Rusiyada 1990-cı illərin demokratik hərəkatının liderlərindən Galina Starovoytovanın qətlinin təşkilində ittiham olunan şəxs - Liberal-Demokrat Pasrtiyasından keçmiş duma üzvü Mikhail Glushenko cəzasının yumşaldılması müqabilində istintaqla sövdələşməyə gedir.
Glushenko-nun vəkili Alexander Afanasyev BBC-nin Rus xidmətinə deyib ki, istintaqla əməkdaşlıq barədə razılaşma Sankt Peterburq şəhər prokurorluğunun binasında imzalanıb.
Glushenko bu sövdələşməyə əsasən 1998-ci ildə törədilmiş sui-qəsdin bütün təfərrüatlarını açmaq öhdəliyi götürüb.
Vəkil bildirib ki, təfərrüatlara siyasətçinin qətlini sifariş edən şəxs barədə məlumat da daxildir.
“Glushenko bildirəcək ki, o, belə bir qətli törədə biləcək şəxsin tapılması üçşün Vladimir Barsukovdan tapşırıq alıb” – deyib vəkil.
Vəkilin sözlərinə görə hələlik qətlin motivlərindən söhbət getmir.
Afanasyev bildirib ki, razılaşmada Barsukovun adı konkret olaraq çəkilmir, çünki ona qarşı rəsmi ittiham yoxdur.
Vəkil bildirib ki, belə bir ittihamın irəli sürüləcəyinə inanır.
Hazırda Peterburq prokurorluğunun təcridxanasında məhkəməsini gözləyən Glushenko qətlin təşkilindəki rolunu etiraf edib.
Keçmişlərdə nüfuzlu kriminallardan sayılan Barsukovun vəkili deyib ki, o qətllə hər hansı əlaqəsini təkzib edir.
Bir vaxtlar “Tambov” kriminal qruplaşmasının başçısı olmuş Barsukov başqa bir işlə bağlı Moskva təcridxanasındadır.
Rəsmi versiyaya görə Starovoytovanın qətli onun siyasi fəaliyyəti ilə bağlı olub.
2003-cü ildə keçirilən məhkəmədə Baş Əks-Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Yuri Kolchin qətlin təşkilatçısı, Vitali Akishin isə icraçısı kimi məhkum ediliblər.