Cümə axşamı, Sentyabr 18, 2014 Bakı vaxtı 00:34

Verilişlər / Korrupsiometr / Qanunlar

“Informasiya əldə etmək” haqqında Azərbaycan Respublikasının qanunu

“Informasiya əldə etmək” haqqında Azərbaycan Respublikasının qanunu

(16 iyun 2007-ci il tarixli, 389-IIIQD nömrəli Qanuna əsasən əlavələrlə)


I FƏSİL. Ümumi müddəalar

Maddə 1. Qanunun məqsədi


Bu Qanunun məqsədi Azərbaycan Respublikası Konstitu¬siyasının 50-ci maddəsi ilə təsbit olunmuş məlumat əldə etmək hüququnun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə, açıq cəmiyyətin və demokratik hüquqi dövlətin prinsipləri əsasında təmin edilməsinin hüquqi əsaslarını müəyyənləş¬dirməkdən, həmçinin ictimai vəzifələrin yerinə yetirilməsinə vətəndaşlar tərəfindən nəzarət olunmasına şərait yaratmaqdan ibarətdir.

Maddə 2. İnformasiya əldə etmək azadlığı

2.1. Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır.

2.2. Hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir.

2.3. İnformasiya sahibinə müraciət edən hər kəs:

2.3.1. sorğu edilən informasiyanın informasiya sahibində olub-olmadığını öyrənmək, bu informasiya olmadıqda onu əldə etmək üçün yardımçı məlumatlar almaq;

2.3.2. informasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququna malikdir.

2.4. Fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır.

2.5. İnformasiya sahiblərindən bu Qanunun tələblərinə uyğun olaraq əldə edilmiş sənədləşdirilmiş informasiyadan, digər məqsədlər, o cümlədən kommersiya məqsədləri üçün törəmə informasiya məhsulunun yaradılmasına bu şərtlə icazə verilir ki, törəmə informasiya yaradılarkən ilkin mənbəyə istinad edilsin.

Maddə 3. Əsas anlayışlar

3.0. Bu Qanunun məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

3.0.1. informasiya—yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlar;

3.0.2. şəxsi və ailə həyatına dair məlumat (bundan sonra— fərdi məlumat)—şəxsiyyəti birbaşa və ya dolayısı ilə identikləşdirməyə imkan verən hadisələr, fəaliyyətlər, vəziy¬yətlər barədə faktlar, rəylər, bilgilər;

3.0.3. ictimai informasiya—qanunlarla və ya digər normativ hüquqi aktlarla müəyyənləşdirilən ictimai vəzifələrin yerinə yetirilməsi prosesində yaradılan və ya əldə edilən faktlar, rəylər, bilgilər;

3.0.4. informasiya xidmətləri—sorğu ilə müraciət edən hər kəsi informasiya ilə təmin etmək üçün göstərilən fəaliyyət;

3.0.5. informasiya sahibi—informasiya əldə etmək hüququnu təmin etmək üçün bu Qanunun 9-cu maddəsi ilə müəyyənləşdirilən dövlət orqanları, bələdiyyələr, mülkiyyət növündən asılı olmayaraq yaradılmış hüquqi şəxslər və fiziki şəxslər;

3.0.6. informasiya sorğusu—informasiya əldə etmək üçün yazılı və ya şifahi müraciət;

3.0.7. informasiya sorğusu verən (bundan sonra - sorğuçu) - informasiya əldə etmək üçün yazılı və ya şifahi şəkildə müraciət edən hüquqi və ya fiziki şəxs;

3.0.8. informasiyanın açıqlanması—informasiyanın sorğu verilmədən kütləvi informasiya vasitələrində, rəsmi nəşrlərdə, sorğu və ya məlumat kitabçalarında yayılması, İnternet informasiya ehtiyatlarında yerləşdirilməsi, brifinqlərdə, mətbuat relizlərində və ya konfranslarında elan edilməsi, rəsmi və ya kütləvi tədbirlərdə bildirilməsi.

Maddə 4. Qanunun tənzimləmə sahəsi


4.1. Bu Qanunla aşağıdakılar müəyyənləşdirilir:

4.1.1. informasiyanın əldə olunmasının şərtləri, qaydaları və formaları, habelə informasiya sahibinin bu cür informasiyanı təqdim etməkdən imtinasının əsasları;

4.1.2. ictimai informasiyanın əldə olunmasına qoyulan məhdudiyyətlər və həmin informasiyanın digər qanunlarla tənzimlənməyən hissəsinin açıqlanma və təqdim edilmə qaydaları;

4.1.3. informasiyanın əldə olunmasının təşkilinə nəzarətin həyata keçirilməsi qaydaları.

4.2. Bu Qanun aşağıdakılara şamil edilmir:

4.2.1. qanunla müəyyənləşdirilmiş dövlət sirri təşkil edən məlumatlara;

4.2.2. «Milli arxiv fondu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq arxiv sənədləri ilə işləməyə buraxılmanın təmin edilməsinə;

4.2.3. «Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənən təklif, ərizə və şikayətlərə;

4.2.4. beynəlxalq müqavilələrlə müəyyən edilmiş məhdudiyyətlərə.

Maddə 5. İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

5.1. İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konsti¬tusiyasından, bu Qanundan və bu Qanunun tələblərinə uyğun hazırlanmış digər normativ hüquqi aktlardan ibarətdir.

5.2. Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında informasiyanın əldə olunması ilə bağlı bu Qanunun tələblərindən fərqli qaydalar müəyyənləşdirilə bilməz.

Maddə 6. İnformasiya əldə olunmasının əsas prinsipləri

6.0. İnformasiya əldə olunmasının əsas prinsipləri aşağıdakılardır:

6.0.1. informasiya sorğusunun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə təmin edilməsi;

6.0.2. informasiyanın əldə olunmasının qanuniliyi;

6.0.3. dövlət orqanlarının və bələdiyyələrin informasiyanı açıqlamaq vəzifəsi;

6.0.4. informasiyanın maksimum açıqlığı;

6.0.5. informasiya sorğusunun ən qısa zamanda və ən münasib üsulla təmin edilməsi;

6.0.6. informasiya təqdim olunarkən insanların, cəmiyyətin və dövlətin təhlükəsizliyinin qorunması;

6.0.7. informasiya əldə etmək hüququnun dövlət tərəfindən qorunması, o cümlədən məhkəmə yolu ilə müdafiəsi;

6.0.8. bu Qanunla müəyyənləşdirilmiş hallar istisna olmaqla, informasiyanın əldə edilməsinin ödənişsiz həyata keçirilməsi;

6.0.9. informasiya əldə etmək hüququnun pozulmasına görə informasiya sahiblərinin məsuliyyət daşıması;

6.0.10. informasiya əldə edilməsinə qoyulan məhdudiyyətin bu məhdudiyyəti doğuran əsaslardan daha artıq müəyyənləşdirilməməsi;

6.0.11. ictimaiyyətdə maraq doğuran hüquq pozuntuları barədə məlumatı açıqlamağa görə vəzifəli şəxslərin təqib olunmaması.

Maddə 7. Sənədləşdirilmiş informasiya (sənəd)

7.1. Maddi daşıyıcıda mətn, səs və ya təsvir formasında qeydə alınan və identikləşdirməyə imkan verən istənilən rekvizitli informasiya mənbəyindən, saxlanma yerindən, rəsmi statusundan, mülkiyyət növündən, mənsub olduğu təşkilat tərəfindən yaradılıb-yaradılmadığından asılı olmayaraq sənədləşdirilmiş informasiya (bundan sonra—sənəd) hesab olunur.

7.2. İnformasiya sahibi sənədə malikdir, əgər:

7.2.1. informasiya sahibində mövcud olan sənəd digər informasiya sahibinə məxsus deyilsə;

7.2.2. digər informasiya sahibində mövcud olan sənəd informasiya sahibinə məxsusdursa.

Maddə 8. Sənədin saxlanması, komplektləşdirilməsi və mühafizəsi

8.1. Müvafiq icra hakimiyyəti orqanı sənədlərin saxlanma¬sına, komplektləşdirilməsinə və mühafizəsinə dair qaydalar müəyyənləşdirir.

8.2. İnformasiya sahibi malik olduğu sənədlərin bu Qanunun 8.1-ci maddəsində göstərilən qaydalara uyğun saxlanmasının, komplektləşdirilməsinin və mühafizəsinin təşkilinə görə məsuliyyət daşıyır.

8.3. İnformasiya sahibi fiziki şəxsin özü haqqında fərdi məlumatlarla tanış olması və lazım gələrsə onlarda dəqiqləşdirmələr aparılması üçün bu Qanunun tələblərinə uyğun qaydalar müəyyənləşdirir və bu qaydaların icrasını təmin edir.

Maddə 9. İnformasiya sahibləri

9.1. Aşağıdakılar informasiya sahibləri sayılır:

9.1.1. dövlət orqanları və bələdiyyələr;

9.1.2. ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslər, həmçinin normativ hüquqi aktlarla və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə xidmət göstərən özəl hüquqi şəxslər və fiziki şəxslər.

9.2. Bu Qanunun 9.1.2-ci maddəsində təsbit olunan hüquqi və fiziki şəxslərə informasiya sahiblərinin bu Qanunla müəyyənləşdirilmiş vəzifələri yalnız ictimai funksiyaların yerinə yetirilməsi, yaxud normativ hüquqi aktlarla və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə göstərilən xidmət nəticəsində yaranan və ya əldə edilən informasiyalar üzrə şamil olunur.

9.3. Aşağıdakılar informasiya sahiblərinə bərabər tutulur:

9.3.1. əmtəə bazarında hökmran mövqe tutan, xüsusi və ya müstəsna hüquqa, yaxud təbii inhisara malik olan hüquqi şəxslər—malların və xidmətlərin təklif edilməsi şərtlərinə və onların qiymətlərinə, həmin şərtlərdə və qiymətlərdə dəyişikliklərə aid informasiyalar üzrə;

9.3.2. tamamilə və ya qismən dövlət mülkiyyətində, yaxud asılılığında olan qeyri-kommersiya təşkilatları, büdcədənkənar fondlar, həmçinin dövlətin üzvü olduğu və ya iştirak etdiyi kommersiya birlikləri—dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid informasiyalar üzrə.

II FƏSİL. İnformasiya əldə olunmasının təşkili

Maddə 10. İnformasiya sahibinin vəzifələri

10.1. İnformasiya sahibi öz informasiya ehtiyatlarından hər kəsin sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə informasiya əldə etmək hüququnu bu Qanunla müəyyənləşdirilmiş qaydada təmin etməyə borcludur.

10.2. İnformasiya sahibi bu məqsədlə informasiya məsələləri üzrə vəzifəli şəxs təyin edir, yaxud struktur bölmə yaradır, informasiya xidmətləri göstərir.

10.3. İnformasiya məsələləri üzrə vəzifəli şəxsin təyin olunmaması və ya struktur bölmənin yaradılmaması informasiya xidmətləri göstərməkdən imtina üçün əsas ola bilməz.

10.4. İnformasiya sahibi:

10.4.1. informasiya sorğusunu ən qısa zamanda və sorğuçu üçün ən münasib üsulla təmin etməlidir;

10.4.2. sənədlərin reyestrini aparmalıdır;

10.4.3. ictimai vəzifələrin yerinə yetirilməsi haqqında ictimaiyyətə müntəzəm məlumat verməlidir;

10.4.4. açıqlamalı olduğu ictimai informasiyanı bu Qanunla müəyyənləşdirilmiş qaydada və müddətdə açıqlamalıdır;

10.4.5. sorğuçuya kömək göstərməlidir;

10.4.6. informasiyanın əldə olunmasına qoyulan məhdudiyyətlər barədə sorğuçuya məlumat verməlidir;

10.4.7. əldə olunması qanunla məhdudlaşdırılan informasiyaları qorumalıdır;

10.4.8. həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verməməli, şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlamalıdır.

10.5. İnformasiya məsələləri üzrə vəzifəli şəxs və ya struktur bölmə aşağıdakı funksiyaları yerinə yetirir:

10.5.1. sorğuları diqqətlə araşdırıb qərarlar qəbul edir;

10.5.2. sorğuları bu Qanunla nəzərdə tutulmuş qaydada təmin edir;

10.5.3. informasiya xidmətlərinin göstərilməsinə nəzarət edir;

10.5.4. İnformasiya Məsələləri üzrə müvəkkilə təqdim olunacaq hesabatları hazırlayır;

10.5.5. informasiya əldə edilməsi ilə bağlı informasiya sahibinə göndərilən şikayətləri araşdırıb qərar qəbul edir;

10.5.6. informasiya xidmətləri göstərilməsi ilə bağlı digər vəzifələri yerinə yetirir.

10.6. İnformasiya Məsələləri üzrə müvəkkilə hesabatlar ildə iki dəfə—hər cari ilin birinci və yeddinci aylarında təqdim olunur. Müvəkkil tələb edərsə, informasiya sahibi bu cür hesabatları əlavə olaraq təqdim etməlidir.

Maddə 11. İnformasiya əldə olunmasının təşkilinə görə məsuliyyət

11.1. İnformasiya sahibinin rəhbəri informasiya xidmətlərinin təşkili ilə əlaqədar daxili icraat qaydalarını müəyyənləşdirir.

11.2. Bu Qanunun 9-cu maddəsində nəzərdə tutulan informasiya sahibləri informasiyanın əldə olunmasının təşkilinə görə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada məsuliyyət daşıyırlar.

11.3. Əgər informasiya sahibi informasiya məsələləri üzrə vəzifəli şəxs təyin etməyibsə, yaxud struktur bölmə yaratmayıbsa, informasiya sorğusunun icrasına məsuliyyəti informasiya sahibinin bu funksiyanın yerinə yetirilməsi üçün müəyyənləşdirdiyi şəxs daşıyır.

11.4. İnformasiyanın bu Qanunla müəyyənləşdirilmiş qaydada açıqlanması üçün məsuliyyəti, bu funksiyanın icrası rəsmi qaydada başqasına həvalə olunmayıbsa, informasiya sahibinin rəhbəri daşıyır.

Maddə 12. Sənədlərin reyestri

12.1. Sənədlərin reyestri (bundan sonra—reyestr) informasiya sahibinə daxil olan, ictimai vəzifələrin yerinə yetirilməsi nəticəsində yaradılan və ya əldə edilən informasiyaların qeydə alındığı və hər kəsin istifadə edə biləcəyi elektron məlumat toplusudur.

12.2. Reyestrin yaradılması, saxlanması və vaxtaşırı yeniləşdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.

12.3. İnformasiya sahibi reyestrdə aşağıda göstərilən sənədləri bu maddədə göstərilən müddətdə qeydə almalıdır:

12.3.1. daxil olan, göndərilən və ya idarə daxilində hazırlanan sənədlər—daxil olduğu, göndərildiyi və ya idarə daxilində hazırlandığı gün;

12.3.2. hüquqi aktlar—imzalandığı gün;

12.3.3. müqavilələr—qüvvəyə mindiyi gün.

12.4. Mühasibat sənədləri, təbrik məktubları, bildirişlər, memorandumlar, zəmanətlər, habelə iclaslar, müşavirələr, konfranslar və digər kütləvi tədbirlərin proqramları və ya belə tədbirlər haqqında məlumatlar, müxtəlif statistik hesabatlar sənədlərin reyestrində qeydə alınmır.

12.5. Reyestrə bu Qanunun 15.1-ci maddəsində sadalananlarla yanaşı aşağıdakı məlumatlar da daxil edilməlidir:

12.5.1. sənədin daxil olma və ya göndərilmə üsulu (elektron poçt, poçt, telefaks vasitəsilə, yaxud şəxsən təqdim etməklə);

12.5.2. sənədin növü (informasiya sorğusu, təklif, ərizə və şikayət, raport, normativ xarakterli akt, və s.);

12.5.3. əgər varsa, sənədin əldə olunmasına qoyulan məhdudiyyətlər və s.

12.6. Reyestrdə, həmçinin baxılma və ya cavab tələb edən sənədin icrası üçün qanunla müəyyənləşdirilmiş müddət, struktur bölmənin adı, habelə cavabı tərtib edən vəzifəli şəxsin adı və soyadı göstərilməlidir.

12.7. Müvafiq icra hakimiyyəti orqanı reyestrdən istifadəni və sənədin axtarılmasını asanlaşdırmaq məqsədi ilə reyestrdən istifadəyə dair qaydalar müəyyənləşdirir.

III FƏSİL. İnformasiyanın əldə olunmasının sorğu əsasında təmin edilməsi

Maddə 13. İnformasiya sorğusunun təqdim edilmə üsulu


13.1. Sorğuçu informasiya sorğusunu aşağıdakı üsulla təqdim edir:

13.1.1. informasiya sahibinin vəzifəli şəxsinə bilavasitə və ya telefonla müraciət etmək yolu ilə şifahi;

13.1.2. sorğunu şəxsən təqdim etmək və ya informasiya sahibinə poçt, telefaks, yaxud elektron poçtla göndərmək yolu ilə yazılı.

Maddə 14. İnformasiya əldə etmənin formaları

14.1. Sorğuçu yazılı sorğunun aşağıdakı formalardan birində və ya mövcud olan digər formalarda təmin edilməsini tələb edə bilər:

14.1.1. sənədlə tanış olmaq üçün ayrılmış yerə daxil olma;

14.1.2. sənədin üzünün köçürülməsi;

14.1.3. informasiya sahibinin texniki imkanlarından istifadə etməklə sənədin surətinin çıxarılması və ya sənədin təsdiqlənmiş surətinin verilməsi;

14.1.4. sorğuçunun öz texniki imkanlarından istifadə etməklə sənədin surətinin çıxarılması;

14.1.5. stenoqramların və ya digər formada kodlaşdırılmış sənədlərin oxunmaq üçün yararlı vəziyyətdə təqdim edilməsi;

14.1.6. sənədin tərcümə olunması;

14.1.7. sənədin surətinin elektron daşıyıcılara köçürülməsi və s.

14.2. İnformasiyanın əldə olunmasının hüquqi formaları aşağıdakılardır:

14.2.1. bu Qanunun tələblərinə uyğun olaraq mütləq qaydada təqdim olunan informasiyalar;

14.2.2. müqavilə yolu ilə təqdim olunan informasiyalar.

14.3. Bu Qanunun 14.2.1-ci maddəsində göstərilən hallarda informasiyaların əldə olunması ödənişsiz, haqqı ödənilməklə və ya güzəştli şərtlərlə həyata keçirilir.

14.4. Bu Qanunun 14.2.2-ci maddəsində göstərilən hallarda informasiyanın təqdim olunma müddəti informasiya sahibi ilə sorğuçunun qarşılıqlı razılığı əsasında müəyyənləşdirilir.

14.5. İnformasiya sahibi informasiya sorğusunun bu sorğuda göstərilən formada icrasından aşağıdakı hallarda imtina edə bilər:
14.5.1. texniki imkanlar olmadıqda;

14.5.2. informasiya daşıyıcısının növü ilə əlaqədar icrası mümkün deyilsə;

14.5.3. şifahi sorğu əsasında verilməli olan informasiya böyük vaxt tələb etdiyindən informasiya sahibinin əsas vəzifələrinin yerinə yetirilməsinə maneələr yaradırsa.

14.6. Bu Qanunun 14.5.1. və 14.5.2-ci maddələrində göstərilən hallarda sorğunun təmin olunmasının münasib formasını informasiya sahibi özü seçir və sorğuda göstərilən əlaqə məlumatları imkan verirsə, bu məsələ sorğuçu ilə müzakirə olunur.

14.7. Vəzifəli şəxsin şifahi cavabı sorğuçunu qane etmədikdə və ya bu Qanunun 14.5.3-cü maddəsində nəzərdə tutulan hallarda sorğuçuya yazılı şəkildə müraciət etməsi təklif olunur.

14.8. İnformasiyanın təqdim edilmə forması sorğudan aydın olmursa və bunu sorğunun icrası üçün nəzərdə tutulmuş müddət ərzində dəqiqləşdirmək mümkün deyilsə, o zaman sorğunun icrası informasiya sahibinin seçdiyi formada təmin olunur.

Maddə 15. İnformasiyanın əldə edilməsi haqqında sorğu

15.1. Yazılı informasiya sorğusında aşağıdakılar göstərilməlidir:

15.1.1. sorğuçunun adı və soyadı;

15.1.2. sorğu hüquqi şəxs tərəfindən təqdim edildikdə—həmçinin hüquqi şəxsin adı;

15.1.3. informasiya sahibinin sorğunu təmin edə bilməsi üçün sorğuçuya aid əlaqə məlumatları (poçt və ya elektron poçt ünvanı, telefon və ya telefaks nömrəsi);

15.1.4. sorğu edilən informasiyanın məzmunu, yaxud sənədin növü və ya adı, sənədin sorğuçuya bəlli olan rekvizitləri;
15.1.5. informasiyanın təqdim edilmə forması.

15.2. Əgər sorğuçu fərdi məlumat əldə etmək istəyirsə, sorğunu bilavasitə informasiya sahibinin vəzifəli şəxsinə verir və bu zaman şəxsiyyətini təsdiqləyən sənəd təqdim edir.

15.3. Fərdi məlumat tələb olunduqda, yaxud dövlət və ya bələdiyyə qulluqçusu qulluq vəzifəsini yerinə yetirmək üçün sorğu verdikdə, informasiya əldə etməyin zərurəti əsaslandırılmalıdır.

15.4. Sorğuçu qulluq vəzifəsini yerinə yetirmək bəhanəsi ilə, yaxud qulluq mövqeyindən istifadə etməklə şəxsi məqsəd üçün informasiya əldə edə bilməz və ya qulluq vəzifəsini yerinə yetirərkən əldə etdiyi informasiyadan digər məqsədlər üçün istifadə edə bilməz.

15.5. Sorğuçu bu Qanunun 15.3-cü, 21.2.1-ci, 22.4-cü və 24.3-cü maddələrində göstərilən hallardan başqa, informasiya əldə olunmasının zəruriliyini əsaslandırmağa borclu deyildir.

15.6. Yazılı sorğu fiziki şəxs və ya hüquqi şəxsin rəhbəri, yaxud onların səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır.

15.7. Yazılı sorğunu qəbul etməkdən imtina qadağandır.

Maddə 16. İnformasiya sorğusunun icra olunma üsulları

16.1. İnformasiya sahibi sorğuda tələb olunan informasiyanı aşağıdakı üsullarla icra edir:

16.1.1. elektron informasiya daşıyıcısında yazmaqla və ya sorğuda göstərilən elektron poçt ünvanı üzrə göndərməklə;

16.1.2. sənədin surətini və ya sənəddən çıxarışı sorğuçuya bilavasitə təqdim etməklə və ya onun poçt ünvanına göndərməklə;

16.1.3. telefaksla;

16.1.4. şifahi formada;

16.1.5. informasiya ilə tanış olmaq üçün ayrılmış yerə girməyə icazə verməklə;

16.1.6. informasiya daşıyıcısının növünü nəzərə almaqla başqa üsullarla.

16.2. İnformasiya sorğusu yalnız aşağıdakı hallarda şifahi cavablandırılır:

16.2.1. vəzifəli şəxslərə bilavasitə müraciət edildikdə;

16.2.2. informasiya sorğusu üzrə məlumatlar soruşulduqda;

16.2.3. informasiya sahibində sorğuçunu maraqlandıran məlumatın olub-olmadığı öyrənildikdə.

16.3. Sənədin surətini çıxararkən onun əslinə ziyan vurulacağı təqdirdə informasiya sahibi:

16.3.1. əlyazması və ya çap məhsulu ilə tanış olmaq;

16.3.2. audio materialları dinləmək, audiovizual materialları seyr etmək və qeydlər götürmək üçün sorğuçuya şərait yaratmalıdır.

16.4. Vəzifəli şəxs informasiya sorğusuna şifahi şəkildə cavab verdikdə, sənədi oxumağa borclu deyildir.

16.5. Sorğu edilən informasiya bir neçə dildə mövcud olduqda, sənəd sorğuda üstünlük verilən dildə təqdim edilir.

Maddə 17. İnformasiya sahibinin sorğuçuya kömək göstərmək vəzifəsi

17.1. İnformasiya sahibi informasiyanın əldə olunmasının şərtlərini, qaydalarını və üsullarını sorğuçuya anlaşıqlı şəkildə çatdırmalıdır.

17.2. İnformasiya sahibi sorğu edilən informasiyaya malik olmadıqda, onun mövcud ola biləcəyi yeri tapmaqda sorğuçuya kömək göstərməlidir.

17.3. Sorğuda hansı informasiyanın əldə olunması və ya bu informasiyanın hansı formada təqdim edilməsi aydın göstərilməyibsə, vəzifəli şəxs bunu dəqiqləşdirmək üçün sorğuçu ilə bu Qanunla müəyyənləşdirilmiş qaydada əlaqə yaratmalıdır.

17.4. Savadsızlığı, yaxud fiziki çatışmazlığı üzündən yazılı sorğu ilə müraciət edə bilməyənlərin şifahi sorğusu informasiya sahibinin vəzifəli şəxsləri tərəfindən adları və soyadları, tutduqları vəzifə göstərilməklə yazılı şəkildə tərtib edilir və tarixi göstərilməklə qeydə alınır.

Maddə 18. İnformasiya sorğusunun qeydə alınması


18.1. İnformasiya sahibi informasiya sorğusunu daxil olduğu gün qeydə alır və bu Qanunun 12-ci maddəsində göstərilən reyestrə bu Qanunun 15.1-ci maddəsində sadalanan məlumatları daxil edir.

18.2. İnformasiya sorğusu aşağıdakı hallarda qeydə alınmır və ona yazılı cavab verilmir:
18.2.1. sorğu anonimdirsə;

18.2.2. sorğu şifahi formada verilmişsə.

18.3. Hüquqi şəxslərin firma nişanları olan blankda göndərildiyi, yaxud fiziki şəxsin əlaqə məlumatlarından ən azı birinin göstərildiyi hallarda sorğu anonim sayılmır.

Maddə 19. İnformasiya sorğusunun öyrənilməsi

19.1. Sorğu informasiya sahibinin vəzifəli şəxsi tərəfindən diqqətlə öyrənilir. Bu məqsədlə:

19.1.1. sorğunun bu Qanunun tələblərinə uyğun tərtib olunub-olunmadığı;

19.1.2. tələb olunan informasiyanın informasiya ehtiyatlarında olub-olmadığı;

19.1.3. tələb olunan informasiya informasiya ehtiyatlarında yoxdursa, sorğunun hara göndəriləcəyi;

19.1.4. tələb olunan informasiya informasiya ehtiyatlarında varsa, onun əldə olunması məhdudlaşdırılan informasiyaya aid olub-olmadığı;

19.1.5. tələb olunan informasiya açıqdırsa, amma alınması qanunla məhdudlaşdırılan informasiyanın tərkibinə daxildirsə, həmin informasiyanın ayrılıb verilmə imkanları;

19.1.6. tələb olunan informasiyanın sorğuda göstərilən formada verilməsinin mümkün olub-olmadığı;

19.1.7. informasiyanın ödənişli, ödənişsiz və ya güzəştli şərtlərlə təqdim olunması dəqiqləşdirilir və araşdırmanın nəticəsi barədə qərar qəbul edilir.

Maddə 20. Araşdırmanın nəticəsi barədə qərar

20.1. İnformasiya sahibinin vəzifəli şəxsi araşdırmanın nəticəsindən asılı olaraq aşağıdakı qərarlardan birini qəbul edir:

20.1.1. sorğunun icrasından imtina edir;

20.1.2. sorğunun icrasını təmin edir;

20.1.3. sorğunu aidiyyəti informasiya sahibinə göndərir.

Maddə 21. İnformasiya sorğusunun icra edilməsindən imtina

21.1. İnformasiya sahibi aşağıdakı hallarda sorğunun icrasından imtina edir:

21.1.1. sorğu əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyaya aid olduqda, yaxud sorğuçunun bu informasiyanı əldə etməyə səlahiyyəti çatmadıqda və ya bu Qanunla tələb edildiyi hallarda, sorğuçu şəxsiyyətini təsdiq edən sənəd təqdim etmədikdə;

21.1.2. informasiya sahibi sorğulanan informasiyaya malik olmadıqda və yaxud həmin informasiyanın sahibini müəyyənləşdirməkdə çətinlik çəkdikdə;

21.1.3. sorğuçunun hansı informasiyanı əldə etmək istədiyini aydınlaşdırmaq mümkün olmadıqda.

21.2. İnformasiya sahibi aşağıdakı hallarda sorğunun icrasından imtina edə bilər:

21.2.1. sorğuçuya artıq belə bir informasiya verilibsə və sorğuda informasiyanı təkrar əldə etmək zərurəti əsaslandırılmayıbsa;

21.2.2. bu Qanunun 9.1.2-ci və 9.3-cü maddələrində nəzərdə tutulan hüquqi və fiziki şəxslərdən sorğulanan informasiya bu Qanunun 9.1.2-ci və 9.3-cü maddələrində göstərilən vəzifələrin yerinə yetirilməsinə aid deyilsə;

21.2.3. sorğu edilən informasiyanın həcmi iri olduğundan sorğunun icrası informasiya sahibinin üzərinə qoyulmuş ictimai vəzifələrin yerinə yetirilməsinə ciddi maneə yaradırsa və ya əsassız böyük məsrəflərə səbəb olursa;

21.2.4. sorğunun icrasını bir dəfəyə təmin etmək mümkün deyilsə;

21.2.5. sorğunun icrası informasiyanın sistemləşdirilməsi¬ni, təhlil edilməsini və ya sənədləşdirilməsini tələb edirsə.

21.3. İnformasiya sorğusunun təmin edilməsindən imtina barədə cavab Azərbaycan Respublikası qanunvericiliyinin müvafiq maddələri də göstərilməklə, aydın və əsaslandırılmış şəkildə tərtib edilməli, həmçinin burada sorğuçunun cavabdan məhkəməyə şikayət etmək hüququnun olduğu öz əksini tapmalıdır.

Maddə 22. İnformasiya sorğusunun təmin edilməsi

22.1. İnformasiya sahibi bu Qanunun 14.1-ci maddəsinin tələblərinə uyğun olaraq informasiyanın əldə olunmasına şərait yaradır, yaxud informasiyanı sorğuçuya təqdim edir.

22.2. Tələb olunan informasiya əldə olunması qanunla məhdudlaşdırılan sənədin tərkibinə daxildirsə, onun ancaq açıq hissəsi təqdim oluna bilər.

22.3. Natamam və ya qeyri-dəqiq informasiya təqdim edən informasiya sahibi sorğuçunun əsaslandırılmış tələbi üzrə informasiyaya ödənişsiz əlavələr edərək onu sorğuçuya çatdırmalıdır.

22.4. İnformasiyanın rəsmi təsdiq edilərək verilməsi sorğuçunun hüquq və azadlıqlarının həyata keçirilməsi və ya vəzifəsinin icrası üçün tələb olunursa, informasiya sahibi həmin informasiyanı, o cümlədən açıqlanmış informasiyanı rəsmi təsdiqlə birlikdə verməlidir.

