Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:27

Ziyalılar prezidentə açıq məktub ünvanlayıb


Bir qrup ziyalı, QHT rəhbəri, hüquq müdafiəçisi, jurnalist prezident İlham Əliyevə açıq məktub ünvanlayıb
Bir qrup ziyalı, QHT rəhbəri, hüquq müdafiəçisi, jurnalist prezident İlham Əliyevə açıq məktub ünvanlayıb
Bir qrup ziyalı, QHT rəhbəri, hüquq müdafiəçisi, jurnalist prezident İlham Əliyevə açıq məktub ünvanlayıb.

«Turan»ın məlumatına görə, müraciətdə deyilir: «Sizi Azərbaycanın Cənubi Qafqazda və ondan kənarda Avropaya inteqrasiya və demokratikləşmə proseslərində lider olması üçün hər cür şərait yaratmağa çağırırıq.

Azərbaycan regionda nəinki iqtisadiyyatda, həmçinin liberal siyasi islahatlar sahəsində də lider olmaq üçün bütün imkanlara – zəngin insan və təbii ehtiyatlara, əhalinin yüksək təhsil və mədəni səviyyəsinə, 100 ildən çox demokratikləşmə tarixi və ənənələrinə, islahatlara və tərəqqiyə açıqlığa sahibdir.

Demokratik təsisatların mövcud olmadığı şəraitdə resursların ədalətli bölgüsü və sosial rifah da mümkün deyil. Biz Sizi öz çıxışlarınızı yalnız iqtisadi və sosial məqsədlərlə məhdudlaşdırmamağa, əvəzində ölkənin tezliklə Avropa strukturlarına inteqrasiyasına nail olmasını şərtləndirəcək demokratikləşmə və siyasi islahatlar sahəsində konkret proqram açıqlamağa çağırırıq».

Müraciət müəllifləri prezidentdən konkret gözləntilərini də açıqlayıblar:

«Bütün səviyyələrdə siyasi azadlıq ideyasının təbliği, siyasi mədəniyyətin inkişafı üçün güclü vasitə olan televiziyanın azad siyasi debatlar, demokratiyanın əsaslarının öyrədilməsi və sair məqsədlər üçün intensiv istifadəsi. Bütün jurnalistlərin və siyasi məhbusların azad edilməsi. Məhkəmələrin real müstəqilliyinin təmin edilməsi. Azad mətbuat, qeyri-hökumət təşkilatları və həmkarlar təşkilatlarının inkişafı yolunda olan hüquqi və inzibati maneələri aradan qaldırmaq. Siyasi partiyaların fəaliyyəti üçün hər cür şəraitin yaradılması».

Açıq məktubda daha sonra deyilir: «Cənab prezident! Birinci Azərbaycan Demokratik Respublikasının rəhbərləri xalqın əsl nümayəndələri və rəhbərləri kimi bütün beynəlxalq konfranslarda öz xalqının avropalı olması və Avropaya inteqrasiyaya hazır olması ideyasını təbliğ etmişlər. İndi, 100 il sonra, 93% savadlılığa sahib bir xalqın demokratiyaya və Avropa həyat tərzinə «mentalitetinə» görə hazır olmaması barədə arqumentlər tamamilə məntiqsizdir.

Avropa İttifaqı tezliklə Şərq Əməkdaşlığı Siyasətini qəbul edəcək və bu, azadlığın və plüralizmin ümumi dəyərləri əsasında bizim Avropaya daha dərindən inteqrasiya bacarıqlarımızı sübuta yetirmək üçün unikal imkan yaradacaq. Biz islahatlar və demokratikləşmə sahəsini münasibətlərimizdə prioritetlər sırasına daxil etməklə bu imkandan hərtərəfli istifadə etməliyik».

Müraciəti bu şəxslər imzalayıb:

Leyla Əliyeva – Milli və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru;
Rəhman Bədəlov – fəlsəfə elmlər doktoru, professor;
Əli Abbasov – fəlsəfə elmləri doktoru, professor, AMEA-nın fəlsəfə və hüquq institutunun şöbə müdiri;
Zəfər Quliyev – «Turan» İnformasiya Agentliyinin analitik şöbəsinin rəhbəri, müstəqil politoloq;
Novella Cəfəroğlu – D.Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri;
Mehman Əliyev – «Turan» İnformasiya Agentliyinin direktoru;
Hikmət Hacızadə – politoloq, Gənclər Mərkəzinin sədri;
Elçin Behbudov – İşgəncələr Əleyhinə Azərbaycan Milli Komitəsinin sədri;
Şahin Hacıyev – Nəcəf Nəcəfov Fondunun icraçı direktoru;
Səadət Bənənyarlı – Beynəlxalq İnsan Hüquqları Müdafiə Cəmiyyətinin Azərbaycan Milli Qrupunun sədri;
Səidə Qocamanlı – İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri;
Anar Məmmədli – Seçkilərdə Monitorinq və Demokratik Araşdırmalar Mərkəzinin sədri;
Leyla Yunus – Sülh və Demokratiya İnstitutunun sədri;
Vəfa Cəfərova – «Dalğa» Gənclər Hərəkatının sədri;
Elçin Abdullayev – Demokratik Təsisatlar və İnsan Haqları İctimai Birliyinin sədri;
Rafiq Təmrazov – Bərabər İmkanlar İctimai Birliyinin sədri;
Sevil Allahverdiyeva – Qadın Problemləri Tədqiqatları Mərkəzi İctimai Birliyinin sədri;
Mirvari Qəhrəmanlı – Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsinin sədri;
Əvəz Həsənov – Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri;
Fikrət Cəfərov – Davamlı İnkişaf Uğrunda İctimai Birliyinin sədri;
Mətanət Müslümqızı – Media Hüquqları Mərkəzinin sədri;
Elxan Mehdiyev – Sülh və Munaqişələrin Həlli Mərkəzinin direktoru;
Çingiz Sultansoy – müstəqil jurnalist;
Məlahət Mürşüdlu – Təhsil GHT-nin direktoru.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG