Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:33

«Səhər gəlib evimizi uçurtsalar, qalacağıq çöldə»


Qobustan qəsəbəsi
Qobustan qəsəbəsi
- Qətnamə var və icraata verilib. Bir dənə qalıb texnikanı gətirib, söküb bizi çölə atmaları.

Təvəkkül Yusifov 10 ilə yaxındır ki, Qobustan qəsəbəsindəki Səttar Nəcəfov küçəsində yaşayır. Dediyinə görə, onun kimi 20-yə yaxın ailə başçısı Qaradağ rayon İcra Hakimiyyətinin icazəsi ilə hazırda yaşadıqları ərazidə ev tikiblər. Amma bu evlərdəki rahat yaşayışları uzun sürməyib:

- Camaat 6-7 il yaşayandan sonra «Azərborukəmərtikinti» adında bir müəssisə peyda oldu, Qaradağ rayon məhkəməsində iddia qaldırdı və bizim evlərin uçurulması ilə bağlı qətnamə qəbul olundu. Qətnamə var, amma hansısa səbəbdən hələ saxlayıblar, vəziyyət belədir ki, səhər gəlib evimizi uçurtsalar, qalacağıq çöldə.

Bu 3,5 hektarlıq torpaq ərazisinin sahibi olduğunu iddia edən «Azərborukəmərtikinti» icarə müəssisəsi 2007-ci ildə məhkəməyə müraciət edib. Rayon məhkəməsinin çıxardığı qətnamədə göstərilib ki, qarşı tərəfin, yəni ev sahiblərinin məhkəməyə təqdim etdikləri sənədlər saxtadır. Məhkəmə ərazidəki tikililərin sökülməsi və sahənin müəssisəyə qaytarılması barədə qərar çıxarıb. Apellyasiya və Ali Məhkəmə də bu qərarı qüvvədə saxlayıb. Amma sakinlər hesab edirlər ki, onlara saxta sənəd verən məmurların səhvi üzündən əziyyət çəkməməlidirlər:

- İcra hakimiyyətlərinin səhvi üzündən vətəndaş niyə əziyyət çəkməlidir ki?! Qətnamə icra olunsa, hər birində azı 4 nəfər olmaqla 20 ailə evsiz qalacaq. Qətnamə icra olunsa, biz bilmirik nə edəcəyik.

«Azərborukəmərtikinti»nin müdiri Elçin Əzizov isə deyir ki, onlar hələ evlərin tikintisi başlayanda Qaradağ rayon İcra Hakimiyyətinə müraciət ediblər və ərazinin onlara aid olduğunu bildiriblər:

- Neçə il icra hakimiyyətinə məktub yazmışıq, deyiblər ki, həll edəcəyik, eləməyiblər vermişik məhkəməyə.

E.Əzizov deyir ki, əllərində 2 ildən çoxdur ki, məhkəmə qərarı olsa da, sənədin icrasına başlamayıblar, yəni 20-yə yaxın qanunsuz tikili hesab olunan evlər hələ də sökülməmiş qalır. Müəssisə rəhbəri bildirir ki, icra hakimiyyəti onlara başqa yerdə torpaq sahəsi verərsə buna da razılaşarlar:

- Ya bu evlər sökülməlidir, hökumətin obyekti qaytarılmalıdır, ya da ki, başqa yerdə yer verilməlidir. Bunun başqa yolu yoxdur.

Qaradağ rayon İcra Hakimiyyəti isə mübahisəli ərazi ilə bağlı danışmaq istəmədi. Daha doğrusu, məsələ ilə bağlı danışmalı olan tikinti və abadlaşdırma üzrə müavin Vaqif Həsənovu iki həftə ərzində yerində tapmadıq ki, sualımızı verək.

Qaradağ rayon İcra Hakimiyyətinin bu məsələni nə vaxt yoluna qoyacağı məlum olmasa da, «Azərborukəmərtikinti»dən deyirlər ki, onlara başqa ərazidə yer verilməsini hələ bir müddət də gözləyəcəklər.
XS
SM
MD
LG