Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:24

Tağıyevin nəticəsi Bakının nəyini bəyəndi?


Əli bəy Nadir Safyurdlu
Əli bəy Nadir Safyurdlu
Hacı Zeynalabdin Tağıyevin nəticəsi Əli bəy Nadir Safyurdlu ötən həftə Bakıda qonaq oldu. Ulu babasının adı ilə bağlı olan hər yeri dolaşdı. XX əsrin əvvəlində açdığı Qızlar məktəbini, ailəsinin yaşadığı--indi Tarix muzeyinə çevrilmiş o möhtəşəm binanı qarış-qarış gəzdi. Hacının büstünü ilk dəfə gördü, şəklini çəkdi. Əzəmətli Tağıyev Pasajına enib-qalxdı. Bakıdakı bütün binaları ilə tanış oldu. Hətta babasının Bibiheybətdəki ilk neft quyusuna baş çəkdi. Uzun illər Leninin adını daşımağa məhkum olan Tağıyev Toxuculuq Kombinatını gəzdi. Hacının Mərdəkandakı bağında da oldu. Babasının, Sara xalasının qəbrini ziyarət etdi...
Və AzadlıqRadiosunun “Can Bakı” proqramının qonağı oldu. Hətta “Can Bakı!” söylədi.

Söhbətin ikinci hissəsi qarşınızdadır.

--Əli bəy, Bakıya həyat yoldaşınızla gəlmisiniz. Kiminlə evləndiniz? Maraqlıdır, Hacının nəsil şəcərəsi necə davam edir?

XANIMIM ƏSİLLİ-NƏSİLLİ AİLƏDƏNDİR

--Həyat yoldaşım Virciniyadandır, Vaşinqton şəhərindəndir. Uzun zamandır orada yaşayırlar. Ailəsində əski, böyük məhkəmə hakimlərindən tutmuş marşala qədər tanınmış adamlar var. Hətta Virciniyada kiçik ailə kilsələri, öz məzarlıqları var. Ailə orada böyük torpağa da sahibdir. İngilis-isveç əsillidir. Xanım özü geyim ticarəti ilə məşğuldur. Öz markası, öz alıcısı var. Hər ay-iki aydan bir sifarişlər alırıq. Biz sifarişləri Amerikada yapmağa çalışırıq. Düzdür, son vaxtlar bu çətinləşir. Çətinləşdikcə də, bizim emal etdiyimiz mallar azalır. Azaldıqca malların dəyəri yüksəlir. Böyük şirkətlər belə kiçik, ancaq dəyəri yüksək bir işə baş qoşmaq istəmirlər. Bu da bizim xeyrimizədir. Dünyanın hər yerindən parçalar alırıq. İtaliyada kiçik bir anbarımız da var. Fransadan, İtaliyadan və s. mal alırıq. Düymə düzəltdiririk. Hər müştəri parçasını, rəngini, düyməsini özü seçir. Bax, bu işlərlə məşğuluq.

--Belə çıxır, siz müəyyən qədər ulu babanızın işini davam etdirirsiniz?

Bakı San-Fransiskoya bənzəyir, İstanbula, Romaya bənzəyir
--Elədir. Tekstil, xalı, iç tasarım cəhətdən davam etdirdiyimizi demək olar...

BAKIYA ƏN ÇOX YARAŞAN...NƏDİR?

--Əli bəy, söhbətimizin son bölümünə gəldik. Lütfən söyləyin, Bakı sizdə hansı duyğular oyatdı?

--Çox gözəl şəhərdir. Bakının öz daşlarından tikilmiş binalar ona çox yaraşır. Gözəl yerdir. Yeni tikililər də var. Bəzisi modern, bəzisi klassik üslubda ucaldılıb. Bu işdə düzgün qərar vermək çox mühümdür. İnanıram ki, Bakıda bu işlə məşğul olan adamlar doğru qərarlar verəcəklər. Şəhərdə sökülən binalar gördüm. Yəqin orada da inşaat işləri aparılacaq. Təkrar gəldiyimdə kim bilir nələr görəcəyəm?! Amma məncə, Bakıya ən çox yaraşan modern binalar deyil, öz daşlarıyla yapılan köhnə, klassik binalardır. O binalar Bakıya xüsusi xarakter verir. Mən çox bəyəndim. Çox təhlükəsiz bir yerdir. Bura bazar günü gəldim. Gediş-gəliş az idi. Hava limanından gəzə-gəzə çox asan gəldik şəhərə.

