Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 13:55

Xüsusi layihələr / Həmyerli

Buxenvald dəhşətləri azərbaycanlının gözüylə

Buxenvaldın barakları. Düşərgə azad olunan zaman çəkilən şəkil. 16 aprel 1945
Şriftin ölçüsünü dəyiş - +
Fransanın cənubunda - Nim şəhəri yaxınlığında yaşayan 88 yaşlı azərbaycanlı Məmməd Yusifov Buxenvald əsir düşərgəsində başına gələnləri AzadlıqRadiosuna danışır.

«Nə hamam, nə tualet? Belə şey yox idi. Əynimizdəki dustaq paltarı heç vaxt yuyulmurdu. Hamımızı bit basmışdı. Natəmizlik…

Buxenvalda gələndən il yarım sonra ilk dəfə olaraq bizi – bir qrup azərbaycanlını hamama apardılar. Dustaq geyimlərimizi çıxardıq, hamımızı saldılar bir hamama. Neçə vaxtdan bəri yoldaşlıq edirdik, amma hamamda bir-birimizi tanımırdıq - hamımız bir-birimizə oxşayırdıq - bir dəri, bir sümük…»

88 yaşlı Məmməd Yusifov əslən Ağdaş rayonundandır, 2-ci Dünya Müharibəsi qurtarandan bəri Fransanın Nim şəhəri yaxınlığında – gözdən-qulaqdan uzaq bir kənddə yaşayır. Əslində mən onunla evində görüşməyi planlaşdırmışdım…

Amma istəmədi, müsahibəni telefonla götürməli oldum.

ÖZÜNÜ XOŞBƏXT HİSS EDƏN ƏSİRLƏR…

«Bizə hər gün ancaq 150 qram çörək və bir boşqab sup verirdilər. Çuğundurdan bişirirdilər. Kiminsə boşqabından balaca bir kartof çıxanda həmin gün özünü xoşbəxt hiss edirdi…»

Məmməd Yusifov deyir ki, Buxenvaldda günü ən pis keçən sover əsirləri idi.

«Çünki Stalin əsirləri satqın sayırdı. Başqa millətlərin nümayəndələrinə, fransızlara, amerikanlara əlavə çörək gətirirdilər - bunu Qırmızı Xaç Komitəsi edirdi - onların halı ilə maraqlanırdılar.

Biz şikayət edirdik ki, bizə də kömək olunsun. Amma almanlar cavab verirdi ki, sizin hökumət deyir ki, onun əsiri yoxdu. O vaxt sovet hökumətinin öz əsgərlərinə münasibəti beləydi: əsgər ya vuruşmalıdı, ya da ölməli, o əsir düşə bilməz».

…Buxenvald nasistlərin yaratdığı ən böyük əsir düşərgələrindən biri olub. Almaniyanın Vaymar şəhəri yaxınlığında yerləşib.

Düşərgədən 250 min əsir keçib. Onların beşdə biri ya ağır əməkdən, xəstəlikdən ölüb, ya da edam edilib. Dustaqların əməyindən ya düşərgə kompleksinə daxil silah zavodlarında, ya yaxınlıqdakı ərazilərdə dəmiryol tikintisində, ya da başqa ağır işlərdə istifadə olunurdu.

Məmməd bəy deyir ki, dəmiryolu tikintisindən başqa alman dilini bildiyi üçün onu almanların şəxsi təsərrüfatlarında işləməyə də aparırmışlar. Əsir düşəndə çəkisi 72 kiloqram imiş, düşərgədə 52 kiloqrama enib.

…Nasistlər Buxenvald düşərgəsini tibbi eksperimentlər üçün də istifadə edib. Həkimlər məhbusları yatalağa yoluxdurub, bu xəstəliyə qarşı dərmanların effektivliyini yoxlayıblar. Baraklar basabas olduğu üçün xəstəlik tez yayılırdı. Belə eksperimentlər yüzlərlə əsirin həyatına son qoyub…

YERALTI «ÇARPAYILAR»

Həmsöhbətim danışır ki, o, Buxenvalda gələndə azərbaycanlıların sayı təxminən 380 nəfər imiş. Onu Fransadakı Rodez düşərgəsinə köçürəndə isə cəmi 150 nəfər qalıbmış.

