Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:23

Qamət Süleymanov: «Radikallığın səbəblərindən biri də narazılıqdır»


Süleymanov radikal İslamı yaymaqda şübhəli bilinənlərin həbsinin də əleyhinədir
Süleymanov radikal İslamı yaymaqda şübhəli bilinənlərin həbsinin də əleyhinədir
«Bizim məscid yeganə yer idi ki, burda Azərbaycanda radikallığa qarşı maarifləndirmə işi aparılırdı. Bu isə ölkədəki radikallara sərf etmirdi, onların təbliğatının qarşısı alınırdı. Qumbaranın atılmasının ən böyük səbəblərindən biri də elə bu idi».

Bunu «Əbu-Bəkr məscidi» kimi tanınan «Cümə» məscidinin imamı Qamət Süleymanov «Azadlıq» radiosunun «İslam və demokratiya» verilişinə müsahibəsində deyib.

Süleymanov radikal İslamı yaymaqda şübhəli bilinənlərin həbsini də şıxış yolu saymır.
«Radikalların çoxu gənc uşaqlardır. Onları tutmaq da məsələnin həlli deyil. Çünki onlar zindanda daha da pisləşirlər, orda öz fikirlərini yayırlar. Axı radikallıq yolunu tutmağın səbəblərindən biri də narazılıqdır. Bəziləri elə zindandan radikal olub çıxır».

Qamət Süleymanov deyir ki, məscidi bağlamaqla radikallığın qarşısı alınmır, əksinə bu fakt gənclər arasında mənfi meyllərin daha da artmasına səbəb olur.

«Əbu-Bəkr məscidi»nin imamı hesab edir ki, dövlət bu məsələlərdə xüsusilə diqqətli olmalıdır: «Televiziyalarda millətin mənəviyyatını pozan məsələlərə saatlarla vaxt ayrılır, dini maarifləndirmə isə sıfır vəziyyətdədir. İndi eşidirik ki, məktəblərdə hicabla bağlı problem yaradırlar».

Qamət Süleymanov etiqad zəminində ayrı-seçkilikdən də şikayətlənir. Deyir ki, digər dinlərin nümayəndələrinə qarşı münasibət daha yaxıdır.

"Məsələn, Yahova şahidləri, yəhudilər rahatlıqla öz dəvətlərini edirlər, evlərə gedirlər, küçədə kitablar paylayırlar. Amma bunu bizlərdən birimiz etsək, dərhal polis tutub aparar, bizi təhqir edərlər, ola bilər, hətta 10-15 günlüyünə həbs də edərlər. Bu da radikallığın yayılmasına hardasa təsir göstərir. Biz hər kəsi səbirli olmağa çağırırıq. Onlara deyirik ki, belə şeylərə inanmayın, əsl müsəlman yəhudilərlə də, xristianlarla da dost olmalıdır. Lakin təminat yoxdur ki, bu cür sıxışdırmalar qeyri-müsəlmanlara qarşı radikallığa aparıb çıxartmasın».

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Gündüz İsmayılov isə bu fikirləri Qamət Süleymanovun şəxsi rəyi hesab edir:
«O ki qaldı məscidin müvəqqəti olaraq bağlı saxlanmasına, məhkəmənin qərarına münasibət bildirmək düzgün olmazdı. İstintaq prosesinin yekunlaşmasına gəlincə, dini komitə hüquq-mühafizə orqanı deyil. Amma biz komitə olaraq bu məsələni həmişə diqqət mərkəzində saxlamışıq».
XS
SM
MD
LG