HANSI CƏHƏTİ BAKINI AVROPA ŞƏHƏRİ EDİR?

--Bakını indiyədək gördüyünüz hansı şəhərə oxşatdınız?

--Önündə dəniz var, su var. İnsanlar su sevəndirlər. Dağdan gələn insan belə su mənzərəsinə üstünlük verir. Bakı San-Fransiskoya bənzəyir, İstanbula, Romaya bənzəyir. Bu üç şəhər yeddi kiçik təpənin üzərində salınıb. Klassik binalar Bakını Avropa şəhəri edir. Bakını başda-başa modern binalarla təsəvvür edə bilmirəm. Odur ki, əski görünüşünü itirməməsi çox vacibdir. Çox gözəl yeni binalar da gördüm. Ümid edirəm ki, bu davam edəcək. Gözəl planlaşdırma olacaq. Ara-sıra yanlışlıqlar hər yerdə olur...

Tağıyevlərin yaşadığı--indi Tarix Muzeyinə çevrilmiş bina
HACI HAQQINDA SÖYLƏNƏNLƏR DOĞRU İMİŞ!

--Əli bəy, ulu babanızın tikdirdiyi binaları gördünüz. Onun indi muzey yerləşən evində oldunuz. Uzun illərdən sonra Tağıyev nəslindən bir nəfər axır ki, bu evə gəldi. Necə hislər, duyğular oyandı ürəyinizdə?

--Evini çox sevdim, çox bəyəndim. Belə bir binanın içinə girmək çox çətindir... Hər yerdə onun şəkilləri, əsərləri, topladığı gözəl kolleksiyalar...Bunlar çox zor duyğular, zor hislər! Təbii ki, belə hislərin olacağını bilirdim. Ancaq heç bir zaman belə qüvvətli olacağını zənn etmirdim. Hacı haqqında söylənən hər şey doğru imiş.

--Ailənizin başqa üzvlərinin də bu yerləri görməsini istərdinizmi?

--Təbii ki, istərdim. İstərdim ki, bacılarım da gəlsin. Amma bilirsiniz ki, indi ABŞ-da Thanksgiving (Şükranlıq Bayramı) Bayramı idi. Bu, orada önəmli bir bayramdır, tətildir. Onların da ailəsi var. Hər kəs bu bayramda evə dönür. Çox israr etdim. Hətta Azərbaycan səfirliyinə gedib viza da aldılar. İki bacımın da türk pasportu olduğu üçün çətin olmadı. Gözlədim ki, bir addım da atsınlar, biletlərini alıb mənimlə gəlsinlər. Amma təəssüf ki, baş tutmadı. Eybi yox. Mən hər şeyi söyləyəcəyəm. O qədər uzun-uzun danışacağam ki, bir ay çəkəcək...Məncə bacımın biri hazırdır gəlməyə. O birini də məcbur edərik, o da gələr.

CAAAN BAKI!

--Əli bəy, sizə son sualı verirəm. Bu gəlişdən sonra Bakı, Azərbaycan sizə Vətən oldumu?

--Mən hər zaman Bakını, Azərbaycanı ailəmin bir parçası olaraq gördüm, hər zaman...Amma heç görməmişdim, gəlməmişdim. Çox yaxşı oldu. Yaxşı ki, gəldim...

-- Sağ olun, Əli bəy. Təşəkkür edirəm Sizə. Həm Bakıya, həm də AzadlıqRadiosuna gəldiyiniz üçün.

-- Nə mutluyum Azəri deyənə!

-- Onda bir «Can Bakı!» söyləməzsiniz. Bu, həm də proqramımızın adıdır...

-- (Gülür) Caaan Bakı!

--Təşəkkürlər!
XS
SM
MD
LG