Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:25

Kim nə qədər maaş alır?


Bütün bunlar rəsmi maaşlardır. Məmurların real qazanclarının bu maaş cədvəlinə nə qədər uyğun olduğunu demək çətindir
Bütün bunlar rəsmi maaşlardır. Məmurların real qazanclarının bu maaş cədvəlinə nə qədər uyğun olduğunu demək çətindir
Azərbaycanda orta aylıq əmək haqqı 298 manatdır. Ancaq dövlət qulluqçularının maaşları arasında böyük uçurum var. Bunu elə ölkənin birinci şəxsi ilə ikinci şəxsinin əməkhaqları arasındakı kəskin fərqdən də görmək mümkündür.

Prezidentin aylıq maaşı nə az, nə çox düz 15 min manatdır. Azərbaycan Konstitusiyasına görə, dövlətin ikinci adamı Baş nazirdir. Onun aylıq maaşı isə 1925 manatdır.

Milli Məclisin sədri öz əhəmiyyətinə görə Baş nazirdən sonra gəlsə də, ondan daha çox maaş alır - 1950 manat.

Milli Məclis sədrinin birinci müavini spikerin aylıq vəzifə maaşının 90 faizi (1755 AZN), Milli Məclis sədrinin müavini 85 faizi (1650 AZN), Milli Məclisin komitə sədri 80 faizi (1560), millət vəkilləri isə 70 faizi miqdarında əmək haqqı alırlar. Deputatların aylıq maaşı 1365 manatdır.

Millət vəkili İqbal Ağazadə deyir ki, vergilər və ödənişlər çıxandan sonra o, təqribən 1200 manat alır.

İCRA BAŞÇILARI NAZİR MÜAVİNLƏRİNDƏN DAHA ÇOX MAAŞ ALIRLAR…

Baş nazirin birinci müavininin əmək haqqı 1700 manatdır. Adi müavinlər isə 1625 manat maaş alırlar.

Nazirlərin, komitə sədrlərinin və Dövlət Sosial Müdafiə Fondunun sədrinin maaşı isə 1500 manatdır.

Dövlət Neft Fondunun icraçı direktoru da elə rəsmən nazirlər qədər qazanır.

İcra başçılarının aylıq maaşı nazirlərdən bir qədər az olsa da, nazir müavinlərindən çoxdur. Onların əmək haqları 1250 manatdır.

Nazir müavinləri isə 1000 manat alır.

ALİ MƏHKƏMƏ SƏDRİNİN MAAŞI DA BİRİNCİ TƏSNİFATA AİDDİR…

Ali Məhkəmənin sədrinin aylıq maaşı 1785 manatdır. Apelyasiya və Naxçıvan MR Ali Məhkəmənin sədri isə onun maaşının 90 faizi miqdarında əmək haqqı alır.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin sədrinin məvacibi Ali Məhkəmənin sədrinin maaşının 80, rayon məhkəmələrinin sədrləri isə 60 faizi miqdarındadır…

ƏN AZ QAZANAN QULLUQÇULAR…

Ən az qazanan qulluqçular isə yerli icra hakimiyyəti nümayəndəliklərində çalışan məsləhətçilərdir. Onların orta aylıq əmək haqları təqribən 180 manatdır.

Bu, Azərbaycanda dövlət qulluqçularının əmək haqlarının siyahısı idi. Ancaq bütün bunlar onların rəsmi maaşlarıdır. Onların real qazanclarının bu maaş cədvəlinə nə qədər uyğun olduğunu demək çətindir.

MAAŞLARIN MƏBLƏĞİNİN PRESTİJƏ DƏXLİ YOXDUR…

1990-cı illərin ortalarında yarı-leqal çap olunan «Çeşmə» qəzetində bir lətifə dərc olunmuşdu. Lətifəyə görə, AXC hakimiyyətə gələndə Tofiq Qasımova əvvəl Gömrük Komitəsinin sədrliyini təklif ediblərmiş. O da razılaşmayıb ki, maaşı azdır. Daha yüksək maaşla Xarici İşlər Nazirliyinə rəhbərlik etməyə razılıq verib. Lətifə dərc olunanda artıq AXC hakimiyyətdən getmişdi. Gömrük Komitəsinə rəhbərlik edən Tahir Əliyev isə prezident yanındakı müşavirədə deyirdi ki, gömrükçülərin əhalidən aldığı pulun içində rüsum da var.

