Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:41

Bloqqerlərin taleyi Qərb diplomatlarının diqqət mərkəzindədir


Elmira Süleymanova
Elmira Süleymanova
Həbs edilmiş gənc bloqqerlər və ağır xəstə olan məhbus Novruzəli Məmmədovun taleyi beynəlxalq ictimaiyyətin diqqət mərkəzində qalmaqdadır.

Son günlərdə Qərb diplomatik missiyalarının nümayəndələri Azərbaycan ombudsmanı Elmira Süleymanova ilə görüşlər keçiriblər.

Belə ki, avqustun 11-də ombudsman Belçika və Macarıstanın Bakıdakı səfirliklərinin nümayəndələri Peter Booms, Tibor Szilagyi, Zoltan Baç və Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Alan Vaddamsı, avqustun 12-də isə ABŞ səfirliyinin siyasi məsələlər üzrə müşaviri Coan Qansonu qəbul edib.

Qərb diplomatları həbs edilmiş gənc bloqqerlər Emin Milli və Adnan Hacızadənin həbsindən, o cümlədən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin müalicə müəssisəsində saxlanılan «Tolışi sədo» qəzetinin sabiq baş redaktoru Novruzəli Məmmədovun vəziyyətindən narahatlıqlarını ifadə ediblər.

Ombudsman Aparatının mətbuat xidmətindən «Turan»a verilən məlumata görə, E.Süleymanova Azərbaycan ombudsman təsisatının insan hüquqlarının müdafiəsi sahəsində çoxşaxəli fəaliyyətini, dövlət orqanları, QHT-lər, vətəndaş cəmiyyəti ilə əməkdaşlığını, həmçinin ixtisaslaşmış beynəlxalq və regional təşkilatlarla, o cümlədən Avropa Birliyi ilə, xarici ölkələrdəki milli insan hüquqları institutları ilə qarşılıqlı əlaqələrini diqqətə çatdırıb.

Gənc bloqqerlərin işinə toxunan Süleymanova bildirib ki, Milli və Hacızadə saxlandığı andan etibarən Ombudsman Aparatının əməkdaşları bir neçə dəfə Xətai Rayon Polis İdarəsinin müvəqqəti saxlanma təcridxanasında onlarla görüşüb. Bundan başqa, Süleymanova Daxili İşlər nazirinə və Baş prokurora müraciət edərək, başlanmış cinayət işinin istintaqının obyektiv aparılmasının nəzarətə götürülməsini, saxlanmanın qanuniliyinin yoxlanılmasını, məhkəməyədək məsələnin barışıq yolu ilə həll edilməsinin mümkünlüyünün nəzərdən keçirilməsini xahiş edib.

E.Süleymanovanın sözlərinə görə, gənclərin saxlanma şəraitindən narazılıqları olmayıb, eyni zamanda, onlar barələrində istintaq hərəkətlərində iştirakdan imtina ediblər. Və onların məhkəmə prosesini gözlədikləri vurğulanıb.

Novruzəli Məmmədovun səhhətinə gəlincə, Ombudsman Aparatının əməkdaşları Penitensiar Xidmətin Tibb Müəssisəsində bir neçə dəfə ona baş çəkiblər və xəstəxana rəhbərliyi ilə görüşüblər. Onun saxlanma şəraiti, lazımi tibbi yardım alınması ilə bağlı müvafiq tövsiyələr verilib.

Müvəkkilin tapşırığından sonra məhkumun müalicəsinə daha diqqətlə yanaşıldığı, onun təkadamlıq palataya keçirildiyi, mütəmadi olaraq vəkili ilə görüşdüyü, saxlanma şəraitindən şikayətinin olmadığı, müayinələrin və müalicə tədbirlərinin müntəzəm aparıldığı diqqətə çatdırılıb. Novruzəli Məmmədovun əlavə müayinə olunması üçün müalicə müəssisəsinə tibb mütəxəssisləri göndərilib, xəstə zəruri olan bütün müayinələrdən keçirilib, bu günlərdə onun səhhəti ilə əlaqədar yekun tibbi rəy veriləcək və buna uyğun müalicə aparılacaq.
XS
SM
MD
LG