Bazar, Aprel 20, 2014 Bakı vaxtı 15:57

Verilişlər / Oxu zalı

Məhsəti Gəncəvi. Rübailər (N.Rəfibəylinin tərcüməsində)

x
Şriftin ölçüsünü dəyiş - +
Kişi öl, əgər sən qadın deyilsən,
Bir an oxşamazsan başımı nədən?
Zər verər busəmə dünya şahları,
Zərsiz sən bir busə almazsan məndən!

Görüşdə şəftəli bir bəhanədir,
Alma, üzüm, duzlu püstə, de, nədir?
Narım, alça olma, badam gözlərim
Üzüm giləsi tək yaş tökər bir-bir.

Hər iki dünyanın kərimi Sənsən,
Qocaya, cavana kömək edənsən!
Sənin rəhmətinə əminik, Allah,
Könlümüz şad olur sənin feyzindən.

Məni kam almağa qoymadı zaman,
Gücü çatan qədər elədi divan.
Deyəsən əhd etmiş, dolandıqca hey
Məni də özüylə hərlətsin dövran.

Xidmətdən qovulmuş bir kəsdir ürək,
Adın-sanın yoxsa, həyatdan əl çək.
Bu dünya elə bir karvansaradır
Ki, qara pula da dəyməzmiş, gerçək.

Qəlbinə eşqdən söz yazan bir kəs
Bir ləhzə ömrünə puç deyə bilməz,
Bir həmdəm aradıq ömrümüz boyu,
Bizə həmdəm oldu yanıq bir nəfəs.

Eşqin mənbərinə çıxandan ki biz
Eşqdən başqa söz bilmədik hərgiz.
Bizim bu mənzilə ayaq qoymasın
Eşq ilə yanmayan, buz kimi hissiz.

Aşiqlər evinin dərvazəsi, bil,
Olmuş çoxdan bəri bizim bu mənzil.
Məhsulumuz qəmdir, bihuşuq müdam,
Şadlıq bu xanənin qonağı deyil.

Özgədən heç zaman gözləmə kömək,
Quru budaq kölgə salmaz, ey ürək!
Qənaət əzizlər, tamah xar edər,
Az olan şeylərə qənaət gərək.

Başqa mədəndəndir eşqin gövhəri,
Seçmişlər aşiqlər bir özgə yeri.
Eşq dəni yeyən quşun yuvası
Bir yerdir bu iki dünyadan qeyri.

Bir qəlp pulu bizdən almırlar, inan!
Süpürər hamını əcəl dünyadan.
Xərabatdan çıxıb dedi bir qoca:
“Şad yaşa, torpaqda çox yatacaqsan”.

Dad ürək əlindən, dad eşq əlindən,
Çoxlarıdək düşdüm bu möhnətə mən.
Ürəkdir səbəbi bu ahü-zarın,
Dad ürək əlindən, dad eşq əlindən,

Ey ürək! Ömrünü vermisən badə,
Gülüb yetməmisən kamə, muradə.
Kimsə yetişmədi dadıma, heyhat!
Mən sənin əlindən gəldim fəryadə.

Qəminlə ürəkdə qalmamış həvəs,
Cavanlıq şövqü də keçəcək əbəs.
Eşqin bir ölümdür, qalmışdır yalnız,
Yaşamaq adıyla bir quru nəfəs.

Xalqın başında gər olsan da bir tac,
Ağladar səni də bir gün ehtiyac.
Xalqın dərdinə qal, ona yaxın ol,
Qorx o gündən özün olasan möhtac.

Bu dünya bir qızıl kuzəyə bənzər,
Suyu gah şirindir, gah da ki zəhər.
Çox da öyünmə ki, uzundur ömrün,
Əcəl köhlənində hazırdır yəhər.

Havada, səhrada olan toz, torpaq
Keyqubad, Firidun torpağıdır, bax!
Fələyin təknəsi deyil bu dünya,
O bir qan teştidir, qan tası ancaq.

Qoca bir guşədə əlində badə,
İçib ağlayırdı, gəlirdi dadə:
– Tövbəni kim pozdu, ya Rəb, mənəmsə,
Barı Sən rəhmini pozma dünyadə!

Qızıl dedi: “Mənəm hər günə gərək,
Duz kimi möhtacdır mənə hər xörək.
Məni ölü kimi basdırmayın siz,
Həyat üçün mənəm ən yaxın kömək”.

Nəmli gözlərimdən axan gilələr
Xəncərdən damlayan al qana bənzər.
Qəlbim kabab olmuş, tökür qanlı su.
Kababdan qanlı su damlamaz məgər?!

Hünərin səfası acıdır müdam,
Odur, hünər suyu içmir bir adam.
Alçaq adamların cəhalət odu
Hünəri küləyə vermişdir tamam.

Sənə qismət olsa beş gün bu həyat,
Öz könlünlə yaşa, qəlbini yaşat...
Həmnəfəs axtarma, üzlətə çəkil,
Həmnəfəs aynanı pasladır, heyhat!

Mən ki çöldə bitən bir otam, ey mah.
Nə suyum var mənim, nə taleyim, ah!..
Nəsihət əbəsdir; qızıl teşt içrə
Kəsilmiş bir başın nə xeyri, eyvah!

Boy-buxunu, çiyni nöqsanlıdan dad,
Namərd kişilərdən yaxşıdır arvad.
Bivəfa dostlardan düşmən yaxşıdır,
Etibarsız dostu yadından çıxart.

Şam başından yanar, göz yaşı tökər,
Gəldiyi qapıdan o çıxıb gedər.
Başınla öyünmə, şamə diqqət et,
Məhv olur başıyla ayağa qədər.

Nədən səni belə yandırdılar, şam,
Yoldan çıxartdılar burda bir axşam?
Sən özün dilə gəl, neyləsin, əgər
Yaranmışsa ancaq yanmaqçün adam?!

Olursa Misir, Rum, Çin sənin, ancaq
Bil ki, bütün dünya sənin olacaq.
Kefini kök saxla, çünki son qismət
On arşın kəfəndir, üç arşın torpaq!

Buludla çarpışan görürəm səni,
Günəşi arayan görürəm səni.
Bu göz bəbəyimdə varsansa, neçün
Suya qərq olmuşsan, görürəm səni.

Qəminin eşqilə cahana gəldim,
Canımı eşqinə qurbana gəldim.
Bu könlüm qəminin məkanıdır, yar,
Qəmini çəkdikcə mən cana gəldim.

Ey dost, məhəbbətin ömrə duzaqdır,
Arzum istəyindir, bu sözüm haqdır!
Aldı qərarımı sifarişlərin,
Səbir dedikləri məndən uzaqdır.

Xərabatdan çıxan bir ay ucaldı,
Fələyin damında bir çadır saldı.
Qəflətən ucaldı Hatifdən bir səs:
“Bu dünya bir saman çöpünə dəyməz!”

Könülsüz Xərabat içrə sən gəlmə,
Dərvişlik rəmzini bilməsən, gəlmə!
Başından keçənin yoludur bu yol,
Bu yolda can qurban verməsən, gəlmə!

Xərabat – yeridir igid ərlərin,
Burda yeri yoxdur bədgövhərlərin,
Hörmətlə qədəm qoy bu yola, çünki
Yeri deyil bura hiyləgərlərin.

Sən, ey işvəsiylə gözəl görünən,
Əyləş, acıqlanma, əl çək fitnədən.
Əyridir vədin də qaşların kimi,
Əysən də bu camı, gəl dağıtma sən!

Gözlərimdən qan-yaş axıtdım dünən,
Göylərə sovurdum torpaqları mən.
Kimin duasıdır, bilmirəm, ey dost,
Ki, ölmədim sənin dərya qəmindən.

İqbal gəlib bu gün kaşanəmizə,
Dünya deyir indi: bir qulam sizə,
Dövlət ki, ağıllı axtarar daim,
İndi köməkçidir taleyimizə.

Arvadla kişini bağlayar kəbin,
Bu işə yol verir şəriət, ayin.
Mənimsə kəbinim bir rübaidir,
Varmı bu kəbinə yol verən bir din?

Daşda od olsan da, ey saqi, əgər,
Əcəl suyu səni bir gün söndürər.
Bu dünya torpaqdır, mütrüb, qəzəl de,
Saqi, nəfəs yeldir, badə ver, yetər!

Bütpərəstlik xoşdur, sən bir büt olsan,
Məstlik xoşdur, şərab versən camından.
Elə yox oldum ki, eşqində sənin,
Bu yoxluq varlıqdan yaxşıdır, inan.

O dərya təbinlə bəhsə girərək,
İstəsən lovğalıq etməsin fələk,
Lütf-kərəm qılıb buyur saqiyə,
Sənin piyaləni doldursun tək-tək.

Ürəyim doludur eşqinlə, nə qəm!
Bir sözlə bu halı deyə bilmərəm.
Sıxılır ürəyim, yox taqət, saqi,
Bihuşluq daha xoş deyilmi bu dəm?

Qəmlə dost elədi camalın məni,
Qızıl tək saraltdı xəyalın məni.
Səninlə içərəm şərabı ancaq,
Əbədi məst edər vüsalın məni.

Camalın nur saçır bizə biqərar,
Hara getsəm, qəlbim sənə can atar.
Kənizin əlindən badəni al iç,
Qəlbimdə hər zaman sənin ətrin var.

Əlimdə qədəhlə sənin küçəndən
Hər gecə, sevgilim, sərxoş keçdim mən,
Eşqi şərab kimi tökdüm qədəhə,
Huşa getdim, düşüb sındı əlimdən.

Gözəl, bax, bir mənəm, bir sən, nə xoş hal!
Nuş edək şərabı, coşsun cah-cəlal.
Gecə yar zülfü tək uzansın, fələk!
Sübhün açarını sən quyuya, sal!

Dur çəngi dindirək, bir ülfət qataq,
Şərab içək, utancaqlığı ataq.
Hiylə şişəsini çalıb daşlara,
Canamazı bir cam şəraba sataq.

Dedim: məsləhət ver bizə, ey ürək!
Şirin meydən içək, acıdan içək?
Dedi: acıdan iç, yoxsa Şirinə
Vurğun deyilsən ki, sən də Fərhad tək.

Doyunca mey içən dolaşar çılpaq,
Keçinər dünyada bir dəlisayaq.
Əfi düşmənlərim kor olsun deyə,
Bu yaqut şərabı içirəm ancaq.

Laləni süsləmək vaxtıdır tamam,
Gül üstə, ey xacə, gəl qaldıraq cam;
Dəftəri sataraq, şərab nuş edək,
Gəlib mədrəsədə quraq intizam.

Meyxanə önündə xumar gözlərin
Dün müjdə verirdi aşiqə min-min.
Zülfünə fərman ver, ağır zəncirdən
Xilas etsin canın bu divanənin!

Qatırı satmaqçün tövləyə girdin,
Qızıl tapmaq üçün onu itirdin.
Sat, yenə o pulu sərf et məclisə,
İçək, ta deməyək zərər gətirdin.

Əlimdə qızıl pul, qızıl tək üzüm,
Xərabata girdim cürətlə özüm.
Xərabat şagirdi qovladı məni,
Söyləyin, bu hala mən necə dözüm?

Sənə dəm verirəm gül dodağımdan,
Qara zülflərimdən, şux yanağımdan.
Məst, ayıq, ya xumar rəqs eləyirəm,
Çəng çalıram sənin qarşında hər an.

Mən tikansız, təzə, ətirli güləm,
Qəmlərini çəkən şeyda bülbüləm.
Şahların qolunda oturan qırğı
Düşmüşdür toruna, eyləmə sitəm!

Ayla Zöhrə kimi üzünlə gözün,
Yusiflə quyu tək xalınla üzün;
Sən buğdayı, mənsə samantək sarı,
Samansız buğda heç gördünmü özün?

Zülfün camalına bir yaraşıqdır,
Xərabat əhlinə nurdur, işıqdır.
Ey Şərq günəşinin nuru, xoş gəldin!
Gözəllər şahına qapı açıqdır.

Bizi nə ox gücü bir an saxlayar,
Nə də kədər dolu quru dörd divar.
Zülflərin boynunda zəncir olanı
Zəncirlə evdə heç bənd etmək olar?

Öldürüb bir kəsi bıçaqla əgər,
O şirin ləbində tutsan bir qədər,
Sonra o bıçağı vursan ölüyə,
Dodağın zövqündən ölü dirilər.

Bir busə ver mənə qənd ləblərindən,
Bir yox, iki, üç, dörd, beşini ver sən,
Altı, yeddi, səkkiz, doqquzunu ver,
Sonra da on busə lütf eylə birdən.

O mim ləbindədir bu dodaqlarım,
O gümüş qoynundur güllü baharım...
İki ayrı canda bir ürəyik biz,
Bilirəm qədrini, nadir mirvarım!

Canan, ağzın kimi ürəyim təngdir,
Bəxtim zülfün kimi qapqara rəngdir;
Hanı üzündəki o ay, o günəş,
Qəmindən bükülmüş tənim xərçəngdir…

Məni dodağınla satın al, canan?
Məkkə qapısına apar, et qurban.
Günahım var isə, qoy zindan olsun
Mən tək günahkara çahi-zənəxdan.

Məni sevirmişsən doğrudan, ey yar!
Qoymursan gözündən bircə an, ey yar!
Zarafat eyləyib bir yalan dedim,
Nə yaxşı onu da duymusan, ey yar!

Başımı yolunda qurban da versəm,
Eşqindən bu könül ayrılmaz bir dəm.
Bir gün görəcəksən ki, sənin, sənin,
Sənin ayağına düşüb ölmüşəm.

Çənənin quyusu zindandır mənə,
Camalın Kəbə tək məkandır mənə,
O kafir zülfünün qıvrımları, yar,
Çoxdandır mayeyi - imandır mənə...

Yarın damarını çərtəndə, aman,
Diqqət et, incitmə sən, ey qanalan!
Qoluna vurduğun hər bir neştərin
Ucu ürəyimə sancılır, inan!

Qəlbim yaralıdır, rəhm elə, ey yar,
Qalmadı könlümdə bir səbrü-qərar.
Bir anlıq vəsl üçün təsəlli ver ki,
Nə başqa bir arzum, nə ümidim var.

Acıqlanma, – dedi, – ey yar, bu gecə,
Dinlə nəsihəti, dildar, bu gecə!
Açaram qoynumu sənə, səbir elə,
Gəl qisas axtarma, zinhar, bu gecə!

Sən arx kənarında məst oturmusan,
Ey sərv qamətli, ayüzlü canan!
Kuzəylə yanına gəlirəm, sanma,
Mən su doldurmağa gəlirəm arxdan.

Könlümə yar oldu bu gecə dilbər,
Yalqız gecələrdən şikayət eylər.
Ey gecə, kədərim olsan da, getmə,
Səadət də olsan, gəlmə, ey səhər!

Bu gecə yola gəl, rəhm elə, canan,
Mən yanıran, sən də bu atəşlə yan,
Zülfünün ucuyla qaldır yanğını,
O da bu gecə tək uzundur, aman!

Ömrün bu dünyada əbədi olsun,
Könlün səadətlə, şadlıqla dolsun.
Sənin istəyinə uymayan başlar
Sürahı başıtək bədənsiz qalsın.

Saçların ətrafa xoş ətir saçar,
Səhər yeli onu vurub dağıdar.
Qolunu boynumda görsə bir zahid,
Heç ola bilərmi o, bir də dindar?!

De, hardan gəlirsən, ey rahəti-can,
Gözlərimin nuru, sevgili canan?
Səninlə mey içim, – dedin, – bu səhər,
Ey səhər munisim, gəl, gəl, hardasan?!

Bu vüsal gecəsi amandır, yatma!
Murada yetməyə zamandır,yatma!
Xumar gözlərini qapama, ey yar!
Bu, ələ düşməyən bir andır, yatma!.

Hələ mey var ikən, ey nigar, yatma,
Busəsiz qalarsa dodaqlar, yatma!
Gecə qaranlıqdır, badələr aydın,
Xəlvət bir guşədir, mey də var, yatma.

O gül dodaqların səpəndə şəkər,
Can quşu qəfəsdə çırpınmaq istər.
Gəl günah işləyək bal dodağınla,
Kafərsən bu işi rədd etsən əgər.

İş sənin deyilsə, bitməsin bir an,
Sənə qurban olsun bu dövlət, bu can.
Qəmindən başqa bir arzumuz varsa,
Qızıl tək əritsin qoy məni hicran.

Yarın barmağında üzük olaydım,
Onun əllərində kaş ki solaydım!
Ox atanda məni düzəldə idi,
O gül dodağından öpüş alaydım.

Səndə rahatlanır bütün yaranan,
Yox, məşuq demirəm, sən bir məbudsan!
Qəzəldə xəttüxal adını çəksəm,
Bəhanədir, qəsdim tək sənsən, inan!

Keyf əhli təzədən işrətə başlar,
Keyf edər əldə cam, qabağında yar.
Bəxşayiş verməyi öyrənər səndən
Məclisdə piyalə qaldıran şahlar.

Dedim: “Bir gəl”. Dedi: “Hara deyirsən?”
Dedim: “Qucağıma”. Söylədi: “Əhsən!”
Dedim: “Gəl mey içək”. Dedi: “İkimiz”.
Keçmək olarmı heç belə dilbərdən?..

Gəl qoy dodağını dodağıma, yar,
Sən məni yenidən həyata qaytar.
Eşqindən o qədər məst olmuşam ki,
Neyləsən, bilmərəm dünyada nə var.

Bir nar gülü kimi yanırsan, canan,
Kənara çəkirsən özünü xalqdan.
Yandırıb qolunu bir yar eşqinə.
Olmusan, de, hansı vüsala qurban?

Könlümə yar oldu bu gecə dilbər,
Bu gecə sevgilim nəvaziş eylər.
Mən bu parlaq şamı aldım əlimə,
Nə olar, ey gecə, gəlməsin səhər.

O günəşüzlüyə olummu heyran,
Yoxsa kam alımmı qara saçlardan?
Lətifdir, gözəldir bütün hər yeri,
Axı harasına bənd olsun insan?!

Qarışqa yol salar şəkər üzünə,
Söykənər laləyə bənövşə yenə,
O gümüş üzündən bir xəncər çıxar,
Vurar bu dünyanı biri-birinə.

Ey dost, o qəmzəndir belə can alan,
Saçların tər-təzə, qaşların kaman.
O çəmən sərvinə səcdə edənlər,
Dad edər o uca boyundan, aman!

Gül dedi: “Gözümü açmamış hələ,
Səadət bağından dərməmiş gilə,
Gülab çəkmək üçün dərdilər məni,
Görüm o əllər də kəsilsin belə!”

Yaşıl otlar üstə cilvələnir gül,
Bülbül şurə gəlib açır şirin dil.
Onlar hər ikisi heyran olmuşlar:
Gul gödək ömrünə, təkliyə bülbül.

Sənə həsəd edir yasəmən, gözəl,
Ey nazı min fitnə eyləyən gözəl!
Yolunun üstündə bir çeşmə gördüm
Ki, suyu axmada gözümdən, gözəl!

Hər məclis çiçəklə, güllə bəzənər,
Köynəyi cırılmış uşağa bənzər.
Tərləyib qızarmış, həyalı qönçə
Ağzında tutmuşdur, sanki, simü-zər.

Şahlar sevincinə xəbərsən, ey gül!
Bülbülə ilhamsan, hünərsən, ey gül!
Bu lətif hüsnünlə, qorxuram ki, sən.
Sərxoş ayaqlara düşərsən, ey gül!

Gül üzdən niqabı aç gül əyyamı,
Doldur gül fəslində şərabla camı.
Sən kimi yar ilə səhər mey içən
Aşiqin gül vaxtı coşar ilhamı.

Toxunma könlünə biçarə gülün,
İncitmə qəlbini avarə gülün.
Səbanın eşqiylə olmuşdur, ey dost,
O qanlı köynəyi sədparə gülün.

Gül yola baxırdı, rəngi solmuşdu,
Bülbülün eşqiylə gözü dolmuşdu.
Bayaq bəzəndiyi yaşıl paltarı
İndi parçalayıb dəli olmuşdu.

Gülə mənzil olmuş yenə də çəmən,
Köynəyi yırtılmış ta ətəyindən.
Dedim: Kim yırtmışdır səbir pərdəni? –
Qalxıb səhər yeli söylədi ki: “Mən”.

Sübhün o müşk iyli yüngül nəfəsi
Toxunduqca gülə, gəlir həvəsi.
Gülür təzə-təzə bahar buludu,
Qalxdıqca bülbülün ahü-naləsi.

Bağ alışıb yandı qırmızı güldən,
Bir gül köynəyidir ömrümüz həmən;
Əcəlin küləyi yırtmamış onu,
Gül ilə badəni buraxma əldən.

Gül dedi: “Bir sərv qamətli əgər
Olsa, gözəl bağı bir cənnət edər”.
Meh tənə vurdu ki: “Qonşun tikandı,
Qonşudur çirkinlə daim gözəllər”.

Ey rəngi şəftəli gülü tək olan,
Dodağının ətri dərdlərə dərman!
Çənənin altında bir bağça gördüm,
Şəftəli istərəm mən o bağçadan.

Üzünün rəngidir gülün üzarı,
Gülə bəzək et sən o gur saçları,
Dur bağa çıx, sənsiz güldə səfa yox,
Sərvin kölgəsində ətir saç barı.

Mən, ey Xətiboğlu, sənə cananam,
Bil, ölüncə sənə sadiq insanam,
Ölməyə hazırdır yolunda çoxu,
Mənsə istəyirəm eşqinlə yanam.

Yetməzmi qəribə verdin işkəncə,
Cəfanın hüdudu olmazmı, səncə?!
Demişdin: Gəncədə kamə yetərsən,
İndi bu mən, bu sən, bax, bu da Gəncə!

Gümüş bəxş edərəm Hatəm tək hər an,
Hədiyyə verərəm Çini də, canan!
Sərxoşkən iki min Xətiboğlunu
Verərəm bir şirin nəğməyə qurban.

Heç doymazsan, oğlan, dodağımdan sən,
Sonra bu payı da məndən görməzsən,
Mən sənin xəstənəm, ey Xətiboğlu,
Nədən bu dərdimə dərman verməzsən?!

Ey gözəl, əlindən tutduğum zaman,
Səadət mülküdür elə bil cahan.
Gəl, ey Xətib oğlu, bu vüsalə sən
Bir şeir söylə ki, rahət olsun can.

Sənə çox yaraşır bu xoş lətafət,
Gəl yanımda otur, ey hurisifət!
Gəncə Xətibinin xudpəsənd oğlu,
Gəl, bu zahidlikdən bari tövbə et!

Şəhər tamaşana çıxıbdır, oğlan,
Zülmündən qorxaraq baxır uzaqdan.
Hər paltarı bir il geyib yırtanlar,
Eşqindən bir gündə dağıdır, inan!

Qalx, ey ikiüzlü, işvəkar oğlan,
Bütün əməlləri fitnəkar oğlan!
Verdiyin vədini üzüm suyu tək
Qədəhdən tökmə sən, eylə ar, oğlan!

Qurudu dodağım, qurudu gözüm,
O zalım oxuna mən necə dözüm?!
Eşqinin odunda su tək əridim,
Sonra öz suyumda qərq oldum özüm.

Vüsalınla dolu gecələr getdi,
Kirpiyimdən düşən incilər getdi.
Ürək rahətliyim, munisim, hər şey
Sən getdin, səninlə bərabər getdi.

Necə deyim eşqin nə cəfa verdi,
Ürəyin mənə nə vəfa göstərdi.
Gecə zülfün kimi uzun olaydı,
Deyəydim hicrində çəkdiyim dərdi.

Ey dost, qəmlə keçir sənsiz hər gecəm,
Yandırır yuxusuz gözlərimi nəm.
Zulfüntək qarışar yuxularım da,
Nərgizlərin kimi yuxuya getsəm.

Bilirdim, vəfadan xeyli uzaqsan,
Bilirdim, əhdini sındıracaqsan.
Axırda etdiyin düşmənçiliyi,
Əvvəldən mən yaxşı bilirdim, inan.

Neyləyim, eşqinlə xərabəm, məstəm,
Ciyərim kababdır, özüm şikəstəm.
Camalın həsrəti yandırır, lakin
Sənə yol tapmıram, ey boyu bəstəm!

Mənə mey ver, fələk qəmlidir yaman,
Ey yarım, öldürdü məni bu hicran.
Mənim kimi şadlıq sevəni neçün
Badəsiz, canansız əzir bu dövran?

Cəmalına həsrət yaşamaq olmaz,
Eşqinlə heç rahat yaşamaq olmaz.
Sən məni anlayıb, sakit yaşarsan,
Sənsiz mənə, əlbət, yaşamaq olmaz!

Nə üçün sən məni atıb getdin, yar,
Hicrində eylədin min dərdə düçar.
Gəl məni şad eylə vüsalınla sən,
Səndən qeyri mənə yanan kimim var?

Sən yada düşəndə ürəyim yanır,
Qanlı göz yaşıyla üzüm islanır.
Ətrin məst etdikcə hər yandan məni
Səbrimin köynəyi hey parçalanır.

Olum, sabah yeli, mən sənə qurban,
Mələk balasına xəbər ver, aman!
Söylə ki, intizar içində, yazıq
Məhsəti yol üstə gördüm verir can.

Səndən ayrılmama tədbir tökdülər,
Hicrində belimi iki bükdülər.
Hədər olmazmı bu çalışdıqları,
Sabah biz səninlə qovuşsaq əgər?

İnanma ki, sənsiz olar qərarım,
Kəsir taqətimi bu intizarım.
Əlacım qalmamış səbirdən qeyri,
Gəl, güldür aşiqi, gülüzlü yarım!

Könlüm ayrı düşdü o nurlu aydan,
Bəzənmişdir vüsal ümidiylə can,
Onsuz yaralıdır ürəyim mənim,
Görünür, bu hökmü vermiş yaradan.

Hicrində gündüzüm gecə oldu, yar!
Zamanın əlindən könlüm qan ağlar
Göndər xəyalını bizə bir gecə,
Görsün necə üzür məni intizar.

Necə gəzdim səni, andım, soruşma,
Hicrini qəmxanə sandım, soruşma!
Nə qədər vəslinə yetən əlimlə
Öz başıma vurdum, yandım, soruşma!

Ömrüm fərağında qəmdir, kədərdir,
Şadlıq ürəyimdə zərrə qədərdir.
Hicrində günləri sayıram, gözəl,
Sənsiz keçən ömrüm puçdur, hədərdir.

Bu gecə küsüşdük, yar, səninlə biz,
Acıqlandın getdin, qaldım kimsəsiz.
Sənsiz gözlərimə yuxu da getmir,
Qiyamətdir, sanki, bu bəd gecəmiz!

Gecələr ürəyim od tutub yanar,
Ahü-fəğanımdan cahan odlanar.
Könlümdən xəbərin yoxdur, qorxursan,
Dilinə gətirsən, yanar dilin, yar!

Ürək xeyir görməz hicrində hərgiz,
Qiyaməti görsün gözlərim sənsiz.
Sənə böhtan deyən mənim adımdan,
Görüm bu dünyada qoymasın bir iz!

Yol üstə düşüb o qalmışdı xumar,
Qaldırdım əlindən, oldum havadar.
Yenə də xəbərim yoxdur, bilmirəm.
O harda qalmışdır, hardadır o yar?

Dözülməz bir acı zəhərdir fəraq,
O, şövqi, həvəsi yandırır ancaq.
Ölüm can qurtarır, böyük cəfadır –
Dünyada əzizdən, yardan ayrılmaq.

Firqət yuxusundan ayılıb səhər,
Bülbül ayrılıqdan hey nalə çəkər,
Deyər: “İnsaf elə, amandır, fəraq,
Yanır atəşinlə xəstə ürəklər!”

Min bir hiylə qurub, ayırdı fələk,
Məni göz yaşıyla dost etdi ürək.
Bilmədin qədrini heç vüsalımın,
Ayrılıq zülmünü mən çəkirəm tək!

O günəş üzünə and olsun, nigar,
And olsun ətirli saçlarına, yar!
Pərişan qəlbimin çəmənzarını
Hər gecə gözümün yaşı sulayar.

Qəlbim aşiqlərin sərdəftəridir,
Verilən əzaba çox müştəridir.
Sərt bir daş kimidir ürəyin sənin,
Dözdüm o bərkliyə çoxdan bəridir.

İstədim əcəmdən namə göndərəm,
Qəlbim qan ağladı, boğdu məni qəm.
Qəlbimin qaniylə yazdım məktubu,
Həm məktub ağladı, həm mən, həm qələm.

Gözəl, bu naməni alanda ələ,
Gör ki, yazılmışdır o, göz qaniylə.
Əgər belə deyil, alma, at, get sən,
Əgər belədirsə, oxu, lütf elə!

Ey gözəl, bu dərdli məktubum ki, var,
Oxu onu gündə yüz kərə təkrar,
Yoldan götürdüyün yorğun qəlbimi,
Lütf elə, yenə də yerinə qaytar.

İsladır məktubu gözümün nəmi,
Qan rəngə boyayır hər bir rəqəmi.
Qələm də mənimtək qəmini çəkir,
Başıyla ağlayır yazdıqca qəmi.

Min il sənə məktub yazsam, a dilbər,
Eşqin hekayəti bitərmi məgər?
Sığmaz bu hekayət kağız-qələmə,
Ancaq könlüm sənə bunu nəql edər.

Sənə göndərdiyim məktubu, canan,
Qanlı göz yaşımla yazmışam, inan!
Bu qədər dərdimin hekayətini
Bilmirəm, heç nə cür eyləyim bəyan?

Bazara getmişdim bir cümə günü,
Gördüm, kəklik alıb sarın üstünü.
Tez-tez deyir ona: “Cəfa verənin
Bir gün belə qalxar göylərə ünü”.

Məni yerə yıxıb o qəssab kəsdi,
Dedi: “Güman etmə, bu, son nəfəsdi”.
Düşüb ayağıma üzr istədi o,
Demə, ayağımdan soymaqmış qəsdi.

Sən qəssabsan, mənsə qurbanınam, bax,
Dözərəm çatsa da sümüyə bıçaq.
Adətdir, satırsan kəsdiyini sən,
Məni öldürsən də, gəl, satma ancaq!

Çörəkçi yanında şagird olmuşam,
Müəzzindən qabaq yandıraram şam.
Oddan, sudan, undan qızıl çıxarıb,
Xərabatda qızıl ələrəm axşam.

Mənə töhfəsini çörəkçi dilbər
Cəhalətlə deyil, naz ilə verər.
Qəmiylə xəmirə döndərdi məni,
Qorxuram ki, oda verə bu səhər...

Yun əyirən oğlan mənim canımdır,
Onun zənəxdanı bir zindanımdır.
Onun dodağından busə ver, Allah,
Çünki o dodaqlar can dərmanımdır!

Papaqçı sevgilim şövq ilə bayaq
Tikirdi əlində atlazdan papaq.
Hər papağa yüz-yüz afərin dedim,
Dördünə biri də bəs idi, ancaq...

Bənzər, dərzi oğlu, üzün qəmərə,
Sənə yüz Məhsəti dönər çakərə.
Əlindəki sap tək yolum düşə kaş
Şəkər dodağına gündə yüz kərə!

Ləl mədənidir, ey sap, məskənin,
Küləyin atıyla yarışır tənin.
İynəsində yarın nə azdır ömrün,
İçdiyin ki, həyat suyudur sənin.

Torpaq ələyənin mən aşiqiyəm,
Dilim gəlmir açıb sirrimi deyəm.
O, torpaq ələyib qızıl axtarır.
Mən əlimdə qızıl onu gəzirəm.

O sərraf oğlunun aşiqiyəm mən,
Eyn, şin və qafa vurğunam qəlbən.
İnsanam, axır sin, nun, kaf deyiləm,
Nə istər o süzgün baxışlı məndən?

Mumkünsə, hamamçı camaat üçün
Hamam qızdırmasın, söyləyin bu gün,
Mən səhər suyunu göz yaşlarımdan,
Odunu qəlbimdən elərəm bütün.

Ey şahım, dilərəm yaşa min illər,
Sayəndə bəxtiyar gün görsün ellər!
Hər il min ay olsun, hər ay da min gün,
Hər saat min günə olsun bərabər!

Şahlar kef günündə qaldırar badə,
Xoşdur çəng səsləri gəlsə fəryadə,
Şadlıq sevər əlim, göndə saxlama,
Zərə tut belə bir əli dünyadə.

Fələyə vurardı köhlənin dırnaq,
Fələk ayrı saldı səndən onu, bax!
Gördüm ki, başını kəsdilər, şükür,
Quyruğuna dəyən olmadı ancaq.

Ey şahım, şahlardan üstün bilərək
Bəxt atını sənə bəxş etdi fələk.
Qızıl nallı atın batmasın deyə,
Yerlərə gümüşdən saldı bir örpək.

Səni mədh etdiyim, ey şahım, yetər,
Bir qadın duası bəsdir bu qədər.
Mən öküz deyiləm, buynuz nə lazım?
Olsam da, bəs deyil ikisi məgər?

Üzünün çevrəsi, heyf, qaraldı,
Qarğa dimdiyinə bir lalə aldı.
Gülün ətrafını bürüdü tikan,
Qırmızı dodağın soldu, saraldı.

Xoşbəxtdir rüxünə rüx qoysa hər kəs,
Rüxün eyləyəni şah edə bilməz.
Mən oyuna baxım, yoxsa rüxünə?
Bu halla neyləyim, mat qalmayım bəs?

Şahın qoşununu filin dağıdar,
Vəzirin min qeysər, min xaqan yıxar.
Mən sənin rüxünə qurban olum ki,
Şahları o, atdan düşürüb salar.

Zülümdür, riyadır işlərin tamam,
Bizə cövrü cəfa verərsən müdam.
Səni mat eyləsəm, incimə, oğlan,
Bununçün eşqinlə mən oynayıram.

Heç pozan olmadı qəza-qədəri,
Doğradı ümidi eşqin xəncəri,
Eşqin badəsini içdim, can verdim,
Heyhat, tapılmadı eşqin gövhəri!

Deyirlər püstənin ağzı olur dar;
Sənin qabağında olar püstə xar.
Ağzına oxşamaq istəsə püstə,
Demək, ədəbsizdir, içini çıxar.

Yolda darğa mənə rast gəldi dünən,
Əlində tutduğu çubuqla bərkdən
Döyürdü qəzəblə o bir qadını,
Tamaşa edirdi hər yoldan ötən.

Tünd məzacın məni qul edib sənə,
Üzünə, zülfünə həsrətəm yenə.
Nizə oynatdımsa türklər kimi, bax,
Bir hindli qulunam, geri dönsənə!

Bir gün Miyanəni elədik vətən,
Ağcaqanad yedi bizi sübhətən.
Dedik: “Kim dəf edər bizdən bu dərdi?”
Qalxıb səhər yeli söylədi ki: “Mən!”

Yudun xətaləri, sən ey lütfkar,
Qulluq sırğan bütün qulaqlarda var.
Günahın yükünü götür, ey Allah,
Dar gündə kimsəni sən eyləmə xar!

DAVAMI
Bu forum dayandırılıb
Şərhlər
     
Heç bir şərh yoxdur. Birinci sən yaz