Cümə, Avqust 01, 2014 Bakı vaxtı 04:39

Verilişlər / Korrupsiometr / Qanunlar

“Korrupsiyaya qarşı mübarizə” haqqında Azərbaycan Respublikasının Qanunu

“Korrupsiyaya qarşı mübarizə” haqqında Azərbaycan Respublikasının Qanunu

(1 aprel 2005-ci il tarixli, 875-IIQD nömrəli; 1 sentyabr 2005-ci il tarixli, 982-IIQD nömrəli; 1 oktyabr 2007-ci il tarixli, 420-IIIQD nömrəli qanunlara əsasən dəyişikliklərlə)

Bu qanun korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılmasına, sosial ədalətin, insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiə olunmasına, iqtisadiyyatın inkişafı üçün əlverişli şəraitin yaradılmasına, dövlət orqanlarının və yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin, şəffaflığının və səmərəliliyinin təmin edilməsinə yönəlmişdir.
Bu Qanun, habelə dövlət orqanlarına əhalinin etimadının möhkəmləndirilməsi, peşəkar kadrların dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında qulluğa girməyə həvəsləndirilməsi, həmin şəxslərin korrupsiya ilə əlaqədar hüquqpozma törətməsini istisna edən şəraitin yaradılması məqsədini daşıyır.

I FƏSİL. Ümumi müddəalar

Maddə 1. Korrupsiyanın anlayışı


Korrupsiya--vəzifəli şəxslərin öz statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməsi, habelə fiziki və hüquqi şəxslər tərəfindən qeyd edilən maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qanunsuz olaraq vəzifəli şəxslərə təklif və ya vəd olunması və yaxud verilməsi yolu ilə həmin vəzifəli şəxslərin ələ alınmasıdır.

Maddə 2. Korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri

2.1. Aşağıdakı şəxslər korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləridirlər;

2.1.1 Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş şəxslər;

2.1.2 xüsusi səlahiyyət əsasında dövlət orqanlarını təmsil edən şəxslər;

2.1.3 inzibati vəzifə tutan dövlət qulluqçuları;

2.1.4 dövlət orqanlarının müvafiq struktur vahidlərində, dövlət idarə, müəssisə və təşkilatlarında, habelə dövlətin nəzarət səhm zərfinə sahib olduğu təsərrüfat subyektlərində təşkilati-sərancamverici və ya inzibati təsərrüfat funksiyalarını həyata keçirən şəxslər;

2.1.5 Azərbaycan Respublikasının dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən olunmuş qaydada qeydə alınmış şəxslər;

2.1.6 Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yerli özünüidarəetmə orqanlarına seçilmiş şəxslər;

2.1.7 yerli özünüidarəetmə orqanlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını həyata keçirən şəxslər;

2.1.8 qanunla müəyyən edilmiş hallarda dövlət orqanlarının səlahiyyətlərini yerinə yetirən qeyri-dövlət orqanlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını həyata keçirən şəxslər;

2.1.9 öz nüfuzundan və ya əlaqələrindən istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmək müqabilində maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə edən şəxslər;

2.1.10 vəzifəli şəxsə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər təklif edən və ya vəd edən, yaxud verən fiziki və hüquqi şəxslər və ya belə hərəkətlərdə vasitəçilik etmiş şəxslər;

2.2 Bu Qanunun 2.1.1-2.1.8-ci maddələrində göstərilənlər bu Qanunun məqsədi üçün vəzifəli şəxs hesab edilirlər.

Maddə 3. Qanunun tətbiq dairəsi


Bu qanun Azərbaycan Respublikasının ərazisində bütün fiziki (o cümlədən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər) və hüquqi şəxslər barəsində, onun ərazisindən kənarda isə Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş hüquqi şəxslər barəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq tətbiq edilir.

Maddə 4. Korrupsiyaya qarşı mübarizəni həyata keçirən orqanlar

4.1. Bütün dövlət orqanları və vəzifəli şəxslər səlahiyyətləri çərçivəsində korrupsiyaya qarşı mübarizəni həyata keçirirlər. Korrupsiya ilə əlaqədar hüquqpozmaların törədilməsi inzibati və ya cinayət məsuliyyəti yaratdıqda, korrupsiyaya qarşı mübarizəni qanunvericiliklə müəyyən edilmiş qaydada hüquq-mühafizə orqanları həyata keçirirlər.