Lətifə bir yana, əslində bəzi dövlət qulluqçuları var ki, onların maaşları özlərinin ifadəsi ilə desək, qəpik-quruşdan ibarətdir. Onların sırasına ilk növbədə vergi əməkdaşları daxildir. Kiçik vergi əməkdaşının əməkhaqqı elə təqribən 180 manatdır. Ancaq Azərbaycanda prestijli sahələrin başında məhz vergi orqanları gəlir. Bəzi iddialara görə, buna səbəb Azərbaycanda ikili mühasibatın hökm sürməsi, rüşvət və korrupsiyadan toplanan qazancdan zərflərdə paylanan əlavə maaşlardır.

Prestijli sahələrdən söz düşmüşkən, onlardan biri də Dövlət Avtomobil Müfəttişliyidir. Onlar da öz əmək haqları ilə öyünə bilməzlər. Ancaq bununla belə son illər Azərbaycanda hər nazirlik özünün müfəttişliyini yaratmaqdadır və orada çalışmaq çoxları üçün əlçatmaz sayılır.

İndi isə dövlət qulluğunda çalışmayan insanların maaş və əmək haqlarına keçək.

AZƏRBAYCANDA ƏN YÜKSƏK ƏMƏK HAQQINI NEFT SEKTORUNDA ÇALIŞANLAR ALIR…

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Azərbaycanda ən yüksək əməkhaqqını neft və maliyyə sektorunda çalışan insanlar alır. Neft sektorunda çalışanların orta aylıq əməkhaqqının təqribən 1000 manat olduğu bildirilir. Bu, ölkə üzrə orta rəqəmdən təqribən 4 dəfə yüksəkdir. Bank və sığorta şirkətlərinin işçilərinin orta aylıq əməkhaqqı isə 720 manat götürülür.

Azərbaycanda bir sıra özəl şirkət və müəssisələrdə də əməkhaqqının yüksək olduğu bildirilir. Ehtimallara görə, onların başında «BP Azərbaycan» şirkəti gəlir. Ancaq orada əmək haqları barədə məlumat konfidensial sayıldığından rəqəmlər açıqlanmır.

Şirkətin əməkdaşları ilə qeyri rəsmi söhbətdən məlum olur ki, burda maaşlar dərəcələr üzrədir və ştatda olan əməkdaşın ən aşağı əmək haqqı – 1000 manat civarındadır. Bu şirkətdə Azərbaycan vətəndaşına verilən ən yuxarı maaşın nə qədər olduğunu deməyə həmsöhbətlərimiz çətinlik çəkdilər. Dedilər, bunu həmin şəxslər, şirkətin rəhbərliyi və mühasibdən başqa çətin ki, kimsə bilə. Amma bp-də ən çox yayılmış maaş 2500 manat ətrafındadır.

Ölkənin qeyri-neft sektorunun nəhəngi «Azərsun Holdinq»də maaşlar bp ilə heç müqayisəyə gəlmir. Burada ştatdankənar işçilərin maaşı 100-150 manat, rəhbər vəzifə tutanların məvacibi isə 2000 manat civarındadır.

Azərbaycanda fəaliyyət göstərən beynəlxalq QHT-lərdə çalışanlar isə əmək haqlarının çox aşağı olduğundan gileylənirlər. Bu sektorda çalışan Azərbaycan vətəndaşlarının aylıq əmək haqları 500-1000 dollar civarındadır və nadir hallarda bundan yuxarı olur.

Adının çəkilməsini istəməyən bir beynəlxalq QHT rəhbəri deyir ki, o, sahə üzrə məlumatlı olan, təcrübəli işçiləri tez-tez itirməli olur. İngilis, rus və Azərbaycan dillərini mükəmməl bilən mütəxəssislər ya sadəcə qat-qat yuxarı maaşla başqa bir sahəyə dəvət alırlar, ya da özəl layihələrlə məşğul olurlar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG