Bazar ertəsi, Oktyabr 20, 2014 Bakı vaxtı 16:18

Verilişlər / Kontekst

Maşın almaq zamanı

Azərbaycanda imkanlı müştərilər daha çox S sinif «Mersedes»ləri üstün tuturlarAzərbaycanda imkanlı müştərilər daha çox S sinif «Mersedes»ləri üstün tuturlar
x
Azərbaycanda imkanlı müştərilər daha çox S sinif «Mersedes»ləri üstün tuturlar
Azərbaycanda imkanlı müştərilər daha çox S sinif «Mersedes»ləri üstün tuturlar
Bu günlər bir yandan maliyyə böhranına görə çətin vəziyyətə düşən dünyanın iri avtomobil şirkətləri maşınlarının qiymətlərini aşağı salırlar, bir yandan da Azərbaycandan başqa dünyanın əksər ölkələrində yanacağın qiyməti düşür. Bu aradan maşın almağı əsl vaxtı olduğunu düşünənlərə bəzi məlumatlarımız var.
Hazırda Azərbaycan bazarında Rusiya maşınları nəzərə alınmasa, daha çox Almaniya və Amerika maşınları satıldığından həmin ölkələrdə qiymətlərə nəzər salaq.

Vaşinqtonda yaşayan Fərid Əkbərov deyir ki, indi demək olar bütün avtomobil şirkətləri faizsiz kreditlə avtomobil təklif edirlər. Yeni və bahalı maşınların qiymətlərində əvvəlki illərə baxanda qiymət ucuzlaşsa da, hələlik işlənmiş maşınların qiymətlərində ciddi eniş olduğunu demək olmaz:
«Bir il əvvəl beş min dollara alına bilən bir maşını bu il təxminən 4500, bəlkə çətinliklə hardansa 4000 dollara da tapmaq olar».
Maşınların Azərbaycana gətirilməsi o qədər də problem deyil. Daşımalarla məşğul olan şirkətlər maşını Amerikadan götürüb gəmi ilə Gürcüstanın Poti limanına çatdırmağa təxminən 1000-1500 dollar alırlar.

Fərid Əkbərov deyir ki, indi Amerika və Almaniya bazarlarında maşınların qiymətləri təxminən eynidir: «Ola bilər, Almaniyada maşınlar bir az ucuzdur, söhbət işlənmiş maşınlardan gedir».

Amma Almaniyadan Azərbaycana maşın gətirib satmaqla məşğul olan Elçin Quliyev Azərbaycan bazarında Almaniya maşınlarının Amerika maşınlarından daha çox satıldığını deyir: «Burada «Amerikanka», «Nemka» deyilən maşınlar var. Eyni vəziyyətdə, eyni markalı Almaniyadan gətirilmiş maşın, Amerikadan gətiriləndən 1000-1500 dollar daha baha satılır. Çünki Amerikada maşına pis baxırlar. Almaniyada isə texniki baxış çox ciddidir və təmir olunanda maşına yerli ehtiyat hissə qoyulur».

Almaniyadan maşınların Azərbaycana gətirilməsinə gəldikdə, Elçin Quliyev deyir ki, Almaniyaya təyyarə ilə gedib, orda maşının axtarılması, yemək-qalmaq xərcləri və maşının sürülərək Azərbaycana aparılmasına təxminən 2000 avroya yaxın xərc çıxır. İndi Avropada benzinin qiymətləri bir az aşağı düşdüyündən yol xərcləri qismən azalır. Dollara baxanda avronun dəyərinin ucuzlaşması bu biznesi xeyli cəlbedici edir. Məsələn, yay aylarında 5000 avroluq bir maşın üçün 8000 dolları avroya çevirmək lazım olurdu. İndi isə avronun dəyəri aşağı düşüb deyə 5000 avro almaq üçün 6300 dollar kifayət edir.
Almaniyadan maşını özü sürməklə deyil, ayrıca şirkətlərlə daşıtdırmaq istəyənlər isə bir neçə yüz avro əlavə pul verməli olurlar.

Almaniyaya təyyarə ilə gedib, orda maşının axtarılması, yemək-qalmaq xərcləri və maşının sürülərək Azərbaycana aparılmasına təxminən 2000 avroya yaxın xərc çıxır. İndi Avropada benzinin qiymətləri bir az aşağı düşdüyündən yol xərcləri qismən azalır
Almaniyadan – Bremen şəhərindən Azərbaycana maşın daşınması ilə məşğul olan «HB avtomobil» şirkətinin təmsilçisi Birol Gokcen qiyməti 10 min avroya qədər olan avtomobilləri Bakıya 1200 avroya apardıqlarını deyir. Bu məbləğə həm də avtomobilin sığorta edilməsi daxildir.
Birol Gokcen bu arada müştərilərini əvvəlki illərdən daha çox olduğunu deyir. Onun bildirdiyinə görə, Azərbaycanda imkanlı müştərilər daha çox qiyməti 60 min dollar civarında olan S sinif «Mersedes»ləri üstün tuturlar:

«Məsələn, keçən dəfə qiyməti 57 min olan üç dənə S klas «Mersedes» göndərdim. Amma Bakıdakı müştərilərin daha çox tələbi E klas, avtomat sürət ötürücülü, tavanı açıla bilən, bir də əsasən gümüşü rəngli maşınlardır. 2003-2005 buraxılışda E-240 «Mersedes» maşının 17-18 min avro qiyməti var».
Birol Gokcen Amerikadan da Azərbaycana maşın daşıdıqlarını deyir. Onun bildirdiyinə görə, azərbaycanlı müştərilər Amerikadan daha çox qiyməti 100 min dollar civarında olan maşınlar istəyirlər: «Amerikan» maşınları əsasən «Lexus», «Land Rover»dir. Qiymətləri 78-98 min dollar olur».

Birol Gokcen də Amerika ilə Almaniyada işlənmiş maşınların qiymətlərinin təxminən eyni olduğunu deyir: «Məsələn, 1998-ci il buraxılışlı «Mersedes» C 220, sizin dilinizdə ona «şarlotta» deyirlər, maşının Almaniya bazarında orta qiyməti təxminən 6 min avrodur. Əlbəttə, Bakıda tələb olan şəkildə, gümüşü rəngdə, tavanı açılan, avtomat sürət ötürücülü. Belə aşağı güclü mühərriki olan maşın Amerikada çətin olar, amma yenə də təxmini müqayisə üçün desək, bu cür maşın Amerika bazarında da 6 min dollar olar».

Birol Gokcenin dediyi formada - 1998-ci il buraxılışlı «Mersedes» C 220 markalı bir maşın Almaniyada 6 min avroya alınandan sonra onun üzərinə 2 min avroya qədər yol xərci, təxminən 3500 avro Azərbaycanda gömrük xərcləri də gəlir və maşın Bakıya 11500 avroya – təxminən 15 000 gəlib çıxır. Onu satmaq da son vaxtlar Bakıda xeyli çətinləşib.
 
Elçin Quliyev deyir ki, banklar maşınlara kredit verilməsini dayandırdığından indi orta imkanlı azərbaycanlı müştəri ən yaxşı halda 10-12 min nağd pula maşın istəyir. Banklar isə indi maşın almağa krediti çətin verirlər. Amma dolayı yollarla, təxminən bir-iki min dollar «şapka» deyilən ödəniş verməklə illik 22-26 faizlə maşın üçün kredit almaq olur. Amma bank həm də maşının mütləq sığortalanmasını tələb edir. Bu da əlavə daha 1500 dollara qədər xərc deməkdir. Beləliklə, 12 min dollarlıq bir maşını kreditlə alanda xərc az qala 20 min dollardan yuxarıya çıxır.

Elçin Quliyev indi Azərbaycana Rusiyadan da ucuz qiymətə çox sayda maşın gətirildiyini deyir. Onun bildirdiyinə görə, imkanlı ruslar maşınlarını Avropa maşınlarına dəyişdiyindən, Azərbaycana çox sayda ucuz maşınlar gəlir. Bu cür maşınları isə Azərbaycanda daha çox rayon adamları ucqar rayonlarda işlətmək üçün alırlar.

Maşınların yaxın gələcəkdə qiymətlərinə gəldikdə, bu bazardan məlumatlı insanlar qarşıdakı aylarda qiymətlərin düşəcəyini deyirlər. Vaşinqtonda yaşayan Fərid Əkbərov da yaxın aylarda Amerika bazarında iqtisadi böhrana görə maşınların ucuzlaşacağını gözləyir: «Böyük şirkətlər qiymətlərini aşağı salırlar. Yəqin ki, ümumilikdə maşınların qiymətləri aşağı düşəcək».

Almaniyadan Birol Gokcen də bu arada Azərbaycan bazarında maşınların sayının çoxalacağını düşünür. O, deyir ki, indi Almaniyadan daha çox maşın daşınır. Ola bilər bu da qarşıdakı qış mövsümündə gediş-gəlişin çətin olacağı ilə bağlıdır: «İnsanlar qara görə çox gedib-gələ bilməyəcəklər».
İndidən çox daşınan maşınlar isə məntiqlə bazarda maşın bolluğu və qiymət ucuzluğu yaratmalıdır. Amma çox zaman Azərbaycan bazarı real bazar qanunlarından asılı olmadığından maşınların mütləq ucuzlaşacağını söyləməyə də əsas vermir.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Neriman Haradan: baki
08.12.2008 19:20
internetde 8000-ne mercedes gorur sevinir gedir masin alib getisin masini alir gomruye catanda gomruyun qiymetini esidende kisini masinda infaq vurur kisinin gomrukden masini yox cesedi kecir.ay allah ozun komek ol

Kimdən: Elvin Haradan: Sumqayit
27.11.2008 19:27
A kişi bu gömrük xərci adamların evini lap nəyi var yıxıb haaa!Allah axırını xeyr etsin.deyesen yene de qaldıracaqlar.inflasiya gedir axı.

Kimdən: Ilqar Haradan: Bakı
27.11.2008 13:12
Rəhmətliyin nəvəsi,xalq acından yuxudan günorta durur,sən də başlamısan maşın almaq zamanı gəldi.Atalar məsəli var,deyərlər,toxun acdan xəbəri yoxdur və ya vardı hər yarağım,çatmırdı saqqal darağım.

Kimdən: Natiq M Haradan: Sumqayıt
26.11.2008 13:30
6 min avroluq «Mersedes» C 220-nin gömrük xərci 3500 avro?...dəhşət.