Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 14:21

Bloqlar / Abbas Atilay

Xoşbəxtlik xoşbəxt adamların keçirdiyi hissdir

«Molla Nəsrəddin» (1910, #22)
x
«Molla Nəsrəddin» (1910, #22)
Şriftin ölçüsünü dəyiş - +
Çarxıfələk tərsinə ya düzünə dövran edir, Azərbaycana bunun dəxli yoxdur.

Fələyin çarxı əslində öz işinin ustasıdır, necə dövran edəcəyini özü yaxşı bilir.

Sadəcə, Azərbaycan bu çarxın orbitindən kənardadır, zaman fırlanır, Azərbaycansa qalır. O, fırlanmağa buradan başlayır, bir müddət uzaqlaşır, sonra yenidən buraya dönür.

Buna görə buranın insanları günü-gündən Mirzə Cəlilin personajlarına daha da çox bənzəyirlər.

Əslində, bu insanlar heç vaxt Məmmədhəsən əmidən, Novruzəlidən, Xudayar bəydən, Şeyx Nəsrulladan fərqli olmayıblar. Fərq fələyin çarxına ilişib, Azərbaycana gələn görüntüdür.

Mirzə Cəlil heç nə yazmamış olsaydı belə, bircə «Danabaş kəndinin əhvalatları» əsəri ilə də ucalacaqdı. Çünki o, bu kiçik əsərdə böyük bir xalqın portretini çəkdi, onun kiçik fərdlərinin böyük «xoşbəxtliyini» təsvir etdi. «Məmmədhəsən əminin ömründə xoş bir günü olubsa o da məhz elə ulağı aldığı gündür» deyəndə Mirzə Cəlil əslində o qocanın xoşbəxtliyinə ağlayırmış.

Hiss etmək çətin deyil, insanların kiçikliyi onların bədbəxtliyi idi. Çünki kiçik insanı yalnız kiçik səbəblər xoşbəxt edə bilər. Məmmədhəsən əminin isə həyatdan tək istədiyi ulaq alıb Kərbəla ziyarətinə getmək idi. Ulaq Məmmədhəsən əmini xoşbəxtliyə aparan səbəb idi. Ulağı olanda dünyalar onun idi, ulağını Xudayar bəy apardı, Məmmədhəsən əmi oldu dünyanın kədəri. Mirzə Cəlil ulağı Məmmədhəsən əminin arzusuna çevirməklə «kiçik insan»ı bizə anlatdı.

Mirzə Cəlilin vaxtilə kağız üzərində yaratdığı surət reallaşaraq Məmmədhəsən əmilərlə dolu bir ölkədə öz əksini tapıb. Bu peyzaja ulaq görüntüsü çatmır, o da bəlkə məmləkətin qeyri-rəsmi Ulaq qadağasından doğur.

İndi bu ölkədə yaşayanları ən kiçik şeylər xoşbəxt edə bilir. Xoşbəxtliyin bu qədər asan qazanıldığı bir ölkə başdan-başa Məmmədhəsən əmilərlə məskunlaşıb.

Təsəvvür edin, gündəlik qazancı 15-20 manat olan bir sürücüyə 100 manat verib avtobusdan düşsən və ya elə həmin avtobusda rastınıza çıxan ilk sərnişinə 1 mobil telefon hədiyyə etsən necə sevinər.

İşsiz bir nəfəri kiçik bir işə düzəltsən və ya hansısa kasıb bir dindarı pulsuz Məkkə ziyarətinə göndərsən onlar necə xoşbəxt olacaq. Və bu xoşbəxtlik onların yaşam stimuludur.

Kiçik insanların ölkəsində xoşbəxtlik 100 manatdır.

Kiçik insanları böyük səbəblər bədbəxt edə bilməz. Bu insanların həyat iztirabının da səbəbi kiçik olacaq. Bir nəfərin əlindən mobil telefonunu alın, o, dərhal ulaqsız qalan Məmmədhəsən əminin gününə düşəcək. Çünki bu ölkədə böyük hüzn də 100 manatlıqdır. Mirzə Cəlil bizi – kiçik insanları Dostoyevskisayağı təhlil edən mütəfəkkirdir.

Mirzə Cəlilin bir müddət yaşadığı və dərs dediyi Nehrəm kəndində onun evi ilə üz-üz, yolun sağ tərəfində indi bir elektrik dirəyi var. Dirəkdən məftillə çiy kərpic asılıb və üzərində yazılıb: «Kərpic satılır». O, kərpic satan adamı xoşbəxt edən səbəb kərpicinin satılmasıdır. Onu kədərdə yalnız kərpicinin satılmaması boğa bilər. Onun üçün bundan böyük səbəb ola bilməz. Kim bilir, Mirzə Cəlil sağ olub pəncərədən boylansaydı, «Kərpic satılır» nırxını görsəydi, belə yazardı: «Məmmədhəsən əminin ömründə xoş bir günü olubsa o da məhz elə çiy kərpicinin satıldığı gündür?».