4.2. Korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası (bundan sonra "Komissiya") həyata keçirir.

4.3. Komissiyanın tərkibi icra, qanunvericilik və məhkəmə hakimiyyəti orqanları tərəfindən təyin edilən üzvlərdən ibarətdir. Komissiyanın səlahiyyətləri qanunla təsdiq edilən Əsasnamə ilə müəyyən olunur.

II FƏSİL. Korrupsiyanın qarşısının alınması

Maddə 5. Maliyyə xarakterli tələblər


5.1. Vəzifəli şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakı məlumatları təqdim etməlidirlər;

5.1.1. mənbəyini, növünü və məbləğini göstərməklə hər il öz gəlirləri barədə;

5.1.2. vergitutma obyekti olan əmlakı barədə;

5.1.3. kredit təşkilatlarındakı əmanətləri, qiymətli kağızları və digər maliyyə vəsaitləri barədə;

5.1.4. şirkətlərin, fondların və sair təsərrüfat subyektlərinin fəaliyyətində səhmdar və ya təsisçi kimi iştirakı, bu müəssisələrdə öz mülkiyyət payı barədə;

5.1.5 şərti maliyyə vahidinin beş min misli miqdarından yuxarı olan borcu barədə;

5.1.6 şərti maliyyə vahidinin min mislindən yuxarı maliyyə və əmlak xarakterli digər öhdəlikləri barədə.

5.2. Bu qanunun 5.1-ci maddəsində göstərilən məlumatlar qanunvericiliklə müəyyən edilmiş qaydada tələb edilə bilər.

Maddə 6. Maliyyə xarakterli tələblərin pozulmasına görə məsuliyyət

6.1. Vəzifəli şəxslər və ya vəzifə tutmaq istəyən şəxslər bu Qanunun 5.1-ci maddəsində nəzərdə tutulmuş tələblər və bu tələblərə əməl olunmamasının hüquqi nəticələri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilirlər.

6.2. Bu Qanunun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl olunmasına nəzarətin həyata keçirilməsi qaydaları qanunvericiliklə müəyyən edilir.

6.3. Vəzifəli şəxslər tərəfindən bu Qanunun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl olunmaması, yəni bu maddədə nəzərdə tutulmuş məlumatların üzürsüz səbəbdən vaxtında təqdim edilməməsi və ya qəsdən natamam, yaxud təhrif edilmiş məlumatların təqdim olunması həmin şəxslərin intizam məsuliyyətinə cəlb olunmasına səbəb ola bilər. Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə barələrində intizam məsuliyyətinə cəlb olunmanın xüsusi qaydası nəzərdə tutulmuş şəxslər intizam məsuliyyətinə həmin qaydalara riayət edilməklə cəlb oluna bilərlər.

6.4. Komissiya bu Qanunun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etməyən şəxslər barəsində rəsmi dövlət qəzetində məlumat dərc etdirə bilər.

Maddə 7. Yaxın qohumların birgə işləməsinə yol verilməməsi


7.1. Vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər.

7.2. Bu Qanunun 7.1-ci maddəsinin tələblərini pozan şəxslər həmin tələblərin pozulması müəyyən edildikdən sonra 30 gün müddətində həmin pozuntunu könüllü olaraq aradan qaldırmadıqları halda tabeçiliyi istisna edən başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə həmin şəxslərdən biri tutduğu vəzifədən azad olunmalıdır.

7.3. Bu Qanunun 7.2-ci maddəsində göstərilən əsaslar üzrə vəzifədən azad olunmuş şəxslər digər orqanlarda, idarə, müəssisə və təşkilatlarda vəzifə tuta bilərlər.

