Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:08

Ermənilərlə qonşuluqda...


Sadaxlı çayxanasında ağsaqqallar işsizlikdən gileylənirlər
Sadaxlı çayxanasında ağsaqqallar işsizlikdən gileylənirlər
Gürcüstanın Marneuli rayonunda Azərbaycan kəndləri ilə yanaşı, erməni kəndləri də var. Xocorni kəndindən elə-belə söhbət açmayacağıq. Bu kəndin özəlliyi ondadır ki, burada ermənilərlə yanaşı, azərbaycanlılar da yaşayırlar.

Xocorni kəndi azərbaycanlıların yaşadığı Sadaxlıdan on beş dəqiqə aralıda yerləşir. Bu iki kəndin arasında bir erməni kəndi də var - Güllübağ.

«Bu kəndə çatdıqmı hesab elə yolu yarıladıq», - dedi sürücü. Amma Güllübağda bizi gül yox, əyri, kələ-kötür yol qarşıladı. On beş dəqiqəni yarım saat uzadan bu yola elə bil heç adam ayağı dəyməmişdi. Nəhayət, kəndə çatdıq. Sən demə, elə kənd sakinlərinin qulağına da dünyada baş verənlər dəymirmiş. Ermənilərlə azərbaycanlıların bir yaşadığı bu kəndin ayrı dərdi var...

Kənd sakini 30 yaşlı Ruslan Əliyev deyir ki, kənd əhalisinin 80%-i ermənilərdir, 20%-i azərbaycanlılar:

Ruslan Əliyev
«Hər iki dildə danışırıq. Biz erməni dilini bilirik, ermənilər də bizim dili bilir. Gürcü dilində isə çox zəif danışırıq. Burada bir məktəbdə ermənilərlə azərbaycanlılar bir yerdə oxuyurlar. Yüngülvarı xəstəxana da var. Baş həkimi də azərbaycanlıdır, adı Nazimdir».

Ruslanın dediyi yüngülvarı xəstəxana ilkin tibbi yardım üçün nəzərdə tutulub. Kənd camaatı deyir ki, elə ki, biri əməliyyat olunmalı oldu gərək rayona getsin. Ruslan yüngülvarı xəstəxana deyəndə də bunu əsaslanırmış. Xəstəxananın ikinci mərtəbəsində Kənd Soveti sədrinin otağı yerləşir. Bir sözlə, dərdi olan bir binaya gəlir. Kimi həkim yanına gəlib dərdini söyləyir, kimi də sədrin yanına gəlib giley-güzar edir.

Ruslan deyir ki, Qurban bayramında da, Novruzda da ermənilər onlara qonaq gəlir. Onlar bir-birindən qız alıb oğlan evləndirməsə də, toylarda bir şənlənirlər. Ruslandan soruşuram ki, toyda hansı mahnıları çalırsınız. Deyir ki, bizdə qarışıqdır, hər cür mahnıda rəqs edirik. O ki, qaldı tarixin yaddaşına…:

«Milli faciələrimizlə bağlı demək olar ki, tədbirlər keçirmirik. 20 Yanvar hadisəsi olan vaxtı yadımdadır ki, məktəbdə üç gün matəm oldu. Vəssalam».

BU KƏNDDƏ YA ERMƏNİ, YA DA AZƏRBAYCAN DİLİNDƏ DANIŞIRLAR

Kənd Sovetinin sədri Manvel Qaribyan deyir ki, bu kəndin təxminən 900-ə yaxın əhalisi var. Bunlardan 110-u azərbaycanlılardır, qalanı ermənilərdir. İnsanlar kənd təsərrüfatı ilə məşğuldur, maldarlıq inkişaf edib.

Manvel Qaribyan təmiz Azərbaycan dilində danışırdı. Kəndin problemlərindən söz düşəndə dedi ki, işsizlik, bir də yolların bərbad olması əsas problemdir. Yollar həqiqətən bərbad idi. Bu barədə az öncə bildiniz.

Manvel Qaribyan
Manvel Qaribyan gülə-gülə problemi bir kənara qoyub ermənilərlə azərbaycanlıların uzun müddətdir bu kənddə necə yola getməsindən də danışdı:

«Bizim aramızda heç bir problem yoxdur. Etnik nikahlar olmasa da, xeyrimiz də, şərimiz də birdir».

ERMƏNİ VƏ AZƏRBAYCANLI ŞAGİRDLƏR BIR YERDƏ SAVADLANIRLAR


Kəndin bircə məktəbinin direktoru Levon Qaribyan deyir ki, məktəbin 143 şagirdi var. 128-i erməni bölməsində, qalanı isə Azərbaycan bölməsində təhsil alır. Hər iki bölmədə kadr problemi var. Məktəb müdiri onu da dedi ki, tarix dərsləri Gürcüstanda hər iki dildə dərc olunan kitablardan keçilir:

«Problem ondadır ki, Gürcüstan imkan vermir ki, azərbaycanlılar öz tarixini, ermənilər də öz tarixini öyrənsin. Amma istər Azərbaycandan, istərsə də Ermənistandan kitablar alınır. Məktəbdə hər iki millətin tədbirləri olur».

Kəndə ha göz gəzdirsən bir kilsədən savayı «Allah evi» gözünə dəyməz. Müsəlman camaatdan soruşanda ki, niyə bir məscid inşa etmirsiniz, deyirlər ki, gərək pul olsun. Ermənilərin rəsmi qeydiyyatda olmayan yeganə kilsəsi isə dediklərinə görə, 11-ci əsrə məxsusdur.

Levon Qaribyan
Məktəb direktoru Levon Qaribyan deyir ki, Ermənistandan onlara yardım gəlir. Bu yaxınlarda erməni qəbiristanlığını da beləcə təmir ediblər. Levon Qaribyan deyir ki, azərbaycanlı həmkəndlilərin də qəbiristanlığına əl gəzdirəcəklər.

QARABAĞ ONLARI MARAQLANDIRMIR


Kəndin digər sakinləri kimi, məktəb direktoru da deyir ki, onları Qarabağ məsələsi ümumiyyətlə maraqlandırmır:

«Burdakı azərbaycanlılar da, ermənilər də heç vaxt Qarabağda olmayıblar. Bizdə belə diskussiyalar olmur».

Marneuli rayonunun az öncə bəhs etdiyimiz bu iki kəndində yaşayan azərbaycanlılar bir-birindən fərqlənirlər. Düşüncə baxımından ən azı. Sadaxlı camaatı kənddə bir nəfər də ermənin yaşamadığını deyir və bunu mümkünsüz saydığı halda, Xocornidə onlar lap qonşudurlar. Özü də dediklərinə görə, mehriban qonşu. Onları birləşdirən ən mühüm cəhət isə işsizlikdir, ortaq işsizlik dərdi. Hər iki kəndin sakinləri bunu özlərinə dərd sayır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG