Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:40

Azərbaycanda uşağa necə baxırlar?


Foto: Arxiv
Foto: Arxiv
-
«Rusiyada uşaq dünyaya gələn kimi dövlət onun adına banka 12 min dollar köçürür. Bundan başqa, hər ay pul verir. Bir də pulsuz ərzaq verir. Gedib süd, qatıq alırıq uşağa. Xəstələnəndə, səhiyyə pulsuz xidmət edir. Rusiyada uşağa yaxşı baxırlar».

Bu, 3 ildir uşaqlarını Azərbaycan vətəndaşlığından çıxardıb Rusiyada qeydiyyata saldıran Rizvan Allahverdiyevin dedikləridir. O hesab edir ki, Azərbaycanda dövlət uşağa yetərincə qiymət vermir.

«Save The Children» beynəlxalq təşkilatının 2012-ci il üzrə Uşaq İnkişafı İndeksi haqqında yaydığı hesabatda Azərbaycan 141 ölkə arasında 87-cidir. Onun qonşuları Rusiya 37, Ermənistan 68, Gürcüstan 43-cü yerdədir. İran isə siyahı üzrə 60-cı pillədə qərar tutub.

Uşaqlar üçün ən yaxşı və ən pis ölkələrin siyahısı məktəbə gedən uşaqların sayı, uşaqlar arasında ölüm faizi və çəki azlığı göstəriciləri ilə müəyyənləşdirilib.

HESABATI KİM HAZIRLAYIB

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyir ki, Azərbaycan uşaqların dünyaya gətirilməsi baxımından əlverişli ölkədir:

«Azərbaycan hüquqi, demokratik bir ölkədir. Ölkəmiz günü-gündən güclənir, inkişaf edir. Buna görə də, Azərbaycan uşaqların dünyaya gətirilib böyüdülməsi, yetişdirilməsi baxımından əlverişli ölkədir».
Hicran Hüseynova
Hicran Hüseynova

Hesabata gəlincə, Hicran Hüseynova deyir ki, bu cür hesabatlar onları kimin hazırlamasından asılıdır:

«O baxır hesabatı kim hazırlayıb».

QHT-LƏR TƏKLİFLƏR VERİR, AMMA...

İqtisadçı Natiq Cəfərli deyir ki, Ümumdünya Səhiyyə Təşkilatı, BMT, yerli QHT-lər hökumətə dəfələrlə uşaq ölümünün azaldılması, onların yaxşı qidalanması üçün təkliflər veriblər. Amma təəssüf ki, bir çox bu kimi təkliflər qəbul olunmayıb:

«Uşaqların sosial vəziyyətinin, uşaq hüququnun, ərzaq təminatının yaxşılaşdırılması üçün «Ana kapitalı» və sair bir çox kompleks proqramlar mövcuddur. Məsələn, Rusiyada, Qazaxıstanda, Gürcüstanda belə proqramlar həyata keçirilir. Uşaqların yaxşı qidalanması üçün Rusiyada ayrıca proqram qəbul olunub. Azərbaycanda belə bir proqramın olmaması dövlətin bu sahəyə çox zəif diqqət yetirməsinin göstəricisidir. Bu da təbii ki, belə hesabatlarda Azərbaycanın aşağı yerlərdə qərarlaşmasına gətirib çıxarır».
Natiq Cəfərli
Natiq Cəfərli

VƏSAİT TƏYİNATI ÜZRƏ XƏRCLƏNƏRSƏ...

Natiq Cəfərli hesab edir ki, dövlət belə proqramlara vəsait ayırsa, bu sahədə irəliləyişə nail olub reytinqini yaxşılaşdıra bilər. Amma bir şərtlə ki, həmin vəsait təyinatı üzrə xərclənsin və düzgün idarə olunsun. Pulları dolayısı yolla məmurların mənimsəməsinə şərait yaradılacaqsa, heç bir effekt əldə olunmayacaq. Ekspert deyir ki, bu iş bir çox QHT-ləri də cəlb etməklə böyük bir kampaniya şəklində aparılmalıdır.

Hesabatda bildirilir ki, son 10 ildə ilk dəfə olaraq dünyada aclıq çəkən uşaqların sayı artıb.

Uşaqlar üçün ən pis ölkə Somalidir. Keçən il bu ölkədə baş verən ərzaq böhranı nəticəsində on minlərlə uşaq ölüb.

Uşaqlar üçün ən yaxşı ölkələr siyahısının ilk onluğu belədir - Yaponiya, İspaniya, Kanada, İtaliya, Finlandiya, İslandiya, Fransa, Böyük Britaniya, Almaniya və Norveç.
XS
SM
MD
LG