Məmmədhəsən əminin xoşbəxt olmasına nə var ki, əsas odur ki, kefli İsgəndər özünü xoşbəxt hiss etsin. Amma kefli İsgəndərin xoşbəxtliyi asan deyil, çünki insanlar böyüdükcə xoşbəxtlik daha da əlçatmaz olur.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Firudin Haradan: Keshlaburg
05.01.2010 15:20
Bəs bu insanları necə kiçildiblər? Kim kiçildib? Nə zaman kiçildib?

Kimdən: Ondan Haradan: burdan
04.01.2010 15:36
Hamumuz Memmedhesen emiyik, amma bilmirik. Muellif ise Memmedhesen emi oldugunu bilir. Yoxsa o, hec vaxt bu kicik insan xoshbextliyini - oz xoshbextliyini Vilhelm Rayxsayagi izah ede bilmezdir. Belke de bu yazini yazarken aglaermish, sakit ve ya gule-gule yazmaq olmaz bu yazini.
Sonsuz teshekkurler,Abbas...

Kimdən: axmed
03.01.2010 23:26
Kitab oxumag , dil gabilyyetimi artirmak isteyirem.Mirze Celilin ,,Danabas kendinin ehvalati,, ve bashgalarin oxumag isteyirem. Internet vasitesiynen mumkundurmu? ...unformal10@mail.ru unvanina gonredseniz sevinerem.

Kimdən: Vətəndaş Haradan: Bakı
03.01.2010 15:17
1900-cü illərdən, xüsusən 1920-dən sonra bu ölkədə böyük düşünüb böyük işlər görmək istəyənlərin yaşama şansının faizi o qədər miskin olub ki, vallah, Məhəmmədhəsən əmi bunu bilsəydi, öz kiçikliyinə görə Allaha bir də şükür edib sevinərdi. Mənsə bu günkü Məhəmmədhəsən əmilərə deyirəm: qış bitdi, qınınızdan çıxın.

Kimdən: fedor Haradan: memleket
03.01.2010 12:10
Əslində insan kiçik hadisələrə görə sevinməli və sükür etməlidir. Lakin, bu kiçik hadisələrlə yaşanmamalıdır. Bu günün reallığı Məmmədhəsən əminin düşüncəsidir. P.S. hesab edirəm ki, öz ailəsini dolandırmaq fikiri ilə yaşayan xalqı çox da tənqid etmək lazım deyil, məlumdur kütlənin düzgün yönəldilməsinə həmişə ehtiyac var.

Kimdən: Fuad Aziz Haradan: UAE (Abu Dhabi)
03.01.2010 11:41
Bes boyuk insanlarin xoshbextliyinin qiymeti ne qederdir goresen??

Kimdən: ILHAM ISMAYIL
03.01.2010 00:06
Kicik insanlarin xoshbext olmalarinin zaman kesiyi de kicik olur.Onlarin xoshbextliyi uzun sure bilmez.Bu xoshbextlik 100 manat bitene qederdi,ciy kerpici kesmeye bashlayanda o yene mezlumdu.Kicik insan besheri arzulara sahib ola bilmez.Besheri arzular cetin heyata kecir,olanda ise xoshbextliyin zaman,mekan,insan miqyasi da boyuk olur.Kicik insanlarin xoshbextlik hedefi butun zamanlarda hakimiyet sahiblerinin -firondan tutmush muasir diktatorlara qeder- hakimiyetlerini uzatmaq ucun bir vasite olub.Fikir vermisiniz ,devlet bashcisi ile neyinse acilishinda el verib uzunden opmek isteyenler bu arzularina catanda nece xoshbext gorsenirler.Memmedhesen emi namuslu adam idi ,o hec kese pislik etmeden oz ulaqina sahib olmaq isteyirdi ki,xoshbext olsun.Bes sherefsizlikle , bir nece saatligina xoshbext olanlar? Coxdu onlar,lap cox..Teshekkurler,Abbas bey

Kimdən: drbaku Haradan: baki
02.01.2010 23:26
Bəli əsərində Kefli İskəndərə dönmüş Mirzə Cəlil heç xoşbəxt olmadı amma. Çünki onu xoşbəxt edəcək şeylər baş vermədi. Hələ çox rəhmət oxuyacağıq sənə Mirzə. Çünki sənin ruhun hələ də şad olmayıb. Rəhmət oxuyuruq ki, bəlkə karına çatdı. Bax nə vaxt sən bizim yadımızdan çıxdın, nə vaxt ki, fikirlərin köhnəldi, qısası nə vaxt ki, İskəndər içkini buraxıb firavan yaşadı bax onda ruhun rahatlıq tapacaq. Hələlik isə deməyə yorulmuruq: Allah sənə rəhmət eləsin ay Mirzə Cəlil!

Kimdən: Xosbext Haradan: nehrem
02.01.2010 20:14
Chox sagolun Abbas bey ela yazidir. "Kiçik insanları böyük səbəblər bədbəxt edə bilməz. " Bu dahiyane bir sozdur.Azerbaycanin heqiqetleri var bu sozde........