Çərşənbə axşamı, Fevral 07, 2012 Bakı vaxtı 20:14

Verilişlər / Kontekst

Azərbaycanda Obamadan nə gözləyirlər?

Barak Obama Corc Buşdan fərqli olaraq, xarici siyasətlə bağlı elə ciddi vədlər verməyib
x
Barak Obama Corc Buşdan fərqli olaraq, xarici siyasətlə bağlı elə ciddi vədlər verməyib
Şriftin ölçüsünü dəyiş - +
Barak Obama Corc Buşdan fərqli olaraq, xarici siyasətlə bağlı elə ciddi vədlər verməyib. Buş 2005-ci ildə prezident seçiləndə demokratiyanı bütün dünyaya yayacağını deyirdi. Obamanın əsas prioriteti Amerika iqtisadiyyatını dirçəltməkdir.

Amma Obama hər şeydən əvvəl demokratdır. İnsan haqları məsələsində daha həssas olan, eyni zamanda Konqresdə erməni soyqırımının tanınmasına çalışan demokratların təmsilçisidir.

O halda Azərbaycanda Obama administrasiyasından nə gözləyirlər?

Politoloq Hikmət Hacızadə deyir ki, gözlənti çoxdur:

«İnsan haqlarıdır, siyasi məhbuslardır, demokratik seçkidir, 3-cü müddətdir, Azərbaycanın avrointeqrasiya yox, afrointeqrasiyaya getməsidir...Bax bu barədə Amerikadan yəqin ki, etirazlar gözlənir».

Vədlər verməsə də, Obama da bu günlərdə «Vaşinqton Post»a müsahibəsində deyib ki, demokratiya ABŞ-ın ixrac etdiyi ən yaxşı məhsuldur.

Amma politoloq Zərdüşt Əlizadənin fikrincə, hər şey xalqdan asılıdır:

«Demokratiyanı demokratiyaya layiq olanlar qura bilir».

Odur ki, Z.Əlizadə Obama administrasiyasından heç nə gözləmir:

«Demokratiya söz oyunudur. Əsas o ölkələrin maraqlarıdır, neft, qaz, xammal, həmin imperialist siyasətdir, həmin güc siyasətidir. Kiçik xalqların haqlarının pozulması, Amerikanın geosiyasi maraqlarının qorunması siyasətidir».

Seçkiqabağı kampaniya zamanı Amerika Ermənilərinin Milli Komitəsi namizədlərdən Barak Obamaya üstünlük verdiyini bəyan etdi. Amerika Erməniləri Assambleyası isə Obamanın lehinə xüsusi kampaniya apardı.

«Erməni Amerikalılar Obama Uğrunda» adlı hərəkatın lideri Antoni Barsamyan idi. Müsahibələrindən birində Barsamyan demişdi ki, Vaşinqtonda erməni soyqırımının tanınması, Ermənistan və Qarabağın təhlükəsizliyinin vacibliyini anlayan rəhbərliyin olması baxımından tarixi şans yaranıb.

Amma politoloq Hikmət Hacızadə Obamanın strateji maraqları kənara qoyacağına, ermənilərin soyqırım iddiasının dalınca düşəcəyinə inanmır. O ki, qaldı Qarabağ məsələsinə:

«Ümumiyyətlə bu, Obamalıq deyil. Orda müxtəlif qruplar, müxtəlif maraqlar var. Amerika siyasəti bir adamdan asılı deyil. Obama Heydər Əliyev deyil ki, hara istəyir, ora çapa. Mən bu sahədə ciddi dəyişiklik gözləmirəm».

Prezident Aparatında İctimai-siyasi şöbənin müdiri Əli Həsənov day.az-a müsahibəsində deyib ki, Obama administrasiyasından ehtiyat etməyə əsas yoxdur.

Çünki seçkidən əvvəl nə deyilir-deyilsin, Amerika hökuməti xalqın maraqlarına uyğun siyasət aparır. Xalqın maraqlarına uyğun olan, Əli Həsənovun sözlərinə görə, Azərbaycanla Amerika arasındakı münasibətlərin yaxşılığıdır.

Həsənov deyib ki, vaxtıyla Amerikanın Qafqazda dayağı möhkəmləndiyi üçün Azərbaycan təzyiqə məruz qalıb. Bu faktı Birləşmiş Ştatlar nəzərə almalıdır.

Politoloq Hikmət Hacızadə də hesab edir ki, Azərbaycan hökuməti ilə əməkdaşlıq Vaşinqton üçün vacibdir.

Bu, o deməkdirmi ki, Obama da Corc Buş kimi dəyərlərə sadiq olmayacaq?

Buş prezident seçiləndə demokratiyanı yayacağını deyirdi. Amma, məsələn, Misirdə demokratlara yaxın durmadı.

Hikmət Hacızadə: «Mən inanıram ki, insan haqları sahəsində səsini ucaldacaq, amma hökumətlə əməkdaşlıq olacaq, bu, Amerikaya da lazımdır. Amerika maraqları dalınca getməlidir, konstitusiya bunu tələb edir onlardan. Etməyə də bilməz, çünki biz onlardan aerodrom götürməmişik, onlar bizim aerodromumuzu işlədir».

Deputat, Ana Vətən Partiyasının sədr müavini Zahid Oruc da yeni administrasiyanın Azərbaycan hökumətiylə əməkdaşlığı davam etdirəcəyinə əmindir:

«Azərbaycanı əvəzləmək çox çətin olar. Nəzərə alsaq ki, Obamanın sələflərinin regiona istiqamətlənmiş planları tamamlanmamış qalıb, bu dönəmdə də əməkdaşlıq olacaq».

Zahid Oruc deyir ki, yeni administrasiya Amerikanın xarici siyasətində dəyişiklik edəcək. Amma bu dəyişikliklər Amerikanın təsir dairəsinin genişlənməsi səviyyəsində olacaq. Yeni prezident Barak Obama keçən həftə «Vaşinqton Post»un qonağı olanda deyib ki, demokratiyaya yardım xarici siyasətin mərkəzində olmalıdır, Amerikanı Amerika edən budur.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: DERVIS Haradan: QUBA
21.01.2009 21:21
biz ozumuz oz gunumuze aglamaliyiq.

Kimdən: Natiq M Haradan: Sumqayıt
21.01.2009 11:38
Amerika belə güclüdü getsin Myanmadakı hərbi xuntanı devirsin. Burnunu soxmasın bizim daxili işlərimizə. Niyə Myanma ilə maraqlanmır? çünki orada neft-qaz yoxdu. Əgər sabah orada neft-qaz aşkarlansa qəfil ABŞ rəhbərliyinin yadına düşəcək ki, bəs Myanmada insan haqları tapdalanır və hərbi xuntanın nüvə silahı var. Yaxın keçmişə baxaq. Yuqoslaviyada Miloşoviç 300 000 müsəlmanı qətlə yetirəndə ABŞ və Avropanın səsi çıxmırdı. Bu 1997-ci ilə qədər belə idi. 1997-də Miloşoviç Rusiyaya meyilli siyasət apardığını bəyan edəndə qəfil ABŞ-ın yadına düşdü ki, orada müsəlman qırılır. Sonra Yuqoslaviyada müharibə və ABŞ meyilli iqtidar. Yuqoslaviyadakı müharibə 1 ay davam etdi və ABŞ məqsədinə çatdı.Dinc əhalidən heç kimin burnu belə qanamadı. AMMA Əfqanıstan və İraqda hakimiyyəti dəyişmək yüz minlərlə insanın dünyasını dəyişdi. ALLAH BÖYÜKDÜ və SƏBİRLİDİ.

Kimdən: sahib Haradan: baki
21.01.2009 09:52
men inanmiram ki obamada ne ise deyiwin.yeni kohne hamam kohne tas

Kimdən: oqtay Haradan: absheron
20.01.2009 20:15
azerbaycanlilar deyishiklikler uchun gozun hec yere dikmemelidir.xalqin az-chox inam beslediyi siyasetciler xalqa, xalq ise inandigi siyasetcilere inam beslemelidir. tessuf ki, bu bele deyil. muxalif siyasi liderler shexsi ambisiyalarin geri cekmelidiler

Kimdən: emin Haradan: bakı
20.01.2009 18:49
xalq gərək özü bir iş görə biz buşdan ya obamadan nə gözləyəkki onlarin bizə ziyani dəyməsin xeyrlərini istəmirik cox təəsüf ki muxalifət hey onlarin arxasiycan gedir