Göyçayda hüquq müdafiəçisi Taleh Xasməmmədovun fevralın 26-na təyin edilmiş məhkəməsi təxirə salınıb.
Bu barədə Turana Göyçaydan hüquq müdafiəçisi Oqtay Gülalıyev məlumat verib.
Onun sözlərinə görə, məhkəmə prosesi ilk olaraq
fevralın 25-nə təyin edilib, amma sonradan təxirə salınaraq 26-na keçirilib.
İndi bu proses də təxirə salınıb.
Oktay Gülalıyev Taleh Xasməmmədova qarşı xuliqanlıq ittihamı ilə cinayət işi açıldığını deyir.
Taleh Xasməmmədov fevralın 24-də Göyçayda saxlanılıb.
Ailə üzvlərinin sözlərinə görə, Taleh mebel mağazasından çıxanda bir nəfər ona yaxınlaşaraq üzünə tüpürüb.
Daha sonra o yerə yıxılaraq, özünü elə aparıb ki, guya Taleh onu döyür.
Hüquq müdafiəçisi Taleh Xasməmmədov həm də facebookda yerli hakimiyyətin tənqidçisi kimi tanınır.
O, bundan öncə, 2011-ci ilin noyabrında da xuliqanlıq və polisə müqavimət ittihamı ilə 4 il azadlıqdan məhrum edilmiş və təxminən bir ildən sonra prezidentin əfv sərəncamına düşərək azad olunmuşdu.