Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:11

«İstəməzdim ki, «Arşın mal alan» muzey eksponatı kimi qalsın»


Dövlət Musiqili Komediya Teatrının rejissoru Elvin Mirzəyev
Dövlət Musiqili Komediya Teatrının rejissoru Elvin Mirzəyev
Xəbər verdiyimiz kimi, Dövlət Musiqili Komediya Teatrı 100-cü mövsümünü Milli Musiqi Günündə Üzeyir Hacıbəylinin «Arşın mal alan» operettasının ilk tamaşası ilə açdı. Yeni rejissor quruluşunda, bir az fərqli, alışmadığımız xarakter sərgiləyən qəhrəmanlarla, çox parlaq, az qala işıq saçan geyimləri ilə, tez-tez dəyişən səhnələrlə, hər dəfə sevgi odu ilə tutuşanda göylərə uçan obrazlarla zəngin olan tamaşa birmənalı qarşılanmadı. Niyə belə oldu?

Hər premyeranı sovetlər sayağı bəh-bəhlə qarşılayıb, ən çoxu sonda cüzi nöqsanlar göstərən Azərbaycan mediası göyün yeddinci qatında uçan Arşın malçını niyə saf-çürük etdi? Bəlkə klassika toxunulmazdır? Bəlkə insanların könlündə 100 ildir taxt qurmuş «Arşın mal alan» necə var elə, Rəşid bəyin, Leyla xanımın, İsmayıl Əfəndiyevin bizə təqdim etdikləri qəliblənmiş obrazlar kimi qalmalıdırlar? O niyə indiki Gülçöhrə kimi (Nərgiz Kərimova) deyə-gülə, nazlanıb-qırlanıb oynamamalıdır? Niyə Xanım Qafarovanın yaratdığı «gəl alım, maralım» xala kimi cavanlıqda, gözəllikdə hamını heyran qoymamalıdır? Niyə Əskərlə-Gülçöhrə bir-birinə sən deyə müraciət etməməlidirlər? Niyə tacir Əskər...

Bax, elə bu və başqa niyələrə cavab almaq üçün teatrın, həm də tamaşanın rejissoru Elvin Mirzəyevi AzadlıqRadiosunun «İz» proqramına qonaq çağırdıq. Qarşımızda Azərbaycan teatrı üçün o qədər də alışıqlı olmayan gənc bir rejissor dayanmışdı. Onunla söhbəti Sizinlə bölüşməyib də, kiminlə bölüşəcəkdim?...

- Elvin bəy, lütfən, ilk öncə özünüzü dinləyicilərə yaxından tanıdın.

- 1974-cü ildə Bakıda anadan olmuşam. İlk təhsilimə 18 saylı məktəbdə başlamışam. Sonra valideynlərimin işi ilə bağlı Azərbaycanın rayonlarında oxumuşam, bir neçə məktəb dəyişəndən sonra təhsilimi tamamlamışam. 1996-cı ildə Mədəniyyət və İncəsənət Universitetinə daxil olmuşam. Mənim musiqi təhsilim də var. Asəf Zeynallı adına Musiqi Məktəbinin fortepiano şöbəsini bitirmişəm. İnstitutda oxuya-oxuya Kamera Teatrında işləməyə başlamışam. Əvvəlcə aktyorluq etmişəm, sonra tamaşalara quruluş vermişəm. Bir çox beynəlxalq müsabiqələrdə iştirak etmişəm, mükafatlar almışam. Hətta 2004-2006-cı illərdə ANS TV-də rejissor da işləmişəm. 2006-cı ildə Teatr Xadimləri İttifaqında yaradılan Yaradıcı Gənclər Mərkəzinin təsisçilərindən olmuşam. Elə orada da «Əli və Nino» tamaşasını hazırlamışam. 2008-ci ilin mayından Əliqismət Lalayevin dəvəti ilə Musiqili Komediya Teatrında çalışıram. İlk işim dövlət sifarişi olan «Arşın mal alan» tamaşası olub...

- Kamera Teatrından Musiqili Dram Teatrına keçid necə baş verdi?

- Musiqili Teatrda hər şey mənim üçün yeni idi. Bilirsiniz ki, Kamera Teatrı kiçikdir. Aktyorla tamaşaçı arasında məsafə, demək olar yoxdur. Rejissorun demək istədiyi də yığcam, lakonik olmalıdır. Musiqili Dram Teatrı isə ənənəvi, böyük bir teatr olduğundan, burda hərəkət üçün daha geniş meydan var. Böyük səhnə həm də böyük cavabdehlik deməkdir.

- Mən «Arşın mal alan»ın premyerasında oldum. «Sevgi uçuşu» başlıqlı yazı da yazdım. Şahidi oldum ki, Siz nəinki qəhrəmanları, hətta tamaşaçıları sevgi qanadlarında uçurdunuz...Amma tamaşanı fərqli qarşılayanlar da oldu.

- Tamaşa barədə bir çox jurnalistlər, teatr tənqidçiləri yazılar yazıblar. Demək olar ki, çoxluq tamaşanı bəyənib. Ancaq bir saytda...