Maddə 8. Hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər

8.1. Vəzifəli şəxs xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan və ya onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz. Bu qayda xidməti vəzifələrinin qərəzsiz icrasına təsir etməmək şərtilə bu qanunun 8.2-ci maddəsində nəzərdə tutulan kiçik hədiyyələrin qəbul edilməsi və sadə qonaqpərvərlikdən istifadə hallarına şamil olunmur.

8.2. Vəzifəli şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar bir il ərzində hər hansı fiziki və ya hüquqi şəxsdən ümumi məbləği əlli beş manatdan yuxarı olan bir və ya bir neçə hədiyyəni qəbul edə bilməz. Həmin məbləğdən yuxarı olan hədiyyələr şəxsin xidməti vəzifəsini həyata keçirdiyi dövlət orqanına və ya yerli özünüidarəetmə orqanına məxsus hesab edilir.

8.3. Vəzifəli şəxs hədiyyənin qəbul edilməsi və ya sadə qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda bu məsələ barədə birbaşa rəhbərinin rəyini öyrənməlidir.

8.4. Fiziki və hüquqi şəxslərlə mülki-hüquqi əqdlərin bağlanması və ya onların icrası zamanı vəzifəli şəxslər tərəfindən xidməti fəaliyyəti ilə əlaqədar olaraq hər hansı güzəştlərin və ya imtiyazların əldə edilməsi qadağan olunur.

8.5. Vəzifəli şəxsə qanunsuz maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda, vəzifəli şəxs onlardan imtina etməlidir. Maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər vəzifəli şəxsə ondan asılı olmayan səbəblərdən verilərsə, o, bu barədə birbaşa rəhbərinə məlumat verməli və maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər vəzifəli şəxsin işlədiyi dövlət orqanına akt üzrə təhvil verilməlidir.

III FƏSİL. Korrupsiya ilə əlaqədar hüquqpozmalar və bu hüquqpozmalara görə məsuliyyət

Maddə 9. Korrupsiya ilə əlaqədar hüquqpozmalar


9.1. Korrupsiya ilə əlaqədar hüquqpozmalar bilavasitə korrupsiya hüquqpozmalarından və korrupsiyaya şərait yaradan hüquqpozmalardan ibarətdir.

9.2. Korrupsiya hüquqpozmaları aşağıdakılardır:

9.2.1. vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər tələb etməsi, əldə etməsi və ya belə maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin verilməsi ilə bağlı təklifi və ya vədi qəbul etməsi;

9.2.2. xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün fiziki və ya hüquqi şəxs tərəfindən birbaşa və ya dolayı yolla maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunması, vəd edilməsi və ya verilməsi;

9.2.3. vəzifəli şəxs tərəfindən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində qanunsuz olaraq alınmış əmlakdan özü və ya üçüncü şəxslər üçün mənfəət əldə etmək məqsədi ilə istifadə edilməsi;

9.2.4. vəzifəli şəxs tərəfindən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar maddi və sair nemətləri, imtiyazları və ya güzəştləri haqqı ödənilmədən və ya bazar qiymətlərindən və ya dövlət tərəfindən tənzimlənən qiymətlərdən aşağı qiymətə (tarifə) əldə edilməsi;

9.2.5. vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar əmanətlərdən (depozitlərdən), qiymətli kağızlardan, rentadan, royaltidən və ya icarədən Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olaraq gəlir götürməsi;

9.2.6. müəyyən mükafat müqabilində vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmək imkanına malik olduğunu bildirən hər hansı şəxsə birbaşa və ya dolayı yolla maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin təklif olunması, vəd edilməsi və ya verilməsi;

9.2.7. müəyyən mükafat müqabilində vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmək imkanına malik olduğunu bildirən şəxs tərəfindən maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qəbul edilməsi və ya belə maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin verilməsi ilə bağlı təklifin və ya vədin qəbul edilməsi.

