Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:29

Virus Qara Dəniz çimərliklərində dolaşır


Qara dəniz sahili
Qara dəniz sahili

-

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qızdırma və xəstəliyə səbəb olan «Zika» virusunun yayılma təhlükəsi haqda xəbərdarlıq edib. Bu virus Qara dəniz sahillərində, Rusiyada, Gürcüstanda, tanınmamış Abxaziya Respublikasında və bir sıra Avropa ölkələrində, ilk növbədə isə Balkan yarımadasında ağcaqanad vasitəsilə yayılır. «Zika» virusuna daha əvvəl 50-dən artıq ölkədə rastlanıb. Alimlərin dediklərinə görə, o, doğulmamış – ana bətnindəki uşaqlar üçün dəhşətli dərəcədə təhlükəlidir. Virus sayəsində mikrosefaliya baş verir, yəni dölün beyni və kəlləsində balacalaşma gedir, bu da əqli geriləməyə səbəb olur. Ancaq o da var ki, «Zika» qızdırması ilə assosiasiya olunan inkişafdanqalma minlərlə uşaqda rastlansa da, hələlik bu əlaqə 100 faiz sübuta yetirilməyib. Hətta bəzi alimlər bu əlaqənin qətiyyən olmadığı qənaətindədirlər.

ÜST HÖKUMƏTLƏRƏ MÜRACİƏT EDİR: «SƏFƏRBƏR OLUNMAQ LAZIMDIR»

Ümumdünya Səhiyyə Təşkilatının hesabatında deyilir ki, «Zika» virusuna yoluxmuş yüksəkriskli bölgələr Qara dəniz sahilində yerləşən Rusiyanın Krasnodar diyarı, Abxaziya da daxil olmaqla, Gürcüstan və Portuqaliyanın Atlantik okeanda yerləşən Madeyra adasıdır. Nisbətən az yayıldığı ərazilər isə Balkan yarımadası və Türkiyədir. Virus adıçəkilən bölgələrdə yaşayan «Aedes» ağcaqanadları vasitəsilə yayılır. «Siyahıda 18 Avropa dövlətinin adı çəkilir», - ÜST-ün Avropa regional bürosunun direktoru Zsuzsanna Jakab belə deyir.

O daha sonra əlavə edir: «Bu gün biz ilk növbədə virusun yayılma riskinin yüksək sayıldığı ölkələrin hökumətlərinə müraciət edirik. Milli səhiyyənin resursları səfərbər edilməli və «Zika» virusunun epidemiyaya çevrilməsinin qarşısının alınması prioritet olmalıdır».

On minlərlə insanın xəstələnməsindən sonra ÜST bu ilin fevralında «Zika» virusunun Mərkəzi və Cənubi Amerikada yayılması ilə bağlı «beynəlxalq miqyasda fövqəladə vəziyyət» elan etmişdi.

«Zika» virusunun Avropada və Asiyada yayılma təhlükəsi. Mənbə: ÜST
«Zika» virusunun Avropada və Asiyada yayılma təhlükəsi. Mənbə: ÜST

XƏSTƏLİK CİNSİ YOLLA DA KEÇİRMİŞ

Virus uşaqlarda anadangəlmə qüsura səbəb olmaqla yanaşı, böyüklərdə nadir nevroloji problemlərə gətirib çıxarır, bu da insanı ya öldürür, ya da iflic edir. Zamanla bu xəstəliyin təkcə ağcaqanadlar yolu ilə deyil, həm də cinsi yolla ötürüldüyü bəlli olub.

ÜST hesabatının müəlliflərindən biri Joao Pires AzadlıqRadiosunun rus xidmətinə deyib ki, virusun yayıldığı yüksəkriskli bölgələrə səfər edən turistlərə, hələlik, bircə məsləhət verə bilər: təhlükəsizlik tədbirlərinə ciddi şəkildə əməl etmək. Çünki «Zika» virusu əleyhinə vaksin hələ də hazırlanmayıb.

UZUNQOLLU PALTAR GEYİNMƏK, VƏSSALAM?

Bəs bu hansı təhlükəsizlik tədbirləridir?

«Uzunqollu paltar geyinin, repellentlərdən istifadə edin, ağcaqanadların sizi dişləməsinə imkan verməyin. Bu, hələlik, «Zika» virusu və onun potensial fəsadları ilə mübarizədə ən yaxşı üsuldur», - Joao Pires söyləyir.

«Zika» qızdırma virusunu yayan «Aedes aegypti».
«Zika» qızdırma virusunu yayan «Aedes aegypti».

Onun sözlərinə görə, virusun yayıldığı bölgədə «Aedes aegypti» növündən olan ağcaqanadların və virusun sürətlə inkişafı üçün hər cür əlverişli mühit var. Bu səbəblərdən biri iqlimlə bağlıdır. İkincisi, bu yerlərdə həmin xəstəliyə yoluxan çoxlu qoyun-quzu saxlanması və insanların onlarla təmasıdır.

Rəsmi məlumata görə, Rusiyada «Zika» virusuna ilk yoluxma faktı fevralın ortasında qeydə alınıb. Virusa yoluxan qadın Dominikan Respublikasında istirahətdən qayıtdıqdan bir neçə gün sonra özünü pis hiss etməyə başlayıb. Ancaq həmin dövrdə Rusiya bəyan etmişdi ki, Federasiya ərazisində «Zika» virusunun yayılma riski yoxdur.

«Zika» virusu ilk dəfə Şərqi Afrikada, Uqandada 1947-ci ildə meymunlarda aşkar edilib. Xəstəliyin insana yoluxması faktı da elə Şərqi Afrikada, Nigeriyada 1954-cü ildə qeydə alınıb.Onilliklər ərzində virus Afrika və Asiya ölkələrində, daha sonra Sakit Okean adalarında dövr etsə də, təlaş yaratmayıb. Ancaq indi durum fərqlidir.

«Zika» virusunun xüsusi simptomları yoxdur və ya maksimum bir həftə içində minimal fəsadları ortaya çıxır.

Hələlik, bu xəstəliklə bağlı ölüm halı qeydə alınmayıb. Ancaq yoluxma zamanı ana bətnindəki uşağa təsiri haqda bir sıra alimlərin dedikləri təlaşa səbəb olub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG