Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:03

Türkiyədə PKK ilə daha heç bir danışıq olmayacaq?


PKK tərəfdarları Novruz bayramında
PKK tərəfdarları Novruz bayramında

Abbas Cavadi Türkiyədə Binali Yıldırımın baş nazir təyin edilməsi ilə Ankaranın “kürd məsələsinə” yanaşmasında dəyişiklik yaranacağının əlamətlərini görüb.

Abbas Cavadi Türkiyədə Binali Yıldırımın baş nazir təyin edilməsi ilə Ankaranın “kürd məsələsinə” yanaşmasında dəyişiklik yaranacağının əlamətlərini görüb.

Cavadinin məqaləsində deyilir ki, indi açılan “yeni fazada” hökumət kürd məsələsini Kürdüstan İşçi Partiyası (PKK) və onun “siyasi qolu” Xalq Demokratik Partiyası (HDP) ilə əməkdaşlığa girmədən həll edəcəyini bildirib. Bəzi xəbərlərə görə, bu yanaşma silahlılara qarşı daha çox gücdən istifadə, parlamentdə təmsil olunmuş HDP-yə daha sərt münasibət və qeyri-zorakı kürd qrupları və əhalisi ilə daha açıq ünsiyyəti nəzərdə tutur.

Lakin Abbas Cavadi yazır ki, kürdlərin tərəfində heç bir etibarlı alternativin olmadığı haldahökumətin kimlərlə danışacağı bəlli olmur.

Biz yalnız PKK-ya qarşı vuruşmuruq. PKK indi iranlıların, suriyalıların, avropalıların, amerikalıların və Assad rejiminin təşkilatına çevrilib və onlar Türkiyəni parçalamaq istəyirlər

Özü hakim Ədalət və İnkişaf Partiyasından (AKP) etnik kürd olan millət vəkili Orhan Miroğlu bir Türkiyə telekanalına deyib ki, “bu yeni fazada” iki il bundan əvvəl olduğundan fərqli olaraq PKK və HDP ilə heç bir danışqılar aparılmayacaq. Onun sözlərinə görə bu dialoq “əhalinin bütün təbəqələri və kürd əhalisinin iştirakı ilə yer alacaq”.

“Biz yalnız PKK-ya qarşı vuruşmuruq, - deyib Miroğlu, - PKK indi iranlıların, suriyalıların, avropalıların, amerikalıların və Assad rejiminin təşkilatına çevrilib və onlar Türkiyəni parçalamaq istəyirlər”.

Məqalədə deyilir ki, Türkiyə hökuməti ilə PKK arasında məxfi danışıqlar ötən yay iflasa uğrayıb. Hökumət mənbələrindən buna səbəb olaraq göstərilirdi ki, kürdlər tələblərinə ayrıca ərazi, bayraq və təhlükəsizlik qüvvələrinin yaradılmasını əlavə edibmişlər. Az qala müstəqil dövlət anlamına gələn bu tələbləri Türkiyə qəbul edə bilməzdi və buna görə də PKK danışıqlardan çıxıb və hücumlara başlayıb, Türkiyə hərbiyyəsi isə cavab tədbirləri görməli olub.

“AKP kürdləri” və “əsl kürdlər”

Abbas Cavadi Beynəlxalq Böhran Qrupuna istinadən yazır ki, 2015-ci ilin yayından indiyədək kürd silahlıları ilə bağlı insidentlərdə 350 türk polisi və 250 mülki şəxs həlak olub.

Türkiyə hökuməti bunu da bildirir ki, HDP bu zorakılıq hallarının heç birini pisləməyib.

Prezident Recep Tayyip Erdoğanın özü də bu yaxınlarda bildirib ki, Ankara Türkiyə hərbçilərinə və vətəndaşlarına qarşı silahdan istifadə edənlərlə heç bir danışıqlara girməyəcək. Türkiyə parlamenti isə millət vəkillərini immunitetdən məhrum etməyə imkan verən qanun layihəsini qəbul edib. Bəzi xəbərlərə görə bu qanunla toxunulmazlığı qaldırılmış onlarca millət vəkilinə qarşı cinayət ittihamları irəli sürülə bilər.

Parlamentdə AKP-HDP əlbəyaxası
Parlamentdə AKP-HDP əlbəyaxası

Ankaranın kürd dairələrində isə deyirlər ki, yeni qanun ilk növbədə parlamentdəki HDP fraksiyasını hədəfləyəcək. Bu isə parlamentin üçüncü böyük partiyasını zəiflədə və hətta parlamentin özünün bağlanmasına səbəb ola bilər.

Abbas Cavadi bunlardan çıxış edərək düşünür ki, yaxın gələcəkdə PKK-ya qarşı hərbi əməliyyatlar daha da şiddətlənə bilər.

Məqalədə deyilir ki, ən böyük sual AKP hökumətinin PKK və HDP xaric kiminlə danışqılar aparacağı barədədir. Müəllif düşünür ki, AKP daxilində Miroğlu kimi etnik kürdlər daha da fəallaşacaqlar.

Lakin müəllifin fikrincə bunlar kürd cəmiyyətində “etnik kürddən” daha çox Türkiyə elementi kimi qəbul edilirlər.

Cavadi yazır ki, HDP və PKK solçuluğu və kürd millətçiliyini təmsil etdiyi halda, AKP-dəki kürdlər özlərini yalnız bu məqsədlərlə məhdudlaşdırmırlar.

Çoxtərəfli qumar kimi

“PKK-ya Türkiyədə “terrorçu təşkilat” damğası vurulub, o cümlədən də Birləşmiş Ştatlarda və bir sıra Avropa ölkələrində. Və bəli, terrorçularla danışığa girməmək prinsip məsələsidir. Belə demək rahatdır və hətta doğrudur ki, belə təşkilatdan qisas alınmasına cəmiyyətin bir sıra seqmentlərindən çoxlu dəstək də ifadə olunardı. Lakin belə görünür ki, hazırda PKK və HDP Türkiyədə kürd etnik maraqları məsələsini qaldıran yeganə təşkilatlardır. Və onlar ötən 32 il ərzində və çox vaxt da qanlı qaşıdurmadan sonra hələ də yoxa çıxmayıblar” – yazır Cavadi.

Məqalədə belə bir sual verilir ki, PKK və HDP istisna edildiyi halda Türkiyə hökuməti kimlə danışıqlar aparacaq?

Müəllifin fikrincə, bu suala xüsusilə də indi, Türkiyədə kürd yarımmüstəqil dövlətinin yaradılmasına çağırışların eşidildiyi bir vaxtda cavab vermək çətindir.

Daha sonra qeyd olunur ki, İraqın şimalındakı yarımmüstəqil kürd administrasiyasının başçısı Məsud Bərzani 40-50 milyon kürd üçün müstəqil dövlətin yaradılması vaxtının yetişdiyini söyləyib. O deyib ki, kürdlər əsasən dörd dövlətin (Türkiyə, Suriya, İraq və İran) arasında bölünüblər və hər biri öz spesifik vəziyyətini öz mərkəzi hökuməti ilə çözməlidir.

Abbas Cavadinin məqaləsində bir neçə başqa suallar da var. Türkiyənin cənub-şərq regionlarında kürdlərə qeyri-partiya yanaşması və investisiyalar de facto vətəndaş müharibəsini dayandıra bilərmi?

AKP və ya başqa siyasi partiyalardakı kürd elementi 15-20 milyonluq əhalinin çoxluq səsinə çevriləcək qədər güclüdürmü?

Abbas Cavadi yazır ki, AKP və başqa siyasi partiyalar bu təməl suallar üçün heç bir aydın cavaba malik deyillər.

“Belə olduğu halda Türkiyədə “kürd məsələsini” çözəcək “yeni faza” bütün tərəflərin iştirak etdiyi qumara bənzəyir” – yazır Cavadi.

XS
SM
MD
LG