9.3. Vəzifəli şəxsin aşağıdakı hərəkətləri korrupsiyaya şərait yaradan hüquqpozmalar sayılır:

9.3.1. xidməti vəzifəsini (səlahiyyətlərini) icra etdiyi dövrdə elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, digər ödənişli vəzifə tutmaq və ya fəaliyyət növü ilə məşğul olmaq;

9.3.2. statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsi məqsədi ilə fiziki və hüquqi şəxslərə sahibkarlıq fəaliyyətini həyata keçirməkdə, eləcə də subsidiyalar, subvensiyalar, dotasiyalar, kreditlər və digər güzəştlər alınmasında qanunsuz kömək etmək;

9.3.3. bilavasitə, başqa və ya uydurma şəxslər vasitəsilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, əvəzçilik üzrə işləmək (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla), habelə sahibkarlıq fəaliyyətini həyata keçirən təsərrüfat subyektlərinin və maliyyə kredit müəssisələrinin icra orqanlarının tərkibinə daxil olmaq;

9.3.4. statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə onun səlahiyyət dairəsinə daxil olmayan məsələlər üzrə digər dövlət orqanlarının fəaliyyətinə qanunsuz müdaxilə etmək;

9.3.5. statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə, şəxsi maraqlarına aid məsələlərin həllinə təsir etmək;

9.3.6. normativ hüquqi aktların və digər qərarların qəbul edilməsi zamanı fiziki və ya hüquqi şəxslərə onların təyinatına uyğun olmayan üstünlüklər vermək;

9.3.7. vəzifə tutduğu və ya ona tabe olan, onun nəzarətində olan, habelə ona hesabat verən orqanların işi üzrə fiziki və ya hüquqi şəxslərin nümayəndəsi qismində iştirak etmək;

9.3.8. qanunla və ya digər normativ hüquqi aktlarla verilməsi nəzərdə tutulmuş məlumatların fiziki və ya hüquqi şəxslərə verilməsindən əsassız imtina etmək, belə məlumatların verilməsini gecikdirmək və yaxud natamam və ya təhrif olunmuş məlumatlar vermək;

9.3.9. qanunla və ya digər normativ hüquqi aktlarla verilməsi nəzərdə tutulmayan məlumatları və sənədləri fiziki və hüquqi şəxslərdən tələb etmək;

9.3.10. dövlət orqanları və ya yerli özünüidarəetmə orqanlarının maddi və maliyyə vəsaitlərini qanunsuz olaraq namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının, referendum üzrə təşəbbüs qruplarının seçki fonduna vermək;

9.3.11. qanunvericiliklə başqa hal nəzərdə tutulmamışdırsa, dövlət fondlarına, dövlət orqanlarının və ya yerli özünüidarəetmə orqanlarının təsərrüfat subyeklərinə məxsus olan maddi və maliyyə ehtiyatlarını qeyri-dövlət strukturlarına vermək;

9.3.12. fiziki və ya hüquqi şəxslərə hüquqlarının və qanuni mənafelərinin həyata keçirilməsində süni maneələr yaratmaq;

9.3.13. sahibkarlıq fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsi ilə bağlı səlahiyyətləri belə fəaliyyəti həyata keçirən fiziki və hüquqi şəxslərə qanunsuz olaraq vermək.

9.4. Bu qanunda nəzərdə tutulan hallardan başqa, vəzifəli şəxslərin fəaliyyətini tənzimləyən və ya statusunu müəyyən edən qanunvericilik aktlarında korrupsiya ilə əlaqədar digər hüquqpozmalar müəyyən edilə bilər.

Maddə 10. Korrupsiya ilə əlaqədar hüquqpozmalara görə vəzifəli şəxslərin məsuliyyəti

10.1. Korrupsiya ilə əlaqədar hüquqpozmalar qanunvericiliklə müəyyən edilmiş qaydada intizam, mülki-hüquqi, inzibati və ya cinayət məsuliyyətinə səbəb olur.

10.2. Vəzifəli şəxs tərəfindən bu Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş hüquqpozmaların törədilməsi mülki-hüquqi, inzibati və ya cinayət məsuliyyəti yaratdıqda, vəzifəli şəxsin məsuliyyətə cəlb edilməsi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun həyata keçirilir.

10.3. Korrupsiya ilə əlaqədar hüquqpozmalara görə intizam məsuliyyəti tədbirləri bu Qanunla və digər qanunvericilik aktları ilə tənzimlənir.

10.4. Bu Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş hüquqpozmaların törədilməsi inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda, aşağıdakı xüsusi hallara riayət edilməklə qanunvericiliklə müəyyən edilmiş qaydada intizam məsuliyyətinə səbəb olur;

10.4.1. Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş şəxslər bu Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə, korrupsiyaya qarşı mübarizə aparan orqan bu barədə vəzifəli şəxsin seçildiyi dövlət orqanına məlumat verir.

10.4.2. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yerli özünüidarəetmə orqanlarına seçilmiş şəxslər bu Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə, korrupsiyaya qarşı mübarizə aparan orqan bu barədə müvafiq seçki komissiyasına məlumat verir. Həmin seçki komissiyası isə bu barədə materiallar ona daxil olduğu gündən beş gün ərzində şəxsin yol verdiyi hüquqpozma barədə onun seçildiyi yerli özünüidarəetmə orqanına məlumat verir.

10.4.3. Azərbaycan Respublikasının dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən olunmuş qaydada qeydə alınmış şəxslər bu Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə, onlar barəsində Azərbaycan Respublikası Seçki Məcəlləsində nəzərdə tutulmuş tədbirlər görülür.

10.4.4. Hakimlər bu qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə, korrupsiyaya qarşı mübarizə aparan orqan intizam tənbehinin tətbiqi məsələsinə baxılması üçün bu barədə Məhkəmə-Hüquq Şurasına məlumat verir.

Maddə 11. Korrupsiya hüquqpozmalarına görə fiziki və ya hüquqi şəxslərin məsuliyyəti

11.1. Qanunvericiliklə müəyyən edilmiş korrupsiya hüquqpozmalarını törətmiş fiziki şəxslərin hərəkətləri cinayət tərkibi yaratmadıqda, onlar inzibati qaydada cərimə edilirlər.

11.2. Qanunvericiliklə müəyyən edilmiş korrupsiya hüquqpozmalarını törətmiş hüquqi şəxslər, qanunvericiliklə müəyyən edilmiş qaydada cərimə edilir və ya onların fəaliyyətinə xitam verilir.

IV FƏSİL. Korrupsiya ilə əlaqədar hüquqpozmaların nəticələrinin aradan qaldırılması

Maddə 12. Qanunsuz əldə edilmiş əmlakın götürülməsi və qanunsuz əldə edilmiş imtiyaz və ya güzəştlərin dəyərinin ödənilməsi


12.1. Vəzifəli şəxslər tərəfindən qanunsuz əldə edilmiş əmlak və qanunsuz əldə edilmiş imtiyazlar və ya güzəştlərin dəyəri könüllü olaraq dövlət nəfinə ödənilir. Vəzifəli şəxslər qanunsuz əldə edilmiş əmlakı könüllü olaraq qaytarmaqdan və ya onun dəyərini, habelə qanunsuz əldə edilmiş imtiyaz və ya güzəştlərin dəyərini könüllü olaraq ödəməkdən imtina etdikdə, qanunsuz əldə edilmiş əmlak və ya onun dəyəri, qanunsuz əldə edilmiş güzəşt və ya imtiyazların dəyəri müvafiq dövlət orqanlarının iddiası əsasında məhkəmə tərəfindən dövlətin nəfinə ödənilir.

12.2. İşə məhkəmədə baxılana qədər iddianın təmin edilməsi üçün məhkəmə tərəfindən cavabdehin əmlakı barədə mülki-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görülə bilər.

Maddə 13. Korrupsiya ilə əlaqədar hüquqpozmalar nəticəsində qəbul olunmuş aktların ləğv edilməsi

Korrupsiya ilə əlaqədar hüquqpozmalar nəticəsində qəbul olunmuş aktlar müvafiq dövlət orqanları tərəfindən və yaxud müvafiq dövlət orqanlarının və ya digər şəxslərin müraciəti əsasında məhkəmə tərəfindən ləğv edilə bilər.

Maddə 14. Qanunun qüvvəyə minməsi

Bu Qanun 2005-ci il yanvar ayının 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV

Bakı şəhəri, 13 yanvar 2004-cü il
№ 580-IIQ