Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:14

Gürcü müxalifəti «Mişa, davay, do svidaniya!» deyir


Bidzina Ivanishvili
Bidzina Ivanishvili
-
“Onlar müxalifətçiləri döymək üçün qoluzorluları səfərbər edirlər. Onlara 1000-1500 lari boyun olurlar (600-900 dollar)”

Bu, Gürcüstanda oktyabrın 1-də keçiriləcək parlament seçkiləri ərəfəsində müxalifətin hakimiyyətin ünvanına səsləndirdiyi çoxsaylı ittihamlardan biridir.

Milyarder Bidzina İvanishvili`nin rəhbərlik etdiyi “Gürcü arzusu” koalisiyası iddia edir ki, onların sentyabrın 9-da Zuqdididə keçirmək istədikləri mitinqi hökumət bu cür dağıtmaq istəyir.

Bu parlament seçkiləri hakim partiya üçün də, müxalifət üçün də həlledicidir, çünki seçkidən sonra prezidentin səlahiyyəti azalacaq, parlamentin seçdiyi baş nazirin səlahiyyətləri isə əksinə artacaq.

Seçki yaxınlaşdıqca bəzi xırda müxalif qurumlar İvanishvilinin koalisiyasının xeyrinə seçkidə iştirakdan imtina edir və tərəfdarlarını həmin koalisiyaya səs verməyə çağırırlar.

Son olaraq keçmiş xarici işlər naziri Salome Zurabishvili`nin “Gürcüstanın yolu” partiyası belə bir addım atıb.

İvanishvili seçicilərə nə vəd edir?

İlk növbədə Avropa Birliyi və NATO-ya inteqrasiya, pulsuz müalicə paketi və əlyetərli təhsil:

“Biz mütləq ədalətli dövlət quracağıq. Elə bir dövlət ki orada hökumət işlə məşğul olacaq, indiki kimi görüntü yaratmayacaq. “Gürcü arzusu” hakimiyyətə gələndən sonra onun üzvləri ölkədə biznesin inkişafına çalışacaqlar” – deyə İvanishvili bildirib.

Ivanishvili bu vədlərini ölkənin regionlarını gəzərək seçicilərlə görüşlərdə də səsləndirir.

Xristian demokratlar isə kasıb təbəqənin ehtiyaclarını önə çəkməyi qarşısına məqsəd qoyublar.

Onlar deyirlər ki, hakimiyyətə gəlsələr kommunal xərcləri də azaldacaqlar.

Müxalifətçilər hesab edirlər ki, hazırkı prezident Mikheil Saakashvili siyasi səhnədən getməlidir. Çünki Rusiya ilə düşmən olub, ölkə isə arzuolunan səviyyədə inkişaf etmir.

Hakimiyyət isə bildirir ki, əksinə Gürcüstan xarici sərmayəçilər üçün cəlbedici olub, korrupsiya isə xeyli azalıb.

Müxalifətçilər hətta Azərbaycan meyxanası “Davay do svidaniya”nı da Saakashviliyə “get” demək üçün istifadə edirlər

Müxalifət ehtiyat edir ki, Saakashvili prezidentlikdən getsə də (onun iki dəfədən çox seçilmək haqqı yoxdur), yenidən baş nazir qismində hakimiyyətə gələ bilər.

Seçkidə 20-dən çox siyasi qüvvə iştirak edəcək

Onlar parlamentə düşmək üçün 5 faizlik barajı keçməlidirlər.

Hələ ki ən yüksək reytinq hakim partiyaya – “Vahid milli hərəkat”a məxsusdur.

Daha sonra “Gürcü arzusu” və xristian demokratlar gəlir.

Amma ekspertlər hesab edirlər ki, vəziyyət seçkiyə bir neçə gün qalmış dəyişə bilər.

Politoloq Vasil Chkoidze isə deyir ki, hakimiyyətin əas rəqibi İvanishvilinin “Gürcü arzusu” koalisiyasıdır:

“Mənim fikrimcə, müxalifət arasında sadəcə 2-ci yer uğrunda mübarizə gedir. Əsas da “Gürcü arzusu” və xristian demokratlar arasında. Qalan partiyalar xeyli geri qalırlar”.
XS
SM
MD
LG