Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:31

Bakı-Şamaxı yolu çökməyə başlayıb


Bakı-Şamaxı yolunun açılşı, 26 noyabr 2009
Bakı-Şamaxı yolunun açılşı, 26 noyabr 2009
Təxminən 20 gün öncə qırmızı lenti kəsilən Bakı-Şamaxı yolunun bəzi hissələri çökür. Bu əsasən yolun «Sulu təpə» yaşayış massivindən başlayan hissəsində baş verib.

Milli Büdcə Qrupunun ekspertləri də təxminən 100 milyon dollara başa gəlmiş bu yolun 10-cu kilometirinə qədər baxış keçiriblər və magistralın standartlara cavab vermədiyi qənaətinə gəliblər.

«YOL KEYFİYYƏTSİZ ÇƏKİLİB»

Onlar deyirlər ki, bu çökmələrdən başqa «Hökməli» dövrəsində yola yamaq vurulub. Üstəlik Müşfiqabad qəsəbəsinin girəcəyi yolun təmiri zamanı dağıdılsa da, yenidən bərpa olunmayıb, səkilər düzəldilməyib. Nazirlər Kabinetinin isə qərarı var ki, yalnız respublika əhəmiyyətli avtomobil yollarının 60 metrliyində tikili ola bilər. Barısı bu yola bitişik oteli isə yolçəkənlər nəzərə almayıb:

«Yol keyfiyyətsiz çəkilib, bunun səbəbi də odur ki, yolun çəkilməsinə nəzarət yoxdur. Bir səbəbi də odur ki, qanunvericilikdə yolun standartlarıyla, keyfiyyətiylə bağlı boşluqlar var. Buna görə də heç kim məsuliyyətli yanaşmır. Saymadıqları üçün də fikirləşirlər ki, yoldu də, çökər, üstündən yamaq vurarlar».

«SU BİRBAŞA YOLUN ALTINA TÖKÜLÜR»

Bakı-Şamaxı yolunun tikintisini «Akkord» şirkətlər Qrupu aparıb. Şirkətin mətbuat xidmətinin rəhbəri Afaq Quliyeva yolda çökmələrin baş verməsini təsdiqləyir. Deyir ki, yolun yenidən qurulması zamanı həmin hissədə su və çirkab su xətlərinin sızıntısı aşkar edilib. Bu çökmələrlə bağlı sifarişçi təşkilata da, məsləhətçi şirkətə də məlumat verilib. Bunların qısa müddətdə aradan qaldırılması isə müşkülə çevrilib. Afaq Quliyeva deyir ki, yerli bələdiyyə oradan kanalizasiya xətti çəksə də, bəzi yerlərdə borular birləşdirilməyib və onlar xəbərdarlığa məhəl qoymayıblar:

«Bundan sonra layihədə nəzərdə tutulmasa da, şirkət boruları dəyişdirdi, amma sızıntının qabağı alınmadı. O ərazidə su xətləri də burdan keçir. Bu problem indiyə qədər aradan qaldırılmayıb və bunun nəticəsində də su birbaşa yolun altına tökülür.

Müşfiqabad qəsəbəsinin girəcəyindəki dağıdılmış yola gəlincə, Afaq Quliyeva deyir ki, magistralda işlər hələ tamamlanmayıb. İndi qış fəsli olduğu üçün işləri saxlayıblar, amma mart-aprel aylarında problemlər aradan qaldırılacaq. O zaman səkilərin də çəkiləcəyi nəzərdə tutulub. Səkilərin indiyə qədər çəkilməməsini isə Afaq Quliyeva yol kənarında yaşayan sakinlərin onlara mane olmasıyla izah edir:

«Yolun tikintisi zamanı sakinlər bordyurların düzəldilməsinə imkan vermədi, hər kəs istəyir ki, maşını qapısının ağzına dönsün. Hətta polis gücünə də bunu edə bilmədik».

«Akkopd»un sözçüsü yolun düz kənarında otelin olmasıyla bağlı iradların isə onlara yox, sifarişçi təşkilata aid olduğunu deyir. Afaq Quliyevanın sözlərinə görə, onlar özəl müəssisənin ərazisinə girə bilməzlər. Sifarişçi təşkilat, yəni «Azəryolserviz» Səhmdar Cəmiyyəti yolun tikintisinə mane olan hissəni dövlət ehtiyacı kimi almalıydı.

BAKI-ŞAMAXI YOLU DÜNYANIN ƏN YÜKSƏK STANDARTLARINA CAVAB VERİR?


«Azəryolserviz» Səhmdar Cəmiyyətindən suallarımızı cavablandırmaq istəmədilər. Amma prezident İlham Əliyev yolun açılışı zamanı inşaatçılara bildirib ki, yol çox keyyfiyətli tikilib və onun çox xoşuna gəlib. Hətta ölkənin digər yolarının da bu səviyyədə olmasını istəyib. İlham Əliyev deyib ki, əvvəlki yolun vəziyyəti çox bərbad idi, insanlar əziyyət çəkirdilər. Ancaq bu gün Bakı-Şamaxı yolu dünyanın ən yüksək standartlarına cavab verir.

Yolu hər gün bu magitsraldan keçən sıravi sakinlər isə deyirlər ki, prezident sevinməsin, az keçməz, onların əziyyəti yenidən qayıdar.
XS
SM
MD
LG