Maddə 23. İnformasiya sorğusunun aidiyyəti üzrə göndərilməsi

23.1. Sorğu edilən informasiya informasiya sahibində yoxdursa, o, aidiyyəti informasiya sahibini müəyyənləşdirməli və informasiya sorğusunu ləngitmədən, lakin 5 iş günündən gec olmayaraq ona göndərməli, bu barədə sorğuçuya məlumat verməlidir.

23.2. Bu Qanunun 9.1.2-ci və 9.3-cü maddələrində nəzərdə tutulan informasiya sahibləri sorğunu aidiyyəti üzrə göndərməyə bilərlər, bu şərtlə ki, sorğu edilən informasiyanın onlarda olmadığı barədə ləngitmədən, lakin 5 iş günündən gec olmayaraq sorğuçuya məlumat versinlər.

Maddə 24. İnformasiya sorğusunun icra müddəti

24.1. İnformasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilir.

24.2. Bu müddətdə həmin informasiya öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir.

24.3. İnsan həyatı, sağlamlığı, yaxud şəxsin azadlığı üçün real təhlükə yarandığı hallarda axtarılması və hazırlanması müəyyən vaxt tələb edən informasiya 48 saat ərzində (bayram və istirahət günləri istisna olmaqla) təqdim edilir.

24.4. Əgər sorğu natamam və ya qeyri-dəqiq tərtib olunubsa, vəzifəli şəxs müəyyən edilmiş çatışmazlıqlar barədə sorğuçuya 5 iş günü ərzində məlumat verir.

24.5. İnformasiya sorğusunun bu Qanunla müəyyənləşdirilmiş icra müddəti sorğunun qeydə alındığı günün sonrakı iş günündən hesablanır.

24.6. Bu Qanunun 24.4-cü maddəsində göstərilən hallarda sorğunun icra müddəti çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən təqdim edildiyi günün sonrakı iş günündən, bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan hallarda isə sorğunun baxılma müddəti ilk daxil olduğu tarixdən deyil, göndərildiyi müvafiq informasiya sahibinə daxil olduğu günün sonrakı iş günündən hesablanır.

Maddə 25. İnformasiya sorğusunun icra müddətinin uzadılması

25.1. İnformasiya sahibi həddən çox sorğu aldıqda və bu səbəbdən informasiyanı hazırlamaq üçün əlavə vaxt tələb olunduqda və ya sorğunun mahiyyətini dəqiqləşdirmək, yaxud informasiyanın aydınlaşdırılması üçün çoxsaylı sənədləri araşdırmaq lazım gəldikdə, o, bu Qanunla nəzərdə tutulmuş icra müddətini əlavə olaraq 7 iş günü də uzada bilər.

25.2. İnformasiya sahibi sorğuçuya müddətin uzadıldığı barədə səbəblərini göstərməklə 5 iş günü ərzində məlumat verir.

Maddə 26. İnformasiyanın əldə olunmasına görə ödəniş

26.1. Sorğuçu informasiya ilə tanış olduqda, əllə üzünü köçürdükdə və ya öz texniki imkanlarından istifadə edərək surətini çıxardıqda, habelə texniki kömək göstərilməyən digər hallarda informasiyanın əldə olunmasına görə haqq ödəmir.

26.2. İctimai informasiyaların əldə edilməsinə görə ödəniş tələb olunmur.

26.3. İnformasiya xidməti üçün haqq alına bilər, bu şərtlə ki, ödəniş məbləği informasiyanın hazırlanması və təqdim edilməsi üçün çəkilən xərcdən artıq olmasın.

26.4. Müvafiq icra hakimiyyəti orqanı İnformasiya Məsə¬lələri üzrə müvəkkillə razılaşdırmaq şərti ilə:

26.4.1. haqq ödənilməklə göstərilən informasiya xidmətlərinin siyahısını;

26.4.2. informasiyanın hazırlanıb təqdim olunmasına görə ödəniş qaydalarını;

26.4.3. informasiyanın haqqı qabaqcadan ödənilməklə təqdim edilmə hallarını;

26.4.4. ödəniş zamanı edilə biləcək güzəştin şərtlərini;

26.4.5. bu Qanunun 14.4-cü maddəsində nəzərdə tutulmuş hallardan başqa, müqavilə yolu ilə informasiya sorğusunun təmin edilmə şərtlərini və qaydalarını müəyyənləşdirir.

Maddə 27. İnformasiya sorğusunun icra olunmuş sayılması

27.1. Aşağıdakı hallarda informasiya sorğusu icra olunmuş sayılır:

27.1.1. informasiya sorğuçuya bu Qanunla nəzərdə tutulmuş formada və üsulla təqdim edildikdə;

27.1.2. informasiya sorğusu aidiyyəti üzrə göndərildikdə və sorğuçuya bu barədə məlumat verildikdə;

27.1.3. açıqlanmış informasiya ilə tanış olma imkanları sorğuçuya izah edildikdə;

27.1.4. informasiya sorğusunun icrasından imtina barədə sorğuçuya əsaslandırılmış cavab verildikdə.

Maddə 28. İnformasiya sorğusunun icrasının və icrasından imtinanın qeydə alınması

28.1. İnformasiya sorğusunun icrası və icrasından imtina reyestrdə qeydə alınır.

28.2. İnformasiya sorğusu icra olunduqda və ya icrasından imtina edildikdə reyestrə aşağıdakı məlumatlar daxil edilir:

28.2.1. sorğunun icrasına məsul olan vəzifəli şəxsin adı və soyadı;

28.2.2. surəti, tərcüməsi və ya çıxarışları verilmiş sənədlərin rekvizitləri;

28.2.3. sorğunun icra edildiyi və ya icrasından imtina edildiyi tarix;

28.2.4. sorğunun icrasından imtina üçün bu Qanunla müəyyənləşdirilmiş əsaslar.


IV FƏSİL. İnformasiyanın açıqlanması

Maddə 29. İnformasiya sahibinin informasiyanı açıqlamaq vəzifəsi


29.1. İnformasiya sahibi cəmiyyətin maraqlarını daha asan və daha operativ şəkildə təmin etmək, çoxsaylı informasiya sorğularını azaltmaq məqsədi ilə malik olduğu, ictimai vəzifələrin yerinə yetirilməsi nəticəsində yaradılmış, yaxud əldə olunmuş aşağıdakı informasiyaları açıqlamalıdır:

29.1.1. ümumiləşdirilmiş statistik məlumatlar, o cümlədən cinayətlərin və inzibati xətaların ümumiləşdirilmiş statistikası;

29.1.2. büdcə proqnozları;

29.1.3. dövlət orqanlarının struktur bölmələri haqqında əsasnamələr;

29.1.4. dövlət orqanlarının və bələdiyyələrin fəaliyyətləri ilə bağlı hazırlanmış təlimatlar;

29.1.5. dövlət orqanlarının və bələdiyyələrin ştat cədvəlləri, həmin idarələrdə çalışan vəzifəli şəxslərin adları, soyadları, telefon nömrələri, elektron poçt ünvanları, həmçinin onların təhsili və ixtisasları barədə məlumatlar;

29.1.6. dövlət orqanlarının və bələdiyyələrin fəaliyyəti barədə hesabatlar;

29.1.7. ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslərin rəhbər orqanlarında çalışanların adları və soyadları, elektron poçt ünvanları;

29.1.8. dövlət və bələdiyyə satınalmalarının şərtləri, nəticəsi, eləcə də dövlət və bələdiyyə əmlakının satılması, onun üzərində əmlak hüquqlarının dəyişməsi barədə məlumatlar;

29.1.9. bu Qanunun 9.1-ci maddəsi ilə müəyyənləşdirilən informasiya sahiblərinin aldıqları kreditlər, qrantlar onların şərtləri və istifadəsi haqqında məlumatlar;

29.1.10. normativ hüquqi aktların layihələri—razılaşdırmaya və ya təsdiq olunmağa göndərildiyi andan;

29.1.11. normativ hüquqi aktlar—qüvvəyə mindiyi gündən;

29.1.12. ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslərin fəaliyyətinə dair hesabatlar, onların gəlirləri və xərcləri barədə məlumatlar;

29.1.13. dövlət büdcəsinin və icmal büdcənin icrası barədə hesabatlar;

29.1.14. ətraf mühitin vəziyyətinə, ətraf mühitə ziyan vurulmasına və təhlükəli ekoloji təsirlərə dair məlumatlar;

29.1.15. dövlət orqanlarının və bələdiyyələrin əmr, sərəncam və qərarları—əmr, sərəncam və qərarlar qüvvəyə mindiyi gündən;

29.1.16. dövlətin ictimai əhəmiyyətli konsepsiyalarının, inkişaf planlarının və proqramlarının layihələri—təsdiq olunmağa təqdim edilənədək;

29.1.17. dövlət orqanlarının və bələdiyyələrin vakansiyaları haqqında məlumatlar;

29.1.18. dövlət orqanlarının və bələdiyyələrin mal və xidmətlərinə dair məlumatlar;

29.1.19. dövlət orqanları və bələdiyyələr tərəfindən təsis edilmiş və ya onların iştirakı ilə fəaliyyət göstərən özəl hüquqi şəxslərə dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə dair məlumatlar;

29.1.20. kütləvi tədbirlərin proqramları;

29.1.21. dövlət orqanlarının və bələdiyyələrin göstərdikləri xidmətlə bağlı dəyişikliklərə dair məlumatlar—bu dəyişikliyin edilməsinə ən geci on gün qalanadək;

29.1.22. dövlət və bələdiyyə orqanları rəhbərlərinin qəbul saatları barədə məlumatlar;

29.1.23. dövlət və bələdiyyə müəssisələrində qüvvədə olan əmək haqqı dərəcələri, əməyin ödənilməsinə dair təlimatlar, habelə əlavə haqların ödənilməsi qaydaları və xüsusi güzəştlər barədə məlumatlar;

29.1.24. ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslərin, həmçinin normativ hüquqi aktlarla və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə xidmət göstərən özəl hüquqi və fiziki şəxslərin bu funksiyaların yerinə yetirilməsi ilə bağlı malik olduqları informasiyalar;

29.1.25. əmtəə bazarında hökmran mövqe tutan, xüsusi və ya müstəsna hüquqa və yaxud təbii inhisara malik olan hüquqi şəxslər—malların və xidmətlərin təklif edilməsi şərtlərinə və onların qiymətlərinə, həmin şərtlərdə və qiymətlərdə dəyişikliklərə aid informasiyalar—şərtlərin təklif edilməsinə və ya həmin şərtlərdə və qiymətlərdə dəyişiklik edilməsinə azı 30 gün qalmış;

29.1.26. tamamilə və ya qismən dövlət mülkiyyətində, yaxud asılılığında olan qeyri-kommersiya təşkilatlarına, büdcədənkənar fondlara, həmçinin dövlətin üzv olduğu və ya iştirak etdiyi kommersiya birliklərinə dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid informasiyalar;

29.1.27. əhaliyə göstərilən ictimai xidmətlər haqqında, habelə xidmət göstərilməsi zamanı onların qiymətlərində edilən dəyişikliklər barədə məlumatlar—bu dəyişikliklər edilənədək;

29.1.28. məhkəmə aktları;

29.1.29. qanunla nəzərdə tutulduğu həddə dövlət reyestrləri haqqında məlumatlar;

29.1.30. informasiya sahiblərinin reyestri;

29.1.31. ictimai rəy sorğusunun nəticələri;

29.1.32. informasiya sahibinin mülkiyyəti və mülkiyyət öhdəliyi haqqında məlumatlar;

29.1.33. dövlət sirri təşkil edən məlumatların siyahısı;

29.1.34. açıqlanması xüsusi qanunla, beynəlxalq müqavilələrlə və ya onların əsasında qəbul edilən normativ aktlarla müəyyənləşdirilən informasiyalar, yaxud informasiya sahibinin açıqlanmasını zəruri saydığı digər məlumatlar.

29.2. Bu Qanunun 29.1-ci maddəsində göstərilən ictimai informasiyalar bu Qanunun 22.4-cü maddəsində nəzərdə tutulan hallardan başqa, informasiya sorğusunun predmeti ola bilməz.

Maddə 30. İnformasiyanın açıqlanması üsulları

30.1. Bu Qanunun 29.1-ci maddəsində göstərilən ictimai informasiyalar İnternet informasiya ehtiyatlarında açıqlanmalıdır.

30.2. Bu Qanunun 29.1-ci maddəsində göstərilən ictimai informasiyalar həmçinin:

30.2.1. kütləvi informasiya vasitələrində;

30.2.2. rəsmi nəşrlərdə;

30.2.3. kitabxanalarda, ictimai informasiya mərkəzlərində, kütləvi istifadənin mümkün olduğu digər yerlərdə sənədlərlə tanış olmaq üçün şərait yaradılması yolu ilə;

30.2.4. qanunvericilikdə nəzərdə tutulan başqa üsullarla açıqlana bilər.

Maddə 31. İnformasiyanın açıqlanması üsulunun seçilməsi

31.1. İnformasiya sahibi ictimai informasiyanı elə üsulla açıqlamalıdır ki, bu informasiya ehtiyacı olan hər kəsə mümkün qədər tez çatsın.

31.2. İctimai informasiyanın açıqlanması üsulu xüsusi qanunla və ya beynəlxalq müqavilələrlə nəzərdə tutulubsa, onda ictimai informasiya açıqlanarkən həmin qanunla və ya beynəlxalq müqavilə ilə nəzərdə tutulan üsul tətbiq olunur. Əgər həmin vəzifə, həmçinin, bu Qanunun 29.1-ci maddəsinin tələblərindən irəli gəlirsə, ictimai informasiya İnternet informasiya ehtiyatlarına da daxil edilir.

31.3. İnformasiya sahibi insanların həyatı, sağlamlığı və əmlakı, yaxud ətraf mühit üçün yaranan təhlükə, ictimaiyyət üçün mühüm əhəmiyyət kəsb edən digər hadisələr və faktlar barədə informasiyanı, həmin təhlükənin qarşısını almaq və onun mümkün olan nəticələrini azaltmaq məqsədi ilə dövri mətbuatda, teleradio verilişlərində və İnternet informasiya ehtiyatlarında təcili surətdə açıqlamalıdır.

Maddə 32. İnternet informasiya ehtiyatlarının yaradılması vəzifəsi

32.1. Dövlət orqanları və bələdiyyələr bu Qanunun 29.1-ci maddəsində göstərilən ictimai informasiyaları açıqlamaq üçün İnternet informasiya ehtiyatları yaradırlar.

32.2. Müvafiq icra hakimiyyəti orqanları onların tabe¬liyində olan dövlət orqanlarının İnternet informasiya ehtiyatları formalaşdırmalarına şərait yaratmalıdırlar. Bu məqsədlə sahə (korporativ), regional və s. formada İnternet informasiya ehtiyatları yaradıla bilər.

32.3. Bu Qanunun 9.1.2-ci və 9.3-cü maddələrində göstərilən informasiya sahibləri ictimai informasiyaları açıqlamaq məqsədi ilə İnternet şəbəkəsində ayrı-ayrılıqda və ya birgə informasiya ehtiyatları yarada bilərlər.

32.4. Dövlət orqanlarının və bələdiyyələrin İnternet informasiya ehtiyatlarının yaradılması formaları və qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.

Maddə 33. İnternet informasiya ehtiyatlarına verilən tələblər

33.1. Bu Qanunun 9.1-ci maddəsində göstərilən informasiya sahibləri:

33.1.1. İnternet informasiya ehtiyatları ilə tanış olmaq imkanları barədə məlumatı əks etdirən müvafiq ünvanları və ya onlara edilən dəyişiklikləri kütləvi informasiya vasitələrində açıqlamaq yolu ilə ictimaiyyətə çatdırırlar;

33.1.2. İnternet informasiya ehtiyatlarında ən yeni və aktual informasiyaları yerləşdirirlər;

33.1.3. köhnəlmiş, natamam, qeyri-dəqiq və ya çaşqınlıq yaradan informasiyaları İnternet informasiya ehtiyatlarında yerləşdirməkdən imtina edirlər;

33.1.4. İnternet informasiya ehtiyatlarının etibarlı fəaliyyətini təmin edirlər.

33.2. İnformasiya sahibi İnternet informasiya ehtiyatlarında sənədin yerləşdirildiyi vaxtı və digər üsullarla açıqlanması tarixini göstərməlidir.

33.3. Bu Qanunun 9-cu maddəsində göstərilən informasiya sahibləri İnternet informasiya ehtiyatlarında yerləşdirilən ictimai informasiyaların tez və asan əldə edilməsi üçün şərait yaratmalıdırlar.

V FƏSİL. İnformasiyanın xidməti istifadə üçün nəzərdə tutulması

Maddə 34. İnformasiyanın təsnifatı


34.1. Əldə olunma növünə görə informasiya ümumi istifadə üçün açıq və alınması məhdudlaşdırılan informasiyalara bölünür.

34.2. Azərbaycan Respublikasının qanunu ilə əldə olunması məhdudlaşdırılmayan informasiyalar açıq informasiyalar sayılır.

34.3. Əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyalar hüquqi rejiminə görə məxfi və gizli (konfidensial) olur.

34.4. Dövlət sirri məxfi, vətəndaşların, mülkiyyət növündən asılı olmayaraq yaradılmış idarə, müəssisə və təşkilatların, digər hüquqi şəxslərin qanuni maraqlarının qorunması məqsədi ilə əldə olunmasına məhdudiyyət qoyulan peşə (həkim, vəkil, notariat), kommersiya, istintaq və məhkəmə sirləri, habelə fərdi məlumatlar konfidensial xarakter daşıyır.

Maddə 35. İnformasiyanın xidməti istifadə üçün nəzərdə tutulmuş hesab edilməsinin əsasları

35.1. İnformasiya sahibi informasiyanın əldə olunmasına məhdudiyyət qoymaq yolu ilə onu xidməti istifadə üçün nəzərdə tutulmuş hesab edə bilər.

35.2. İnformasiya sahibi aşağıdakı informasiyaları bu Qanunda göstərilən müddət ərzində xidməti istifadə üçün nəzərdə tutulmuş hesab etməlidir:

35.2.1. cinayət işi və ya inzibati xətalar haqqında iş üzrə toplanmış informasiya—iş məhkəməyə verilənədək və ya işin icraatına xitam verilməsi barədə qərar qəbul edilənədək;

35.2.2. dövlət nəzarəti gedişində toplanan informasiya—həmin məsələ üzrə qərar qəbul edilənədək;

35.2.3. vaxtından əvvəl açıqlanması dövlət siyasətinin formalaşdırılmasına, inkişafına və müvəffəqiyyətlə başa çatdırılmasına mane olan və ya mane ola bilən informasiya—prosesin başa çatması barədə razılaşma əldə edilənədək;

35.2.4. vaxtından əvvəl açıqlanması dövlət orqanı tərəfindən testləşdirmə və ya maliyyə yoxlamasının səmərəliliyinə ciddi təhlükə yaradacaq və ya təhlükə yarada biləcək informasiya—test və ya maliyyə yoxlaması başa çatanadək;

35.2.5. vaxtından əvvəl açıqlanması dövlət orqanında fikir mübadiləsini, məsləhətləşmə prosesini pozacaq və ya poza biləcək informasiya—son qərar qəbul edilənədək;

35.2.6. vaxtından əvvəl açıqlanması dövlət orqanının iqtisadi, pul-kredit və ya maliyyə siyasətinin həyata keçirilməsinə mənfi təsir göstərə bilən informasiya—iqtisadi, pul-kredit və ya maliyyə fəaliyyəti ilə bağlı konkret əməliyyat başa çatanadək;

35.2.7. ədalət mühakiməsinin həyata keçirilməsinə əngəl törədəcək və ya törədə biləcək informasiya—məhkəmə qərarı qəbul edilənədək;

35.2.8. xarici ölkələrdən və ya beynəlxalq təşkilatlardan daxil olan sənədlər—sənədin açıqlanması üçün qarşılıqlı razılıq əldə edilənədək;

35.2.9. ətraf mühit üçün təhlükə yaradacaq və ya yarada biləcək, ətraf mühitin komponentlərinə zərər vuracaq və ya zərər vura biləcək informasiya—bu təhlükəni törədən səbəblər aradan qalxanadək;

35.2.10. açıqlanması informasiya sahibinin qanuni maraqlarına ziyan vurursa, yaxud ictimai funksiyaları yerinə yetirən özəl hüquqi şəxslərlə bağlanan müqavilədə informasiyanın xidməti istifadə üçün nəzərdə tutulması qeyd olunubsa—texniki həllər barədə informasiya.

