Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:57

Bakı Bulvarı: 100 yaşdan sonra nə dəyişib?


Bakı Bulvarı
Bakı Bulvarı
Bakı Bulvarı ilin əvvəlində 100 yaşını tamamladı. Yubileydən keçən müddət onun həyatına, fəaliyyətinə hansı yeniliklər gətirib? Bulvarda gedən təmir və yenidənqurma işləri nə vaxt sona çatacaq? Və ən önəmlisi, Bakı Bulvarının boyu nə vaxt artacaq? Bu suallara cavab almaq üçün Bakı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidova üz tutduq. Nazim bəylə atüstü müsahibəmizi siz də oxuyun.

S.İ.: Nazim bəy, nələr dəyişdi, nələr yeniləndi bu müddətdə?
N.M.: O vaxtdan bu vaxta o qədər yeniliklər var ki… Hamını sevindirən yeniliklərdən başlayım. İnsanlar Bakının ucqarlarından-Bibiheybətdən, 20-ci sahədən, Bayıldan, Əhmədlidən, Günəşlidən Bulvara gəlirlər. Onlara müjdə vermək istəyirəm ki, artıq Bulvarın genişləndirilməsinə start verilib. Bulvar, öz ərazisində yerləşən İdman Sarayından Bibiheybət istiqamətində tikilən Bayraq meydanınadək uzanacaq. Yaxın 5-7 ilə isə əks tərəfdən-Dəniz vağzalından Nobel prospektinə qədər uzanması nəzərdə tutulur. Artıq Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Kadastr Xidməti ilə bağladığımız müqaviləyə əsasən, genişləndiriləcək ərazidə təftiş işləri aparılır. Bu ərazidə yerləşən obyektlərin həm sayı, ölçüləri, həm də gələcəkdə kompensasiya verilməsi üçün lazım olan məsələlər müzakirə olunur. Yaxın gələcəkdə Nazirlər Kabineti bu məsələlərə münasibət bildirəcək və o ərazidə olan obyektlərin-zavodların, yaşayış binalarının və s. taleyi həll olunacaq.

Daha bir yenilik, Bulvar ərazisində 5 yeraltı tualetin istifadəyə verilməsidir. Bakı Bulvarında həmişə kiçik, sanitar normalardan uzaq yerüstü tualetlər olardı. İndi dünya standartlarına uyğun, geniş, yayda sərin, qışda isti tualetlər tikilib. Giriş haqqı da ucuzdur - 20 qəpik.

S.İ.: Bəs həmişə söz-söhbətə səbəb olan köhnə attraksionlar məsələsi nə yerdədir?
Bakı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov
N.M.: Köhnə attraksionlardan—sovetdən qalma karusellərdən tamamilə qurtulmuşuq. Yeni karusellər gətirmişik. Avropadan gələn “Karnaval” karuselləri uşaqların, hətta böyüklərin də xoşuna gəlir.

Bakılılara daha bir müjdə! Bakının az qala simvoluna çevrilən sevimli “Mirvari” kafesi öz köhnə görkəmini saxlamaqla tam təmirdən çıxıb. Ən yeni, müasir avadanlıqla təchiz olunubdur. Keçmiş günləri xatırlamaq istəyənlər, buyurub gəlsinlər.

Siz bilirsiniz ki, Bulvar ərazisi 3 xətdən ibarətdir. Xəttin ikisində təmir başa çatıb. 3-cü - dənizə yaxın xətdə təmir işləri hələ davam edir. İlin axırına bu xətt də istifadəyə veriləcək. Ümumiyyətlə, Bulvarın abadlaşdırılması 90 % başa çatıb. Qalan 10 % isə ilin sonuna yekunlaşacaq.

S.İ.: Nazim bəy, Bakılıları köhnə xatirələri canlandırmağa çağırmağınıza sözüm yox, amma, adətən, Bakı Bulvarında qiymətlərin bahalığından gileylənirlər…
N.M.: Bulvar ərazisində olan həm mövsümi, həm daimi obyektlərdə qiymətlər şəhərin digər yerlərində olduğu kimidir. Düzdür, müəyyən şikayətlər olur. Suyun, dondurmanın, çay dəsgahının nisbətən bahalığından gileylənənlər var. Elələrinin nəzərinə çatdırım ki, bizim Qaynar Xəttimiz fəaliyyət göstərir. Bütün ticarət obyektlərinin qarşısına vurmuşuq. Şəhər telefonu ilə - 480-18-36, mobil telefonla-055/ 282-70-00 nömrələrinə zəng çalıb şikayətlərinizi çatdıra bilərsiniz. O ki qaldı, qiymətlərin tənzimlənməsinə, biz Tarif Şurasına da müraciət etmişik. Nazirlər Komitəsinin xüsusi əmri var ki, ölkədə hansı məsələlərə Tarif Şurası qiymət qoyur, nəzarət edir. Digər məsələləri, bazar iqtisadiyyatı olduğu üçün , bazar özü tənzimləməlidir. İkincisi də, Bulvar İdarəsi birbaşa qiymət qoymur. Həmin o obyektlərin əksəriyyəti Əmlak Komitəsinindir, ayrı-ayrı şəxslərin icarəsindədir. Sadəcə, bizim İdarə ilə müqavilə bağlayıblar və müqaviləyə əsasən Bulvar İdarəsinə rüsum ödəyirlər. Qiymətləri də özləri təyin edirlər. Biz isə çalışırıq nəzarət edək ki, insanlar qiymətlərdən razı qalsın.
XS
SM
MD
LG