Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:03

Naxçıvanda fermerlərin ayrıseçkilikdən şikayətləri...


Arxiv foto
Arxiv foto

-

«Kənd təsərrüfatına göstərilən dövlət qayğısı sayəsində Naxçıvan payız əkininə tam hazırdır». Naxçıvan Muxtar Respublikası Ali Məclisinin rəsmi orqanı «Şərq qapısı» qəzeti belə yazır. Qəzet qeyd edir ki, payız əkininin səmərəli təşkil olunması üçün «Naxçıvan Aqrolizinq» ASC 1435 ədəd müxtəlif təyinatlı texnikanı fermerlərin ixtiyarına verib. Bildirilir ki, gələn il bol məhsul üçün bu texnikalardan səmərəli istifadə olunacaq.

Bir qrup yerli fermer isə texnika çatışmazlığı və xidmət qiymətlərinin bahalığından şikayət edirlər. Fermerlərin bəziləri bu və ya digər problemlər üzündən növbəti mövsümdə torpaq sahələrini əkməyəcəklərini bildirirlər. Fermer Qadir Quliyev deyir ki, bu il 5 hektar sahədə taxıl əksə də qazancı çəkdiyi xərcdən az olduğundan ziyana düşüb:

«Bu il kombayn tapa bilmədiyimdən taxılımın yarıdan çoxu yerdə qaldı».

«Hansı dövlət qayğısında danışırlar? Azərbaycan Nazirlər Kabineti ötən il qiymətləri açıqladı. «Naxçıvan Aqrolizinq» həmin qiymətlərə məhəl qoymadı. Çox baha qiymətə xidmət göstərirlər. İstədikləri qiymətləri tətbiq elədilər. Bu da sərf eləmir. Əkib-biçirik, sonunda baxırıq ki, qazancımızın çoxu şumlatmağa, əkməyə, biçinə gedib. Üstəgəl, texnika çatışmır, ayrıseçkiliyə məruz qalırıq. Neçə ildir əkirik, biçin vaxtı kombayn tapa bilmirik. Hamısı məmurların sahəsini biçir. Bizə gəlib çatanda artıq gec olur. Bu il kombayn tapa bilmədiyimdən taxılımın yarıdan çoxu yerdə qaldı. Min manatdan çox ziyana düşdüm. Artıq əkin-biçinin kitabını bağladım. Başqa işlə məşğul olacağam».

Təhlükəsizliyi baxımından adının çəkilməsini istəməyən digər fermer də «Naxçıvan Aqroliznq» ASC-nin fəaliyyətindən narazıdır:

«BIRİNCİ ÖZ YERLƏRİNİ ŞUMLADIRLAR»

«Qarşıdan taxıl əkini gəlir. Hər il olduğu kimi bu il də vaxtında texnika tapa bilməyəcəyik ki, yerimizi şumladaq. Birinci öz yerlərini şumladırlar. Əkəndən sonra su problemi yaşanır. Dövlət qayğısı deyirlərsə, bu problemi həll etsinlər. Bütün əkin suları məmurların yerinə verilir. Əkinlərimiz susuzluqdan yanır. Qoy, məmurlara tapşırsınlar ki, bizi incitməsinlər. İlboyu ümidimizi yağışa bağlayırıq. Bu il quraqlıq oldu deyə, əkdiyimiz məhv olub getdi. Mən qoyduğum xərci güclə çıxara bildim».

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyindən fermerlərin şikayətləri ilə bağlı suallara aydınlıq gətirmək istəmədilər.

«Naxçıvan Aqrolizinq» ASC-dən isə texniki xidmət qiymətlərinin baha olması ilə bağlı deyilənləri təkzib etdilər. Onlar bildirdilər ki, fermerlərdən heç də rəsmi tariflərdən artıq ödəniş almırlar. Ancaq bu cəmiyyətə verdiyimiz digər suallar cavabsız qaldı.

XS
SM
MD
LG