- Elvin bəy, bəlkə klassikaya münasibətdə onlar haqlıdırlar? Bəlkə, doğrudan da, klassiklərə toxunmaq olmaz? Ən azı, çox dərinə getmək olmaz...

- Gəlin, 100 il əvvələ ekskurs edək. Üzeyir bəyin zamanındakı tənqidlərə nəzər yetirək. Tamaşadan öncə mən bütün bunların hamısını, təbii ki, oxuyub öyrəndim. Gördüm ki, «Arşın mal alan» 1913-cü ildə çox ciddi tənqid atəşinə tutulub. Üzeyir bəyi yeni bir eranın başlanğıcı kimi götürsək, 2009-cu ildə mənim payıma düşənlər olduqca azdır. Əgər mən belə bir hədəfə düşməmişəmsə, bir çox yenilikləri olan tamaşa kifayət qədər xoş qarşılanıbsa, mən məmnunluq duymalıydım. Hamımız bərk həyəcanlıydıq. Çünki bu cür cavabdehlik vardı çiynimizdə. Özü də mənim yaşımda belə bir əsər...Jurnalist Qalina Mikeladze biləndə ki, neçə yaşım var, dedi ki, axı, o prinsipcə, «Arşın mal alan» üçün çox cavandır. Buna baxmayaraq, təvazökarlıqdan uzaq da olsa deməliyəm ki, tamaşa qəbul olundu. Tamaşaçıların reaksiyasından, daimi gülüşlərindən, alqışlarından bunu sezmək olardı.

- Elvin bəy, Sizi nədə günahlandırırdılar?

- Bilirsiniz, mən istəyirəm tamaşanın başqa tərəflərindən danışaq. Əgər bu haqda söhbət düşdüsə, istərdim o adamlar diqqətlə Üzeyir Hacıbəylinin librettosunu oxusunlar, musiqisinə qulaq assınlar. Və daha həssas olsunlar. Əgər Üzeyir bəy öz dövründə konservatizmin, ortodoksal fikirlərin azadlığına çalışırdısa, biz niyə də bunu 2009-cu ildə etməyək? Mən istəmirəm ki, «Arşın mal alan» bir muzey eksponatı kimi qalsın. Mən istəyirəm ki, ona bu günümüzün nəzər-nöqtəsiylə baxılsın. Bu klassikadır. Görün, dünyada nələr baş verir? Baxın əsərləri artıq rok üslubunda ifa olunur. Çaykovski müasir formada tamaşaçılara təqdim olunur. Şopenin elə bir əsəri yoxdur ki, ona müdaxilə olunmasın. Hətta rep də var onun musiqisi əsasında. Belə olan halda nəyə görə biz öz dühamızı - Üzeyir bəyi muzey eksponatı kimi qoruyaq?

- Yeri gəlmişkən, Siz yeni quruluşda operettanın baş ideyasını qabartmağa çalışmısınız. Üzeyir bəyi ən çox narahat edən – «müsəlmanların evlənmək müşkülü», daha düzü, sevgiylə evlənmək müşkülü tamaşada xüsusi nəzərə çarpırdı.


- Fikir verdinizmi, dekorasiyalar necə hərəkətliydi? Bu, insanların öz həyatlarını dəyişdirmək istəyindən gələn bir hərəkətdir. Biz həm də onların bir-biri ilə qarşılaşması, ayrılması üzərində çalışmışıq. Və əsas hədəf insanın seçim etmək imkanını, daxili azadlığını qoruyub saxlamasıdır. «Qurani-Kərim»dən başlayaraq, bütün mənəvi əsaslar insanın seçim etmək hüququnu tanıyır. Biz bu dünyaya məhz bu cür gəlmişik. Hər şey həll olunub. Yalnız gedilən yol özümüzə həvalə olunubdur. Bu baxımdan yanaşsaq, Üzeyir bəy çox aktualdır. O məhz bunu demək istəyib. Çünki Allahın bizə verdiyi bir sevgidir, bir qorxu. Belə olan halda bizim qəhrəmanlarımız tam haqlıdırlar.

- Yəni demək istəyirsiniz ki, onlar sevgi qanadlarında uçmaqda haqlıdırlar?

- Axı, bu bizim poetikamızdır, bizim Şərq dünyamızdır. Sizin sözünüzlə, onu hətta başlığa çıxarmışdınız –«Sevgi uçuşu»... Yəni yalnız Şərqdə uçmaq mümkündür. Bizim belə sözümüz də var: Mən göylərdə uçuram, göyün 7-ci qatındayam...Mən qəhrəmanlarımı ora qaldırdım. Əminəm ki, gələcəkdə teatr texnikası bir az da gəlişəndən sonra, elə rejissor tapılacaq ki, bundan qat-qat üstün işlər görəcək. Məsələn, 2050-ci ildə, ya da 2150-ci ildə...(Gülüşmə). Üzeyir bəy həmişə dəbdə olacaq. Nizami Gəncəvi indi bizə necə lazımdır, necə böyük mirasımızdır, O da elə.

Buna da bax:

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG