Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:52

Çingiz Abdullayev: «Çox şey bilirəm»


Çingiz Abdullayev
Çingiz Abdullayev
Dünyada mahir detektiv yazar kimi tanınan Çingiz Abdullayev 50 yaşı haqlayıb. Necə deyərlər, bir əsrlik ömrün ortasına çatıb:

- Özüm də belə hesab edirəm, amma özümü 14-15 yaşında oğlan kimi hiss eləyirəm. Yoxsa adam 40 yaşında qadın görəndə qorxur ki, indi onunla necə danışacam.
- Bu mesajınızı kimə ünvanlayırsız?
- Əlbəttə ki, xanımıma. Çünki onun 40 yaşı var. Görəndə deyəcəm ki, qorxuram səninlə danışmağa.

«Əsas odur ki, insan necə pul qazanır»


Çingiz Abdullayev deyir ki, 50 yaş peşəkar yazıçını püxtələşdirə bilər, amma insanın xasiyyətinə, düşüncələrinə az təsiri var. Yəni insan hər yaşının üstünə yaş gəldikcə dəyişir. Yazıçı deyir ki, amma bəzən də baxırsan ki, kimsə elə cavan yaşında necə pis adam olubsa, ahıl çağında da eləcə qalıb:

- İnsanı çox şey tərbiyə eləyir. Amma əsas odur ki, insan necə pul qazanır. Bir adam öz zəhmətiylə pul qazanırsa, başqalarını bəyənir, başa düşür. Bir az insaflı olur. Həqiqətlə yalanın fərqini anlayır. Nə qədər adam tanıyıram, qazanmadığı puluyla qurban kəsdirir, məscid tikdirir.

«Yazmaq narkotikdir» və ya «məndən biznesmen çıxmaz»

35 yaşına kimi Çingiz Abdullayev 3-4 kitabın müəllifi olub. Yazmaq onun hobbisiymiş. Bəs sonradan hobbisini peşəkar yazıçılığa dəyişməyə təkan verən nə olub? Aldığı qonorarlar, yoxsa yazıçılıq şöhrəti?

- Bir dəfə atam soruşdu ki, Çingiz, sənə bir köpük də qonorar verməsələr, amma belə çap eləsəydilər, yazardınmı? Dedim ki, yazardım. Bu, narkotikdir. Adam necə sevinir dünyada neçə dildə oxunmağına, necə tanınmış adamlar səni oxuyur…Bu, narkotikdir. Hərçənd bilmirəm necə yaşayırdım onda? Yəqin ölərdim acından. Çünki məndən biznesmen çıxmaz. Qazandığımı pulu həmin gün xərcləməliyəm.

«1 rubl və üzr»

139 adda, 27 dildə, 23 milyon nüsxədə yayılan kitabların müəllifi son 15 ildə bu qədər əsəri necə yazıb çatdırıb? Orta hesabla hər ilə 8-9 kitab düşür. Hətta belə fikirlər dolaşır ki, Çingiz Abdullayev məşhur fransız yazıçısı Aleksandr Düma üsuluyla işləyir:

- Axı, Aleksandr Dümaya kömək eləyirdilər. Onun köməkçiləri vardı. Bir köməkçi tapın mənə, çox xahiş edirəm, kömək eləsin, gecələr rahat yatım. Bir dəfə «Oqonyok» yazmışdı ki, ümumiyyətlə Çingiz Abdullayev adlı yazıçı yoxdur. Bu ad uydurmadır, dörd adam yığışıb bu ad altında yazır. Mən onlara məktub yazdım ki, bircə sətri mənim yazmadığımı göstərə bilsəz, sizə 10 min dollar verəcəm. Amma əgər tapa bilməsəz, onda siz mənə 1 rubl verib üzr istəyəcəksiz. Üç aydan sonra 1 rubl göndərib üzr istədilər.

«Dilin düşüncəyə təsiri yoxdur»

Əsərlərini rus dilində yazan yazıçı özünü azərbaycanlı yazıçı sayırmı? Millət vəkili Nizami Cəfərov son müsahibəsində bildirib ki, Çingiz Hüseynov, Rüstəm İbrahimbəyov kimi rusdilli yazıçıların Azərbaycan ədəbiyyatına dəxli yoxdur:

- İnsafsız adamdır. Bəs onda farsca yazan Nizami Gəncəvi kimdir? O da Azərbaycan yazarı deyil? Özü də Nizami Gəncəvinin adını daşıyır, ondan dissertasiya müdafiə eləyib. Mən Azərbaycan yazıçısıyam. Çalışmışam bunu da sübut eləyəm də. Əlbəttə ki, Azərbaycan oxucusu mənə daha doğmadır.

Yazıçının hansı dildə yazması onun milli kimliyinə təsir göstərirmi?

- Böyük təsiri var. Amma düşüncələrinə yox. Məşhur rus yazıçısı Çexovun belə bir sözü var: «İstənilən mətn beynəlmiləldir». Dildən çox şey asılıdır. Kamal Abdullanın sözləridir, deyir, sən fikirləşəndə, orda dil yoxdur. Dil yalnız ifadə vasitəsidir. Çingiz Aytmatov rusca yazıb. Ona rus yazıçısı demək olarmı?

«Hacı Məmmədovun cinayətini yazmağa utanıram»

Çingiz Abdullayev tarixi roman da yazıb, lirik janrda da özünü sınayıb. Ancaq ən çox detektiv yazar kimi qəbul olunur. Siyasi detektivləri ədəbiyyata gətirən yazıçını Azərbaycandakı haylı-küylü qətllər, məsələn, akademik Ziya Bünyadovun qətli, keçmiş polis zabiti Hacı Məmmədovun əməlləri necə, süjet xətti kimi maraqlandırırmı?

- Ziya Bünyadovun qətli mövzu kimi məni cəlb elədi. Amma bilirsiz, mən onu yaxşı tanıyırdım. Ailəsi durur, xanımı yaşayır. Ağrıları yazmaqdan çəkinirəm. Çox şey bilirəm. Amma yazanda gərək ürəyində heç nə qalmasın. Hacı Məmmədovla bağlı mənə müraciət olmuşdu ki, yazım. Amma bilirsiz bu, elə iyrənc cinayətdir ki...Qadın oğurluğu… Orda elə iyrənc şeylər var idi, adam utanırdı yazmağa.
- Yazıçı üçün belə baryer varmı?
- Əlbəttə, var. Yazıçının öz vicdanı olmalıdır. Mən bilirəm, mətbəxdəki adi bir şeylə necə maşını partlatmaq olar. Amma mən bunu yazsam, bəlkə sabah 20 dənə maşın partladarlar. Mən bunu heç vaxt yazmaram. Kitab, söz mənim üçün müqəddəsdir. Söz Allah deməkdir. Mən kitab yaradanda fikirləşirəm ki, mən Allah tərəfində olmalıyam. Yaxşı kitab Allah tərəfində vuruşanın silahıdır.

«Yazıçılar Birliyinin hər köpüyünə cavabdehəm»

İyirmi ildən çoxdur ki, Yazıçılar Birliyinə katiblik eləyən Çingiz Abdullayevin «bu quruma dövlətin ayırdığı 600 min manat hara gedir» - deyə soruşanlara cavabı nədir?

- Mən burda hər manata görə cavabdehəm. Nə Anar, nə başqası, cavabdeh mənəm. Bir qələm, bir pozan alanda da gedib xəzinədarlıqdan icazə alırıq. Pul məsələsinə mən öz insafımla, ləyaqətimlə cavabdehəm.

- Amma bu məsələni qaldıranlar deyirlər ki, məsələn, «Ədəbiyyat» qəzetinə o qədər pul ayrılır, amma qəzet səviyyəsinə görə çox aşağıdır.

- Qəzet çıxırmı? Çıxır. Qonorar veririk. Yeganə ölkəyik ki, bu ədəbiyyat qəzetləri, jurnalları dövlət tərəfindən maliyyələşir. Bunu rəhmətlik Heydər Əliyev eləmişdi. Heç yerdə bu yoxdur. Heydər Əliyev bununla Azərbaycan ədəbiyyatını xilas elədi. Bunu bəyənməmək olmaz.

- Sizcə nə dərəcədə düzgündür ki, yazıçılar dövlətin himayəsində olsun?
- Axı, bu yazıçılar kimin üçün işləyir?

- Məsələn, siz, hansısa bir ingilis və ya fransız nəşriyyatıyla müqavilə bağlayırsız, kitabınız çıxır, yayılır.

- Bilirsiz, dünyada bu proses gedir. Amma Azərbaycanda yox. Bilirsiz, 108 kitab mağazasından ikisi-üçü qalıb. Yaxşı, indi yazıçılar neyləsin? Kitablar çıxır 300-500 tirajla. İndi hamısı gedib alverlə məşğul olsunlar? Biz kiçik bir xalqıq. 500 nüsxədən götürdüyü pulun yarısı yazıçının çap xərcinə gedəcək, yerdə qalan pulla necə dolansın? Biz imkan yaradırıq ki, yazıçı mühiti qalsın. Gənclər həvəslənib gəlsin. Azərbaycan ədəbiyyatının gələcəyini fikirləşirik. Bilirsiz, birliyə üzv olmaq istəyən nə qədər adam var? Mən bundan çox sevinirəm. Mənə nə lazımdır burda? Nə qədər vaxtımı itirirəm. Bunun yerinə gedib kitab yazardım. Anarı götürək. Hər imkanı var. Amma biz hesab eləyirik ki, bu qurumu saxlamaq bizim mənəvi borcumuzdur. Nə var ey, hər şeyi satmaq olar. Amma biz burdan bir metr də satmamışıq. Hətta poliklinikamızı, yaradıcılıq evini də saxlamışıq.

«İnciyirəm»

Populyar, əsərləriylə pul qazanmağı bacaran yazıçıya nə lazımdır? Oxucu sevgisi, yoxsa hökumət qayğısı?

- Oxucu, təbii ki. Mən indi hörmətli prezidentə də məktub hazırlayıram ki, yazıçı üçün ən vacibi oxucu sevgisidir. Amma o biri tərəfdən mən azərbaycanlıyam. Niyə başqa ölkədə mənə orden verirlər, gedəndə təyyarənin qabağına çıxırlar, ancaq burda - Azərbaycanda məni bəyənməsinlər, tanımasınlar. Bu, axı, məni incidir. Mən Azərbaycan xalqı üçün…Düzdür, özüm işləyirəm, ailəm üçün işləyirəm, amma mənim kitablarım yayılanda, bu, Azərbaycanın, onun mədəniyyətinin, ədəbiyyatının da uğurudur. Mən belə hesab edirəm.

Yazıçıya özünün və prezidentin hədiyyəsi

50 yaşın yubileyinə hər kəsin bir hədiyyəsi var. Azərbaycan prezidenti Çingiz Abdullayevə «Şöhrət» ordeni verdi. Yazıçının da özünə öz hədiyyəsi var. Bir on günə onun yeni kitabı çapdan çıxacaq. Qəhrəmanı da dostu, yazıçı Rüstəm İbrahimbəyovdur.
XS
SM
MD
LG