Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:31

Azərbaycanla İranın şərikli çayı -Astaraçayda balıq ovuna qadağa qoyulub…


Astaraçay
Astaraçay
-
Azərbaycan-İran sərhədi Rudəkənar, Qapıçıməhəllə, Suparibağ, Məscidməhəllə, Alaşa kəndlərinin və Astara şəhər ərazilərindən axan Astaraçayın tən ortasından keçir.

Rudəkənar kəndində tikanlı məftildən çəkilmiş sərhəd evlərin 5-6 addımlığındadır. Oradan həm Astaraçay, həm də İran tərəfi aydın görünür. İran tərəfində də eyni mənzərə var. Sərhədə yaxın ərazidə olan yaşayış məntəqələrin sakinləri çaydan müştərək şəkildə istifadə edirlər. Əkin sahələrinin suvarılması, çaydan balıq ovlanması da bura daxildir. Kənd sakinlərinin demələrinə görə, Astaraçayda balıq ovlamaq üçün onlarda rəsmi icazə olsa da, sərhədçilər buna imkan vermirlər.

«APRELİN 15-DƏN ÇAYA GEDİŞİ BAĞLAYIBLAR»

Rudəkənar kənd sakini Telman Əhlimanoğlunun bildirdiyinə görə, son illərdə Astaraçayda balıq ovlamaq müşkül məsələyə dönüb:

«Pəncərəmdə, qapım da düz çəpərə baxır. İranla sərhəddir. Əsgər bir il yarım əsgərlik edir, amma mən ömrümün axırına qədər burdayam. Ata-babalarımız sərhədçi olublar. Mənim dediyim budur ki, çaya həmişə gedib-gəlmişik, şərikli çaydır, İranla. Bu çaya hər il gedərdik, mart, aprel və mayın 25-nə kimi. Aprelin 15-dən çaya gedişi bağlayıblar. Nəyə əsasən, bilmək olmur».

O, sərhəd boyunca yerləşən kəndləri kasıb sayır. Telman Əhlimanoğlunun deməsinə görə, iş yerləri yoxdur, əkin sahələri də az. Buna görə də kənd sakinləri çayda ovladıqları hər bir balığı özlərinə qənimət bilirlər:
Telman Əhlimanoğlu
Telman Əhlimanoğlu

«Camaat kasıbdır. Astaradan tutmuş Alaşayacan min nəfər çaya girir balıq tutur. Nəyə əsasən buraxmırlar çaya? Xahiş edirik ki, bizə köməklik edəsiniz».

«ELÇİN QULİYEVƏ TELEQRAM VURMUŞAM…»

Telman Əhlimanoğlunun fikrincə, şərikli çayla bağlı müəyyən dövrlərdə narazılıq olub. Lakin bu narazılıqlar aradan qaldırılıb. Heç vaxt rəsmi dairələr Astaraçayda balıq tutmağı qadağan etməyiblər. Onun dediyinə görə, bu barədə yuxarı instansiyalara müraciət olunub:

«Müraciət eləmişəm Elçin Quliyevə (Sərhəd Qoşunlarının Komandanı - MM), teleqram vurmuşuq. Sərhəd dəstəsinin rəisinə özüm getmişəm, 2-3 ağsaqqalla. Deyiblər ki, açılacaq, hələ indiyə kimi bir soraq yoxdur. Camaat fəhlə sülaləsidir, kasıbdır. Həmişə çaya getmişik, dədə-babamız indiyə kimi gedib. İndi nə üçün bağlayıblar, bilmirik».

Kəndin digər sakini İlyas Ağayev da narazılığını gizlətmir. O deyir ki, Astaraçaydan iranlılar səmərəli istifadə edirlər, onlar isə yox:
Rudəkənar kəndində tikanlı məftildən çəkilmiş sərhəd evlərin 5-6 addımlığındadır.
Rudəkənar kəndində tikanlı məftildən çəkilmiş sərhəd evlərin 5-6 addımlığındadır.

«Hər il camaatla çaya gedib-gəlirik. Hər il may ayının 15-nə kimi çaya buraxardılar. İki ildir bunu kəsiblər. Keçən il may ayının 5-nə kimi elədilər, bu il aprel ayının 15-nə kimi. Martın 15-dən aprelin 15-nə kimi. Şikayət etdik dəstə rəhbərinə, dedi iki gün vaxt verin, sizi buraxaram çaya. Cavab yoxdur».

«QABAQ ÇAYA 5 NƏFƏR GİRƏRDİSƏ, İNDİ 50-100 NƏFƏR GEDİR»

Adının çəkilməsini istəməyən bir kənd sakini isə deyir ki Astaraçayda elə balıq növləri var ki, artıq azalmağa doğru gedir:

«Qarasol gəlmir də. Qabaq çaya 5 nəfər girərdisə, indi 50-100 nəfər gedir. Ona görə iranlı deyir ki, mən buraxmıram. Mən eşitdiyimi deyirəm».

«GƏRƏK MÜQAVİLƏ TƏZƏLƏNƏ»

Kənd ərazi icra nümayəndəsi Yunus Məmmədovun bildirdiyinə görə, çayda balıq ovlamaq istəyən kənd sakinləri ərizə ilə ona müraciət edirlər.
Rudəkənar kəndinin sakinləri
Rudəkənar kəndinin sakinləri
O da öz növbəsində siyahı tərtib edib müvafiq orqanlara verir. Bunun əsasında da Astaraçayda balıq ovlamaq istəyənlərin hər birinə icazə vərəqəsi verilir. Yunus Məmmədov da təsdiq edir ki, icazə vərəqəsinin müddəti aprelin 15-də bitib.

«Əvvəldən elə müqavilə bağlayıblar. Bütün buraxılış vərəqələrində yazılıb 15 aprelə qədər, 15-də dayanıb. Yəqin ki, buraxmayacaqlar. Bunun üçün gərək aprelə olan müqavilə təzələnə. Sərhədçilər bağlayırlar müqaviləni. Müraciət edirlər bizə, siyahı tutulur. Biz də təsdiq edirik, təhvil verirlər sərhəd dəstəsinə».

Astara rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Mahmudov isə, əksinə, deyir ki, bu məsələdə heç bir problem yoxdur:

«Əvvəlki qaydada onları buraxırlar. On gün bundan əvvəl maraqlanmışam. Əvvəlki qaydalarda elə onlara o icazəni də veriblər. Hər gün saat 6-da. İndi mən maraqlanaram».

Bir neçə il bundan əvvəl bir Qarabağ əlili Astaraçayda balıq ovlayarkən İran tərəfinə keçmişdi. Sonradan belə məlumatlar yayıldı ki, həmin şəxs ağır yaşayışına etiraz olaraq belə hərəkət edib. Bu hadisədən sonra bir müddət çayda balıq ovu yasaq edildi.
XS
SM
MD
LG