Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:48

«Dərviş toyları adət-ənənəmizə kölgə salır» <img src="/img/icon-photogallary.gif" border=0 />


Toyu adətən «Əhli Beyt» qrupu aparır
Toyu adətən «Əhli Beyt» qrupu aparır
Son illər Azərbaycanın cənub bölgəsində dərviş toyu edənlərin sayı artıb. Bu toylara «islam toyları» da deyirlər. Oğlan toyu ilə qız toyu ayrı-ayrılıqda keçirilir. Oğlan toyunda əsasən kişilər iştirak edirlər. Qadınlar toyda baş örtuklə əyləşirlər. Oğlan toyunda kişilər, qız toyunda isə qadınlar dərvişlik edir. Bu toylarda ənənəvi müsiqi alətlərinin çalınması qadağandır. Toylarda peyğəmbərə həsr olunmuş qəzəllər deyilir, şeirlər səslənir.

Dərviş toylarını əsasən dindarlar, İranda və digər müsəlman ölkələrində dini təhsil almış gənclər edirlər. Bunların arasında Azərbaycanda və Avropada ali təhsil almış gənclərə də təsadüf edilir. Toyu adətən Bakı şəhərinin Nardaran kəndindən olan «Əhli Beyt» qrupu aparır.

Bu yaxınlarda oğluna dərviş toyu etmiş Hacı Müslüm Əliyev deyir ki, bu toylar heç də adət-ənənəmizə zidd deyil.

Dərviş toylarında spirtli içki olmur. Burada artıq hərəkətlərə yol verilmir. Hacı Müslüm Əliyevin sözlərinə görə, dərviş toyları gənclərin istəyi ilə həyata keçirilir:

«O biri toylardan əsas fərq nədir? İçkinin olmaması. İçki olan məclisdə heç kim bir-birini eşitmir. Amma dərviş toylarında belə deyil. Allah, peyğəmbər haqqında söhbətlər edilir».

Astara rayon Ərçivan kənd məscidinin axundu Orucəli Seyidov da dərviş toylarını bəyəndiyini söyləyir. Onun dediyinə görə, dərviş toyu islam toyudur:

«Dərviş toyları islamda ən bəyənilmiş toydur. Zurna-balaban islamda haramdır. Mən bunu bəyənirəm».

Şair Şahverən Cavad isə belə hesab edir ki, dərviş toyları kənardan gəlmədir və bu, adət-ənənəmizə kölgə salır:

«Dərviş toylarının bu gün yayılmasının bizə məlum olmayan müəyyən səbəbləri var».

O deyir ki, min illər boyu yol qət edərək bu günə çatmış toy adətlərimiz bizə doğmadır:

«Bizim toylarımızda olan şənlik, sevinc, qələbəlik həmin toylarda olmur».

Şahverən Cavad deyir ki, belə toylarda spirtli içkinin verilməsi məsələsi toy sahibinin özündən asılıdır. Toylarda dini məsələləri ortaya qoymaq da yaxşı hal deyil:

«Bunun üçün məscidlər var».

O, hesab edir ki, dərviş toyları müəyyən dairələrin şəxsi mənafeləri ilə əlaqədardır.

YUNESKO-nun Muzeylər Şurasının həqiqi üzvü, etnoqraf Əfqan Şəfiyevin dediyinə görə, dərviş toylarının keçirilməsi sifarişi xarici ölkələrdən gəlir. O, sual edir ki, belə toylar müsəlmanlara xasdırsa, bəs nə üçün İranda keçirilmir? Orada dərviş toları olmur. İran azərbaycanlıları toyu adət-ənənələrə uyğun şəkildə keçirirlər:

«Adını islam toyu qoyurlar, əslində isə orda islam üçün əhəmiyyəti olan heç bir şey yoxdur».

Ə.Şəfiyev deyir ki, dərviş toyları daha çox şiəliyi təbliğ edir.

Dərviş toyları əsasən Masallı, Lənkəran və Astara rayonlarında keçirilir. İl ərzində bu üç rayonda dörd minə yaxın nikah bağlanır. Nikah bağlayanların əksəriyyəti el adəti ilə toy etsə də, dərviş toylarına üstünlük verənlər də az deyil.
XS
SM
MD
LG