35.3. İnformasiya sahibləri əsaslandırdıqları hallarda aşağıdakı informasiyaları xidməti istifadə üçün nəzərdə tutulmuş hesab edə bilərlər:

35.3.1. bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulan informasiya sahiblərinin əmr, sərəncam və qərarlarının layihələri—əmr, sərəncam və qərarlar qəbul edilməyə təqdim olunanadək;

35.3.2. bu Qanunun 9.3-cü maddəsində göstərilən hüquqi şəxslərin bu Qanunun 9.3.1-ci və 9.3.2-ci maddələrində nəzərdə tutulan vəzifələrin yerinə yetirilməsinə dair aktları və onlara aid sənədlər—bu aktlar qəbul edilənədək və ya imzalananadək.

35.4. Bu Qanunun 35.2-ci maddəsində nəzərdə tutulmuş informasiyalar o halda xidməti istifadə üçün nəzərdə tutula bilər ki, informasiyanın yayılmasından dəyə biləcək ziyan həmin informasiyaya olan ictimai marağı üstələsin.

Maddə 36. İnformasiyanın xidməti istifadə üçün nəzərdə tutulmuş hesab edilməsi qaydası

36.1. Xidməti istifadə üçün nəzərdə tutulan sənədlərin və (və ya) onların saxlandığı qovluğun üzərinə «Xidməti istifadə üçün» qeydi yazılır. Fərdi məlumatları əks etdirən sənədlərin və (və ya) onların saxlandığı qovluğun üzərində «Xidməti istifadə üçün. Fərdi məlumatlar» qeydi aparılır.

36.2. Hər iki halda sənədlərin və (və ya) onların saxlandığı qovluğun üzərində məhdudiyyətin qüvvəyə mindiyi və qüvvədən düşdüyü tarix göstərilməlidir.

Maddə 37. İnformasiyanın xidməti istifadə üçün nəzərdə tutulmuş hesab edilməsinə qoyulan məhdudiyyətlər

37.1. Bu Qanunun 9.1-ci maddəsində göstərilən informasiya sahibləri aşağıdakı informasiyaları xidməti istifadə üçün nəzərdə tutulmuş hesab edə bilməzlər:

37.1.1. ictimai rəy sorğusunun nəticələri;

37.1.2. ümumiləşdirilmiş statistik məlumatlar;

37.1.3. iqtisadi və sosial yönümlü proqnozlar;

37.1.4. vətəndaşların həyatı və sağlamlığı üçün təhlükə yaradan fövqəladə hadisələr, təbii fəlakətlər və qəzalar barədə;

37.1.5. ekologiyanın, səhiyyənin, demoqrafiyanın, təhsilin, mədəniyyətin, iqtisadiyyatın, o cümlədən nəqliyyatın və kənd təsərrüfatının, habelə cinayətkarlığın vəziyyəti haqqında;

37.1.6. informasiya sahibinin fəaliyyəti haqqında hesabatlar, o cümlədən vəzifələrin yerinə yetirilməsinin keyfiyyəti və buraxılan nöqsanlar barədə;

37.1.7. dövlətin vətəndaşlara, vəzifəli şəxslərə, mülkiyyət növündən asılı olmayaraq hüquqi şəxslərə verdiyi imtiyazlar, güzəştlər və kompensasiyalar haqqında;

37.1.8. Azərbaycan Respublikasının ali vəzifəli şəxslərinin sağlıq durumu haqqında;

37.1.9. dövlət hakimiyyəti orqanları və onların vəzifəli şəxsləri tərəfindən qanunçuluğun pozulması faktları;

37.1.10. fərdi məlumatlar istisna olmaqla, dövlət və bələdiyyə qulluqçularının, o cümlədən ictimai funksiyaları yerinə yetirən hüquqi və fiziki şəxslərin işgüzar nüfuzunun ləkələnməsi barədə;

37.1.11. dövlət orqanlarındakı və bələdiyyələrdəki vakansiyalar haqqında;

37.1.12. büdcə vəsaitlərindən istifadə və ölkənin iqtisadi durumu haqqında;

37.1.13. dövlət orqanlarında və bələdiyyələrdə çalışan qulluqçuların vəzifə təlimatları;

37.1.14. dövlətin qiymətli metal və valyuta ehtiyatları barədə;

37.1.15. normativ hüquqi aktlar;

37.1.16. Azərbaycan Respublikası Milli Məclisinin açıq iclaslarının protokolları və stenoqramları;

37.1.17. qanuni qüvvəyə minmiş məhkəmə qərarları;

37.1.18. dövlət sirri təşkil edən məlumatların siyahısı;

37.1.19. qrantlar haqqında;

37.1.20. informasiya sahibinin mülkiyyəti və mülkiyyət öhdəlikləri haqqında;

37.1.21. dövlət nəzarətinin həyata keçirilməsi və ya intizam qaydasında qəbul edilmiş əmr, sərəncam və qərarlar;

37.1.22. istehlakçıların qanuni maraqlarının müdafiəsi ilə bağlı olaraq malların və xidmətlərin keyfiyyəti haqqında;

37.1.23. məlumatın açıqlanması dövlətin müdafiəsinə və təhlükəsizliyinə xələl gətirmirsə, dövlət orqanları və bələdiyyələr tərəfindən aparılan, yaxud sifariş verilən tədqiqatların və təhlillərin nəticələri barədə;

37.1.24. ətraf mühitə, insanların sağlamlığına təsir edən və ya təsir edə biləcək fəaliyyət nəticəsində ətraf mühitin komponentlərində baş verən və ya baş verə biləcək dəyişikliklər, onların qiymətləndirilməsi, ətraf mühitin mühafizəsi və səmərəli istifadəsinə yönəldilmiş tədbirlər və xərclər barədə;

37.1.25. reyestrdə qeydə alınmayan daxili sənədlər—təbrik məktubları, zəmanətlər, memorandumlar, kütləvi tədbirlərin proqramları, müxtəlif statistik hesabatlar.

37.2. Bu Qanunun 9.3.1-ci maddəsində göstərilən hüquqi şəxslər malların və xidmətlərin təklif edilməsi şərtlərinə və qiymətlərinə, həmin şərtlərdə və qiymətlərdə dəyişikliklərə dair informasiyaları, bu Qanunun 9.3.2-ci maddəsində göstərilən hüquqi və fiziki şəxslər isə dövlət və ya bələdiyyə büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə dair informasiyaları xidməti istifadə üçün məhdudlaşdıra bilməzlər.

Maddə 38. Fərdi məlumatlar

38.1. Əldə olunmasına məhdudiyyətlər qoymaqla fərdi məlumatları xidməti istifadə üçün nəzərdə tutulmuş hesab etmək olar.

38.2. Fərdi məlumatlar şəxsi və ailə həyatına dair məlumatların məcmusudur. Əldə olunmasına məhdudiyyətlər qoyulan şəxsi həyata dair məlumatlar aşağıdakılardır:

38.2.1. qanunla müəyyənləşdirilmiş qaydada qeydə alınan özəl hüquqi şəxslərdə, üzvlüyə dair məlumatlar istisna olmaqla, siyasi baxışları, dini etiqadları və dünya görüşlərini əks etdirən məlumatlar;

38.2.2. etnik mənşə və ya irqi mənsubiyyət haqqında məlumatlar;

38.2.3. cinayət işləri və ya digər hüquq pozuntularına dair işlər üzrə icraatın gedişində toplanmış informasiyalar—açıq məhkəmə iclasınadək və ya hüquq pozuntusuna dair məhkəmə qərarı çıxarılanadək, yaxud insanların mənəviyyatı, şəxsi və ailə həyatının müdafiəsi, yetkinlik yaşına çatmayanın, zərərçəkənin və ya şahidin mənafeyi, yaxud ədalət mühakiməsinin həyata keçirilməsi üçün tələb edilən hallarda;

38.2.4. sağlamlıq vəziyyəti haqqında məlumatlar;

38.2.5. şəxslərin özəl xüsusiyyətləri, qabiliyyətləri və xarakterlərinin digər cizgiləri haqqında məlumatlar;

38.2.6. sosial yardım və sosial xidmətlər göstərilməsinə dair vəsatətlər barəsində məlumatlar;

38.2.7. ruhi və fiziki əzablara dair məlumatlar;

38.2.8. vergi ödənişləri üzrə borclar istisna olmaqla, vergitutma ilə əlaqədar məlumatlar.

38.3. Əldə olunmasına məhdudiyyətlər qoyulan ailə həyatına dair məlumatlar aşağıdakılardır:

38.3.1. cinsi həyat haqqında məlumatlar;

38.3.2. vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar;

38.3.3. ailə həyatının ayrı-ayrı məqamları haqqında məlumatlar;

38.3.4. övladlığa götürmə ilə bağlı məlumatlar.

38.4. Fərdi məlumatlar alındığı və ya sənədləşdirildiyi gündən onların əldə olunmasına məhdudiyyətlər qoyulur.

38.5. İnformasiya sahibi aşağıdakı hallar istisna olmaqla, fiziki şəxslərin sorğuları əsasında onları özləri barəsindəki fərdi məlumatla tanış etməyə borcludur:

38.5.1. yetkinlik yaşına çatmayan şəxsin informasiya ilə tanış olması onun mənşəyi haqqında sirri pozursa;

38.5.2. informasiyanın əldə olunması cinayətin qarşısını almağa, cinayətkarı tutmağa və ya cinayət işində həqiqəti müəyyənləşdirməyə mane olarsa;

38.5.3. digər insanların hüquq və azadlıqlarının müdafiəsi informasiyanın açıqlanmamasını tələb edirsə;

38.5.4. informasiya dövlət təhlükəsizliyi naminə toplanıbsa.

38.6. Aşağıdakı şəxslər bu maddədə göstərilən fərdi məlumatlarla tanış olmaq və ya onu əldə etmək hüququna malikdirlər:

38.6.1. valideynlər və ya qəyyumlar—yetkinlik yaşına çatmayanlar haqqında məlumatlarla;

38.6.2. qəyyumlar—fiziki cəhətdən qüsurlu şəxslər barədə məlumatlarla;

38.6.3. dövlət və bələdiyyə qulluqçuları—xidməti vəzifələrinin yerinə yetirilməsi ilə bağlı məlumatlarla;

38.6.4. fərdi məlumatlarla işləməyə icazə alanlar—yalnız bu icazədə göstərilən məlumatlarla;

38.6.5. normativ hüquqi aktlarla və ya müqavilə əsasında təhsil, mədəniyyət, səhiyyə və sosial sahələrdə xidmət göstərən özəl hüquqi şəxslərin işçiləri və sahibkarlar—yalnız bu xidmət¬lərin göstərilməsi üçün zəruri olan həddə informasiyalarla;

38.6.6. fiziki şəxslər—özləri barəsindəki informasiyalarla;

38.7. İnformasiya sahibi fərdi məlumatları əldə edən şəxslərin qeydiyyatını aparmalı, həmin qeydiyyatda informa¬siya ilə tanışlığın və ya onu əldə etmənin məqsədi, vaxtı və üsulu göstərilməlidir.

Maddə 39. Xidməti istifadə üçün nəzərdə tutulan informasiyanın əldə olunması

39.1. İnformasiya sahibi ictimaiyyətdə maraq doğuran hüquq pozuntusu və ya bədbəxt hadisələrlə bağlı informasiyanı nəticə tam aydınlaşdırılana qədər elə həddə açıqlamalıdır ki, təhqiqatın aparılmasına və ya bədbəxt hadisənin səbəblərinin aydınlaşdırılmasına mane olmasın.

39.2. Bu cür informasiyanın açıqlanma həddinə dair qərar təhqiqatı aparan və ya nəzarəti təşkil edən, yaxud bədbəxt hadisənin səbəblərini aydınlaşdıran vəzifəli şəxs tərəfindən qəbul edilir.

39.3. Bu Qanunun 37-ci maddəsində göstərilən informasiya əldə olunması məhdudlaşdırılan informasiyanın tərkib his¬səsinə daxildirsə, o zaman sənədin yalnız əldə olunması məhdu¬dlaşdırılmayan hissəsi açıqlanır.

39.4. Dövlət və bələdiyyə qulluqçuları xidməti vəzifələrini yerinə yetirmələri ilə əlaqədar xidməti istifadə üçün nəzərdə tutulmuş sənədlərlə işləmək hüququna malikdirlər.

39.5. İnformasiya sahibinin rəhbəri kənar şəxslərə xidməti istifadə üçün nəzərdə tutulan informasiya ilə işləməyə icazə verə bilər, bu şərtlə ki, həmin informasiya dövlət orqanlarının və bələdiyyələrin maraqlarına ziyan vurmasın.

Maddə 40. İnformasiyanın əldə olunması üzərində məhdudiyyətin müddətləri

40.1. Xidməti istifadə üçün nəzərdə tutulan informasiyaların əldə olunmasına qoyulan məhdudiyyət bu məhdudiyyəti doğuran səbəblər aradan qalxdıqda, lakin 5 ildən gec olmayan müddətdə götürülür.

40.2. Fərdi məlumatların əldə olunmasına qoyulan məhdudiyyət həmin informasiya alınan və ya sənədləşdirilən gündən 75 il müddətinədək və ya şəxsin vəfatından sonra 30 il müddətinədək və ya ölüm faktı müəyyənləşdirilməyibsə, həmin şəxsin doğum tarixindən 110 il müddətinədək qüvvədədir.

40.3. İnformasiyanın əldə olunmasına qoyulan məhdu¬diyyətin qüvvədən düşmüş hesab edilməsi informasiyanın daşıyıcısında və reyestrdə qeyd olunur.

Maddə 41. Xidməti istifadə üçün nəzərdə tutulan informasiyanın qorunması

41.1. İnformasiya sahibi xidməti istifadə üçün nəzərdə tutulan informasiyanın qorunması üçün inzibati və texniki tədbirlər görür.

41.2. Əldə olunması məhdudlaşdırılan informasiya İnternet informasiya ehtiyatlarına daxil edilibsə, bu zaman onun əldə olunmasını mümkünsüz edən tədbirlər görülməlidir.

VI FƏSİL. Qanunun icrasına nəzarət

Maddə 42. Qanunun icrasına nəzarət

42.1. Bu Qanunun icrasına nəzarəti:

42.1.1. informasiya sahibinin rəhbəri—xidməti qaydada, yuxarı orqan—tabeçilik əsasında;

42.1.2. İnformasiya Məsələləri üzrə müvəkkil—bu Qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirir.

Maddə 43. İnformasiya Məsələləri üzrə müvəkkilə aid tələblər

43.1. İnformasiya Məsələləri üzrə müvəkkil (bundan sonra—Müvəkkil) müvafiq icra hakimiyyəti orqanının təqdim etdiyi 3 namizəd arasından Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən seçilir.

43.2. Ali təhsilli, informasiya sahəsində təcrübəyə və yüksək əxlaqi keyfiyyətlərə malik Azərbaycan Respublikasının vətəndaşı Müvəkkil seçilə bilər.

43.3. Aşağıdakı şəxslər Müvəkkil seçilə bilməzlər:

43.3.1. elmi, pedoqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli vəzifələrdə çalışan, başqa dövlətin qarşısında öhdəliyi olan şəxslər;

43.3.2. qanunvericiliklə müəyyən edilmiş qaydada məhkumluğu ödənilməmiş və ya məhkumluğu götürülməmiş şəxslər;

43.3.3. fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətli olması məhkəmə tərəfindən təsdiq olunan şəxslər.

43.4. Müvəkkil siyasi fəaliyyətlə məşğul ola, heç bir siyasi partiyanı təmsil edə, heç bir qeyri-hökumət təşkilatının rəhbər orqanlarında vəzifə tuta bilməz.

43.5. Müvəkkil vəzifəyə seçildiyi gündən sonrakı 7 gün ərzində statusuna uyğun olmayan vəzifəni dayandırmalıdır.

43.6. Müvəkkilin səlahiyyət müddəti 5 ildir.

43.7. Müvəkkil bu vəzifəyə dalbadal 2 dəfədən artıq seçilə bilməz.

Maddə 44. Müvəkkilin statusu və Müvəkkil aparatının yaradılması

44.1. Müvəkkil bu Qanunun icrasına nəzarəti həyata keçirmək məqsədi ilə öz aparatını yaradır.

44.2. Müvəkkilin aparatı hüquqi şəxsdir və dövlət büdcəsindən maliyyələşir.

44.3. Müvəkkilin aparatının strukturu, ştat cədvəli və əmək haqqısı Müvəkkil tərəfindən müəyyənləşdirilir.

44.4. Müvəkkilin aparatı üzərində Azərbaycan Respublikasının Dövlət gerbi təsvir olunmuş möhürə, blanka və bank hesablarına malikdir.

44.5. Aparat Müvəkkil tərəfindən təsdiq olunan «İnformasiya Məsələləri üzrə Müvəkkilin aparatı haqqında» Əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir.

Maddə 45. Müvəkkilin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi

45.1. Müvəkkilin səlahiyyətlərinə Azərbaycan Respublikası Milli Məclisinin təşəbbüsü ilə və ya müvafiq icra hakimiy¬yəti orqanının təqdimatı əsasında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə aşağıdakı hallarda xitam verilir:

45.1.1. Müvəkkilə aid bu Qanunla müəyyən edilmiş tələblər pozulduqda;

45.1.2. Müvəkkil öz səlahiyyətlərini icra etmək qabiliyyətini itirdikdə;

45.2. Azərbaycan Respublikası Milli Məclisinin iclasında aşağıdakı hallar elan edildikdə Azərbaycan Respublikası Milli Məclisinin sədri öz sərəncamı ilə Müvəkkilin səlahiyyətlərinə vaxtından əvvəl xitam verir:

45.2.1. Müvəkkil vəfat etdikdə;

45.2.2. Müvəkkilin barəsində məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda;

45.2.3. Müvəkkil vəzifəsindən könüllü şəkildə yazılı istefa verdikdə.

45.6. Müvəkkilin səlahiyyətlərinə vaxtından əvvəl xitam verildikdə, müvafiq icra hakimiyyəti orqanı 30 gün müddətində Azərbaycan Respublikasının Milli Məclisinə yeni Müvəkkilin seçilməsi üçün üç şəxsin namizədliyini təqdim edir. Azərbaycan Respublikasının Milli Məclisi 15 gün müddətində Müvəkkilin seçilməsi ilə bağlı müvafiq qərar qəbul edir.

Maddə 46. Müvəkkilin səlahiyyətləri

46.1. Müvəkkil informasiya sahiblərinin bu Qanunun tələblərindən irəli gələn vəzifələri yerinə yetirmələri üzərində nəzarəti həyata keçirir.

46.2. Müvəkkil şikayət əsasında və ya şəxsi təşəbbüs qaydasında nəzarət icraatı qaldıra bilər.

46.3. Müvəkkil nəzarəti həyata keçirərkən aşağıdakıları aydınlaşdırır:

46.3.1. informasiya sorğusu bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyata alınıbmı;

46.3.2. informasiya sorğusu bu Qanunla nəzərdə tutulmuş qaydada, müddətdə və üsulla təmin edilibmi;

46.3.3. informasiya sorğusunun icrasından imtina bu Qanunun tələblərinə uyğundurmu;

46.3.4. informasiyanın əldə olunmasına qoyulan məhdu¬diyyət bu Qanunla nəzərdə tutulmuş qaydada müəyyənləşdirilibmi;

46.3.5. informasiya sahibi ictimai informasiyanı açıqlamaq vəzifəsini yerinə yetirirmi;

46.3.6. informasiya sahibi tərəfindən İnternet informasiya ehtiyatlarının yaradılması bu Qanunun tələblərinə cavab verirmi.

Maddə 47. Müvəkkilin vəzifələri

47.1. Müvəkkil:

47.1.1. bu Qanunun müddəalarını ictimaiyyətə çatdırır, informasiya əldə edilməsi ilə bağlı vətəndaşlara hüquqi yardım göstərir;

47.1.2. informasiya sahiblərinə informasiya xidmətlərinin təkmilləşdirilməsi barədə təkliflər verir;

47.1.3. informasiyanın əldə olunmasını daha səmərəli təmin etmək məqsədi ilə informasiya sahibləri ilə sıx əməkdaşlıq edir, bu sahədə çalışan kadrların peşəkarlığını artırmaq üçün müxtəlif maarifləndirici tədbirlər həyata keçirir;

47.1.4. daxil olmuş müraciətləri, ərizə və şikayətləri araşdırır, müvafiq göstərişlər verir;

47.1.5. informasiya əldə etmək üçün verilən sorğunun nümunəvi formasını hazırlayır;

47.1.6. bu Qanunun tələblərindən irəli gələn digər vəzifələri yerinə yetirir.

47.2. Müvəkkil nəzarətin nəticələri barədə şikayət verən şəxsə, informasiya sahibinə və ya informasiya sahibinin tabe olduğu yuxarı orqana məlumat verir.

