Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:25

Səfirlik: «Talışıstan» adlı radionun İranla əlaqəsi yoxdur


Şuşada yayımlanan «Talışstanın səsi» radiosu
Şuşada yayımlanan «Talışstanın səsi» radiosu
-
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Şuşada talış dilində radionun fəaliyyətə başlaması barədə məlumatları araşdırır.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov AzadlıqRadiosuna deyib ki, bu işə cəlb olunan mütəxəssislər hələ ki belə bir yayımı təsdiqləyəcək hər hansı məlumat əldə etməyiblər:

«Belə bir radio necə yayımlanır, nə vaxt yayımlanır, bu barədə nə bizə, nə də bölgələrdəki mərkəzlərə hər hansı siqnal daxil olub. FM-də deyil ki, bunu müəyyənləşdirmək asan olsun. Ola bilər, orta dalğada nə isə var, amma hələ ki bunu dəqiqləşdirmək mümkün olmayıb».

Müşfiq Əmirov deyir ki, məlumat təsdiqini tapsa, nazirlik həmin radionun fəaliyyətinin dayandırılması üçün beynəlxalq qaydalara uyğun addımlar atacaq.

Bu arada İranın Azərbaycandakı səfirliyi bu məsələnin İranla əlaqəsi barədə məlumatları təkzib edib.

«İrana qarşı olan bəzi İran vətəndaşları dünyanın bir çox KİV-lərində çalışmaqdadır. Belə şəxslərin «Talışıstan» adlı radioda da olması onların İranla əlaqədar olduğu anlamına gələ bilməz» - deyə səfirliyin bəyanatında qeyd edilir.

RADİONUN AÇILMASINI AZƏRBAYCANIN CƏNUBUNDA TƏXRİBAT SAYIRLAR...

Dağlıq Qarabağdakı erməni silahlı qüvvələrinin işğal altında olan Şuşada talış dilində radionun yayımlanması cənub bölgəsində narahatçılıq yaradıb. Bununla bağlı ictimai yerlərdə vətəndaşlara verdiyimiz suallar birmənalı qarşılandı. Əsasən də talış əsilli ziyalılar bu hadisəni Azərbaycana qarşı təxribat sayırlar. Bu məsələnin arxasında təkcə separatçı rejimin yox, digər qonşu ölkələrin durduğunu da iddia edirdilər.

Lənkəran şəhər sakini, müəllim İltifat Rəhimzadə deyir ki, bu hadisə çoxlarının təəccübünə səbəb olub. Onun fikrincə, bölgədə yaşayan talışlar bunu özlərinə təhqir hesab edirlər:

«TALIŞLARDA AZƏRBAYCAN HÖKUMƏTİNƏ ETİMADSIZLIQ YARATMAQ İSTƏYİRLƏR»

«Burda əsas məqsəd odur ki, Azərbaycanda milli-etnik zəmində qarşıdurma və talışlarda Azərbaycan hökumətinə etimadsızlıq yaratsınlar. Azərbaycan tərəfi hərəkət üçün bir boşluq verib. Əslində bunu Azərbaycan eləməlidir. Azərbaycanda yaşayan bütün azlıqların dilində radio, televiziya, digər kütləvi informasiya vasitələri açılmalıdır. Əslində bu Azərbaycanda yaşayan bütün talışların heysiyyətinə toxunub. Tarix boyu Şuşada talış yaşamayıb və milli azlıq olaraq orda fəaliyyət göstərməyib».

İltifat Rəhimzadə
İltifat Rəhimzadə
İltifat Rəhimzadə deyir ki, separatçı rejimin nəzarəti altında olan bir ərazidə talış dilində radionun işə salınmasının özü hər şeyi deyir. Onun fikrincə, Azərbaycan hökuməti bu barədə ciddi düşünməlidir. O qeyd edir ki, separatçı rejimin nəzarəti altında olan ərazidə on belə radio yaradılsa da effekti olmayacaq.

Masallı rayon sakini, talış əsilli müstəqil jurnalist Mətləb Dadaşov da bunu təxribat adlandırır. Onun fikrincə, bu, Azərbaycanın daxili işidir:

«EVİN İÇİNDƏ OLAN PROBLEM, EVİN İÇİNDƏ HƏLL OLUNMALIDIR»

«Facebook səhifəmdə də yazmışam bu barədə. Elimizdə olan bir məsəl var, «evin içində olan problem, evin içində həll olunmalıdır». Kənardan onu edənlərə ehtiyacımız yoxdur. Belə də yazmışam, belə də deyirəm. Separatçı rejim guya talışları çox istəyir, əzizləyir, onların dilində radio açır. Bu gülünc bir şeydir. Hakimiyyət də bu barədə bir az düşünsə pis olmaz».

Mətləb Dadaşov deyir ki, Azərbaycanda alternativ radionun açılması lazımdır.

Astara rayon Ərçivan kənd sakini, mədəniyyət işçisi Vaqif Əhmədoğlu da hesab edir ki, bu radionun yaradılmasında qonşu ölkələrin əli ola bilər. Onun bildirdiyinə görə, talışlar Azərbaycanın bərabərhüquqlu vətəndaşlarıdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşüb həlak olan yüzlərlə talış var.

Vaqif Əhmədoğlu
Vaqif Əhmədoğlu
Vaqif Əhmədoğlu deyir ki, Lənkəranda fəaliyyət göstərən Cənub TV-də talış dilində verilişlərin verilməsi məqsədəuyğun olardı. O qeyd edir ki, vaxtı ilə İranın «Səhər» televiziya kanalı cənub bölgəsində ən populyar kanal hesab olunurdu. Bir çox vətəndaşlar oraya müraciət edirdi. Azərbaycan hökuməti bundan daim narahat olurdu. Sosial şəbəkələr fəaliyyətə başlayandan sonra «Səhər»in populyarlığı azalıb. Vaqif Əhmədoğlu hesab edir ki, Şuşada yaradılan bu radionun qarşısını da Azərbaycanın açacağı talış dilli radio ilə almaq olar.

Lerik rayon icra hakimiyyəti başçısının müavini Habil Məlikov da deyir ki, bu məsələnin kökündə ölkənin içində təfriqə salmaq məqsədi durur:

«ŞUŞANIN TALIŞLARA NƏ AİDİYYATI?»

«Bu, təxribat xarakterli bir şeydir. Talış radiosu Şuşada necə açıla bilər? Şuşanın talışlara nə aidiyyatı? Sadəcə nə isə sübut eləmək istəyirlər, bu, boş şeydir. Mən belə başa düşürəm. Hansısa talışın məsləyə dəxili yoxdur. Sadəcə olaraq bu milləti, bu xalqı gözdən salmaq məqsədi güdülür və o ermənilərin də başqa məqsədi var ki, nə isə sübut eləmək istəyirlər».

Rəsmi məlumatlara görə, İranda 112 min, Azərbaycanda isə 100 mindən yuxarı talış yaşayır. Talışlar əsasən Azərbaycanın cənubunda, İranın isə şimalında məskunlaşıblar. Azərbaycanın cənub bölgəsinin bir neçə rayonunda orta məktəblərdə 4-cü sinfə qədər bəzi saatlarda talış dilində dərslər keçirilir.

«BUNUNLA HEÇ DƏ AZƏRBAYCANIN BİRLİYİNİ POZA BİLMƏZLƏR»

Milli Televiziya və Radio Şurası və XİN-dən münasibət öyrənmək istəsək də, nə MTRŞ sədri Nuşirəvan Məhərrəmli, nə də nazirliyin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev telefon zənglərinə cavab verdi.

«Şuşada Talış dilində yeni radionun açılması Azərbaycan dövlətçiliyinə qarşı təxribatdır».

Bunu AzadlıqRadiosuna müsahibəsində Milli Məclisin Təhlükəsizlik Komitəsinin üzvü, Xocalının keçmiş icra başçısı Elman Məmmədov deyib.

O qeyd edib ki, bu hadisə göstərir ki, həmin qüvvələri Azərbaycanın inkişafı, birliyi, firavan həyatı narahat edir.

Millət vəkili deyib ki, bu hadisəni talış xalqının heç də adına yazmaq olmaz:

«Sadəcə o qüvvələr xaricdəki havadarlarının himayəsi ilə bu təxribatı törədirlər. Onlar bununla heç də Azərbaycanın birliyini poza bilməzlər. Mən bu addımı qətiyyətlə pisləyirəm».

Bir müddətdir ki, Şuşadan «Talışstanın səsi» adlı radio yayımlanmağa başlayıb. Məlumata görə, radio talış dilində xəbərlər və digər ictimai-siyasi yüklü məlumatları yayımlayır.
XS
SM
MD
LG