Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:26

Qızıl üstündə yaşayan gədəbəylilər… (İkinci yazı)


Yataqların istismarı zamanı həm ərazidəki yeraltı çaylar, həm də dağ-meşə massivləri məhv edilir
Yataqların istismarı zamanı həm ərazidəki yeraltı çaylar, həm də dağ-meşə massivləri məhv edilir

…Gədəbəy rayonunun mərkəzində yaşayan Mehman Əliyev deyir ki, ərazidəki tək Sarıyol çayı ilə bağlı narahatlıq yoxdur. Çünki çayların bir çoxu bir-biriləri ilə müxtəlif ərazilərdə qovuşurlar. M.Əliyevin sözlərinə görə, Sarıyol çayı Çolpan çayına, Çolpan çayı da Çayqarışan ərazidə Mis çayına qoşulur:

- Bu iki çay da Aşağı Çayqarışan ərazidə, Qabaqtəpə kəndinin ayağında Şəmkir çayına qoşulur. Şəmkir çayında da «Qırmızı Kitab»a düşən «qızıl balıq»lar var. Onsuz da bu balıq «Qırmızı Kitab»a düşüb, bir yandan da bu mədən suları onların nəslini kəsir…

DÜŞMƏNCƏSİNƏ SADƏLÖVHLÜK?

Qızıl-mis emalı zavodunun açılışı zamanı bildirilib ki, dövr edən məhluldan qızılı ayırmaq üçün qatran texnologiyasından istifadə ediləcək.

Milli Elmlər Akademiyasının Kimya Problemləri İnstitutunun əməkdaşı Fəridə Hüseynova deyir ki, bu üsulda müəyyən kimyəvi maddələr qatmaqla qızılı filizdən ayırırlar. Onun sözlərinə görə, bu yüksək temperaturda kimyəvi reaksiya nəticəsində baş verir. Fəridə Hüseynova deyir ki, bu zaman tullantılarla dolu çirkab sularını filtrdən keçirmədən çaya axıtmaq yolverilməzdir:

- Bu, düşməncəsinə sadəlövhlükdür. Gərək bunu nəzərə alaydıq. Artıq bundan bizim başımız çəkib. Ermənistandakı Mis Emalı Zavodunun tullantılarının Arpaçaya axıdılması ilə bağlı dəfələrlə beynəlxalq təşkilatlar qarşısında narahatlığımızı bildirmişik. Yaxşı, onda indi bunu özümüz niyə təkrarlayırıq?...

Azərbaycanda qızıl-mis yataqlarının istismarı ilə bağlı müqavilələr imzalanan vaxt ictimai müzakirələr aparılmayıb. Halbuki, Yaşıllar Partiyasının sədri Mais Güləliyev deyir ki, buna çox böyük ehtiyac var idi.

Mehman Əliyev

Mais Güləliyevin sözlərinə görə, bu yataqların istismarı zamanı həm ərazidəki yeraltı çaylar, həm də dağ-meşə massivləri məhv edilir. Əgər ictimai müzakirələr aparılsaydı, bu layihənin ümumilikdə ölkəyə həm xeyrini, həm də ziyanını hərtərəfli şəkildə saf-çürük etmək olardı. İndi isə onun fikrincə, belə çıxır ki, bu layihənin gerçəkləşməsi zamanı yalnız müəyyən insanların maraqları nəzərə alınıb:

- Necə ki, neft layihələrindən müəyyən insanlar fayda götürür, bu layihədən də ancaq müəyyən insanlar fayda götürəcək. Mən təəssüf edirəm ki, hələ müqavilə bağlanmamış bu layihənin ətraf mühitə və sosial sahəyə təsiri sənədini Ekologiya və Təbii Sərvətlər Nazirliyi ictimai müzakirələrə çıxartmadı.

ŞİRKƏT SUSUR, NAZİRLİK MONİTORİNQ APARIR, İCRA HAKİMİYYƏTİ İSƏ TƏKZİB EDİR…

Bütün bu baş verənlərlə bağlı Azərbaycan Beynəlxalq Mədən Əməliyyatı Şirkətinin Bakı ofisi ilə də əlaqə saxladıq. Şirkətin Bakı ofisindən bizə dedilər ki, mətbuatın suallarını yalnız Füzuli Səmədov adlı əməkdaşları cavablandıra bilər. O isə hələ bir həftə işdə olmayacağından, gözləməliyik.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə bizim müraciətdən sonra monitorinqlərə başlayıb. Hər halda nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyir ki, müraciətimizdən sonra bir neçə əməkdaşlarını Gədəbəy rayonuna ezam ediblər. Hətta artıq ərazidəki çaydan nümunələr götürən monitorinq iştirakçıları geri dönüblər. Lap yaxın günlərdə laborator analizin nəticələri ictimaiyyətə açıqlanacaq. Ancaq İradə İbrahimova yada salır ki, hələ bir neçə il əvvəl layihənin gerçəkləşməsi ərəfəsində nazirlik zavodun ətraf mühitə təsiri ilə bağlı sənəd verib. Bu sənəddə layihənin ekoloji tələblərə cavab verdiyi qeyd edilib.

Gədəbəy rayonundan millət vəkili seçilən Nazim Məmmədov isə mədən sularının təmizlənmədən çaya axıdılması haqda iddialara şübhə ilə yanaşır. Nazim Məmmədov deyir ki, qızıl-mis emalı zavodunun açılışı zamanı şirkət rəhbərliyi dövlət başçısına söz verib ki, heç bir ekoloji problem yaranmayacaq:

- Sel olar, daşqın olar, qəza olar, belədə mümkündür. Ancaq gündəlik kimyəvi suyun çaya buraxılması mümkün deyil. Bu, təbiətə qarşı cinayət olardı…

Nazim Məmmədov

Bununla belə, millət vəkili deyir ki, onlar da ərazidəki çaylardan götürlən nümunələrin müstəqil şəkildə laborator analizini keçirmək niyyətindədirlər.

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Kamran Rzazadə isə kimyəvi maddələrlə qarışıq suyun ərazidəki çaya buraxılması haqda iddiaları qəti təkzib edir. Kamran Rzazadə deyir ki, xüsusi hovuzlar düzəldilib və kimyəvi sular ora axıdılır:

- Xüsusi basseynlər düzəldilib, onlar izolyasiya olunub. Altdan bir neçə qat beton tökülüb. Heç o su torpağa da çökmür. Mədən sularının heç nəyə ziyanı yoxdur. Ən müasir texnologiyadan istifadə olunur.

Ancaq Arıxdamda qoyunları zəhərlənən kəndin digər sakini Elbəyi Abbasov deyir ki, onlar məhz bu hovuzların sızması nəticəsində mədən sularının Sarıyol çayına axdığını eşidiblər:

- Orda basseyn kimi nəsə düzəldiblər. Camaat danışır ki, basseynin sızması nəticəsində su axıb. Deyirlər onu da düzəldiblər.

Əslində, biz Gədəbəy rayonunda olarkən Azərbaycan Beynəlxalq Mədən Əməliyyatı Şirkətinin yerli şöbəsinin də məsələyə münasibətini öyrənmək, həmin hovuzlarla yerindəcə tanış olmaq niyyətində idik. Ancaq oradan bizə Bakı ofisləri ilə danışmağı tövsiyə etmişdilər. Bakı ofisindən isə bir qədər əvvəl qeyd etdiyim kimi, gözləməyi məsləhət bildilər.

TARİXƏ QISA SƏYAHƏT VƏ YA SON İSTİSMAR

Hələ 1864-1917-ci illərdə Gədəbəydə dağ-mədən işləri aparılıb. Həmin dövrdə Almaniyanın «Siemens» şirkəti Gədəbəy dağlarından təxminən 2 milyon ton filiz çıxarıb. Sovetlər birliyi dönəmində isə Sibirdə zəngin qızıl, almaz yataqları aşkarlandığından Gədəbəy dağlarında dağ-mədən işlərinə ara verilib. Azərbaycan müstəqillik əldə etdikdən sonra isə tədqiqat işləri davam etdirilərək qızıl-mis istismarına qərar verilib.

Mis çayı

İndi Gədəbəy rayonunda «Siemens»in çıxartdığı 2 milyon ton filizdən qalan bir neçə köhnə bina və Mis çayı üzərində salınan dəmir körpüdür. Üstəlik, Mis çayının yatağını da başdan-başa iri sal daşlarla hörüblər.

Görəsən, son istismar dövrünü yaşayan Gədəbəy dağları bu dəfə Azərbaycana nə verəcək? İndi bu suala cavab vermək tezdir. Ancaq hər halda indi altı qızıl, gümüş, mis yataqları ilə zəngin, üstü turizm üçün əlverişli Gədəbəy rayonunda çoxları dolanışıq üçün Rusiyanın ayrı-ayrı şəhərlərinə üz tuturlar. Rayon sakini Mehman Əliyev deyir ki, Söyüdlü kəndinin əksər cavanları isə bir qayda olaraq Norilsk şəhərinə üz tuturlar. Halbuki, Sovetlər dönəmində həmin şəhərin qapalı müəssisələrində ancaq dustaqlar çalışardılar. Mehman Əliyevin sözlərinə görə, Norilskdə işləyib evə dönənlərdə isə müxtəlif xəstəliklər aşkarlanır:

- Kimisinin qanı laxtalanmır, kimi qan qusur. Hamısı o «vredni» sexlərdə işlədiyinə görədir. Bilirlər ki, ölümdür, ancaq balaların dolandırmaq üçün yenə gedirlər…

Zəngin qızıl, almaz yataqları üstündə yaşayan yoxsul insanların qonaqpərvərliyi haqqında çox eşitmişdim. Ancaq Gədəbəy rayonunda belə insanları öz gözümlə gördüm. Orda kasıb, ancaq qonağa açıq istənilən qədər evə rast gələ bilərsən. Belə evlərdə sonuncu tikələrini belə səninlə bölüşməkdən çəkinməyəcəklər…

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG