Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:14

Prokuror Gülər Əhmədovaya 4 il iş istədi [Video]


Prokuror Gülər Əhmədovaya 4 il iş istədi
Gözlə

No media source currently available

0:00 0:01:34 0:00
-
Noyabrın 18-də sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam edib. Prosesdə çıxış edən dövlət ittihamçısı Eldar Həmzəyev Gülər Əhmədovaya 4 il həbs istəyib.

Prokurorun fikrincə, Gülər Əhmədovanın himayəsindəki azyaşlı uşaq, onun ictimai fəaliyyəti, parlamentin 3 çağırış deputatı olması yüngülləşdirici hallar kimi nəzərə alınmalıdır.

Dövlət ittihamçısı təqsirləndirilən şəxsin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini də məqsədəuyğun sayıb.

Çıxış etmək üçün söz Gülər Əhmədovanın vəkili Əfsər Talıbova verilərkən, o, çıxışa hazır olmadığını əsas gətirərək məhkəmədən vaxt istəyib.
Proses noyabrın 21-də davam etdiriləcək.

«MƏNİ BURDAN ÇIXARIN...»

Gülər Əhmədovanın vəkili Əfsər Talıbov vəsatətlə çıxış edərək Elşad Abdullayevin videoçəkilişləri qanunsuz apardığını söyləyib:

«Elşad Abdullayev Gülər Əhmədova haqqında yalan məlumat verdiyi, KİV-də şər-böhtan xarakterli məlumatlar yaydığı üçün məhkəmə onun əməlinə hüquqi qiymət verməlidir. Görüntülərin qanunsuz əldə edilməsi də hüquqi qiymətini almalıdır».

Əfsər Talıbov yayılan videonun bir formatdan başqasına köçürüldüyünü və gerçək görüntü olmadığını da deyib. Vəkil onu da bildirib ki, həmin görüntülər sübut kimi qəbul edilə bilməz:

«Elşad Abdullayevin sözçüsü Elnur Məcidli hər dəfə deyir ki, bizdə 5 saatlıq tam video var, üzərində tamamlama işləri aparılır, mətbuata açıqlanacaq. Bu onu göstərir ki, həmin materialın üzərində montaj işləri gedir».

Dövlət ittihamçısı Eldar Həmzəyev istintaq orqanının bu məsələ ilə bağlı cinayət işi başladılmasını rədd etdiyini əsas gətirərək, vəsatətin təmin olunmayacağını söyləyib. Prokuror ekspertizaya şübhə olmadığı üçün bu vəsatətin də rədd olunmasını təklif edib.

Məhkəmə vəsatətləri rədd edib.

«HEÇ BİR İNKİŞAF ETMİŞ VƏ ETMƏMİŞ ÖLKƏDƏ BELƏ BİR ŞEY YOXDUR»

Gülər Əhmədova Elşad Abdullayevin bacısı oğlundan dayısının videoların tam versiyasını göndərməsini xahiş etdiyini söyləyib:

«Lakin o göndərməyib. Videolar əsl deyil, ekspertiza da dolaşıq rəy verib. Bu şəkildə adam tutmaq olursa, mənim adımı və soyadımı daşıyan, qaşı-gözü mənə oxşayan başqa bir adam tapın gətirin. Məni burdan çıxarın, əvəzində onu həbs edin. Əsli olmayan şeyə görə mən 10 aydır həbsdəyəm. Əsli olmayan videoya ekspert rəy verir, mən həbs olunuram. Heç bir inkişaf etmiş və etməmiş ölkədə belə bir şey yoxdur. Dünyanın heç bir ölkəsində belə bir videonu qəbul etməzlər. Elşad Abdullayev orada oturub, bura videosurət göndərir (görünür, videomontaj nəzərdə tutulur, çünki videonun orijinalı və surəti, həmçinin format dəyişmələri görüntüdə fərq yaratmır – red.), mən həbs olunuram. Elşad Abdullayev videonun əslini heç vaxt üzə çıxara bilməz. Çünki o da bilir ki, əslində nə var, mən də bilirəm əslində nə var. Elşad bilir, orda kimin dalınca danışıb və nə cavabı alıb. Ona görə əslini göstərmir».

Gülər Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirləndirilir.
XS
SM
MD
LG