Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:52

Polisin axtardığı gənclər: «Biz gizlənməmişik»


Nurəddin Babayev, Pərviz Atayev və Ülvi Həsənli
Nurəddin Babayev, Pərviz Atayev və Ülvi Həsənli
Gənclər hərəkatı fəalları Emin Millinin və Adnan Hacızadənin həbsiylə bağlı Bakı Şəhər Prokurorluğu və Bakı Şəhər Baş Polis İdarəsinin iyulun 11-də yaydığı birgə məlumatda deyilir ki, xuliqanlıq etmiş bu iki gənclə birlikdə olan 4 nəfər polis gələnə qədər hadisə yerindən qaçıblar. Məlumatda bildirilir ki, «Pərviz, Ülvi, Nurəddin və Bəhram adlı şəxslərin müəyyən olunması üçün tədbirlər görülür».

«BİZ EVİMİZDƏYİK, POLİSDƏN DƏ GİZLƏNMİRİK»

Polisin axtardığı gənclərdən üçü (onlardan biri Bakıda olmadığından gəlməmişdi) isə bu gün jurnalistlərin qarşısına çıxıb dedilər ki, «biz evimizdəyik, polisdən də gizlənmirik».

Nurəddin Babayev:

«Həmin gün Emin və Adnanla bir yerdə olmuşuq. Biz ictimai fəal adamlarıq. Şəxsiyyətimizi müəyyən etmək böyük bir problem yaratmamalıdır. Gördüyünüz kimi burdayıq, adımız, soyadımız, atamızın adı - hamısı bəllidir. Biz düşünürük ki, Adnanla Eminin azadlığa çıxması üçün fəaliyyət göstərənlərə yardım etməliyik».

Ülvi Həsənli:

«Mən də hadisə yerində olmuşam. Qaçmamışıq, 39-cu və 9-cu polis bölmələrində də olmuşam. Polislərə də demişik ki, filankəsik, şahid kimi ifadə verməyə hazırıq. Ancaq onlar dedilər ki, siz bizə lazım deyilsiniz».

«POLİS DEDİ Kİ, SİZ BİZƏ LAZIM DEYİLSİNİZ»


Pərviz Atayev:

«Mən də orada olmuşam. Polis bölməsinə bir yerdə getmişik. Sonrakı iki gündə Səbail rayon Polis İdarəsinin qabağında olmuşuq. Məhkəmə günü də məhkəmənin qabağında olmuşuq. İstintaqdan da qaçmırıq, burdayıq».

Gənclər deyirlər ki, rəsmi məlumatdan sonra polisə müraciət etməyiblər. Ona görə ki, polisdə telefonları var. Deyirlər ki, istəsələr, uzaqda deyilik.

Həbsdə olan Gənclərin Hüquqlarını Müdafiə Hərəkatı isə bildirir ki, bundan sonra hər həftə mətbuat konfransı keçirəcəklər, Emin Milli və Adnan Hacızadə həbsdən azad olunana qədər fəaliyyət göstərəcəklər.

Emin Milli və Adan Hacızadə iyulun 8-i axşam «Lebanese» restoranında tanımadıqları şəxslərin hücumuna məruz qalıblar. Lakin buna baxmayaraq, polis onları saxlayıb. Gənclərə qarşı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə ittiham irəli sürülüb.

İyulun 10-da Səbail rayon Məhkəməsi gənclər barəsində 2 ay müddətinə həbs-qətimkan təbiri seçib.

Emin Milli «Alumni Network» gənclər şəbəkəsinin rəhbəri və ANTV İnternet-televiziyanın yaradıcılarından biridir. Adnan Hacızadə isə «Ol» Gənclər Hərəkatının həmtəsisçisidir.

Gənclərin həbsi ilə bağlı şərhiniz varsa Forumda iştirak edə bilərsiniz
XS
SM
MD
LG