47.3. Nəzarətin nəticələri, həmçinin Müvəkkilin İnternet informasiya ehtiyatlarında açıqlanır.

Maddə 48. Müvəkkilin hüquqları

48.1. Müvəkkilin hüquqları aşağıdakılardır:

48.1.1. informasiya sahibindən hesabatlar, izahatlar və sənədlər tələb etmək;

48.1.2. informasiya sahibinin daxili istifadə üçün nəzərdə tutulmuş hesab etdiyi sənədlərlə tanış olmaq;

48.1.3. bu Qanunun tələblərinin pozulması ilə bağlı inzibati hüquq pozuntularına dair materialları informasiya sahibinin tabe olduğu yuxarı orqana və ya məhkəməyə göndərmək.

Maddə 49. İnformasiya sorğusunun icrasından imtina edilməsi və ya lazımınca icra olunmaması barədə şikayət

49.1. Sorğuçu sorğunun icrasından imtina edilməsi, yaxud lazımınca icra olunmaması barədə məhkəməyə və ya Müvəkkilə şikayət etmək hüququna malikdir.

49.2. Müvəkkilə göndərilən şikayətdə aşağıdakılar göstərilir:

49.2.1. şikayət ərizəsi ilə müraciət edən şəxsin adı və soyadı;

49.2.2. poçt ünvanı və ya digər əlaqə məlumatları;

49.2.3. informasiya sahibinə təqdim edilən informasiya sorğusunun məzmunu;

49.2.4. informasiya sorğusu barədə informasiya sahibinin yol verdiyi nöqsanlar barədə ətraflı məlumat;

49.2.5. sorğuçunun informasiya sahibinin qeyri-qanuni fəaliyyətini təsdiqləyən dəlilləri.

49.3. Əgər şikayət ərizəsi ilə müraciət edənin fikrincə informasiya sahibi sorğunun icrasından qeyri-qanuni imtina etmişsə, yaxud qeyri-dəqiq və natamam informasiya təqdim etmişsə, bu halda şikayət ərizəsinə yazılı cavabın, yaxud qeyri-dəqiq və ya natamam hesab edilən sənədin surəti də əlavə edilməlidir.

Maddə 50. Şikayət ərizəsinə baxılması

50.1. Müvəkkil şikayət ərizəsi daxil olduğu tarixdən sonrakı 10 iş günü ərzində şikayəti araşdırır, bununla bağlı informasiya sahibinin fəaliyyətinin qanuniliyini yoxlayır və şikayətçiyə cavab verir.

50.2. Əgər şikayət ərizəsi dəqiqləşdirmə tələb edirsə və ya şikayəti araşdırmaq üçün əlavə izahatlar və sənədlər toplamaq lazımdırsa, Müvəkkil, bu barədə şikayətçiyə yazılı məlumat verməklə, şikayətə baxılması müddətini əlavə olaraq 10 iş günü də uzada bilər.

Maddə 51. Şikayətin təmin edilməsindən imtina

51.1. Müvəkkil aşağıdakı hallarda şikayəti təmin etməkdən imtina edir:

51.1.1. şikayət ərizəsi anonimdirsə;

51.1.2. şikayət konkret informasiya sahibinin fəaliyyəti barədə deyilsə;

51.1.3. şikayət təkrar, əsassız və qərəzlidirsə;

51.1.4. bu iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı varsa;

51.1.5. ərizəçi informasiya sahibinin şikayəti aradan qaldırmaq üçün yaratdığı imkanlardan kifayət qədər səmərəli istifadə etməyibsə.

51.2. Bu Qanunun 51.1.1-ci maddəsində göstərilən hallar istisna olmaqla, şikayət ərizəsi ilə müraciət edənə imtina barədə əsaslandırılmış cavab verilir.

Maddə 52. Müvəkkilin göstərişləri

52.1. Nəzarət qaydasında araşdırma zamanı Müvəkkil informasiya sahibinə aşağıdakı hallar üzrə müvafiq göstərişlər verə bilər:

52.1.1. informasiya sorğusunu yerinə yetirməkdən qeyri-qanuni imtina edildikdə;

52.1.2. informasiya sorğusu bu Qanunla nəzərdə tutulmuş müddətdə icra olunmadıqda;

52.1.3. informasiya sorğusunu lazımi şəkildə təmin etmədikdə;

52.1.4. açıqlanması bu Qanunla nəzərdə tutulan ictimai informasiyanı açıqlamadıqda və ya lazımi şəkildə açıqlamadıqda;

52.1.5. İnternet informasiya ehtiyatları yaradılmadıqda və ya lazımi səviyyədə yaradılmadıqda;

52.1.6. həqiqətə uyğun olmayan, qeyri-dəqiq və natamam informasiya verdikdə və sorğuçunun bununla bağlı təkrar müraciətinə əməl etmədikdə;

52.1.7. informasiyanın əldə olunmasına qeyri-qanuni məhdudiyyətlər qoyduqda;

52.1.8. əldə olunması bu Qanunla məhdudlaşdırılan informasiyanı açıqladıqda.

52.2. Müvəkkilin göstərişləri bu Qanunda nəzərdə tutulan hallara uyğun olmalı, Müvəkkilin səlahiyyət həddini aşmamalı, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə əsaslandırılmalıdır.

Maddə 53. Müvəkkilin göstərişlərinin icrası

53.1. İnformasiya sahibi Müvəkkilin göstərişlərini aldıqdan sonra 5 iş günü ərzində onun icrası üçün tədbirlər görür və bu barədə Müvəkkilə yazılı şəkildə məlumat verir.

53.2. Müvəkkil informasiya sahibindən aldığı məlumatı özünün İnternet informasiya ehtiyatlarında açıqlayır.

53.3. İnformasiya sahibi Müvəkkilin göstərişlərindən məhkəməyə şikayət vermək hüququna malikdir.

Maddə 54. Müvəkkilin xidməti qaydada nəzarətin təşkilinə dair vəsatəti

54.1. Əgər informasiya sahibi Müvəkkilin göstərişlərini icra etmirsə, o zaman Müvəkkil xidməti qaydada nəzarətin təşkil edilməsi barədə informasiya sahibinin tabe olduğu yuxarı orqan qarşısında vəsatət qaldırır, yaxud toplanmış sənədləri məhkəməyə göndərir.

54.2. Xidməti nəzarəti həyata keçirən yuxarı orqan vəsatəti aldıqdan sonra 15 iş günü ərzində ona baxmalı və nəzarətin nəticələri barədə Müvəkkilə məlumat verməlidir.

Maddə 55. Müvəkkilin qanunun icrası barədə hesabatı

55.1. Müvəkkil hər cari ildən sonra ən geci üç ay ərzində Azərbaycan Respublikasının Milli Məclisinə hesabat təqdim edir.

55.2. Müvəkkilin hesabatında il ərzində görülmüş işlərin ümumiləşdirilmiş xülasəsi, o cümlədən hüquq pozuntuları törətmiş informasiya sahiblərinə, ərizə və şikayətlərə, göstərişlərə, xidməti nəzarət qaydasında aparılmış işlərə, görülmüş tədbirlərə, qanunun tətbiqi ilə bağlı digər hallara dair məlumatlar, habelə Müvəkkilin rəy və təklifləri öz əksini tapır.

55.3. Hesabat müvafiq icra hakimiyyəti orqanına, Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokuroruna göndərilir.

55.4. Hesabat Müvəkkilin İnternet informasiya ehtiyatlarında açıqlanır və «Azərbaycan» qəzetində dərc olunur.

VII FƏSİL. Keçid müddəaları

Maddə 56. İnternet informasiya ehtiyatlarının yaradılması müddəti


56.1. Dövlət orqanları bu Qanunun 29.1-ci maddəsində göstərilən ictimai informasiyaları açıqlamaq üçün ən qısa zamanda, lakin bu Qanun dərc olunduqdan sonra 1 ildən gec olmayaraq öz İnternet informasiya ehtiyatlarını yaradırlar, bələdiyyələr isə bu Qanunun 29.1-ci maddəsində göstərilən ictimai informasiyaları açıqlamaq üçün mümkün qədər qısa zamanda, lakin bu Qanun dərc olunduqdan sonra 3 ildən gec olmayaraq öz İnternet informasiya ehtiyatlarını formalaşdıra bilərlər .

56.2. Müvafiq icra hakimiyyəti orqanları tabeçiliklərində olan dövlət orqanlarının öz İnternet informasiya ehtiyatlarını formalaşdırmaları üçün ən qısa zamanda, lakin bu Qanun dərc olunduqdan sonra 2 ildən gec olmayaraq şərait yaratmalıdırlar.

56.3. İctimai funksiyaları yerinə yetirən hüquqi şəxslər, həmçinin normativ hüquqi aktlarla və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə xidmət göstərən özəl hüquqi şəxslər və fiziki şəxslər, bu Qanunun 9.3-cü maddəsində nəzərdə tutulan informasiya sahibləri öz İnternet informasiya ehtiyatlarını mümkün qədər qısa zamanda, lakin bu Qanun dərc olunduqdan sonra 2 ildən gec olmayaraq yaradırlar.

56.4. İnformasiya sahibləri malik olduqları, fəaliyyət nəticəsində yaratdıqları və ya əldə etdikləri ictimai informasiyaları bu Qanunun 56.1-ci, 56.2-ci və 56.3-cü maddələri qüvvəyə minənədək, qanunvericiliklə nəzərdə tutulmuş digər üsullarla açıqlayır və ya informasiya sorğusu əsasında təqdim edirlər.

Maddə 57. Müvəkkilin seçilməsi müddəti

57.1. Müvəkkil bu Qanun qüvvəyə mindikdən sonra, ən geci 6 ay ərzində seçilir.

57.2. Bu Qanunun 26.4-cü maddəsindən irəli gələn tələblər Müvəkkil seçildikdən sonrakı 3 ay ərzində yerinə yetirilməlidir. İnformasiya sahibləri bu Qanunun 57.2-ci maddəsinin tələbləri qüvvəyə minənədək daxili icraat qaydasında informasiya xidmətləri göstərirlər.

57.3. Bu Qanunun 55-ci maddəsinin qüvvəsi Müvəkkilin seçildiyi ildən sonrakı il tətbiq olunur.

Maddə 58. Qanunun qüvvəyə minməsi


58.1. Bu Qanunun 8.1-ci, 8.3-cü, 10.2-ci, 11.1-ci, 12.2-ci, 12.7-ci və 32.4-cü maddələrindən irəli gələn tələblər bu Qanun dərc edildiyi gündən sonrakı 3 ay ərzində həyata keçirilir.

58.2. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV

Bakı şəhəri, 30 sentyabr 2005-ci il