-
Ukraynanın şərqində rusiyapərəst yaraqlılar iddia edirlər ki, strateji şəhərdə hökumət qüvvələrini mühasirəyə alıblar. Yaraqlıların lideri Eduard Basurin bildirib ki, Debaltseve şəhərini hökumətin nəzarətində olan digər ərazilərlə birləşdirən yol onların əlinə keçib.
Ukrayna ordusunun sözçüsü Andriy Lysenko Debaltseve-nun iki cinahdan mühasirəyə alındığını və Qrad raketləri ilə atəşə tutulduğunu təsdiqləyib. Digər rəsmilər deyiblər ki, hökumət qüvvələri təslim olmaq fikrində deyil və separatçıların iddiaları şişirdilib.
Debaltseve Ukraynanın şərqində münaqişənin qızışdığı qaynar nöqtələdən biridir. Bu ayın əvvəlində burada da yaraqlılarla hökumət qüvvələri arasında toqquşmalar intensivləşib.
Təhlilçilərin fikrincə, separatçıların irəliləməsi ötən sentyabrda Minskdə əldə olunmuş sülh sazişinə qayıtmaq şanslarına təhlükə yaradır.
Basurin deyib ki, atəşkəs də daxil olmaqla, Minsk sazişinin şərtləri daha qüvvədə deyil.