«Yerin altında yatırdıq. Dərinliyi 50-60 santimetr, yaxud 1 metr olan çalalar qazmışdıq. Qəbir kimi. Səhər saat 8-də almanlar gəlib fışqırıq çalırdı. Dərhal həmin qəbirlərdən çıxmalı idik. Kim çıxmırdısa, onu tüfəngin qundağı ilə vururdular.

Bəziləri işləməkdən o qədər zəif düşürdü ki, çaladan zorla çıxırdı. Bəziləri isə qundaqla vurandan sonra da tərpənmirdi. Bunlar gecə yuxudaykən ölənlər idi. Gecə yağış yağanda yatdığımız çalaya palçıq da dolurdu…»

Məmməd bəy danışır ki, işin ağırlığı və xəstəliklər öz işini görürdü və bəzən bir gecədə 3-4 yoldaşlarını itirirdilər. Ölən olanda almanlar at arabası göndərirdi, dustaqlar adına «taçanka» deyirdi.

Buxenvaldda əsirlərin meytləri. Aprel 1945.
«Birimiz ölənin başından, o biri ayaqlarından tutub arabaya qoyurduq. Düşərgədən kənara aparıb böyük çalalara yerləşdirirdik. Həmin çalaları özümüzə qazdırırdılar. Sonra yenə də bizim aramızdan bir neçə nəfər seçib aparırdılar ki qəbrin üstünü torpaqlasınlar».

…Buxenvaldda edam edilənlərin çoxu yəhudilər və sovet əsirləri idi. Əsirləri ya asır, ya da güllələyirdilər. Bəzilərini saxta həkim otaqlarına aparır, «boyölçən»ə söykədir, sonra SS əsgəri əsirin peysəri hündürlüyündəki deşikdən tapanşa ilə atəş açıb onu öldürürdü…

«YƏHUDİLƏRİ YANDIRANDA TÜSTÜSÜNÜ BİZ DƏ GÖRÜRDÜK»

Məmməd Yusifov deyir ki, ilk dövrlərdə təxminən 150 azərbaycanlını da yəhudi bilib edam ediblər. Amma Almaniyadakı, Avstriyadakı azərbaycanlı icmalarının fəalları gəlib düşərgədə SS-çilərə izah ediblər ki, sünnət təkcə yəhudilərə aid bir əlamət deyil.

«Əsgər bəy, Süleyman bəy gəlirdilər. Biz sağ qalmağımıza görə onlara minnətdarıq».

Buxenvald və onun ətrafındakı kiçik düşərgələr böyük bir ərazidə yerləşirdi. Məmməd bəy danışır ki, yəhudiləri təxminən 2 kilometr uzaqlıqda yerləşən qaz kameralarında yandıranda tüstüsünü onlar da görürmüş.

ƏSİR DÜŞƏRGƏSİNDƏN NECƏ QAÇDI?

İlk dəfə telefonla danışanda dedi ki, həyat yoldaşı xəstədi, qonaq qəbul eləməyi çətin olacaq, on günə yenidən zəng edim. Onun telefon nömrəsini Parisdəki dostu, keçmiş əsir Qədir Süleymandan almışdım (Onunla söhbəti AzadlıqRadiosunun dinləyicilərinə iki ay qabaq təqdim etmişdik). Qədir bəydən dostunun həyat yoldaşının sağaldığını eşidib yenidən Məmməd bəyə telefon açdım. Amma yenə dolayısı ilə «yox» cavabı aldım.

Qədir bəy mənə onu da demişdi ki, dostu alman ordusunda döyüşən azərbaycanlı legionerlərin orkestrində tərcüməçi olub. Amma Məmməd bəy bunu təkzib elədi. Dedi ki, «legioner-filan» olmayıb. Sadəcə, 1943-cü ildə Buxenvalddan Fransadakı Rodez düşərgəsinə köçürülüb.

Buxenvald düşərgəsindəki əsir barakın qarşısında metal qabdab su içir.
Onu da qeyd edim ki, Rodezə alman ordusuyla əməkdaşlığa razı olmuş azərbaycanlıları da toplayırdılar. Məmməd bəy də etiraf edir ki, Rodez düşərgəsinə gətiriləndən sonra onlara verilən çörəyin çəkisi 250 qrama qaldırılıb, səhhətləri yaxşılaşıb.

«Mən məktəbdə alman dili keçmişdim, Buxenvalda da alman dilini əməlli-başlı öyrənmişdim. Ona görə almanların azərbaycanlı əsirlərlə ünsiyyət qurmasına kömək edirdim. Vəssalam. Amma mənim legionla heç bir əlaqəm olmayıb».

Məmməd bəy deyir ki, müharibənin sonuna yaxın almanlar Rodez düşərgəsinə yaxşı nəzarət edə bilmirdilər. Düşərgədən kənarda işləməyə aparılan əsirlər üç-üç, beş-beş qaçırdılar.

«1944-cü ilin axırında mən və iki azərbaycanlı yoldaşım düşərgədən qaçdıq. Gündüzlər gizlənib, gecələr yola çıxırdıq. Yol kənarına çıxıb əlimizi qaldırırdıq, kimsə bizi maşınına mindirib 30-40 kilometr aparırdı. Yolda evlərin qapısını döyüb çörək istəyirdik. Beləcə 250 kilometr yol qət elədik. Sonra mən yolda dostlarımdan ayrılıb Nimə getdim».

ONLARI MÜHAKİMƏ ETMƏYƏ HAQQIMIZ VARMI?

Telefon söhbətimiz təxminən yarım saat çəkdi. Düşərgə həyatından danışdığı yerdə birdən xəttin o başında əlavə səslər eşitdim və həmsöhbətim «yaxşı, mən yoruldum» - deyib sağollaşmağa başladı. Şəklini yollamağını xahiş etmək istəyirdim ki, sözüm ağzımda qaldı. Yenə «mən çox yoruldum, sağ olun» deyib dəstəyi asdı.

Daha ona zəng eləmədim…

Doğrusu, hələ keçən il bu vaxtlar ilk dəfə keçmiş əsirlə müsahibəyə yollananda da onun söhbətə könülsüz razı olmasına təəccüblənmişdim. Strasburq yaxınlığında Rozaym qəsəbəsində yaşayan Hüseyn Gözəllə razılaşmışdıq ki, Strasburqa çatan kimi ona zəng edəcəm və oğlu Hans Rozaymın dəmiryol stansiyasında qarşıma çıxacaq. Məmməd bəy kimi Hüseyn bəy də müharibənin bitməsindən 60 ildən çox vaxt keçsə də, ilk dəfə idi jurnalistlə ünsiyyətdə olurdu.

Amma Strasburqa çatandan sonra əvvəl özüm, sonra isə mənim xahişimlə bir taksi sürücüsü Hüseyn bəygilə təkrar-təkrar zəng etsək də, dəstəyi qaldıran olmadı. Yoluma davam edib Rozayma çatdım. Yenə zəng vurdum, yenə cavab verən olmadı. İki mindən çox ev olan qəsəbədə isə müsahibimi qarasına axtarmaq ağılsızlıq olardı.

Əlacsız qalıb Hüseyn bəyin telefon nömrəsini mənə verən Strasburqdakı azərbaycanlı icmasının rəhbəri Mustafa Alıncaya zəng vurdum, vəziyyəti danışıb xahiş etdim ki, mənə Hüseyn bəyin ünvanını da desin.

Beş dəqiqə stansiyada əsəbi halda var-gəl edəndən sonra SMS aldım: «Rü Braun küçəsi, 19». Soraqlaşa-soraqlaşa evi tapdım, zəngi sıxdım, qapı açılanda süfrədə qarpız yeyildiyini gördüm. Hüseyn bəy mənim onu necə tapdığıma çox təəccübləndi, hiss etdim ki, məni bir az da şübhəli baxışlarla süzür.

Dedi ki, mənim zəngimi çox gözləyiblər, sonra gəlməyəcəyimi düşünüblər. Telefon isə nə məşğul olub, nə də xətdən ayrılıb.

O vaxt mən bunu anlaşılmazlıq saymışdım, amma açığı bu hadisə mənə bir az qəribə də gəlmişdi…

İndi isə düşünürəm ki, bəlkə də Məmməd bəylə müsahibənin telefonla alınması daha yaxşı oldu.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: Vətənsiz Haradan: Bakı
09.09.2009 19:46
1975-ci ildə keçmiş ADR-də(Almaniyada)hərbi xidmətdə olanda, mən həmin düşərgədə oldum və hər şey gözlərimlə gördüm.Ora muzey kimi qorunur.Bu müsahibəni oxumaqla mən, xəyalən yenidən Vaymer şəhərinə,onun yaxınlıqda dağın üstündə olan Buxenvald hərbi düşərgəsinə, sanki getdim.Ora döğrudan da dəhşətlidir və bu gündə adamı qorxudur...

Kimdən: Abbas Haradan: Kars
08.09.2009 01:33
Cox Sag olun, Rovshen bey.
arashdirmalarinizdan hemishe nelerise oyrenirem.
Yene gozleyirem yeni yazilarinizi.

Kimdən: TÜRK OĞLU Haradan: BAKI
05.09.2009 14:39
RÖVŞƏN BƏY, maraqlı araşdırmalarınıza görə sizə dərin minnətdarlığımızı bildiririk..bu yazılarda bir əmma onda idi ki, 60 il keçməsinə baxmayaraq müsahibinizin canından STALİN QORXUSU hələ də çıxmayıb...MƏHƏMMƏD ƏMİN RƏSULZADƏNİN O DÖVRDƏ GÖRDÜYÜ İŞLƏR İSƏ ƏVƏZEDİLMƏZDİR...

Kimdən: Vetendas Haradan: Vetenli
05.09.2009 03:58
Men cox tesuf edirem ki, bir nece serhi buradan cixmaq serti ile, bezileri helede sovet/rusiya dovletinin vetendaslari kimi dusunurler. Unutmaq olmaz ki, bu insanlar bizim xalqin numayendelridirler ve onlarin cekinmesi hecde sebebsiz deyil. Cunki onlar her an tehluke icersinde yasayiblar. Onlar yad bir el ucun vurusub esir dusubler. Azerbaycan butovlukde oz var dovletini insanlarini, neftini bu yad xalqa muharibye qurban verdi. Ruslar bunu nece qiymetlendirdi. Bizim torpaqlari ermenilere alib verdi. Indide helede bizim sadelohv xalq sovetlerin terefini saxlayir. Umimiyetle bizim millet, xalq qeder eziyyet ceken ikinci bir millet tapmaq cetindir. Biz bunlardan bir netice cixartmaliyiq ve hec vaxt bir-birimize qarsi laqeyd olmamaliyiq. Memmed Emin Resulzadeye geldikde ise onun savadina hec kesin subhesi olmasin. Bele olmasaydi eger bu insani hemin o sovetler islemek ucun rusiyaya aparmazdi. Yalniz onun esil veten sevgisi millet sevgisi. bezilerinden ferqli olaraq sovet/rus imperiysina xidmet etmekden imtina edib o dovleti terk etdi.

Kimdən: Haci Əbdülhəsən Haradan: Neftcala-Baki
05.09.2009 01:55
Mən tarixi yazilari cox oxuyuram.Amma nədənsə bizim millət bir ayaxi o dünyanın astanasında olandada yenə allandan qorxmayıb yalan danışir.Bütin dünyanın millətləri vətəndən ayrı düşəndə,vətən həsrəti ilə yaşayırlar,amma bizim millət hec vaxt byny fikirləşmir.Hələdə xarici dövlətlərdə iş aparan,milləti təmsil edən diasporumuz yoxdyr!
Amma yalan gobumuz baş sındirir.Xahiş edirəm hec olmasa bir az yalansız olan vətən xainlərindən müsahibə götürün.Sovet düvlətini satan əsgər ölümə məhkumdur.Siz hecdə onlara haqq qazandirmayin.
Cünki Həzi Aslanovun,Mehdi Hüseyinzadənin və minlərcə vətən oxullarının ruhu sizi baxışlamaz!

Kimdən: Seymur Haradan: Baku
04.09.2009 20:00
Aliquli bilirsenmi Buxenvald yeganə düşərgə olub ki, onun rəhbəri Karl Koxu fasitler özləri qəddarlığına görə edam ediblər. Bunun danışdığı nədi ki, almanların düşərgələrdə törətdikləri yazılası deyil. Buxenvald hələ ölüm düşərgəsi olmayıb, əmək düşərgəsi olub. O ki qaldı almanlara, Avropanın ndi özünü çox sivil aparmasına baxma, neonasistlər orda da təzədən baş qaldırır.

Kimdən: Aligulu Haradan: Bakı
04.09.2009 17:59
Men sehven almanların yəhudi yerinə müselman öldürməklərinə qətiyyən inanmıram. Alman o qədər etinasız adam deyilki bele iş görsün. Bəs bu soydaşımızı necə olubki səhvən öldürməyiblər? Əcəba onun digər müsəlmanlardan fərqləndirici cəhəti nə imişki ona görə onu müsəlman bilib öldürməyiblər? Bu boyda da böhtan olmaz axı!! Bu-gün sabah axirətə geden adam belə yalanlar danışmamalıdır (nəyin xətirinə və kim üçün bunu deməyini başa düşürem). Amma bunu etmək bize yaraşmaz. !Bolşevik tebliğatı təəsüfler olsunki hələdə davam etməkdədir. Onuda yalan deyirlərki guya onlar hamam görmürlərmiş. Bəs necə olubki bir neferidə səpkili yatalağa tutlmayıb o düşərgələrdə 5 il ərzində?!Bəli restoran yeməyi verməyiblər amma acda qoymayıblar əsirləri. Oradan sağ çıxan yəhudilər ölüm-itimdən danışıblar amma ac və hamamsız qalmaqdan bir adamda söz etməyib. Bir dəri bir sümük olanlarmı üsyan edib o boyda düşərgənın mühafizəçilərinə nece qalib gəliblər? Moderatordanda ricam budurki belə yalanları derc etdirməsin öz saytında. Sağ olun!!

Kimdən: Yurdsever
02.09.2009 10:16
Rovshen bey, meqaleye gore chox sag olun. Ancaq siravi esir azerbaycanlilarin heyati hansi ki, muharibeden sonra qaliblar Avropada, bashlarin gizleyibler, bizim uchun ornek deyil. Meselen ele Memmed Beyi goturek, 60 ilde ne ish gorub, ne ile meshgul olub, Azerbaycani nece ne ile tanidib? Chunki savadsiz kend ushaqlari olublar, tale onlari atib ora, sakitce yashayirlar.
Musahibede Memmed beyin ozun aparmasinnan gorunur ki, NKVD qorxusu caninnan chixmayib.
Bize zehmet olmasa, mehz aktivistlerin heyatinnan, onlarin fealiyyetinden informasiya verin.

Kimdən: Ağabala
02.09.2009 05:45
Əlbət Sabirin "harda müsəlman görürəm, qorxuram" deyiminə təcrübədən yaxşı bələddirlər, ona görə də çəkinirlər.

Kimdən: Orxan Haradan: baki seheri
01.09.2009 15:09
siz bunu etmekde cox duz etmisiniz cunki onlarla azrbaycanli esir olub bu isi davam etdirmelisiniz size nece komek lazim olsa mene yaza bilersiniz hem tarix cehetden hem cografya
Səhifə (2)
    Növbəti