-))

Kimdən: Hidayet Şəhər: Baki
02.02.2010 12:32
Nəhayətki xəstəxana kimi hec bir fəaliyyət göstərməyən kənd xəstəxanalarını nazir cürət edib bağladı!Bunu çoxdan etmək lazım idi! O üzdəniraq xəstəxanaların İllik hesabatına baxsanız görəcəksinizki onlar nəinki xəstəxana kimi heç ambulatoriya kimi də işləmirdilər.Kimdir orada gedib yatan? Orda yatmalı olan xəstə ağırlığına görə evində yata bilir yox əgər xəstənin ağırlığı ev şəraitində yatmaga imkan vermirsə zəhmət çəkib rayon xəstəxanasına getsin. Bəs necə olur cərrahi müdaxilə tələb edən xəstəni rayona heç bir problem olmadan indiyə qədər aparirdılar indi terapeftik xəstəni apara bilmirlər?!!Biz elə öyrəncəliyik iş görmək istəyənin də qarşısını almağa! İşıq gələn yerə papağımızı soxmağa! O gədər ştatları saxlayıb millətin pulunu həftədə bir dəfə işdə görünənlərə verməklə mərkəzi rayon xəstəxanaların imkanlarını artırmaq olmur. Mən tam dəstəkləyirəm nazirliyin bu işini!! Şəxsi çıxarlasrınız hesabına bütün rayon cammaatının mərkəzi xəstəxanada yüksək keyfiyyətli müalicə olmasına sizlər maneə olmaq istəyirsiniz!! Bunu etməyin!!

Kimdən: Sabir Şəhər: o biri dünya
01.02.2010 19:02
Fəhlələrə demişdim:

Fəhlə, özünü sən də bir insanmı sayırsan,
Pulsuz kişi, insanlığı asanmı sanırsan?
İnsan olnaın cahu-calalı gərək olsun.
İnsan olanın dövləti, malı gərək olsun.

Kəndlilərə isə belə demişdim:
Məzlumluq edib başlama fəryada əkinçi,
qoyma özünü tülkülüyə adə, əkinçi!

Lağ-lağ danışıb, başlama fəryadə əkinçi,
Cütcü babasan, buğdanı ver, darı yeyərsən.
Su olmasa, qışda əridib qarı yeyərsən,
Daşdan yumşaq zəhr nədir, marı yeyərsən.
Öyrəşməmisən ət-yağa dünyadə, əkinçi!
Heyvan kimi ömr edirsən sadə, əkinçi!

Ay mənim zavallı millətim, heç olmasa indi başa düşürsənmi ki, Mirzə Ələkbər Sabir niyə unutdurulur? Niyə Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli, Əbdürrəhman Bəy HAqverdiyev, Nəcəf Bəy Vəzirovun əsərləri repressiya olunur?

Sən bilmirmisən ki, Misir Mərdanov təhsilini çökdürdüyü kimi Oqtay Şirəliyev də səhiyyəni çökdürür. Yəqin ki, müdriklərin bu kəlamını da eşıtmiş olarsan: Bir milləti mənən məhv etmək üçün təhsilini, fiziki cəhətdən məhv etmək üçün isə səhiyyəsini batırmaq lazımdır!

Niyə böylə bərəldirsən, a qare (oxucu), gözünü?
Yoxsa, bu ayinədə əyri görürsən özünü?

Di salamat qalmağa çalışın. Diri ikən ölülərə qarışmayın! Seyrə balonla çıxa bilməsəniz də tısbağadan zaddan bir şey tapın.

Kimdən: Müəllim Şəhər: BazaraÇevrilmişÖlkə
01.02.2010 18:04
Ay başınıza dönüm, bizim Prezidentimiz deməmişdimi ki, Azərbaycanda kasıb qalmayacaq? Bəs, söz verib, yerinə də yetirir. Bir də ki, camaatı Bənənyarda "bir azca" tarpaşdadılar, aləm qarışdı bir-birinə. Bunlar da camaatın axırına çıxmağın, yurd-yuvasından didərgin salmağın "rahat və səssiz" yolunu axır ki, tapdılar: xəstəxanaların bağlanması, nə qədər olmasa, filan qədərin müalicəsizlikdən axırına çıxacaq. Biz də qəribə millətik: tarpaşdayırlar qışqırırıq, sakitcə qırırlar qışqırırıq, bəs, bunlar necə eləsin? Bəlkə, camaatın axırına çıxmağın başqa "daha səmərəli" yolu var? Bilirsinizsə, deyin, bunlar da istifadə etsin. Problemi qaldırırsınız, amma yolunu göstərmirsiniz. Belə olmaz.