Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:39

«Reuters»: «Azərbaycanın ən nüfuzlu oliqarxı»


Səs: Real audio
Xarici İşlər Nazirliyi karikatura məsələsi ilə bağlı bəyanat verdi Onu Azərbaycanın ən varlı adamlarından biri hesab edirlər. "Reuters" agentliyi onu hətta Azərbaycanın ən nüfuzlu oliqarxı adlandırır. Söhbət Kəmaləddin Heydərovdan gedir. Və Kəmaləddin Heydərovu Azərbaycana neftdən milyardlar gələn, xarici ticarətin kəskin artacağı ərəfədə Gömrük Komitəsinin sədrliyindən çıxardıb, fövqəladə hallar naziri qoyurlar. Azərbaycan biznesinə gömrüyün nüfuzu hamıya bəllidir. Azərbaycanda yeni yaradılan Fövqəladə Hallar Nazirliyi haqda isə bircə onu deyək ki, Rusiyada bu nazirliyə "ikinci müdafiə nazirliyi" deyilir



«Kamaləddin Heydərov kimdir?» sualına cavab həm çox sadədir, həm də mürəkkəb. Onun tərcümeyi-halının bəzi məqamları dəqiqdir – 45 yaşı var, Naxçıvan Muxtar Respublikasında anadan olub, Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsini bitirib. Bir müddət Naxçıvanda orta məktəb müəllimi işləyib. 1995-ci ildə cənab Heydərov Gömrük Komitəsinin rəhbəri təyin edilib. 10 il idi ki, bu vəzifədə çalışırdı. Amma yerli mətbuatda belə məlumatlar da yer alır ki, o, komitə sədri ola-ola bizneslə də məşğul olub. Hətta onu Azərbaycanın ən varlı şəxslərinin siyahısına daxil edirlər.



Belə məlumatları Kamaləddin Heydərovun özü dəfələrlə təkzib edib, bizneslə məşğul olmağa sadəcə vaxtı olmadığını deyib. O, keçirdiyi mətbuat konfranslarından birində etiraf edib ki, həqiqətən də 1995-ci ilə qədər özəl bizneslə məşğul olub. Amma o deyir ki 1992-ci ildə Azərbaycanda başıpozuqluq yarandığından, Özbəkistanda bizneslə məşğul olmağa məcbur olub, orada bir neçə müəssisənin yaradılmasında iştirak edib. Amma Kamaləddin Heydərovun özünün dediyinə görə, bu gün Özbəkistandan Azərbaycana heç bir məhsul gətirilmir. Kamaləddin Heydərovu Azərbaycana gətirilən mallara monopoliya yaratmaqda günahlandıranlar da var. Amma o, bu ittihamları da rədd edir.



Bütün bu söz-söhbətlərin, rəsmi təsdiqini tapmayan ittihamların fonunda Kamaləddin Heydərovun fövqəladə hallar naziri təyin edilməsi çoxları üçün gözlənilməz oldu. Çünki son aylarda prezident İlham Əliyev bir neçə naziri və başqa yüksək vəzifəli məmuru işdən çıxarmışdı. Və belə ehtimallar səslənirdi ki, Kamaləddin Heydərov da işini itirə bilər. Amma o, komitə sədrliyindən nazir vəzifəsinə yüksəldi və Azərbaycanın siyasi strukturunda bu formal olaraq vəzifəcə bir pillə qalxmaq deməkdir.



Fövqəladə Hallar Nazirliyi təzə yaradılıb – ötən ilin dekabrında. Yeni nazirlik indiyəcən müxtəlif nazirliklərə tabe olmuş qurumlar əsasında yaradılıb. Məsələn, Müdafiə Nazirliyinin Mülki Müdafiə İdarəsi, Daxili İşlər Nazirliyinin yanğından mühafizə idarəsi, Nazirlər Kabinetinin nəzdindəki Material Ehtiyatlar Komitəsi və başqa qurumlar Fövqəladə Hallar Nazirliyinə verilib.



Vaxtilə gömrük orqanlarında çalışmış Cümşüd Nuriyev deyir ki, Kamaləddin Heydərovun yeni təyinatı onun üçün yüksəliş sayılmalıdır. Çünki yeni nazirlik həm də güc strukturları sisteminə aid olacaq, özünün hərbiləşdirilmiş bölmələri olacaq.



Cümşüd Nuriyevdən fərqli olaraq «Azadlıq» qəzetinin şərhçisi Fikrət Hüseynli hesab edir ki, Kamaləddin Heydərov nazir təyin edilsə də, onun mövqeyi zəifləyib. Fikrət Hüseynli deyir ki, Azərbaycan bazarı əsasən idxal mallarından asılıdır və bu, Gömrük Komitəsinin nəzarətindədir. Onun fikrincə, bu baxımdan Gömrük Komitəsinə rəhbərlik edən şəxs ölkə iqtisadiyyatında və bunun nəticəsində də ölkə siyasətində böyük nüfuza malik idi.



Fikrət Hüseynli hesab edir ki, Fövqəladə Hallar Nazirliyinin müəyyən hərbi birləşmələrinin olması hələ bu qurumun güc strukturları qədər nüfuza malik olması demək deyil.

XS
SM
MD
LG